Modern.az

“Bank kreditlərinin faizləri aşağı salınacaq”

“Bank kreditlərinin faizləri aşağı salınacaq”

İqtisadiyyat

5 Oktyabr 2016, 11:13

“Azərbaycanda kredit bürolarının yaradılması kredit faizlərini aşağı düşməsinə, effektiv kreditləşməyə və dolayısı ilə iqtisadiyyatda kreditləşmənin həcminin artmasına gətirib çıxaracaq”.

Bunu Modern.az-a açqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

 

“Azərbaycandakı banklar hər kəsə eyni kredit faizləri tətbiq edib”

 

Deputat bildirib ki, ölkədə kredit resursları qeyri- effektivdir:

Dünyanın əksər ölkələrində kreditorlar kredit büroları vasitəsilə borc alanların ödəmə qabiliyyəti barəsində informasiya əldə edir və mübadilə edirlər. Buna zərurət maliyyə bazarlarında assimetrik (düzgün olmayan) informasiya problemlərini araşdıran çoxsaylı iqtisadçılar tərəfindən sübut olunub.

Assimetrik informasiya problemi maliyyə bazarlarında kredit faizlərinin qalxmasına, kredit resurslarının effektiv bölüşdürülməməsinə gətirib çıxarır. Assimetrik informasiya problemi digər mühüm bir problemi əlverişsiz seçim problemini yaradır.

Yəni banklar demək olar ki, hər kəsə eyni kredit faizi tətbiq edir. Bu problemlərin hamısı Azərbaycanın kredit bazarında müşahidə olunmaqdadır. Kredit faizləri yüksək, bankların kredit resursları qeyri-effektiv bölüşdürülüb, sağlam və qeyri-sağlam kredit sahiblərinə eyni şərtlər tətbiq olunub”.

 

“Şəffaflıq nə informasiya mübadiləsi olmadan iqtisadi inkişaf mümkün deyil”

 



T.Mirkişili kredit bürolarının ümumi daxili məhsulun (ÜDM) inkişafına təsir göstərəcəyini də qeyd edib:

 

“Dünya iqtisadçıları belə bir qənaətə gəliblər ki, iqtisadiyyatın effektiv inkişafı informasiya açıqlığı və şəffaflığı olmadan mümkün deyil. Bunu İtaliyada yerləşən iqtisadiyyat və maliyyə sahəsində tədqiqatlar mərkəzinin (Center for Studies in Economics and Finance) apardığı tədqiqatlar bir daha sübut edir. Kreditləşmənin həcmini və effektivliyinin xarakterizə edən bir çox göstəriciləri seçərək və onları 40 ölkə üzrə qruplaşdıraraq, mərkəzin mütəxəssisləri çox maraqlı məlumatlar əldə ediblər.

Tədqiqatlar göstərir ki, informasiya mübadiləsinin olmadığı ölkələrdə bank kreditlərinin ÜDM-ə nisbəti 31%-i keçmir. İnformasiya mübadiləsinin mövcud olduğu ölkələrdə isə bank kreditləri ÜDM-in 67%-nə qədər yüksəlir. İnformasiya mübadiləsinin açıq olmadığı ölkələrdə kredit riskləri 15%, kredit itkiləri isə ümümi kredit həcminin 1.31%-ni təşkil edir. Tam tərsinə, informasiya mübadiləsinin acıq olduğu ölkələrdə isə bu rəqəmlər müvafiq olaraq 5% və 0-dır”.

 

“Kredit büroları kredit riskini azaldacaq”

 

“Müəyyən edilib ki, kredit bürolarının səmərəli fəaliyyəti bank kreditlərinin ÜDM-ə nisbətdə 20%-ə qədər artımını təmin edir. Bundan başqa kredit riskinin səviyyəsi xeyli azalır, ümumi kreditləşməyə nisbətdə mümkün itkilərin payı azalır.

Bu baxımdan, maliyyə bazarlarında informasiyanın əlçatanlıq səviyyəsinin arıtırılması kreditləşmənin effektivliyinə müsbət təsir edir və nəticədə, ÜDM-in və əmək məhsuldarlığının artımına səbəb olur”,-deputat bildirib.


Artıq Azərbaycanda kredit bürolarının yaradılması nəzərdə tutulur. Bununla bağlı Milli Məclisdə “Kredit büroları haqqında” qanun layihəsinin qəbul olunması gözlənilir. Layihə parlamentin payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb və I oxunuşda qəbul edilib.

 Kredit bürolarının yaradılması ilə ölkədə problemli kreditlərin həcminin qarşısının alacağına, maliyyə-kredit sistemində stabilliyin təmin olunacağına, banklardakı risklərini azalacağına ümid edilir.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü