Modern.az

Fond Mərkəzi Bankdan aldığı borcları necə qaytaracaq?

Fond Mərkəzi Bankdan aldığı borcları necə qaytaracaq?

6 Oktyabr 2016, 16:21

“Azərbaycanda banklardakı vəziyyət heç kəsə sirr deyil. Bunun əsas  səbəbi geridönüşü olmayan problemli kreditlərin iki dəfədən çox artmasıdır”.

 

Bunu Modern.az-a iqtisadçı Natiq Cəfərli bildirib. O deyib ki, ölkədə iqtisadi aktivlik kəskin zəifləyib:

 

İqtisadi aktivlik azalıb

 

“İnsanların kreditə çıxış imkanları məhdudlaşıb. Həm biznesin, həm də əhalinin kreditlərə marağı azalıb. Çünki, əksər vaxtlarda kreditlər valyuta ilə təklif olunur və insanlar riskə getmək istəmir.

Bankların iki ən önəmli gəlir mənbəyi var. Birincisi, verdiyi kreditlərin geri qaytarılması ilə əldə edilən faiz, ikincisi isə yeni kredit müqavilələri ilə gəlirlərin dayanıqlılığını təmin etmək. Hər iki halda Azərbaycan banklarında problem yaşanır”.

 

“Hökumətin özəl sektora müdaxiləsi yolverilməzdir”

 

Ekspert dövlət qurumlarını özəl sektora müdaxilədə ittiham edib:

“Bankların demək olar ki, tamamı özəldir. Bu baxımdan dövlət və hökumət, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının yetkililərinin heç bir bankın bağlanmayacağına dair açıqlamaları qəribədir. Əgər bu, özəldirsə, bankın bağlanıb-bağlanamayacağı barədə özü qərar verə bilər.

Dövlət və hökumət orqanlarının bu işə müdaxilə etməyə  haqqı yoxdur. Hansısa bankın bağlanmayacağını demək, sadəcə məntiqsizlikdir.

Bu nöqteyi-nəzərdən demək olar ki, Azərbaycanda bank sektorunda stressli vəziyyət davam edəcək və bir müddət sonra bankların bağlanması, təmərküzləşməsi gündəmə gələcək”.

 

“Bankların bağlanması normaldır”

 

N.Cəfərli hansısa bankın bağlanmasının normal proses olduğunu vurğulayıb:

“Bundan qorxmaq və çəkinmək lazım deyil. Rusiyada hər həftə minimum 8-10 bank bağlanır. Burda heç bir panik havası da yoxdur., çünki, ictimaiyyət də buna alışıb. Elə bir mexanizm yaradılıb ki, bağlanan bankların aktiv və passivləri dövlətin nəzarətinə keçir. Kredit götürən, yaxud depoziti olan insanlar heç bir əziyyət çəkmir. Dövlətin işi məhz bu tip mexanizmlərin yaratmaqdır.

Hökumət və Mərkəzi Bank banklara kömək etmək istəyirsə, uçot dərəcəsini aşağı salıb ucuz kreditlərə çıxış imkanları yaratmalıdır. Bu gün Mərkəzi Bankın uçot dərəcəsi minimum 15 faizdir. Yəni, banklar minimum 15 faizlə Mərkəzi Bankdan borc götürə bilir”.

 

Bu faizlə kredit götürən bank, öz xərclərini ödəmək üçün müştəriyə necə ucuz kredit verə bilər?

 

İqtisadçı hesab edir ki, əslində bankların sayının az yaxud çox olmasının heç bir önəmi yoxdur:

“Əsas bankların rəqabət qabiliyyətinin olması və normal fəaliyyət göstərməsidir. Məntiqlə bankların sayının çox olması rəqabətli mühitin çox olmasıdır. Amma Azərbaycanda hər şeyin qəribə özəlliyi olduğu kimi, banklar da burada istisna deyil. Bankların sayı çox olsa da, rəqabət hiss olunmur, hamısı eyni sistemlə işləyir. Hazırkı Azərbaycan reallığı onu deməyə əsas verir ki, bankların sayı yaxın gələcəkdə yenidən azalmağa doğru gedəcək. Yaxın 1-2 ildə Azərbaycanda bankların sayı 15-20-dən çox olmayacaq”.

 

Dövlətin rıçaqları işə düşməlidir

 

N.Cəfərli bildirib ki, bank sektoruna dəstək olmaq üçün dövlətin əlində kifayət qədər rıçaqları var:

“Hökumət xarici bankların bazara daxil olması üçün şərait yaratmalıdır. Bunun üçün yerli bankların gücləndirilməsinə ehtiyac var. Rəqabət mühiti yaranmasa, vətəndaş bu sektordan faydalana bilməyəcək. Ona görə də yaxın gələcəkdə bankların sayının azalması ehtimalı çox yüksəkdir”.

 

Fond Mərkəzi Bankdan aldığı borcları necə qaytaracaq?

 

Ekspertin bu suala cavabı birmənalı olub:“Əmanətlərin Sığortalanması Fondunun qara qəpiyi də yoxdur. Son vaxtlar Mərkəzi Bankın ayırdığı kreditlər hesabına əhalinin banklardakı əmanətlərini geri qaytarmağı mümkünləşib. Fond “Bank Standart”la bağlı məsələdə Mərkəzi Bankdan 460 milyon manata yaxın kredit götürəcək.

 

Əgər Fond, heç bir əlavə əməliyyat aparmırsa, aldığı vəsaiti ancaq depozitə dağıtmaqda mükəlləfdirsə, 460 milyon manat nə vaxt qaytarılacaq? Əslində cavab yoxdur. Reallıq budur ki, dövlət vəsaiti Mərkəzi Bankın hesabından çıxaraq sonradan qaytarmayacağını əvvəlcədən gözə alıb.

 

Gələcəkdə də Fond çətinliklə qarşılaşsa, yenidən Mərkəzi Banka müraciət edəcək. Bu isə dövlətin üzərinə atılan əlavə yükdür”.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü