Modern.az

“Trampın seçilməsilə FED-in faiz dərəcələrini artırması ehtimalı yüksəkdir”

“Trampın seçilməsilə FED-in faiz dərəcələrini artırması ehtimalı yüksəkdir”

İqtisadiyyat

10 Noyabr 2016, 15:03

“ABŞ-da keçirilən prezident seçkilərindən asılı olmayaraq Azərbaycanla bu ölkə arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edib”.

Bunu Modern.az-a Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsilə bağlı fikirlərini bölüşərkən deyib.

 

O, Amerikanın  hər zaman Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb:

 

“Müstəqillik əldə etdikdən bu günə qədər bütün sahələrdə, xüsusən də neft, regional və təhlükəsizlik sahələrində Azərbaycanla ABŞ arasında çox ciddi əməkdaşlıq olub.

ABŞ-da keçirilən prezident seçkilərindən asılı olmayaraq bu əlaqələr daim yüksələn xətt üzrə inkişaf edib. Ümumiyyətlə, ABŞ prezidentləri ya bu əlaqələri inkişaf etdirmiş, ya da inkişaf edən əlaqələri bir qədər ləngitmişdir.

Donald Trampın iqtisadi proqramına fikir versək, görərik ki, proqram daha çox ABŞ-ın daxili iqtisadiyyatının güclənməsi, investisiyaların daha çox daxilə axınına yönəlikdir.

Donald Tramp bununla ən çox ABŞ-ın daxili siyasətini qorumaq, vergiləri azaltmaq və bununla da ölkə iqtisadiyyatını daha da sağlamlaşdırmağa xidmət edəcək”.

 

T.Mirkişili deyib ki, Trampın iqtisadi proqramı fonunda ABŞ yaxın bir neçə il ərzində xaricdən investisiyaların öz ölkəsinə istiqamətləndirilməsinə çalışacaq:

 

“Bu da daha çox ABŞ-ın daxili iqtisadiyyatının inkişafına səbəb olacaq. Amma eyni zamanda,  regional-iqtisadi layihələrin miqyası nəzərə alınmalıdır. Azərbaycan prezidentinin həm beynəlxalq nəqliyyat dəhlizlərilə, həm də 3 tərəfli regional əməkdaşlıq yaradılması ilə bağlı təşəbbüslərinin bütün regionda iqtisadi inkişafa və iqtisadi tərəqqiyə nail olunması perspektivləri eyni zamanda ABŞ-ın mənafelərinə uyğundur. Bu üzdən hesab edirəm ki, ABŞ və Azərbaycan arasında ciddi əməkdaşlıq perspektivləri yaranacaq”.

Deputat eyni zamanda Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini dəyişdirəcəyi ilə bağlı müzakirələrə də münasibət bildirib:

 

“Bu müzakirlərlə hələ uzun müddət əvvəldən gedirdi. Bildiyiniz kimi, ABŞ-ın böyük dövlət borcu var. Bu dövlət borcunun idarə olunması bir çox hallarda Fedreal Ehtiyatlar Bürosunun uçot dərəcəsini dəyişməsilə tənzimlənir.

Trampın iqtisadi siyasətlə bağlı mövqeyindən asılı olaraq, FED-in faiz dərəcələrini artırması ehtimalı yüksəkdir. Çünki FED-in faiz dərəcələrini dəyişməsi ilə Trampın proteksional siyasəti arasında böyük bir uyğunluq var”.

 

Gülşən RAUFQIZI 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü