Modern.az

Dünyanın neft mərkəzi -Bakı: regionun inkişafında yeni iqtisadi model

Dünyanın neft mərkəzi -Bakı: regionun inkişafında yeni iqtisadi model

İqtisadiyyat

15 Noyabr 2016, 12:22

"1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".

Bu fikirləri ümummilli lider Heydər Əliyev Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında deyib.

Doğrudan da, 1993-cü ildə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycan xalqının həyatında mühüm rol oynadı. Məhz, 1994-cü ildə Azərbaycanın həyatında yeni neft strategiyası başladı. Həmin dövrlərdə iqtisadi vəziyyət çətin idi. Ölkədə bir milyon qaçqın vardı. Heydər Əliyevin qətiyyətli addımları sayəsində 1994-cü ilin 20 sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə xarici dövlətlərin neft şirkətlər qrupu (8 dövlətin 12 şirkəti) arasında “Əsrin müqaviləsi”nin  imzalanması, Azərbaycan iqtisadiyyatının dirçəlməsində dönüş oldu.

Əslində,  neft Azərbaycanın ictimai-siyasi və mədəni həyatında hər zaman mühüm rol oyanyıb. Azərbaycanın neft sərvətlərindən daima müxtəlif  ölkələr bəhrələnmişlər.

Azərbaycanın ikinci müstəqilliyini əldə etməsi yeni neft erasının başlanğıcını qoymuş oldu.

Neftimiz bizə nə verdi?!

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban saytımıza açıqlamasında neftdən gələn gəlirlər barədə danışıb.

“1999-cu ilin dekabrında neftdən ilk mənfəətimizi  aldıq. O da 100 milyon dollardan bir qədər artıq olub. Çox çətin bir yol keçməyimizə baxmayaraq, dövlətimizi önə aparan Dövlət Neft Şirkəti olub. O zaman dövlət neft şirkəti 9 milyon ton neft hasil edirdi. 10 il ərzində Dövlət Neft Şirkəti çox işlər görüb. 2001-ci ildə artıq Neft Fondu yavaş-yavaş 50 milyon həcmində büdcəyə vəsait xərcləməyə başladı. Beləliklə biz ayağa durduq. Sosial layihələr  hazırladıq və 100 milyard vəsait xərclədik.

Səhv etmirəmsə, ilk bonus 50 milyon dollar idi ki, xaricilər bunu Azərbaycan hökumətinin hesabına köçürdülər. O, bizim üçün çox böyük vəsait idi. O zaman Azərbaycan Respublikasının ümumi büdcəsi heç 300 milyon dollar deyildi. Ondan sonra bir il keçdi yenə 50 milyon vəsait köçürtdülər. 1997-ci ildə ilk neft çıxdı və yenə 100 milyon köçürtdülər. Ümumiyyətlə, bu layihə üçün xaricilər 300 milyon bonus ödənişləri etmişdilər. Azərbaycanda Böyük Britaniya, Amerika, Rusiya kimi iri dövlətlərin şirkətləri  iştirak edirdi. Daha sonra digər dövlətlərin də marağı artdı”.

Müstəqilliyimizin 25-ci ili və neft strategiyası

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir  Mirkişilinin sözlərinə görə, Dövlət Neft Fondunun yaradılması neft strategiyasının tərkib hissəsi idi. O, Heydər Əliyevin neftlə bağlı xidmətlərini də xüsusi vurğulayıb.

“Ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası nəticəsində neft, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatının inkişafına xidmət etməyə başlayıb. Azərbaycanın 25 ildə uğurlu, sürətli inkişafının bağlanğıc nöstəsi  neft sərvətləri və 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə başlayan uğurlu neft strategiyası təşkil edib. Bu stretegiyanın əsas tərkib elementlərindən biri də neft dəyərlərinin qeyri-neft, mədəni dəyərlərə çevrilməsi oldu. Məhz neftdən əldə edilən gəlirlərin ölkə iqtisadiyyatının yenidən qurulmasına yönəldilməsi, ordu quruculuğunun ən yüksək səviyyəyə çatdırılması, milli mədəni dəyərlərin həm ölkə daxilində, həm də dünyada yayılmasına yönəldilməsi Azərbaycanın 25 ildə əldə etdiyi uğurlu nəticələr sayılır. Azərbaycan iqtisadiyyatı MDB-də ən rəqabətə davamiyyətli iqtisadiyyatdır, Azərbaycan mədəni irsini artıq bütün dünya tanıyır və qoruyur, Azərbaycan ordusu regionda ən güclü ordudur. Müstəqilliyin ilk illərində ölkədə yaranan ictimai-siyasi və hərbi vəziyyət xarici investorların Azəbaycana cəlb edilməsinə imkan yaratmırdı. Xarici investisiyalar və texnologiyalar olmadan isə dənizin dərin qatlarına yerləşən neft yataqlarını istismar etmək mümkün deyildi. Məhz belə bir şəraitdə Heydər Əliyev şəxsinə olan inam və onun bütün uğurlara zəmanət kimi çıxış etməsi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına səbəb oldu. Bu müqavilə Heydər Əliyevin neft strategiyasının başlanğıc nöqtəsi oldu. Neft stretegiyasının sonrakı mühüm həlqələri Bak-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və istismarı oldu. Bu kəmər Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəm bünövrəsini qoydu. Neft gəlirlərinin şəffaf və effektiv bölüşdurulməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması, neft strategiyasnın mühüm tərkib hissəsi idi. Beləliklə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyini və inkişafını təmin edərək, sonrakı illərdə Azərbaycan dövlətinin regionda söz sahibi olmasına səbəb oldu”.

“Neft kontraktının imzalanması cəsarət tələb edirdi”

İqtisadçı Sabit Bağırov Azərbaycan müstəqilliyinin iqtisadi bünövrəsini təşkil edən neft strategiyasından danışarkən, uğurun mərkəzində dayanan dahi şəxsiyyətin xidmətlərini xüsusi qeyd edib.

 

“Mərhum prezidentimizin neft və qaz ehtiyatlarımızın işlənməsində rolu böyük olub. İlk növbədə,  neft kontraktının imzalanmasına nəzər salmaq lazımdır. Nəzərə alsaq ki, həmin dövrdə həm daxildə, həm də xaricdə bu kontraktın əleyhinə çıxış edənlər az deyildi, deyə bilərik ki, ilk neft kontraktının imzalanması da cəsarət tələb edirdi. Bu cəsarət dövlət başçısı tərəfindən yüksək səviyyədə nümayiş etdirildi. Sonrakı illərdə də bir sıra mühüm qərarlar qəbul edilib:
1) digər neft kontraktlarının imzalanması;
2) Bakı-Tbilisi-Ceyhan marşrutunun əsas ixrac marşrutu kimi seçilməsi;
3) neft kontraktları ilə əlaqəli xarici sərmayə yatırımlarına əlverişli hüquqi mühitin yaradılması;
4) Neft Fondunun yaradılması. Ümumiyyətlə, neft və qaz eytiyyatlarının işlənməsi məsələləri həmişə onun diqqətində olub. Bu da uğurların əsas şərtidir”.

Neftimiz, müstəqilliyimiz və  iqtisadi gücümüz!

Milli Məclisin iqtisadçı-deputatı Əli Məsimli neftin ölkənin iqtisadi həyatına  təsirindən  daha dolğun danışıb.

“Müstəqillik qazanandan sonra Azərbaycanın dünyanın bir sıra məşhur transmilli şırkətləri ilə həyata keçirdiyi layihələrə əsaslanan neft strategiyasının reallaşdırılmasına yönəldilən, çoxmilyardlı, iri həcmli sərmayələr xeyli dərəcədə ölkə iqtisadiyyatının inkişaf  istiqamətini müəyyənləşdirdi. Azərbaycanda neft hasilatının yüksələn xəttlə sürətlə artması ilə müşayət olunan “NEFT BUMU” ölkənin iqtisadi inkişafını və bu əsasda sosial-iqtisadi problemlərinin həllini xeyli sürətləndirdi. Bu özünü aşağıdakı məqamlar üzrə daha qabarıq göstərdi:

1. “NEFT BUMU” dövrü kimi yadda qalan 15 ildə ölkəmiz qeyri-adi artım sürəti nümayış etdirib. MDB ölkələrində ümumi daxili məhsulun orta hesabla 1,8 dəfə, o cümlədən onun əsas enerjidaşıyıcı ölkələri olan Rusiyada 1,7 dəfə, Qazaxıstanda isə 2,8 dəfə artması fonunda Azərbaycanda ÜDM 4,5 dəfə artıb.

2.Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu sürətlə artdı. Son 10 ildə ölkə iqtisadiyyatına 200 milyard manatdan artıq sərmayə qoyulub ki, onun da yarısı xarici sərmayədir.

3.Neft hasilatının artması hesabına Azərbaycanın ixracı 2000-ci ildəki 1172 milyon dollardan 2014-cü ildə 30 220 milyon dollara catdı.

4. İqtisadi inkişaf dinamikası ölkəmizin ixrac potensialının əhəmiyyətli dərəcədə artması fonunda valyuta ehtiyatlarının da həcminin yüksəlməsinə səbəb oldu.

5. Yüksək iqtisadi artım templəri dövlət büdcəsinin gəlir və xərclərinin də əhəmiyyətli şəkildə artmasına impuls verdi.2000-2014-cü illərdə dövlət büdcəsinin gəlirləri simvolik xarakterli 715 milyon manatdan 18400 milyon manata çatdı.

6. Büdcəmizin qeyri-adi templərlə böyüməsində Dövlət Neft Fondundan ayırmaların sürətlə artırılması müəyyənedici rol oynadı. Belə ki,2003-2015-ci illərdə Neft Fondundan dövlət büdcəsinə 64 milyard manat transfert edilib. Dövlət büdcəsinə transfertlərlə yanaşı, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması,Bakı-Tiflis-Qars dəmir yolunun,Cənub Qaz Dəhlizinin, gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi və sair bu kimi mühüm layihələr də Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilib. Həmin xərcləmələrdən dolayı Dövlət Neft Fondunun vəsaitləri 2001-ci ildəki 0,5 milyard dollardan 2014-cü ildə 37 milyard dollara çatdı.

7.Neft gəlirlərinin sürətlə artması Azərbaycanın sosial-iqtisadi inkişafının inteqral göstricilərinə də ciddi təsir göstərdi. Ölkədə ÜDM-in adambaşına həcmi 2000-ci ildəki 663 dollardan (593 manat) 2014-cü ildə 7991 dollara (6268manat), BVF-in versiyasına görə isə 8055 dollara çatdı və orta dünya göstəricisinə (10 min dollar)yaxınlaşdı.

8. Azərbaycanın iqtisadiyyatında özünü göstərən müsbət dinamika həm də beynəlxalq müqayisələrdə də, o cümlədən adambaşına ÜDM istehsalı, insan inkişafı indeksi, qlobal rəqabətqabiliyyətlilik və sair göstəricilər üzrə ölkəmizin yerini xeyli yaxşılaşdırmış oldu. BVF-in versiyasına görə adambaşına ÜDM istehsalına görə Azərbaycan dünyanın 186 ölkəsi arasında 100-dən sonrakı yerlərdən 80-cı, insan inkişafı indeksinə görə 77-ci yerə qalxdı, qlobal rəqabətqabiliyyətlilik göstəricisinə görə ilk 40-lıqda yer aldı.

Bütün bunlarla yanaşı, qlobal siyasi və iqtisadi amillərin təsirini də nəzərə almaqla Azərbaycanda “NEFT BUMU” dövrü ilə bağlı neft amilinin aparıcı roluna əsaslanan modelin reallaşdırılmasının “yan effekti” də olub: “Neft bumu”, bir tərəfdən, Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində ümumi inkişafımızın sürətləndirilməsinə, sərmayə qoyuluşlarının artmasına,həmin vaxt kəsiyində çox güclü tikinti bumuna, regionların inkişaf səviyyəsinin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlığın miqyaslarının genişlənməsinə,bir sıra regionlarda yeni müəssisələrin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına,yoxsulluq səviyyəsinin azaldılmasına və həyat səviyyəsinin yüksəlməsinə təkan verdi. Digər tərəfdən isə neft amili hesabına qeyri-adi dərəcədə sürətli inkişaf qeyri-neft sektorunun da kifayət qədər sürətli artımına baxmayaraq, müasir dövrün tələblərinə cavab verən səviyyədə rəqabətə davamlı hərtərəfli inkişafını və səmərəli fəaliyyətini arxa planda saxlayıb.


Namidə BİNGÖL

 

Yazı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü