Modern.az

Müstəqilliyin tamı

Müstəqilliyin tamı

Ədəbi̇yyat

19 Noyabr 2016, 11:54

Azad Müzəffərli


(hekayə)

          
 Çayxana ta əzəldən “siyasət meydanı” olub. “Nərd qırğını” səngiməyən çayxanalar isə həmin baxımdan lap ələdüşməzdi. Bu da təsadüfi deyil, çünki elə nərd oyununun özünün mayası siyasətdən yoğrulub. Həmin oyundan az-çox baş çıxaranların siyasətlə bağlı söylədiklərində əksər hallarda bu və digər dərəcədə həqiqət var. Çayxanalar istər  ölkədə, istərsə də dünyada baş verənlərin  aynasıdır.  Armudu stəkanlarda buğumlanan, ətri insanın təxəyyül və təfəkkürünü təravətləndirən məxməri çay siyasət dünyasına açılan cığırlardır. Xüsusilə, siyasətə bircə damcı belə aidiyyatı olmayanlar çayxanalarda bir mərəkə qoparırlar ki, gəl görəsən, sanki  deputatlığa namizəddirlər. Ən maraqlısı odur ki, bu siyasət naşılarının xırdaladıqlarında “zər” də az deyil. Orta məktəbi alabaşına-külbaşına bitirənlər belə hərdən elə fikirlər söyləyirlər ki, hətta, Qərbin ən döşünə döyən siyasətçiləri, siyasi icmalçıları belə onlardan əməlli-başlı nəyisə əxz edə bilərlər. O da danılmaz həqiqətdir ki, ilk baxışdan çərənləmə təsiri başığlayan həmin “tok-şoular”da böyük siyasət üçün ələdüşməz xammal az deyil. Bu sübuta ehtiyacı duyulmayan məntiqdir;  həyatın dibi məhz çayxanalar və buna bənzər iaşə obyektlərindən daha aydın görünür. Siyasət düsturunun həyatiliyi buralarda əsl qiymətini alır!!!

       
İqtidar, Müxalifət və Bitərəf yenə çayxanada nərdtaxta arxasında baş sındırırdılar. Eyni məhəllənin sakinləri idilər. Siyasətə birbaşa aidiyyatları olmasa da, di gəl, həmişə vur-çatlasındaydılar. Çox vaxt Müxalifətlə İqtidarın “dartma, yaxam cırıldısına” sipər olmağa çalışmaq məcburiyyətində qaldığından Bitərəf dialoqa az   qatılsa da, hərdən ona da söz çatdırmaq olmurdu. Özü də, az desə də, saz deyəndi. Onların “siyasətbazlıq marafonu” tükənməzdi. Körpəlikdən göbəkləri bir yerdə kəsildiyindən çox vaxt fikirlərinin haçalanmasına baxmayaraq  bəd ayaqda bir-birini yola verəndilər.

      
Yenə də çayxananı başlarına götürmüşdülər. Sanki,  Plaçido Dominqo, Roberto Alanya və Yuri Marusin səs-səsə vermişdilər. Onların nəriltini andıran hayqırtılarından çayxananın divarları az qala adamın üstə gəlirdi.

-      Yenə şeş qoşa atdın, nə deyim,  sizinki zərdə də gətirir, daha başqa sözüm yoxdur!?.- deyə Müxalifət özünə əl qatdı.

-      Qaraguruhdansa, oyuna fikir ver, hələ şansın var, yəqinki, hər şey axırıncı zərdə həll olunacaq, – İqtidar öz məhəllə uşağına qarşı demokratik jestini ortalığa qoymağa çalışdı, – iki deyib, bir oynamaq yox, əksinə lazımdır, özünü toparla, bacarsan, ağzını açma,  bəlkə, onda yatmış bəxtin oyana!?.

     Bitərəfi qəhqəhə tutsa da, həmişəki kimi çalışdı tarazlığı pozmasın, gülüşünü yontalama səy göstərdi: - Həqiqətən maraqlı oyun alındı, məncə də, hər şey sonda bəlli olacaq!?.

     Bitərəfinki, əsasən,  məclislərinin “duzunu, istiotunu” qatmaqdı. Oyunun taleyi həqiqətən axırıncı zərə qaldı.

-      Hə, bax, indi mübarizəmizin yekunu sənlikdir, özü də səndən çox şey tələb olunmur, bircə dənə dü-yek atma, - deyə İqtidar ağayana şəkildə dilləndi, -  Hə, bir silkin, bəlkə, mürgüləyən bəxtinin üstə sərin su çilənə, haydı, qoşalaya da bilərsən, bacarsan halaldı, hətta, yek qoşaya da tası aparırsan. Di tərpənsənə.

      Büruzə verməməyə çalışsa da, hövsələsini basa bilməyən Müxalifət qaranəfəs dilə gəldi: - Bilirəm, əminsən ki, məhz dü-yek atacam, bu dəfə onu yuxunda görərsən.

-   ”Şirin” yuxulardan ayılmayan sizsiniz, budaqdan budağa gəzişməkdən yorulmursunuz, oxuduğunuz “nəgmələr”dən də ki, heç cin də baş açmaz, onda qala xalq. İşiniz-gücünüz “azadlıq, demokratiya” deyə çığır-bağır salıb bir-birinizə züy tutmaqdır, ortalığa əməlli-başlı nəsə qoya bilmirsiniz. Özü də neçə illərdi eyni “mahnılar”ı oxuyursunuz, cəhənnəmə, heç olmasa, nəqarətini dəyişin, barı?!.

         Müxalifət əsəbindən nə təhər qaraldısa, əlləri əsdi,  zərləri ovucunda güclə saxlayırdı: - Sizin də peşəniz, ancaq bizə badalaq gəlməkdir, bizi gözdən salmaqdır. Bəs, siz nə eləmisiniz?!. Yoxsa, camaatı ağ günə çıxarmısınız, hə, dillən də, nə oldu, dodaqların niyə əsdi?!.

-Əşşi, kiri, adama nə lazımdır, əmin-amanlıq içərisindəsən, yeməyə də bir parça çörəyin, çayını,hətta, çayxanada da içə bilirsən, bizimlə də nərdtaxta arxasında oturmusan, gecə də gedib başını qoyub arxayınca yatacaqsan, bundan artıq nə istəyirsən, bəs deyilmi?!.

-Elə bu!?. Hay-hay, bəlkə, cənnətdə yaşayırıq, xəbərimiz yoxdu?!.

- Tam mahiiyyətinə vara bilsən, buna cənnət də demək olar. A kişi, dörd bir tərəf alışıb yanır, qardaş qardaş qanına susayıb e, milyonlarla insan ac-yalavacdır. Valideynlərinin gözləri önündə körpələrinin bağrını güllə ilə dəlilirlər. Onlarınsa acı göz yaşlarından başqa heç nəyə gücləri çatmır. Əksəriyyəti də məhz müsəlman ölkələridir. Başqalarının sifarişinə qol götürüb oynayırlar, nə var, nə var, arada bir Sem dayı şabaş atacaq.  Gözünüzü Qərb ölkələri qamaşdırır. Elə bilirsiniz ki, orada hamı kefdədir. Ay qardaş, lap götürək Amerikanı, elə ki, orada axşam oldu, oturacaqlar üstə davadı, o gördüyün göydələnlər var e, onların da dördbirtərəfi “fəhlə yataqxanası”na dönür.  

- Sizə heç nəyi sübut eləmək mümkündür deyil, peşimansan dillənəsən, top atəşinə tutmağa farağat dayanmısınız…

- Yaxşı, zərini at, dü-yükdir ki, dü-yek, başqası istisna olunur. Gör, biz haqlıyıq, yoxsa, yox?!.  Hə, bu da meydan, oğulsan, göstər hünərini, yoxsa, özünü aşıq sanıb düşmüsən ortalığa, danay-danay deməkdən yorulmursan!?. Bəsdi də, uzatma…

       Müxalifət gücəndi, hikkəsindən zərləri nə təhər var qüvvəsi ilə tolazladısa, ikisi də nərdtaxtadan sürüşüb ətrafa dığırlandı. Bitərəf yenə onların üstünə su tökməyə çalışdı. İqtidara göz elədi ki, “sən canın dillənmə”. Tezcə zərləri tapıb Müxalifətə uzatdı. Özü isə rüşvətə gözünün ucu ilə belə baxmayan mötəbər hakim təkin cəld yerini tutdu. Bitərəfi yaman maraq götürmüşdü, görəsən, bu dəfəki mərəkə necə qurtaracaq.  Rəngi-rufundan müxalifətin özünə inamı qalmadığı aydınca sezilirdi, hətta, deməyə sözü də yoxdu. Bu “möcüzə”yə İqtidardan çox Bitərəf mat-məəttəl qaldı.

     Müxalifət balaca özünə gəlib, zəri qoşalamağa cəhd göstərdi. Nəhayət ki, zərlər ovucundan qopdu. Azca keçmiş dığırlanan zərlərin “rəqsi” başa çatdı. İlk zər “yek”i göstərəndə, Müxalifətin dalağı sancdı. Özünü yerə vurmamağa çalışaraq, qabaqdan gəlmişlik eləyərək tələm-tələsik əlini İqtidara uzatdı. Qalibanə görkəm alan İqtidar əlini havada azacıq ləngidərək ikinci zərin “dü” göstərdiyi andaca Müxalifətin əlini doğmasının əli kimi sıxdı. Onların hənirinə belə imkan verməyən Bitərəf bir göz qırpımındaca öz əlini də onların əllərinin üstə qoydu: - Durun, gedək qonşuluqdakı kafeyə, qonaqlıq mənlikdir. İstirahət günüdür, boğazımızı islatmağa dəyər... Müstəqilliyin şərbətinin dadına dad çatmaz. Tanrı ötənlərdə “müstəqillik, müstəqillik” deyə-deyə bu dünyadan köçənlərimizə qəni-qəni rəhmət eləsin, gələcək nəsillərə isə bu ələdüşməz neməti çox görməsin. Di tərpənin, bizim qismətimizə düşən bu xoşbəxtliyin şərəfinə badə qaldırmağa dəyər.

     Müxalifətlə İqtidar çaşqın halda bir-birinə, bir də ona baxdılar. Bayaqdan susmaq bilmədən, qarşılıqlı şəkildə çeşidbəçeşid “tərif” yağdıran bu kəslərin artıq nə heyləri, nə də deməyə sözləri qalmışdı. Bu dəmdə Bitərəfin  təklifi göydəndüşmə oldu.

       Yaxınlıqdakı kafedən Müslimin Maqomayevin avazı pərvazlanırdı. Dördbir tərəfi “Azərbaycan” təranələrinin “ətri bürümüşdü”. İqtidar, Müxalifət və Bitərəf nə təhər iştaha gəlmişdilərsə, xidmətçi sifarişlərini çatdıra bilmirdi. Tezliklə aynada bağırbadaş olaraq badələrini başlarına çəkən üç kölgə canlandı. Həmin otaqdakı çil-çırağın işığı o qədər gur idi ki, məclis iştirakçılarının bir-birinə məhrəm kölgələrini, hətta, bir neçə yüz metrdən belə seçmək olurdu.        

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır