Modern.az

Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?

Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?

Ədəbi̇yyat

19 Noyabr 2016, 12:58

Mahir Qabiloğlu


Bu ayı çoxdan gözləyirdim. Edəcəyim xahiş-xatırlamanı da əzbərləmişdim, aldığım cavabı da əvvəlcədən bilirdim. Çünki onun yanına belə xahiş-müraciətlə çox adam gəlirdi. Bəzilərinin şahidi də olmuşdum.

 

1990-cı ildə Azərbaycan Yazıçılar Birliyinin “Dədə Qorqud Ensiklopediyası”nda işə düzəldim. Yox, düz demədim. Məni atam işə düzəltdi. Professor Kamil Vəliyev müdirim, sədr Anar isə böyük müdirim idi. Dedilər ki, aşağıda-darvazadan girişi olan, bir vaxtlar  ermənicə çıxan ədəbi jurnalın yerləşdiyi redaksiyanın binasını bizə verəcəklər. Təmir başa çatandan sonra. Guya, müvəqqəti olaraq bizi  2-ci mərtəbədə, lap küncdəki otaqda məskunlaşdırdılar. Divarın o tayında atamın diliylə desək – “məşhur Məsləhətçilər otağı” idi. Atam həmin otağa “Bizim otaq” adlı şeir də həsr etmişdi.

 

Bura bizim doğma, əziz otağımızdır,
Ustadların yadigarı ocağımızdır.
Burda Osman Sarıvəlli məsləhət verib,
Bu otaqda Rahim bizə zəmanət verib.
Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm...
Köks ötürüb... yad edirəm gözlərimdə qəm...

 

Mən orda işləyəndə bu otaqda Xalq şairi Balaş Azəroğlu və Fikrət Sadıq əyləşirdi. İndi isə Rəşad Məcid. Əlbəttə ki, katib kimi.

 

HAŞİYƏ: Ömrünün son illərində Balaş Azəroğlu işə nadir hallarda gəlirdi. Otaqdan Qabilin, Balasadığın, Ramiq Muxtarın, Yusif Həsənbəyin, Maarif Soltanın və digərlərinin səsi daha çox ucalırdı.

Günlərin bir günü atam girir otağa və görür ki, Balaş müəllim oturub öz yerində. Salam-əleykdən sonra:

–       Balaş müəllim, bu gün maaş verirlər?

–       Yox, ay Qabil. – deyə Balaş Azəroğlu cavab verir.

–       Bəs onda, nə əcəb işə gəlmisən? (SON)

 

Otağın sahibləri Fikrət Sadıqla Balaş Azəroğlu olsalar da, qonaqlar özlərini lap ev sahibi kimi aparırlarmış. Məsləhətə gələnlərə, şeir olmayan şeir oxuyanlara Fikrət Sadığın mülayimliyindən, hövsələsindən bezib, “alqış” da söyləyərlərmiş.

 

Sözü olan, olmayan da bura baş çəkir,
Üzü olan, olmayan da bura baş çəkir.
Bu otağa azmı girib cızmaqaraçı?
Özün şair hesab edən sırtıq qaraçı.
Bir köntöydən acı tənə yemişik də biz.
Bir qanmaza “bas bayıra!” demişik də biz.

 


HAŞİYƏ:
Bizimlə Arifə adlı ədəbi işçi çalışırdı. Bir də gördük ki, qapı astaca açıldı. Başına kələğayı dolamış bir yaşlı arvad başını içəri saldı. Hamımızı süzdü. Otaqda mən, Mehman Sadıqov, Qəzənfər Bayramov (indi “Ekspress” qəzetinin baş redaktoru), Hüseynqulu müəllim və Arifə idi. Qadın olduğundan Arifə ona daha doğma gəldi deyəsən. Dəhlizə səslədi. Mən də onların arxasınca çıxdım. Arifə gülməyini güclə saxlayırdı. Qadın isə avazla şeirini oxuyurdu:

–       ...Cük, cük, toyuğum,

Cük, cük, cük cücəm...

Şeiri sona çatdırıb soruşdu:

–       Qızım, necədir poemam?

–       Yaxşıdır, xala, – Arifə qısa cavab verdi.

–       Həəə... Onda Fikrət müəllimin yanına ürəklə keçə bilərəm, – deyib qonşu otağın qapısını açdı. Fikrət əmi qapının yanında, dəhlizə açılan pəncərənin qarşısında əyləşirdi. Ona görə də söhbəti aydın eşitmək olurdu. Qadın söhbətinə belə başladı:

–       Fikrət müəllim, bu yaxında pensiyaya çıxmışam. Əvvəllər işləyirdim, vaxtım olmurdu yazmağa. İndi isə tam sərbəstəm. Ərə getməmişəm, oğul-uşaq  da yox.  Uzun illər ürəyimdə yığılanları başlamışam kağıza köçürməyə. Artıq 20 şeir, 5 poema yazmışam. Gətirmişəm ki, siz də baxıb qiymət verəsiniz. “Qara toyuğun nağılı” poemam, – deyib, başladı “cükküldəməyə”.

Fikrim Fikrət əmidəydi. Diqqətlə qulaq asırdı. Razılıq əlaməti olaraq, hərdən başını da tərpədirdi. Heç qımıldanmırdı da... Mən isə dəhlizdə uğunub özümdən getmişdim. Nəhayət yaşlı qadın poemanı bitirdi. Sual və ümid dolu gözlərini Fikrət Sadığa zillədi.

–        Əla! Əla yazmısan. Bax beləcə davam elə. Səndən yaxşı şair çıxacaq, – deyə Fikrət əmi cavab verdi. Məəttəl qaldım. “Niyə axı Qabil otaqda yox idi?” deyə təəssüfləndim. Amma, bir az özümdən şübhələndim də... Ki, bəlkə həqiqətən də əla poemadır, mən qanmıram. Qadın sevincək çıxıb getdi. Otağa girdim və:

–       Fikrət əmi, doğrudan əla idi? – deyə soruşdum.

–       Yox, – dedi, – Görmürsən yaşlı, tənha adamdır? Yazmaqla həyatdan ləzzət alır. Bunda təsəlli tapır. “Pisdir” deyib, mən onun sonuncu ümidini necə qırım axı? (SON)

 

Fikrət əminin qəbuluna hər gün gələn olurdu. Mənim onda 24 yaşım vardı. Tanınmış, görkəmli şair, yazıçı, tənqidçilərin hamısını tanıyırdım. Amma, Yazıçılar Birliyinin elə üzvləri də var idi ki, onları tanımırdım. 50, 60, 70 yaşları tamam olanda Yazıçılar Birliyi yadlarına düşürdü. Gəlirdilər Fikrət Sadığın yanına ki, “bəs mənim yubileyimdir, bilmirsiz?” Fikrət əmi də gülüb cavab verirdi: “Hardan bilək. YU BİLEY” də...

Vaxt keçdi. İl dolandı. Mən böyüdüm. Yekə oğlan oldum. Yazmağa başladım. Elmira Axundovanın zəmanətiylə Yazıçılar Birliyinin tamhüquqlu üzvü oldum. Nəhayət 50 yaşına da çatdım. Dekabrın 4-də yubiley yaşımdır. Nə olsun ki, beş ildir yaradıcılıqla intensiv məşğul oluram. Birliyin də iki ildir ki, üzvüyəm. Görəsən, 1950-ci ildə İttifaqa üzv olanlarla mən yeni üzv arasında hansı fərq var ki?

 


HAŞİYƏ:
Yəqin hamınız dəfn mərasimində iştirak etmisiniz. Qəbiristanlığa gəlirik. Ölünü basdırırıq. “Allah rəhmət eləsin” deyirik. İndi özünüzə sual verin. 100 il qabaq basdırılan ölüylə bu gün basdırılan ölünün nə fərqi var? Heç nə. İkisi də ölüdür. Bircə fərq ola bilər ki, bu da ölünün yiyəsinin kimliyidir.

 

Köhnə-köhnə ölüyə, təzə-təzə ehsanlar...

İtirib axtarılmır dirigözlü insanlar...

Atalar burda deyib: – Ölünün də yiyəsi,

Yoxdu bu haqq-hesabın “nə üçün”ü, “niyə”si.

 QABİL (SON)

 

Heç bir. 70-80 yaşlılarla eyni hüquqlara malikəm. Hüquqlar isə “Natəvan” klubunda yeni çıxan kitabın təqdimatı, ağız yummaq üçün kiçik yubiley mərasimi, “Ədəbiyyat qəzeti”ndə şəkilli və ya şəkilsiz təbrikdən və bir də öləndə nekroloq, başsağlıqdan o yana keçmir. Lap yadımdan çıxmışdı – illik 10 manat üzvülük haqqının ödənilməsi. Adamın olsa “Natəvan klubu”nu digər zallara da dəyişmək olar. Yuxarıya təqdimat da öz yerində...

Mən də bu günlərdə gedəcəkdim Fikrət əminin yanına. Ərklə içəri keçəcəkdim. Deyəcəkdim ki, “Fikrət əmi, dekabrın 4-ü 50 yaşım tamam olur e... Yubileyimdir”. O da gülümsünüb, bir az da heyrətlənib (üzdən 40-dan artıq yaş vermirlər mənə) cavab verəcəkdi: “YU BİLEY” də... Sonra da söz axtarışına çıxacaqdı ki, bəs bu Mahir balanın əvvəlinə hansı bənzətməni qoyaq ki, nə özü incisin, nə də dostu Qabilin ruhu. Axı, o dünya var. Nəvaxtsa Qabillə üz-üzə gələcəklər. “Görkəmli”, “tanınmış”. Yox, olmaz. Ən gözəli “populyar” yazım. Nə şiş yansın, nə kabab. Yox. Eləcə “Qabiloğlu” yazım. Təxəllüsü elə hər şeyi deyir. Əvvəlinə heç nə artırmayacağam: “Qabiloğlu”. Sonra da beş-altı cümlə yazıb girəcəkdi Anarın yanına ki, bəs Qabilin oğlunun, Mahirin yubileyidir. Xeyr, Anar Fikrət Sadıq kimi deməyəcəkdi ki, “yusun biley”. Səbəbini bilmirəm, amma tərəddüd edəcəkdi. Bu tərəddüdün qabağında Fikrət əmi kövrələcəkdi, əriyəcəkdi, xatirələri yada salacaqdı. “Anar müəllim, yadındadır... Heydər Əliyevin qəbulunda olanda Qabil mənim üçün fərdi təqaüd xahiş etdi? Yadındadır , məni zarafatla “ef-es” çağırırdı?”. Yadındadır, mənimlə Balasadığa “şuriklər” deyirdi? “Yadındadır?”...

 

HAŞİYƏ: Prezident Heydər Əliyevlə görüşlərin birində şair Qabil dostu - F.S. adlı tanınmış şairin fərdi təqaüdə namizədliyini irəli sürür. Prezidentimiz də bu xahişi müsbət cavablandırır. Üstündən iki ay keçir. Amma F.S. təqaüdün qonaqlığını vermir ki, vermir. Sətiraltı xatırlatmağa ehtiyac olduğunu görən Qabil digər dostların yanında:
– F.S., təqaüdü aldın?
– Qabil, Allah sənə uzun ömür versin. Prezident Heydər Əliyev sağ olsun, amma elə bil ki, sən verdin mənə bu təqaüdü.
– F.S., soruşuram ki, bu ayın təqaüdünü gedib kassadan aldın?
– Heç kim deməzdi bunu prezidentə. Bunun yerinə öz xahişini edərdi. Ancaq sən etdin bunu.
– F.S., bu ayın təqaüdün almısan, ya yox?
– Evdə də uşaqlar duaçıdırlar sənə. Hər gün səndən razılıq edirlər.
– F.S., sənə sual verirəm ki, bu ayın təqaüdün aldın, ya yox?
– Aldım, Qabil. Dünən aldım.
– Belə de də. Dedim, bəlkə almamısan, yadına salım ki, get al. (“Heydər Əliyevin çörəyinin duzu” yazımdan bir parça)  SON

 

... deyə-deyə axır ki, Anarı da kövrəldəcəkdi. Qocalar kövrək olarlar. Və nəhayət, yubiley təbrikinə qol çəkdirəcəkdi.

Amma ömür vəfa etmədi. Mən bu arzuda bulunarkən, demə Fikrət əmi canıyla əlləşirmiş.

 

SON

 

Qəbiristanlıqdayıq. Fikrət əmini son mənzilə yola salırıq. Mollanın avazı gəlir. Mən isə sualıma cavab axtarıram: Fikrət əmi, bəs mənim “YU BİLEY”im necə oldu?



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır