Modern.az

Babamın babasının uzunömürlülük düsturu

Babamın babasının uzunömürlülük düsturu

26 Noyabr 2016, 09:55

Azad Müzəffərli


(hekayə)

       
Rüstəm kişi 90-nı haqlamışdı. Göz açıb boya-başa çatdığı kəndlərini heç hara ilə dəyişməzdi. Bu kiçik yaşayış məntəqəsi ona dağlara bəndlənən nənnini xatırladardı. O, dağları dost-doğmaca anasından ayırmazdı. Rüstəm kişiyə beşiyində anası ilə yanaşı dağlar da  layla çalmışdı. Kəndlərindəki uzunömürlülər saya gəlmirdi. Bunun sirri ilə maraqlananlar çoxdu. İstər  soydaşları, istərsə də əcnəbilər. Xüsusislə, jurnalistlər, alimlər buranı ayaqaltı eləmişdilər, hamı uzunömürlülüyün sirrinin axtarışındaydı.

       
Rüstəm kişi nəvəsi  Vüqarla bağda söhbətləşirdi. Ciyərparəsi xaricdə təhsilini başa vurub yenicə Vətənə dönmüşdü. Çoxdandı uca dağlar qoynunda yerləşən kəndlərində olmamışdı. Sirri-sehr içindəydi. Bunun üçün babasına minnətdardı. Valideynlərindən güclə qoparmışdı onu. Vüqar kimi yay da bu kəndə cəmi bir neçə gündü qonaq gəlmişdi. Kənd sakinlərinin yenicə yola saldıqları baharın  nəfəsi hələki buradan tam çəkilməmişdi. Yay fəsli qiyafəsinə bürünməkdəydi. Vüqar bura ayaq basandan sevincləri yerə-göyə sığmayan təkcə Rüstəm kişi ilə həyat yoldaşı Ayan deyildi, həyət-bacanın da çiçəyi çırtlamışdı. Bu xoşbəxtlikdən qonşulara da az pay düşmürdü. Yalnız yayın cırhacırında oğlu ailəvi onlara  təşrif buyuranda həyət-baca əməlli-başlı qonaqlı-qaralı olurdu. İlin digər vaxtlarında burada “payız”dı, tək-tük gözə dəyən kimsə tapılardı. Onlara sadiqcəsinə hayan olan yalnız dağlardı.

      
Bir neçə gün əvvəl Rüstəm kişinin yeganə oğlundan ötrü burnunun ucu göynəmişdi, dərhal yollanmışdı paytaxta. Çox vaxt ona tamarzı qalardı. Oğlunu da qınamırdı. Alimdi, işi-gücü başından aşırdı. Elmi işlərindən, araşdırmalarından başı ayılmazdı. Bir ayağı da çox vaxt xaricdəydi, o konfrans sənin, bu seminar mənim, nə bilim, o tədbir belə getdi, bu məclis elə gəldi. Valideynlərinə  dəyməyə təsadüfi hallarda vaxtı qalardı, o da bir- neçə saatlığa, uzaqbaşı bir günlüyə. Təkcə, yayın qızmarında oğlu məzuniyyətə çıxanda ondan doya bilirdilər, vəssalam. Yadına düşəndə ki, istər-istəməz əksəriyyət övladlar valideynlərindən “didərgindi”, oğlunu qınamaqdan da vaz keçərdi. Axı, övladlar və valideynlər başqa-başqa zamanın adamları olduğundan onlarınkı tam tutmur, meyarlar və istəklər fərqlidir, hərənin də öz tay-tuşu və boynuna düşən saysız-hesabsız qayğıları var. Çox vaxt doğmalıq salam-kəlama və hal-əhval tutmağa yetir. Bir də, ən yaxşı halda, qədirbilən övladlar ahıl çağda valideynlərini məişət qayğıları ilə baş-başa qoymurlar.

       
Rüstəm kişi şəhərdə heç cür qərar tuta bilməzdi. Elə bu dəfə də səbri bir neçə günlüyə yetdi. Bakı ona nəhəng arı pətəyini xatırladardı. Dördbir tərəfdə insanlar və maşınlar qaynaşır. Səs-küydən də ağız deyəni, qulaq eşitmir. Bu şəhərdə havanı da, elə bil, borcla verirlər. Sinən qətiyyən dolmaz. Bəzən şükür də eləməli olursan ki, hələki tam boğulmursan, sağsan. Oğlunu doyunca bağrına basan Rüstəm kişi nəvəsi Vüqarı güc-bəla ilə onlardan qoparıb tələm-tələsik geriyə dönmüşdü. İndi oğlunun da ətrini ondan alırdı.

        
Söhbətləri yaman tuturdu. Atası kimi Vüqarın da arzuları böyükdü, bir insan ömrünə çətinki sığaydı. Bəlkə, elə buna görəydi ki, bayaqdan babasını uzunömürlülüyün sirri ilə bağlı çək-çevirə salmışdı. Rüstəm kişinin ağlına ilkin gələn bu oldu ki, yəqin, buranın suyundan, havasındandı, kəndə ayaq basanlar  onları uzunömürlülüyün sirri ilə bağlı “top atəşinə” tuturlar. Ciyərparəsini də sındırmadı, bütün suallara canla-başla cavab verirdi.

-      Mənim canım-ciyərim, uzun yaşanmaq üçün ilk növbədə Allahı tanımalısan. Tanrıya qəlbinin, əqlinin ən uca zirvəsində yer ayırmalısan.

-      Bunu körpəlikdən bilirəm baba, atam öyrədib. Özü də Tanrını sevmək lazımdır, ondan qorxmaq yox. Çox təəssüf ki, mollaların əksəriyyəti insanlara o İlahi Varlıqdan qorxmağı tövsiyyə edir.

-      Halal olsun, mənim əzizim, qorxaqlardan nə Tanrıya halal bəndə, nə də  Vətənə və valideynlərinə  fərli övlad çıxmaz. Tanrını sevməklə yanaşı bütün ömrün boyunca bacardıqca yaxşılığından da qalma. Elədiyin yaxşılığı da anındaca unut. Əsl yaxşılığın mayası təmənnasızlıqdan yoğrulub.

-      Çox sağ ol, babacan.

-      Hər şeyi bağışlayan olmağı da unutma. Təbii ki, mövqeli olmaq şərtilə. 

-      Oldu, babacan, anladım.

-      Hələki subaysan, yadında möhkəm-möhkəm  saxla, mənim qaqam, həyat yoldaşın özünə bab olmasa, dəryada batan gəmi kimi batacaqsan, səni heç kim və heç nə xilas edə bilməz. Ağıllı arvad həyat yoldaşının da, evin də dirəyidir.

-      Baba, çox sağ ol, bunu atam da mənə başa salıb.

-      Qətiyyən siqaret çəkmə, içkidən qədərincə və yerində istifadə elə. Yeməyinə də fikir ver, rəngarəng olsa daha yaxşıdır. Meyvə-tərəvəzdən də bol istifadə et. Hər gün mütləq alma ye, imkan olsa, armud yeməyi də unutma. Çalış, dolğun qidalan, bitki mənşəli yeməklərə daha çox üstünlük ver, amma, balıq və ət yeməklərini də kifayət qədər ye. Yoxsa, taqətin olmaz.

-      Baba, bir də, qərblilər kimi hər gün natural kofe içməkdə də fayda var.

-      Yəqinki, elədir. Mənim əzizim, uzunömürlülüyün, sağlamlığın bir sirri də  həmişə hərəkətdə olmaqla bağlıdır.

-      Yəni,mütamadi iş-güclə və idmanla məşğul olmaq lazımdır, eləmi?

-      Elədir, mənim canım-ciyərim. Təbii ki, doyunca yatmasan, bunların heç bir faydası yoxdur. Bədənin, beynin tam dincini alana qədər yatmaq da lazımdır. Bir də ki, çalış xırdasından, böyüyündən asılı olmayaraq bütün damarların işlək olsun. Orqanizimin, beynin təmiz hava ilə qidalanması da olduqca vacibdir, sizin dilnən desək, oksigenlə... Bax, hələlik bu qədər...

-      Baba, deyəsən, yenə nəsə qaldı, axı?!. Özü də çox vacib... Bax, o nədisə mən hələki onu tapa bilmirəm?!.

-      .... , – Baba ha əlləşsə də, bu sualın cavabında aciz qaldı, qəfildən, elə bil, nəyisə xatırladı, - Hə, mənim balam, lap yerinə düşdü, gedək, mənim babama da dəyək, o, mütləq sənin sualına cavab tapacaq, onun bilmədiyinə qurd düşər...

         
Vüqar bir anlığa çaşıb qaldı, necə yəni, o nə danışır, babasının da babası hələ sağmış!?. Yaddaşını qurcaladı.  Anladı. Tezcə də allandı, qıpqırmızı pörtdü. Dünəndən bəri bu kənddə yaşayan ulu babasını yada salmadığına görə xəcalət çəkdi.  Neçə ildi xaricdə təhsil aldığından, çox şeydən yadrıxmışdı. Var gücü ilə babasına sarıldı, pərtliyindən özünə yer tapa bilmirdi.

       
Babası ilə Vüqar üz tutudular kəndin yuxarı başına. Kəndin həmin hissəsi qəlbidə yerləşirdi. Nəhayət, mənzilbaşına yetişdilər. Gözlərinə ilk sataşan elə ulu babası oldu. O, səliqə-sahmanı ilə seçilən həyətlərində yorğa yerişlə var-gəl edirdi. Gözlərinin qarasından müdriklik yağan ulu babasının çinar qaməti anındaca Vüqarın diqqətini çəkdi. Sonuncu dəfə necə görmüşdüsə,  eləcə də qalmışdı. Tanrıya şükür elədi. Ulu babası onu görən kimi addımlarını xeyli yeyinlətdi, Vüqara sarı “götürüldü”. Azca keçmiş dağ tək kötücəsinə sarıldı. Vüqar diqqətlə baxırdı. Bu ahıl insanın çöhrəsindən, gözlərinin dərinliyindən həyata əlaməti bircə qırıq da olsun əskilməmişdi. Vüqar axtardığını tapacağına əmindi. Şübhəsi yoxdu, bu gözlərin qarasında uzunömürlülüyün düsturu cəmlənmişdi. Di gəl, tap görüm, oğulsan, bu bağlamanın açmasını özün oxu, hay-hay, oxudun ha?!. Ulu babasının babasını körpə uşaq təki bağrına basması da Vüqarın iti gözlərindən yayınmadı. İlahi, ulu babası, elə bil, təzə doğulan körpəsini ilk dəfəydi qucağına alırdı.

 

Hal-əhval tutdular. Təsirləndiklərindən söhbətləri də şirin alındı. Nəhayət ki, babası mətləb üstə gəldi. Əlini şəvə bığlarında gəzdirən ulu babası isə başını mənalı-mənalı yellədərək dilləndi: - Ey mənim soyumun layiqli davamçısı, bil və agah ol ki, baban sənə dediklərindən əlavə uzunömürlülüyün daha bir vacib sirri qədd-qamətini həmişə şux tutmaqda, heç vaxt əyilməməkdədir. O zaman Tanrı səndən uzunömürlülüyü əsirgəməz, insanların da qəlbi və əqillərində yerin daimi olar!!!                                                 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü