Modern.az

“Tanınmış siyasətçilər estetik əməliyyat üçün yanıma gəliblər” - MÜSAHİBƏ  

“Tanınmış siyasətçilər estetik əməliyyat üçün yanıma gəliblər” - MÜSAHİBƏ  

Mədəni̇yyət

30 Noyabr 2016, 15:54

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndər plastik cərrahiyyə ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Bu gün azərbaycanlıların ən çox müraciət etdiyi estetik əməliyyatlar hansılardır?

- Plastik cərrahiyyə əməliyyatları özü bir neçə yerə bölünür: rekonsturktiv (bərpaedici) əməliyyatlar və estetik əməliyyatlar. Rekonstruktiv estetik əməliyyatlar plastik cərrahiyyənin 75 faizini təşkil edir. Bunlar qurdağızlılıq, dovşandodaqlılıq, yanıqlardan sonra deformasiyalar, çapıqlar və s.dir. Əməliyyatların 25 faizini isə kosmetik- burun, qırışlar, piylənmə əməliyyatları təşkil edir. Bu gün bizə olan müraciətlərin içərisində ən çoxu rekonstruktiv əməliyyatlarla bağlıdır. Estetik əməliyyatlarda isə piylənmələr, qırışlar, burun əməliyyatlarının böyük payı var.

 

 - Estetik əməliyyatlara hansı yaşda müraciət etmək olar? Ümumilikdə pasiyentləriniz arasında yaş fərqi necədir? Məsələn, əməliyyat üçün müraciət edənlərdən ən kiçiyi hansı yaşda olub?

 

- Rekonstruktiv əməliyyatlar ona ehtiyac duyulan vaxt icra edilir. Vaxtında edilən müdaxilə ilə funksional pozğunluğun yaranmasının qarşısı alınır. Həm də müəyyən estetik əməliyyatlar var ki, onları 15, 16, 17, bəzən 20 yaşdan sonra etmək lazımdır. Bunlar da növlərinə görə dəyişirlər.

 

- Rekonstruktiv əməliyyatlardan söz düşmüşkən, bu gün yenidoğulanlar arasında çoxmu rast gəlinir dovşandodaqlılığa, qurdağızlılığa?

- Var, həm də çoxdur. Qurdağızlılıq, dovşandodaqlılıq, barmaqların bitişikliyi, qulağın anadangəlmə olmaması, bəzi orqanların anormal yerləşməsi, yanıqlardan sonra yaranan deformasiyalar, ağız və üz qüsurları ilə müraciət edən çox xəstəni əməliyyat etmişik.

- Bu cür qüsurlarla doğulan uşaqlara ən tez hansı yaşda müdaxilə edilməsi məqsədəuyğundur?

- Dodaq yarıqları əməliyyatları 5 ayında, damaq əməliyyatları 12 aylığında edilməlidir. Barmaqların yapışıqlığı ilə doğulan uşaqlar 5-8 aylarında əməliyyata alınır. Bütün əməliyyatların hansı yaşda icra olunması növlərinə görə əvvəlcədən müəyyən olunur. Məsələn, damaq əməliyyatını 3 yaşında etmək düzgün deyil. Niyə? Çünki uşaq artıq 1 yaşında danışmağa başlayır. Damağında olan problem həmin müddətdə aradan qaldırılmalıdır ki, onun nitqində hər hansı qüsur yaranmasın, uşaq danışarkən çətinlik çəkməsin.

- İndiyə qədər qurdağız, dovşandodaq və s. qüsurlarla doğulan neçə uşaq əməliyyat etmisiniz?

- Dəqiq say deyə bilməyəcəyəm. Amma bu cür qüsurlarla əməliyyat etdiyimiz uşaqlar həddindən çoxdur. Hər hansı bir ailədə qurdağız, dovşandodaq uşağın doğulması həm ailə, həm də uşaq üçün böyük bir travmadır. Təbii ki, bu cür qüsurlarla doğulan uşaqların valideynləri tez bir zamanda problemin aradan qaldırılmasına çalışırlar. Əməliyyatla uşaq özünün kosmetik görünüşünə qovuşur. Yaxud ola bilər ki, insan heç qüsurlu doğulmasın, amma keçirilmiş hər hansı avtoqəza onun görünüşünə xələl gətirsin. Qəza zamanı bədəninin hansısa toxuması zədələnə bilər ki, yerinə toxuma plastika etmək lazım gəlir. Bundan başqa sinirləri, vətərləri kəsilib, barmaqlar işləmirsə, oraya vətər plastikası, sinir köçürmə əməliyyatları edirik.

- Qurdağızlılıq, dovşandodaqlılıqla bağlı əməliyyat olunan uşaqlar sonrakı dövrlərdə normal şəkildə həyatlarına davam edirmi? Növbəti illərdə hər hansı narahatlıq yaranmır onlar üçün?

 

- Bu əməliyyatlar mürəkkəb olduğu üçün, bir neçə il sonra korreksiyaya ehtiyac yaranır. Amma uşaqlar həyatlarının növbəti mərhələsində normal yaşantıya davam edirlər.

 

 

 

 

- Estetik əməliyyat etdiyiniz pasiyentləriniz arasında tanınmış sənət adamları, ictimai xadimlər, siyasətçilər də varmı?

- Həddindən çoxdur. Təbii ki, onların adını çəkə bilməyəcəyəm. Amma Azərbaycandakı tanınmışların 80 faizini biz estetik əməliyyat etmişik. Onların arasında müğənnilər, televiziya aparıcıları, siyasətçilər var.

 

- Azərbaycandakı kişi siyasətçilərin heç biri estetik əməliyyata üz tutduğunu deməsə də, görünən kəndə bələdçi lazım gəlmir. Baxırsan 50, 60 yaşında insandır üzündə bir dənə qırış yoxdur. Yaxud bir neçə il əvvəl başında tük olmayan tanınmış biri bu gün qarşımıza qapqara saçı ilə çıxır. Bu da insanların şəxsi istəyidir. Əgər o, özünü belə rahat hiss edirsə, niyə də olmasın. Təbii ki, iş prinsiplərinizə uyğun olaraq məxfiliyi qoruyursunuz. Amma belə fikirlər var ki, azərbaycanlı kişi siyasətçilərin əksəriyyəti məhz məxfiliyin qorunması baxımından estetik əməliyyat üçün xaricə üz tuturlar...

- Xeyr, elə bir şey yoxdur. Bizdə əvvəllər belə idi, amma indi yox. Hazırda Azərbaycanda cərrahiyyə çox yüksək səviyyədə inkişaf edib. O cümlədən xaricdə istifadə edilən bütün avadanlıqlar ölkəmizdə də geniş tətbiq olunur.  Mən özüm 20 gün əvvəl Yaponiyada beynəlxalq konfransda idim. Qəzetlərdə, jurnallarda da bu xəbərlər çıxdı. Bu konfrans iki ildən bir keçirilir. Bundan əvvəlki Çilidə baş tutmuşdu. İki ildən bir yeni əməliyyat protokolları yazılıb tərtib olunur. Mən o konfransda protokolların tərtibində plastik cərrahiyyə üzrə Cənubi Qafqazı təmsil edirdim. Oraya hər cərrahı cəlb etmirlər, dünya səviyyəsində tanınmış cərrahları cəlb edirlər. Bu baxımdan istər siyasətçi, istərsə adi vətəndaş olsun onun məxfiliyi qorunur. Əgər məxfilik qorunmasaydı, əməliyyat etdiyim bütün tanınmışların adını çəkərdim. Çəkmirəm, çünki prinsiplərimizə ziddir.

 

- Azərbaycanda qadınların estetik əməliyyata girməsi adi hal alıb. Amma kişilərdə vəziyyət başqa cürdür. Əsasən  ya əməliyyata girməkdən çəkinirlər, ya da girsələr belə, bunu gizlədirlər. Bu baxımdan Azərbaycan kişisi daha çox hansı plastik əməliyyat üçün müraciət edir Vaqif Qələndərliyə?

- Hər yaşın öz gözəlləyi var. Amma müəyyən yaşdan sonra üzdə qırışlar, sallanmalar, burunda deformasiyalar əmələ gəlir. İstər kişi olsun, istərsə qadın, əgər bir insanı narahat edən qüsuru varsa, ondan qurtulmalıdır.

Ola bilir kişi nə vaxtsa yıxılıb, idmanla, boksla məşğul olanda burnundan travma alıb. Bu zaman həm nəfəs yolu zədələnir, həm də görüntü normanın xaricinə çıxır ki, əməliyyata ehtiyac duyulur. Əməliyyat üçün müraciət edən kişilərimiz də kifayət qədərdir.

 


- Saç əkimi necə, müraciət edən keçəl kişilərimiz çoxdurmu?

- Bizdə saç əkimi əməliyyatının ən mürəkkəb növündən istifadə edilir. Bizdə saçlar tək-tək əkilir. Məsələn, olur ki, yanıqdan sonra başda müəyyən deformasiyalar əmələ gəlir. Deformasiya bölgəsinə saç əkmək çətindir. Həmin vaxt pasiyentin öz toxumasını böyüdüb problemli bölgəyə transfer edirik. O da mürəkkəb əməliyyatdır.

 

- Həmin saçlar ömürlükmü əkilir, yoxsa növbəti illərdə təkrar tökülmə baş verə bilirmi? Ümumiyyətlə, kişilər arasında keçəlləşmə əvvəlki illərlə müqayisədə artıb, yoxsa azalıb?

- Xeyr ömürlük olmur. Bəzi hallarda əkilən saç bölgəsində problemlər yarana bilir. O həm də baxır, toxuma hansı bölgədən alınıb köçürülür. Keçəllik özü genetikdir. Əgər babada, atada, əmidə, dayıda keçəllik varsa, bu, evin oğlan uşaqlarında da müşahidə edilə bilir. Yəni orqanizm gen olaraq hansı tərəfə daha çox yatqındırsa ona da oxşayır. Bizdə də var, hətta tanınmışlardan saç əkimi üçün müraciət edənlər olub. Hansı ki, biz onların xarici görünüşünün tamamilə dəyişilməsinə nail olmuşuq. Amma xarici ölkələrlə müqayisədə Azərbaycanda saç əkimi əməliyyatları azlıq təşkil edir.

- Bəs qiymətlər necə müəyyənləşir? Əhalinin cibinə uyğundurmu plastik əməliyyatların qiyməti?

 

- Hamısında eyni deyil. Bölgəyə, sahəsinə görə əməliyyat qiymətləri dəyişir.

- Olubmu ki, müraciət edən hansısa xəstəni ödənişsiz əməliyyat edəsiniz?

- Biz azərbaycanlıyıq, özümüzün mental dəyərlərimiz var. Mən xaricdən gəlmiş həkim deyiləm ki, hər hansı əməliyyat üçün konkret qiymət qoyum. Elə insanlar var ki, rekonstruksiya əməliyyatına ehtiyacı var, amma maddi durumu buna imkan vermir. Biz onları pulsuz əməliyyat edirik. Pulsuz əməliyyata aldığımız çox xəstəmiz olub. Həm Səhiyyə Nazirliyinin, həm Heydər Əliyev Fondunun göndərişi ilə, həm də şəxsən bizə müraciət edən xəstələri pulsuz əməliyyat etmişik, etməyə də hazırıq. Çünki biz hamımız Azərbaycan vətəndaşıyıq, onlara mütləq kömək edirik.



- Doktor, cəmiyyət arasında hər zaman belə fikirlər var ki, plastik əməliyyatlara çox müraciət edən insanlarda xərçəngin yaranma riski yüksəkdir, onlar daha tez ölürlər. Müğənni Aygün Kazımovanın plastik əməliyyatları intensivləşdiyi dövrdə bu fikirlər daha çox müzakirə mövzusu idi.

 

- Belə bir şey yoxdur. Bu, kökündən yanlış fikridir. Əgər insanın hansısa deffekti, problemi varsa və onu aradan qaldırırsa, bu, onu mənfi emosiyalardan, sterssdən uzaqlaşdırır.

- Bəs bir il ərzində 5-6 dəfə əməliyyat masasına uzananlar necə?

- Qətiyyən, əksinə. Daha çox əməliyyatla qocalmağa meylli olan dəriyə vaxtaşırı müdaxilə etmək, elastik lifləri möhkəmləndirməklə görüntünü gözəlləşdirmək mümkündür. İnsanın yaşını, ömrünü Allah Təala özü müəyyənləşdirir, bu, insanların əlində olan məsələ deyil. Plastik cərrahiyyənin xərçəng riskini artırması kimi faktorlar da öz təsdiqini tapmayıb.

Pasiyent bizə müraciət edəndə onun ümumi vəziyyəti araşdırılır. Əməliyyatının hansı üsulla həyata keçiriləcəyi müəyyənləşir. Bu üsullar isə iki ildən bir yenilənir. Ona görə estetik əməliyyata müraciət edən şəxslərdə xərçəng riskinin artması faktoru real deyil.

 

- Plastik cərrahiyyənin tətbiqində hansı yeniliklər gözlənilir?

- Hazırda bu sahədə çox böyük nailiyyətlər əldə edilib. Məsələn, əvvəllər burun əməliyyatı 3-4 saata baş tuturdusa, indi əməliyyatı 40-50 dəqiqəyə icra edirik. Avadanlıqlar, texnika, metodlar müasirləşib. Bu müasirləşmə də ildən ilə davam edir.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır