Modern.az

Müəllimlərin etik davranış qaydaları etimadın yüksəlməsinə xidmət edəcək

Müəllimlərin etik davranış qaydaları etimadın yüksəlməsinə xidmət edəcək

Ədəbi̇yyat

16 Dekabr 2016, 10:03

Buludxan Xəlilov,                   

filologiya üzrə elmlər doktoru, professor                                                                        


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilmişdir. “Müəllimlərin etik davranış qaydaları” ümumi müddəalarla başlayır. Bu ümumi müddəalarda peşə fəaliyyəti zamanı təhsilverənlərin davranışı, təhsil prosesində iştirak edənlərlə münasibətlərinin tənzimlənməsinin bir norma olduğu diqqətə çatdırılır. Həm də “Müəllimlərin etik davranış qaydaları”nın “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də digər qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlandığı xüsusi olaraq qeyd olunur. Doğrudan da, belə bir qaydanın olması təhsil prosesi iştirakçılarının münasibətlər sistemini tənzimləməklə yanaşı, həm də məsuliyyət, məhz davranış məsuliyyəti kimi vacib bir məsələni aktuallaşdırır. Belə bir məsuliyyət olmadan, həm də təhsil prosesinin əsas tərəflərindən biri olan müəllimdə olmadan heç bir sağlam, şəffaf və işgüzar mühit yaratmaq olmaz. Sağlam, şəffaf və işgüzar mühit olmayan yerdə təhsil prosesinin özünü idarə etmək çətin olar. Ona görə də müəllimə olan etimadı yüksəltmək və məktəblərin idarə olunmasında həm də valideynlərin, o cümlədən cəmiyyətin daha fəal iştirakını təmin etmək üçün “Müəllimlərin etik davranış qaydaları”nın tələbata çevrilmə zərurətini qəbul etməliyik. Bu istiqamətdə vətəndaşlar arasında, cəmiyyətin üzvləri arasında geniş təbliğat işləri aparmalıyıq. Belə bir proses nə qədər sürətlə gedərsə, bir o qədər müəllimlərin səmərəli fəaliyyəti yüksələr, təhsil müəssisələrinin maraq dairəsində əsas hədəfin nədən ibarət olduğu məsuliyyətli bir işə çevrilər.

        
“Müəllimlərin etik davranış qaydaları”nda özünə yer alan ən mühüm məsələlərdən biri də “Etik davranış prinsipləri və onlara uyğun tələblər”dir. Burada müəllimlərin peşə fəaliyyətində etik davranış prinsiplərinin gözlənilməsi, eləcə də müvafiq tələblərə ciddi şəkildə əməl olunması olduqca vacib sayılır. “Etik davranış prinsipləri və onlara uyğun tələblər” sırasında qanunun aliliyi, vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyət, loyallıq, mədəni davranış, qərəzsizlik, gender bərabərliyi, ictimai etimad, konfidensiallıq özünə xüsusi yer alır. Əks təqdirdə fəaliyyətin səmərəliliyini, şəffaflığını artırmaq çətin olar, həm də müəllim nüfuzunun yüksəlməsinə nail olmaq müşkül bir işə çevrilər. Ona görə də müəllim “Etik davranış prinsipləri və onlara uyğun tələblər” sırasında ilk növbədə qanunun aliliyinə əməl etməldir. Müəllim vəzifə funksiyasını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, Respublikamızın qəbul etdiyi beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına, demokratik prinsiplərə əməl etməlidir.

        
Müəllim etik davranış prinsipləri sırasında vicdanlılıq prinsipinə də əməl etməlidir. Dövlətin, cəmiyyətin maraqları naminə öz fəaliyyətini keyfiyyətli və səmərəli qurmaq niyyətini həyata keçirməkdə mütləq vicdanlılıq nümunəsi diqqət mərkəzində saxlanılmalıdır.

        
“Etik davranış prinsipləri və onlara uyğun tələblər” sırasında peşəkarlıq və fərdi məsuliyyət də özünə yer alır. Müəllim bilməlidir ki, o, öz fəaliyyətini peşəkar səviyyədə həyata keçirməyə borcludur. Hətta onu da bilməlidir ki, o, fəaliyyətini həyata keçirməyə görə məsuliyyət daşıyır. Əslində bununla müəllim valideynlərin, cəmiyyətin, təhsil müəssisələrinin, bütövlükdə təhsil sisteminin ona olan inamını artırır. Bu da peşəkarlığın və fərdi məsuliyyətin nümunəyə çevrilməsinə gətirib çıxarır.


“Etik davranış prinsipləri və onlara uyğun tələblər” sırasında loyallıq prinsiplərindən biri kimi qeyd olunur. Belə ki, müəllim peşə fəaliyyətində tənqidi fikir və mülahizələrdən uzaq olmalıdır. Yəni təhsil müəssisələrinin, dövlət orqanlarının və onların rəhbərlərinin fəaliyyəti barədə tənqidi fikirlər söyləməməlidir. Belə hal müəllimin peşə fəaliyyətini kölgə altına salır. Həm də təhsil müəssisəsinin özünün də nüfuzuna xələl gətirir. Doğrudan da, peşə fəaliyyəti zamanı müəllim öz işi ilə məşğul olmalıdır. Onun peşə fəaliyyəti prosesində öz işi ilə məşğul olması müəllimin işgüzarlığını artıracaq, nüfuzunu yüksəldəcək, çalışdığı təhsil müəssisəsinin imicini artıracaq, nəticədə, bütövlükdə təhsil sistemi inkişaf edəcəkdir.

        
“Etik davranış prinsipləri və onlara uyğun tələblər” sırasında mədəni davranış da bir prinsip kimi götürülür. Mədəni davranışın komponentləri içərisində müəllim üçün nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmaq vacib sayılır. Hətta müəllim peşə fəaliyyəti dövründə ona qarşı olan tənqidlərə və iradlara da hörmətlə yanaşmalı, bundan düzgün nəticə çıxarmalıdır. Müəllimin mədəni davranışı sırasında onun səmimiliyi, çalışqanlığı, nizam-intizamı, təşəbbüskarlığı, xarici görkəminə və geyiminə xüsusi fikir verməsi, səliqəli olması da özünə yer alır. Bunların hamısı mədəni davranışın vacib komponentləri kimi müəllimin nüfuzunu artıran, onu cəmiyyətin aparıcı simasına çevirən məsələlərdir. Siyasi, iqtisadi, elmi və mədəni cəhətdən inkişaf edən dünyanın bugünkü reallıqlarında mədəni davranışın qeyd olunan komponentlərinə əməl etmək vacib olduğu qədər də əhəmiyyətlidir.


“Etik davranış prinsipləri və onlara uyğun tələblər”in ən mühüm prinsiplərindən biri də qərəzsizlik prinsipidir. Bu prinsipin mahiyyəti müəllimin peşə fəaliyyətini ictimaiyyətin diqqətinə çatdırmaqda böyük rol oynayır. Hər bir müəllim peşə vəzifəsini yerinə yetirən zaman irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, sosial mənşəyindən, ictimai mənsubiyyətindən asılı olmayaraq təhsilalana təhsil prosesində fərq qoymamalıdır. Ona görə də müəllim kifayət qədər qərəzsiz olmalıdır. Qərəzsizlik müəllimin daxili-mənəvi keyfiyyətinə çevrilməlidir. Müəllim öz peşə fəaliyyətində vəzifəsini yerinə yetirərkən təhsilalan onun qərəzsiz olduğunu görməli və ona inanmalıdır. Bunun üçün müəllimin peşə məsuliyyətində qərəzsizliyin nə qədər önəm daşıdığını müəllim bilməlidir. Və təbii ki, qərəzsizliyə əməl etməlidir.


“Etik davranış prinsipləri və onlara uyğun tələblər”ə daxil olan bir prinsip də gender bərabərliyidir. Gender bərabərliyi bu gün dünyada maraq dairəsində olan bir məsələdir. Müəllim gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olduğu üçün kişi və qadın cinsindən olan təhsilalanların bərabərliyini qorumalı və təhsil prosesində bu məsələyə də diqqət yetirməklə əməl etməlidir.


Qeyd etmək lazımdır ki, müasir dünyanın maraq dairəsində olan məsələrdən biri də ictimai etimad məsələsidir. Bu mənada ictimai etimadın “Etik davranış prinsipləri və onlara uyğun tələblər”in prinsiplərindən biri kimi qeyd olunmasını təbii saymaq lazımdır. İctimai etimad olmayan cəmiyyətdə müəllim nüfuzundan danışmaq çox çətindir. Müəllimin nüfuzunu, məhz peşə nüfuzunu yüksəldən, müəllim adını, şərəfini və ləyaqətini ucaldan bir faktor da cəmiyyətin ona etimad göstərməsidir. Ona görə də müəllim çalışdığı təhsil müəssisəsində qanun çərçivəsində Kütləvi İnformasiya Vasitələrini düzgün, doğru məlumatlarla yaxşı mənada qidalandırmalıdır. İndi biz elə bir cəmiyyətdə yaşayırıq ki, istənilən bir məlumat, informasiya cəmiyyətə tez çatır və cəmiyyət üzvləri arasında tez də yayılır. Ona görə də müəllim çalışdığı təhsil müəssisəsi barədə Kütləvi İnformasiya Vasitələrinə elə səlis, dəqiq, dolğun və dürüst məlumat verməlidir ki, bunların əsasında cəmiyyətdə müəllim nüfuzuna xələl gətirən hər hansı bir neqativ hal özünə yer almasın. Tarixi təcrübə göstərir ki, bəzən Kütləvi İnformasiya Vasitələrinə elə yanlış məlumatlar verilir ki, bunun nəticəsində təhsil müəssisələri, təhsil işçiləri, müəllimlər barədə mənfi imic yaranır. Halbuki bu, yolverilməz haldır və ictimai etimadı qazanmaq üçün hər bir informasiya dəqiq olmalıdır. Bundan başqa, konfidensiallıq vacib prinsiplərdən biri olmaqla müəllimin etik davranış prinsiplərinə daxildir. Belə ki, müəllim bu etik prinsipə əməl edərək təhsilalanların, onların valideynlərinin, müəllim həmkarlarının konfidensiallığını təmin etməlidir.


Müəllimlərin etik davranış qaydalarında ən mühüm məsələlərdən biri olan müəllim şəxsiyyəti məsələsidir. Belə ki, müəllim peşə fəaliyyətində dövlət siyasətinin həyata keçirilməsinə, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsinə, təhsilalanların vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə olunmasına öz şəxsiyyətinin imkanları çərçivəsində nail olamğı bacarmalıdır. Müasir dövrdə müəllim şəxsiyyətini nümunəyə çevirə biləcək bir sıra komponentlər var ki, müəllim onları unutmamalıdır. Məsələn, innovasiya və yeni tədris texnologiyalarını bilməyi, yenilikçi olmağı, təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün məsuliyyət daşımağı, milli və bəşəri dəyərləri aşılamağı, pedaqoji etika və əxlaq normalarına riayət etməyi və s. Bundan başqa, müəllim ziyalılıq nümunəsini göstərməyi bacarmalıdır. O, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Obyektiv və qərəzsiz olmalıdıdr. Əmək intizamına riayət etməli, üzürsüz səbəbdən işdən yayınmamalı, milli əxlaq normalarına riayət etməli və ictimai davranış normalarına əməl etməlidir. Bu komponentlərin müəllim tərəfindən yerinə yetirilməsi müəllim şəxsiyyətini ucaldır və cəmiyyətdə nüfuzlu edir.


Müəllimin etik davranış qaydalarında münasibətlər məsələsi də əsas hədəflərdən biridir. Burada təhsilalanlara münasibət, kollektivlə münasibət, rəhbərliklə münasibət, valideyn və qanuni nümayəndələrlə münasibət, müəllim və cəmiyyət münasibətləri müəllimlərin etik davarnışının qaydaları kimi qeyd olunur. Bu qaydalar içərisində ən xarakterik olanları və aktuallığı ilə diqqəti cəlb edənləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Müəllimin təhsilalanlarla münasibətində qarşılıqlı hörmət ünsiyyət tərzinə çevrilməlidir.
    1. Müəllimin təhsilalanlara qarşı tələbkarlığı müsbət xarakter daşımalıdır.
    2. Müəllim şərait və vəziyyətdən asılı olmayaraq təmkinli olmağı bacarmalıdır.
    3. Müəllim müasir təlim texnologiyalarından və müasir təlim strategiyalarından istifadə edərək təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına təkan verməyi bacarmalıdır.
    4. Müəllim təhsilalanları zərərli vərdişlərdən çəkindirməlidir.
    5. Müəllim təhsilalanların fəaliyyət və nailiyyətlərinin, eləcə də kompetensiyalarının qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalıdır.
    6. Müəllim təhsilalanlara qarşı xeyirxah, obyektiv və ədalətli münasibət bəsləməlidir.
    7. Müəllimin nitqi qüsursuz olmalıdır. O, nitqində kobud və təhqiredici sözləri işlətməməlidir.
    8. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətinə toxunacaq hərəkətlərə yol verməməlidir.
    9. Müəllim təhsilalanlara münasibətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməmlidir.
    10. Müəllim təhsilalanlardan maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
    11. Müəllim təhsilalanlara xidməti müqabilində onlardan hədiyyə və pul tələb etməməlidir.
    12. Müəllim öz müəllim həmkarlarına münasibətdə onları təhqir etməmli, tənqidi isə dəqiq və xoşniyyətli olmalı, eyni zamanda səhvlərə də göz yummamalıdır.
    13. Müəllim rəhbərliyin əmrlərini, sərəncamlarını, tapşırıqlarını yerinə yetirməlidir. Əgər əmrlər, sərəncamlar, tapşırıqlar normativ hüquqi akta ziddirsə, onda müəllim bu barədə yuxarı orqana məlumat verə bilər və həmin əmrləri, sərəncamları, tapşırıqları yerinə yetirməyə bilər.
    14. Müəllim mütəmadi olaraq valideynlərə tövsiyələ verməli, onlarla hörmət və nəzakətlə davranmalıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, indi dünyada, daha doğrusu, dünya təhsil prosesində imkanlı valideynlərin təhsil müəssisələrinə könüllü və qanuni yolla yardımları olur. Bu yardımlar təhsil müəssisələrinin inkişafına müsbət təsir göstərir. Və onun effektli nəticələri təhsil müəssisələrinin və təhsil prosesinin uğurları kimi qiymətləndirilməlidir. Məhz bu halın həyata keçirilməsi işinə müəllim dəstək verməli, valideynlərlə münasibətində belə məsələlərin həllinə yardımcı olmalıdır.
    15. Müəllim cəmiyyətin ən fəal üzvü olmalıdır. Eyni zamanda milli-mənəvi dəyərlərin və mədəni irsin qoruyucusu kimi cəmiyyətə fayda verən vətəndaş missiyasını həyata keçirməlidir.
    16. Müəllim cəmiyyətdə nüfuz sahibi kimi cəmiyyət üzvləri arasında öz şəxsiyyətini qorumalıdır, başqalarının mənfi təsiri altına düşməmlidir və s.

        
“Müəllimin etik davranış qaydaları”na daxil olan ən mühüm və yeni məsələlərdən biri də müəllimin andıdır. Doğrudan da, müəllimin andı təsdiq edir ki müəllim Azərbaycan Respublikası ilə açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq etsin. Ona görə də müəllim işə qəbul olunarkən and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”. Müəllimin andı elə təntənəli şəraitdə keçirilməlidir ki, müəllim məsuliyyətini və cəmiyyətdə tutduğu mövqeyini, rolunu bir daha dərindən hiss edə bilsin. Bu təntənəli mərasim Azərbaycan Respublikasının Dövlət bayrağı altında keçirilməli və müəllim and içməklə bərabər, həm də Azərbaycan Respublikasının Konstitusiyasına əl basmalıdır. Qaydada andiçmə bir dəfə olur və onun imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır. Beləliklə, müəllimin andı “Müəllimlərin etik davranış qaydaları”nda öz əksini tapan qeyri-adi təntənəli mərasim kimi həm diqqəti cəlb edir, həm də müəllimlik peşəsinin cəmiyyət, dövlət, millət üçün nə qədər əhəmiyyətli peşə olduğunu təsdiq edir.

        
“Müəllimlərin etik davranış qaydaları”nda vacib məqamlardan biri də etik davranış qaydalarına riayət olunmasının təmin edilməsidir. Burada söhbət ondan gedir ki, müəllimin etik davranış qaydalarına riayət etməsi müntəzəm olaraq rəhbərlik tərəfindən təhlil olunmalıdır. Və müəllimin etik davranış qaydalarına riayət etməsi istiqamətində tədbirlər görülməlidir. Hər şeydən əvvəl, təhsil müəssisəsinin rəhbəri yeni işə qəbul olunmuş müəllimləri Qaydalarla tanış etməli, hər bir müəllimə müvafiq tövsiyələr verməlidir. Bunların hamısı bir tərəfdən müəllimlərin məsuliyyətini artırırsa, digər tərəfədən təhsil müəssisəsinin rəhbərlərinin fəaliyyətini, görəcəkləri işlərin əhəmiyyətini anladır. Eyni zamanda görüləcək tədbirlər planında təhsil müəssisəsinin rəhbərlərinin daha da məsuliyyətli olmalarını vacib sayır.

        
Ümumiyyətlə, “Müəllimlərin etik davranış qaydaları” təhsil prosesinin tənzimlənməsinə və inkişafına xidmət edəcək bir sənəddir. Bu sənəd imkan verir ki, hər bir vətəndaş təhsilin və bütövlükdə təhsil prosesinin dövlət və cəmiyyət üçün nə dərəcədə əsaslı olduğunu anlasın. Təkcə müəllimlər və təhsil müəssisəsinin rəhbərləri deyil, cəmiyyətin hər bir üzvü bu Qaydaları bilməklə təhsilə münasibətdə işin xeyrinə ola bilən səviyyənin yaranmasına nail ola biləcəklər. Odur ki, bu Qaydaları Azərbaycan cəmiyyətində hər bir kəs oxumalı, öyrənməli, təhlil etməlidir. Belə olarsa, təhsil prosesinin özündə də ciddi nailiyyətlər əldə etmək olar. İnanırıq ki, hər bir kəs bu Qaydaları zamanın tələbinə uyğun olan bir Qayda kimi qəbul edir. Eyni zamanda Qaydaların müddəalarına və tələblərinə hörmətlə yanaşır.                                                                     

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır