Modern.az

Həyat yoldaşı ilə ucqar kəndə göndərilən gənc müəllim: “Problemlər yaşasaq da, məmnunuq”

Həyat yoldaşı ilə ucqar kəndə göndərilən gənc müəllim: “Problemlər yaşasaq da, məmnunuq”

Reportaj

27 Mart 2017, 15:14

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Elnarə Qasımovadır. Elnarə xanımı digər müsahiblərimizdən fərqləndirən vacib detal var: o, həyat yoldaşı ilə birlikdə bu missiyanı həyata keçirir. Özləri başqa yerdən olsalar da, ailəliklə İsmayıllı rayon mərkəzində yaşayır hər səhər isə fərqli-fərqli kəndlərə uşaqları maarifləndirmək üçün yollanırlar. Həyat yoldaşı İsmayıllının başqa bir kəndi olan Vəngdə coğrafiya fənnini tədris edir:

 

Tərcümeyi-hal

 

Müsahibimiz həm də ədədbiyyat adamıdır, yazı-pozu ilə məşğul olur.

Elnarə Ağayeva (Günəş) Ayyət qızı 10. 01. 1990-cı ildə Ağsu rayonu Kəndoba kəndində ziyalı ailəsində doğulub.

2013-cü ildə “Anam təbiətin şah əsəridir” adlı bir kitabı çapdan çıxıb. “İtkin şəhər” adlı ikinci kitabı çapa yığılır. Bir sıra kitab və mətbu orqanlarda şeir və məqalələri dərc olunub.

2006-cı ildə “Azərbaycan XXI əsrə İstedadlarla” ensiklopediyasında dərc olunmuş şeirləri ictimaiyyətin nəzərinə çatdırılıb. 2009-cu ildə “Azərbaycan XXI əsrə İstedadlarla” ensiklopediyasında fəal iştirakına görə “Fəxri Fərman”la təltif olunub.  
2006-2016-cı illərdə  bir sıra qəzet-jurnallstda şeir və məqalələri dərc olunub.
Azərbaycan Jurnalistlər Birliyinin, “Dağ çiçəkləri” ədəbi dərnəyi, İsmayıllı Yazarları, Ağsu Yazarları ictimai birliyi və “İti qələm” respublika ədəbi birliyinin üzvüdür.

Ailəlidir iki övladı var.

Beləliklə:

-İlk pedaqoji fəaliyyətimə 2006-cı ildə Ağsu rayonundan 25 km məsafədə yerləşən Kəndoba kəndində başlamışam. Müəllim ailəsində böyüdüyüm üçün bu peşəni mənəvi borcum hesab edirəm. Hələ üstəlik həyat yoldaşım da müəllimdir. 2015-ci ildən etibarən həyat yoldaşım müəllimlərin işə qəbul imtahanından müvəffəqiyyətlə keçərək İsmayıllı rayonunda müəllim işləməyə başladı. 2015-2016-cı tədris ili ərzində mən Ağsu rayonunun ucqar bir kəndində, ailəm İsə İsmayıllı rayonunun ucqar bir kəndində işlədik. 2016-cı ildən etibarən mən də İsmayıllı rayonunda pedaqoji fəaliyyətimi davam etdirməyi qərara aldım. 2016-cı ildən İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbində ibtidai sinif üzrə dərs deyirəm.

Maarif-məktəb vurğunu olan ailənin xanımı dərs dediyi kənddən və onun insanlarından da çox razıdır. Əsasən, kiçik yaşlı şagirdlərlə çalışan müsahibimiz buradakı insanların saflığını oranın təbiəti ilə ülvi vəhdətdə olduğunu deyir:

 


-Dərs dediyim kənd dağların qoynunda yerləşir. Bu kəndə getdiyim ilk gündə dolayı yolları çox xoşuma gəldi. İnsan qarşılaşdığı istənilən bir gözəlliyi yaşadıqca hansı hissləri keçirirsə, mən də həmin hissləri keçirdim. Kəndin olduqca təmiz havası var. Yaşamaq üçün gözəl yerdir. Özünəməxsus relyefə malik kəndin olduqca füsunkar təbiəti, həmin təbiətin yetişdirdiyi saf insanları var. Doğrudan da insanın böyüdüyü mühit onun psixoloji durumunu, düşüncələrini formalaşdırır. Əzəmətli dağların təmiz havası ilə kənd sakinlərinin təmiz ruhu əvəzsiz bir harmoniya yaradır. Kənd sakinləri olduqca qonaqpərvər, mehribandırlar. Dərs dediyim məktəblilərin gözlərindəki məsumluq, davranışlarındakı səmimiyyət bu sözləri deməyimə zəmin yaradır.

Hər yerdə olduğu kimi bizim məktəbdə də yeni gələn müəllimlərə şagirdlərin maraq və meyilləri daha çoxdur. İlk dərs günümdə də əsasən, kiçik yaşlı məktəblilər maraqla məni seyr edirdilər. Onların saf və mənalı baxışları məndə işinə daha çox məsuliyyətlə yanaşmaq, şagirdlərə öz övladı kimi münasibət bəsləmək kimi vəzifələrimi bir daha xatırlatdı. Nə deyim səmimi insanların əhatəsində olmaq olduqca gözəl hissdir.

 

Təbiəti və insanları çox gözəl- buna zərrə qədər şübhəmiz yox - bəs, ucqar kənddə şagirdlərin təhsilinə mənfi təsir edən sosial problemlər varmı? Hansı səbəblər şagirdlərin normal təhsil almasına mane olur? Bu sualları müsahibimiz həvəslə cavablandırır:

-Kənddəki güzəran yaxşıdır. Sakinlər zəhmətkeşdirlər. Buradakı əsas məşğuliyyət kömür istehsalıdır. Mən kömür istehsalında iştirak etməsəm də, bildiyim qədər çətin prosesdir. Bütün kənd yerlərində olduğu kimi, burada da kənd təsərrüfatı ilə məşğul olunur; əsasən də maldarlıq və əkinçiliklə... Elə biz özümüz də tərəvəz əkməyi düşünürük. Bu məqsədlə də müəyyən qədər ərazini əkinə hazırlamışıq. Bir yerdə ki, zəhmətkeş insanlar yaşayır, orada ruzi-bərəkət olar deyiblər.

Təhsilin inkişafının əsası mütəmadi davamiyyət, düzgün və ən son standartlara cavab verə biləcək təlim-tərbiyə işini qurmaqdan başlayır. Kənd məktəblərində də şükürlər olsun ki, bu gün həmin tələbatlara cavab verən təlim keçilir. Ölkənin bütün məktəbləri müasir tipli İKT, zəruri texniki avadanlıqlarla təchiz edilib. Demək olar ki, bütün pedaqoji kadrlar fəal dərsin təşkili üçün təlim kurslarında iştirak etmiş interaktiv dərsin ən son forma və üsullarını dərindən mənimsəmişlər. Müasir dərsin tələblərinə cavab verən pedaqoji kadrların icra etdiyi təlim-tərbiyə sistemində çatışmayan cəhətlər olduqca azdır.




-Həyat yoldaşınız da ucqar kənddə müəllimdir. Aldığınız maaş gündəlik sosial tələbatlarınızı qarşılaya bilirmi?

 

-Müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra onların aylıq əmək haqqı artırıldı. Həyat yoldaşımın aldığı  2015-2016-cı tədris ilində inkişaf proqramına əsasən, həvəsləndirici məbləğ bu ildən dayandırılıb. Çünki bu il onun 35 yaşı tamam oldu. Həmin həvəsləndirici vəsait verilişinin dayandırılması maddi durumumuzda özünü biruzə verdi. Bu baxımdan problemlər yaşasaq da, işimizdən məmnunuq. Çünki işimizi çox sevirik.


XX əsrin maarifçi ziyalıları da işlərini çox sevdiyindən kəndbəkənd, şəhərbəşəhər dolanaraq, min bir əziyyətlə gənc nəsli yetişdirmişlər. Elə onları bu sevgi ayaqda saxlayırdı, bizim müsahib kimi... Lakin bu o demək deyil ki, müəllim işlədiyi ucqar yerlərin problemləri yox deyil. Təbii ki, var və gənc müəllimənin bu barədə dediklərinə diqqət edək:

 

-Bir gənc müəllim kimi məni ciddi narahat edən məsələlərdən biri erkən evlilik problemidir. Doğrudur, işlədiyim kənddə belə bir problemlə qarşılaşmamışam, amma ümumilikdə tez-tez qarşılaşdığımız problemlərdəndir. Erkən evlilik və onun fəsadlarını biz demək olar ki, hər gün görürük. Erkən evliliyə cəlb edilən yeniyetmələrin hüquqları pozulur, onların saf və səmimi arzuları, uşaqlıqları oğurlanır. Həmin uşaqlar illər sonra bioloji baxımdan böyüsələr belə, onların arzuları gözlərində boğulur, düşüncələri böyümür.

 

-Şagird ibtidai sinifdən formalaşmağa başlayır. İbtidai sinif müəllimliyi fənn müəllimliyi ilə müqayisədə nə dərəcədə çətindir?

 

-İbtidai sinif müəllimi olmaq hər hansı bir fənn müəllimi olmaqdan daha çətindir. Çünki uşaqların ilkin bilik və bacarıqlarının təməli ibtidai sinifdən başlayır. Bir şagirdin təlim-tərbiyəsi ibtidai sinifdən düzgün qurulmayıbsa, həmin şagird ömür boyu həmin səhvin cəzasını çəkir. Kiçik yaşlı məktəblilərlə davranmaq da ha çətindir. Məktəbə ilk qədəmlərini qoyan şagird onu məktəbdə qarşılayan ilk müəlliminə əvəzsiz doğmalıqla, böyük ümidlərlə yanaşır. Müəllim üçün ən böyük xoşbəxtlik şagirdlərin səmimi ehtiramını və etimadını qazanmaqdır. İlk hörməti, ilk inamı, ilk sevgini, ilk hərifi, ilk həyat dərsini məhz İbtidai sinif müəllimindən öyrənmişik hər birimiz. Ona görə də hamımızın ürəyində heç zaman unutmadığı "ilk müəllimim" guşəsi var.


Müsahibimiz ibtidai sinif müəllimliyinin çətin və maraqlı tərəflərini özündə əks etdirən bir neçə əhvalat da danışır. Həqiqətən, aşağı sinif şagirdləri ilə işləmək qat-qat çətindir. İnsandan izafi psixoloq qabiliyyəti tələb edir:

-Dərs müddətində bütün şagirdlərin hüquqlarına hörmətlə yanaşılır və bununla bərabər, hər birinə fərdi yanaşmaq da vacibdir. Yusif adlı bir şagirdim var, musiqi dərsinə olduqca maraqlıdır. Əlacı olsa, deyər ki, bütün dərsi ona həsr edək. Bir gün dərs zamanı digər uşaqlar kimi Yusif də mahnıdan bir hissə ifa etdi və biz dərsin növbəti mərhələsinə keçid aldıq. Amma Yusif mahnının gözəlliyinə və öz səsinin məlahətinə o qədər aludə olmuşdu ki, dərsin növbəti mərhələsinə keçdiyimizin fərqində belə deyildi. Və biz bütün sinif şagirdləri ilə birgə sakitcə dayanıb bir neçə dəqiqə, hətta dərsin çox hissəsini Yusifin həmin mahnını davamlı ifa etməsini dinlədik. Yusif  o aləmdən ayrılıb gözlərini açanda gördü ki, hamı sakitcə onu dinləyir. Səmimi desəm, mən bir qədər sıxıldım ki, əlavə sərf edilən vaxtı necə bərpa edəcəyəm. Narahat idim ki, dərsi lazım olduğu kimi tədris edib, yekunlaşıdıra bilməyəcəyəm. O, özü də bir qədər məyus oldu ki, dərs vaxtından səmərəli istifadə edə bilmədi. Bəlkə də mənim gileyli baxışlarımdan da bunu hiss etdi. Lakin digər tərəfdən mənə bir müəllim kimi yol göstərmiş oldu ki, biz tədrisə şəxsiyyətyönümlü yanaşmalı, hər bir şagirdə bir şəxsiyyət kimi münasibət bildirməlityik. Həmçinin də xüsusi istedad və bacarığı olan şagirdlərin aşkara çıxarılması baxımından bəzən çərçivədən kənara da çıxmaq olar. İnanın ki, həmin dərs daha səmərəli və maraqlı keçdi. Narahat olduğum vaxt məhdudiyyəti necə aradan qalxdı heç özüm də bilmədim.


Novruz baramı tədbirinə hazırlıq görərkən uşaqlara yumurta döyüşməyi, qol güləşdirməyi, ənzəli oyunlarını hətta xoruz döyüşdürməyi də öyrədirdim.

 

Hər bir müəllimin özünəməxsus metodikası, öz üsulları olduğu kimi mənim də müəyyən metodlarım, öz iş üsulum var. Yaşlı müəllimlərdən öyrənməyi xoşlayıram. Əsasən, işimi bir Çin məsəlinə uyğun qururam. "Mənə de - yaddan çıxarım, Mənə göstər-yadda saxlayım, Məni cəlb et - öyrənim!". Dərs zamanı fasilitasiya qaydalarına uyğun olaraq zəruri istiqamətləri şagirdlərə yönəltdikdən sonra onların hər birini tədqiqatçı kimi dəyərləndirməyə çalışıram. Sinifdə xüsusi qaydalar tərtib etmişik ki, bu da qarşılıqlı hörmətin, nizam-intizamın zəmanətidir. Şagirdlər çox kiçik yaşlı olsalar belə dərsə olduqca anlayışla yanaşır, qaydalara uyğun davranırlar.

Şagirdləri kollektiv şəkildə tədqiqata cəlb etməklə onlarda paylaşmaq, əməkdaşlıq, birgə əmək, qarşılıqlı hörmət və bununla yanaşı, özgüvən formalaşdırmağa çalışıram.

Mətbuatda metodiki məqalələrlə çıxış edirəm. Gələcəkdə “İlin müəllimi” müsabiqəsində iştirak etməyi düşünürəm. Müəllimlər üçün müsabiqələrə qoşulmağı, koriyeramı inkişaf etdirməyi düşünürəm.

Gələcəyi zaman göstərər. Ola bilər ki, burada da yaşayıb qala bilərik.


-Bəs  şagirdlərin gələcəyi ilə bağlı nə dərəcədə nikbin ya bədbin düşüncədəsiniz?

 

-Şagirdlərin gələcəyi barəsində nikbin fikirdəyəm. Dövlətimiz bütün sahələrə diqqətlə yanaşır. Təhsil sahəsinə göstərilən xüsusi dövlət qayğısı göz önündədir. Dövlətimiz insan kapitalına keçidin əsasını təhsilin inkişafından başlayır. Təhsil sisteminin inkişafına hər il böyük məbləğdə vəsait ayrılır. Müəllimlərimizin peşəkarlıq səviyyəsinin artırılması baxımından dünya səviyyəsində təlimlər keçirilir dünyanın ən qabaqcıl dövlətləri ilə elm-bilik mübadiləsi aparılır. Təhsilimizdəki dinamik inkişaf baxımından şagirdlərimizin gələcəyinə çox nikbin yanaşıram.

 

Müsahibimiz həm də maaşların gecikib-gecikmədiyindən, vahid formanın olub-olmamısından da danışır:


-Məktəblilərin vahid geyim forması var və onlar hər gün vahid məktəbli formasında məktəbə gəlirlər. Amma müəllimlər üçün vahid forma təyin edilməyib. Lakin bu o demək deyil ki, necə gəldi geyinirik. Xeyr! Əsil müəllim simasını ifadə edən sadə geyimlərdən istifadə edirik. Vahid forma tələb olunmasa da, səliqəli geyinmək tələb olunur. Müəllimlərin əmək haqqı isə vaxtlı-vaxtında ödənilir.

 

Epiloq üçün...

 

-Dağlıq ərazilərdə qış ayları olduqca soyuq keçir. Qış aylarında bəzən kəndin yolları da keçilməz olur. Qarlı-şaxtalı sərt qış günlərində məktəbə getmək olduqca çətinləşir. Builki qışda mən bir neçə dəfə şaxtalı havada qarın üzərinə yıxılmışam.

Fikirləşirəm ki, həmin anda ilk növbədə məni şagirdlərə, məktəbə olan sevgi ayağa qaldırıb. Bu, gələcəkdə də belə olacaq!


E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır