Modern.az

Prezident korrupsiya ilə mübarizənin davam etdiriləcəyini, pensiyaların artırılacağını bəyan etdi

Prezident korrupsiya ilə mübarizənin davam etdiriləcəyini, pensiyaların artırılacağını bəyan etdi

Ölkə

13 Aprel 2011, 10:30

İlin birinci rübündə görülmüş işlər göstərir ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir, sosial məsələlər öz həllini tapır, hər bir sahə üzrə konkret proqramlar vardır. Bu proqramlar icra edilir. Hökumət üzvləri isə öz vəzifələrini bilirlər və vəzifə borcunu icra edirlər. Bu sözləri prezident İlham Əliyev aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yekun nitqi söyləyərkən deyib.

Prezident deyib ki, dünyada gedən proseslər, xüsusilə neftin dünya bazarlarında kəskin şəkildə bahalaşması istər-istəməz inflyasiya risklərini də artırır.
“Belə olan halda biz gərək antiinflyasiya tədbirlərinin gücləndirilməsində daha da məqsədyönlü siyasət aparaq”.
Prezident deyib ki, həm dünyada gedən proseslər, neftin bahalaşması, eyni zamanda, ölkəmizdə maaşların, pensiyaların gözlənilən artırılması məsələləri istər-istəməz inflyasiya risklərinə öz təsirini göstərəcək. “Biz çalışmalıyıq ki, 2011-ci ildə inflyasiya birrəqəmli olsun və bütün antiinflyasiya tədbirləri daha da güclü və məqsədyönlü şəkildə həyata keçirilsin”.

“İstehlak qiymətlərinə nəzarət vardır, daim monitorinq aparılır və bundan sonra da biz bu məsələlərlə məşğul olacağıq. İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik. Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır. Bəzi hallarda inhisarçılıq deyəndə daha çox idxalla bağlı olan məsələlər yada düşür. Ancaq son hadisələr, xüsusilə Novruz bayramı ərəfəsində müşahidə olunan mənzərə onu göstərir ki, daxildə istehsal olunan malların qiymətlərinin süni şəkildə qaldırılması halları baş vermişdir. Biz dərhal operativ şəkildə lazımi tədbirləri gördük. Süni şəkildə artırılan qiymətlərin tənzimlənməsi üçün lazımi addımları atdıq. Ancaq həm idxalla, həm də daxili istehsalla bağlı inhisarçılığa yol verilməməlidir.
Azərbaycanın bazarı demək olar ki, kifayət qədər məhduddur. Əgər hansısa bir böyük istehsalçı yaranırsa,- biz istəyirik, maraqlıyıq ki, həm orta və kiçik sahibkarlıq artsın, həm böyük şirkətlərimiz olsun və onlar da güclənsin, dövlət tərəfindən verilən dəstək, siyasi, iqtisadi dəstək artıq böyük şirkətlərin yaranmasına xidmət göstərir,- ancaq, eyni zamanda, böyük şirkət istər-istəməz inhisarçıya çevrilir, bəzi hallarda öz maraqlarının təmin olunması üçün qəbuledilməz addımlar atır.
Belə olan halda inhisarçılığa qarşı mübarizə həm idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır və elə etməliyik ki, xoşagəlməz hallara yol verilməsin”-deyə İlham Əliyev vurğulayıb.
 
Prezidentin zölərinə görə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir.
“Bu siyasət davam etdiriləcəkdir. Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Biz burada bir neçə amili nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da güclü olmalıdır.
Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər. Azərbaycanda ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır. İslahatların dərinləşməsi prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin arasında mühüm əhəmiyyətə malik olan sahədir. Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət aradan qaldırılmalıdır. Bütün sahələrdə şəffaflıq təmin edilməlidir”.

İlham Əliyevin sözlərinə görə, son illərdə Azərbaycanda bir milyona yaxın iş yeri yaradılsa da, yenə də işsizlik məsələləri var. “Elə etməliyik ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar”.

Prezident deyib ki, Azərbaycanda ictimai asayiş çox yüksək səviyyədə qorunur, təhlükəsizlik tədbirləri güclüdür.

O, növbəti illərdə qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın inkişafının daha da sürətlə gedəcəyini və bunun  Azərbaycanda ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsinə səbən olacağını söyləyib.

Prezidentin sözlərinə görə, regionlarla bağlı olan layihələr arasında kənd yollarının tikintisi xüsusi əhəmiyyət kəsb edir.
“Hesab edirəm ki, kənd yollarının tikintisinə böyük məbləğdə əlavə vəsait ayrılmalıdır. Hazırda yerlərdən təkliflər gəlir. İlk növbədə biz, yenə də deyirəm, böyük yaşayış məntəqələrini birləşdirən yolların tikintisi ilə məşğul olmalıyıq. Əlbəttə ki, biz ən bərbad vəziyyətdə olan yolları da bərpa etməliyik, əslində yenidən qurmalıyıq. Çünki əfsuslar olsun ki, nəinki bölgələrdə, hətta Bakı qəsəbələrində və kəndlərində yolların əksəriyyəti torpaq yollarıdır.
Bu da qətiyyən dözülməz bir haldır. Ona görə, bir də demək istəyirəm ki, qəsəbələrlə bağlı olan məsələlərin içərisində yollar, su və kanalizasiya məsələləri prioritet məna daşıyır.
Bakı qəsəbələri ilə bağlı olan məsələlər haqqında mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu ay proqram qəbul ediləcəkdir. Proqrama çox ciddi nəzarət edilməlidir. Həm Bakı İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, İqtisadi İnkişaf Nazirliyi tərəfindən proqram vaxtaşırı təhlil olunmalıdır, əlavələr edilməlidir. Mən ümid edirəm ki, qəsəbələrə aid olan bütün məsələlər proqramda öz əksini tapacaqdır”.
 
Uşaq bağçalarının bir hissəsi özəlləşdirildiyini diqqətə çatdıran prezident onlardan başqa məqsədlər üçün istifadə olunduğunu qeyd edib.
“Bəzilərində dükanlar, restoranlar, digər məişət obyektləri yaradıldı. Yəni, o dövrdə belə xoşagəlməz hallara yol verilirdi. Ona görə, hazırda mövcud olan uşaq bağçaları bizim tələbatımıza heç uyğun gəlmir.
Nəzərə alsaq ki, Azərbaycan əhalisi də artır və bu, çox müsbət haldır. Artıq Azərbaycanda doqquz milyon əhali vardır. Sovet vaxtında tikilmiş bağçalar daha az əhaliyə hesablanmışdır. Ona görə bu vəziyyət çox ciddidir. Burada yeganə yol, hesab edirəm real yol ondan ibarətdir ki, yeni uşaq bağçaları tikilməlidir. Mən hesab etmirəm ki, biz özəlləşdirmənin nəticələrinə yenidən baxaq. Bu, mümkün deyildir. Azərbaycan bazar iqtisadiyyatına sadiq olan ölkədir. Azərbaycan xarici və daxili investorlar üçün çox etibarlı ölkədir və bu, bizim böyük nailiyyətimizdir. Çünki hamı bilir ki, Azərbaycan öz sözünə sadiq olan ölkədir və investisiyalar,- istər xarici, istər daxili, – dövlət tərəfindən qorunur. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Ona görə bizim bircə yolumuz qalır ki, yerlər müəyyən edilsin və biz uşaq bağçalarının tikintisinə geniş şəkildə başlaya bilək. Ona görə bu göstərişi də verirəm. Büdcəyə əlavələrdə bu məsələ mütləq öz həllini tapmalıdır. Bu il və növbəti illərdə uşaq bağçalarının tikintisi proqramı icra edilməlidir”.

İlham Əliyevin sözlərinə görə, növbəti iki il ərzində ölkədə qazlaşdırma ilə bağlı əsas məsələlər öz həllini tapacaq.

“Bizdə elektrik enerjisinin istehsalı sahəsində bütün işlər lazımi səviyyədə aparılır. Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkəyə çevrilibdir. Biz bütün qonşu ölkələrə enerji ixrac edirik. Bununla bərabər, biz yenə də ölkə daxilindəki enerji güclərini artırırıq. Növbəti müddətdə biz elektrik xətlərinin yeniləşməsinə daha çox diqqət verməliyik. Çünki generasiya güclərimiz kifayət qədərdir. Bu il Füzuli Su Elektrik Stansiyası istismara verilməlidir. Onun gücü 25 meqavatdır və “Cənub” Elektrik Stansiyası istifadəyə verilməlidir. Onun gücü isə 800 meqavata yaxındır. Hazırda müxtəlif hesablamalara görə 1000 meqavata yaxın əlavə enerji gücümüz vardır ki, biz ondan istifadə etmirik. Biz gələcəkdə əlbəttə ki, elektrik enerjisinin ixracı ilə daha da ciddi məşğul olmalıyıq”.

İlham Əliyev deyib ki, prioritetlər sırasında sosial məsələlər birinci yerdədir.
“Ancaq o da həqiqətdir ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, heç bir sosial məsələ öz həllini tapa bilməz. Ona görə dürüstləşmə zamanı mütləq geniş sosial paket nəzərdə tutulmalıdır, əməkhaqqılarının, pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaqdır. Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Çünki bu sahədə müəyyən ədalətsizlik vardır. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə qədər Azərbaycanda pensiyaya çıxanların sayı haradasa 900 mindən artıqdır.
Bütövlükdə 1 milyon 300 nəfərə qədər pensiyaçı vardır. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxmışdır. Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiya təminatını yaxşılaşdırmalıyıq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı