23 sentyabr 2017, Şənbə
Ana Səhifə - REPORTAJ - Bakının məşhur qonaqları: Sergey Yeseninin Bakıda eşqə düşməyi və küçədə dilənməyi...
Bakının məşhur qonaqları: Sergey Yeseninin Bakıda eşqə düşməyi və küçədə dilənməyi...
10.04.2017, 16:49

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub.

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.


“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə lirik rus şeirinin ən görkəmli simalarından olan, istedadı ilə yanaşı, faciəvi taleyi ilə də dünya ədəbiyyat tarixinə düşən şair Sergey Yesenindən, daha doğrusu, onun Bakı səfərindən danışacağıq. Yesenin Bakıda bir neçə dəfə olub. İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə Bakını tanıdıb. Daha sonra  bir neçə dəfə də bu şəhərə güzarı düşüb. Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair  2 aydan çox burada qalıb, Mərdəkanda yaşayıb.

Biz də bu yazıda sonuncu səfər zamanı yaşanan maraqlı hadisələrdən bəhs edəcəyik.


Təbii ki, Yeseninin Bakıda qonaq olduğu uzaq 1925-ci ilin şahidlərindən hazırda heç kim sağ deyil. Amma araşdırmaçı alim İsaxan İsaxanlının birbaşa olmasa da, bilavasitə bələdçiliyi ilə uzaq 1925-ci ilə səfər edib, o illərin Bakısını və o Bakıdakı məşhur qonağı yad edəcəyik.

DOSYE: Sergey Yesenin 1895-ci ildə Rusiyanın Ryazan vilayətində doğulub. Ryazanın kənd mühiti onun uşaqlıq yaddaşında dərin izlər buraxıb. Sonradan rus şeirinin nəhənglərindən sayılacaq Yesenin qələmini ilk olaraq kənd lirikasına toxundurub. Sonradan gündəliklərində, məktublarında da o yerlərin, təbiətin onda nə qədər dərin təsir buraxacağını dəfələrlə qeyd edib.

Adı  dövrünün ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin çox qısa ömür yaşasa da, sağlığında 30-a qədər şeir kitabının çapdan çıxmasına nail olub. Ümumiyyətlə, onun həyatında (həmçinin, yaradıcılığında) iki amilin çox olduğu bildirilir: şeir və qadın…

Amma bir amil də var idi ki, o sonradan bu iki məfhumu da üstələyəcəkdi: faciəvi ölüm. Günü bu gün də Yeseninin ölümü haqqında müxtəlif versiyalar irəli sürülür. Kimi onun intihar etdiyini, kimi isə qətlə yetirildiyini əsaslandırır. Uzun müddət birmənalı şəkildə Yeseninin 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində özünü asaraq intihar etdiyi deyilirdi. Lakin 1980-ci illərin sonunda Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası – onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı.

Bütün bu şübhələrə son qoymaq məqsədilə, 1989-cu ildə SSRİ Yazıçılar İttifaqının təşəbbüsü ilə SSRİ EA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində xüsusi komitə – Ümumittifaq Yesenin Komitəsi yaradılır. Komitənin sədri Yesenin irsinin araşdırılmasında fövqəladə rolu olan Y.L.Prokuşev idi. Komissiyaya bir sıra yazıçılar, yeseninşünaslar, Yeseninin yaxın qohumları, Yeseninin ölümünün hər iki versiyası tərəfdarı olan müəlliflərdən bir neçəsi, kriminalistlər, Rusiyanın Baş Prokurorluğunun nümayəndələri və başqa mütəxəssislər daxil idilər. Komissiyanın verdiyi son qərar sensasiyaların heç bir əsasının olmadığını göstərsə də, hələ indi də əks fikirlər beyinlərdən silinməyib.

İlk səfər

Tədqiqatçı alim İsaxan İsaxanlı Sergey Yeseninə həsr etdiyi araşdırmada Yeseninin Bakıya gəlməsinin tarixçəsi və maraqlı səbəbindən danışır. Sən demə, Yesenin əslində, İrana getmək və vurğunu olduğu Hafiz, Firdovsi kimi şairlərin yaşadığı şəhərlərlə tanış olmaq istəyirmiş. Lakin o zaman Azərbaycan MK-nin birinci katibi olan S.M.Kirov buna qarşı çıxır. Yesenin belə deyək, aldadılaraq, İrana aparılmaq əvəzinə yenidən Bakıya gətirilir:

“Yesenin Bakıya ilk dəfə 1920-ci ildə gəlib. Növbəti Bakı səfəri isə 1924-cü ilin sentyabrına təsadüf edir. Yesenin sentyabrda iki dəfə Bakıda olub. Belə ki, ayın əvvəllərində bir neçə gün Bakıda olduqdan sonra Tiflisə qısa səfər edib və sentyabrın 20-də yenidən Bakıya qayıdıb. Yeseninin Bakıya ilk iki səfəri yaradıcılıq baxımından məhsuldar olmayıb və həmin dövrdə Azərbaycan mətbuatında Yeseninin bir şeiri belə dərc edilməyib.

Əsas səfəri zamanı-1925-ci ilin martında-İrana getmək, dahi Şərq şairlərinin-Hafizin, Xəyyamın, Sədinin, Firdovsinin qədim diyarını gəzmək arzusu Yesenini rahat buraxmırdı. Lakin Yesenini və onun yaradıcılığını çox sevən S.M.Kirov İran səfərinin şairin həyatı üçün təhlükəli ola biləcəyini düşünür və bu səbəbdən də onun İrana getməsini istəmir. Odur ki, P.İ.Çaqinə tapşırıq verir ki, burada–Bakıda Yesenin üçün “İran illüziyası” yaratsın. P.İ.Çaqinin bağ evi isə özünün bütün memarlıq üslubu və özünəməxsus gözəlliyi ilə bu ideyaya tam uyğun gəlirdi.

Yeseninin Bakıda yaşaması ilə bağlı başqa bir versiya da mövcuddur. Bu haqda yazıçı Qılman İlkin yazır:

“Atam 1920-ci ildə vəfat edib. O, Murtuza Muxtarovun bağında tikinti işlərinə baxan əsas usta idi. Onun vəfatından sonra mən də yay tətillərində gedib orada işləyirdim. Həmin vaxtlarda Sergey Yesenin Muxtarovun bağında qalırdı. Onu tez-tez görürdüm. Şərq klassik şeirinə vurğun olan Yesenin İrana getmək istəyəndə Sergey Kirov onu aldadıb paroma oturtmuş və Xəzərə çıxardıb Zirə, Hövsan, Zığ sahilləri ilə yenidən  Mərdəkana gətirir  ki, guya, bura İrandır. Şair buna əvvəl inanır. Aldadıldığını sonradan başa düşəndə isə  o qədər də incimir. Çünki bura da onun ürəyincə idi”.


Yesenin xəstəxanada

Yesenin Bakı səfərləri, bu səfərlər zamanı baş verən maraqlı hadisələr Azərbaycan MK-nın ikinci katibi Çaqin və onun qardaşı, şairin bir növ, Bakıdakı tərcüməçisinin xatirələrində yer alıb. Amma əsas mənbə  “Bakinskiy raboçi” qəzetidir. Şairin Bakıda yaşadığı  müddətdə qələmə aldığı 40-dan çox şeirinin ( o şeirlər “İran nəğmələri” adlanır) hamısı o qəzetdə çapdan çıxıb. Yeseninin özü mütəmadi olaraq “Bakinskiy raboçi” ilə əməkdaşlıq edirdi. Bu qəzetdə yazılan faktların biri də Yeseninin aprel ayında xəstəxanaya düşməsidir. Məqalələrin birində şairin Bakıdakı Dənizçilər Xəstəxanasına düşməsinin bir neçə səbəbi qeyd olunur. Amma əsas motiv Yeseninin öz səhvi, “dəliliyi” olub:

Yeseninin xəstələnməsi ilə bağlı, o zamankı Bakı Neft Texnikumunun bir əməkdaşının–hadisənin canlı şahidi olan Fyodor Semyonoviç Nepryaxinin 1965-ci ildə “mətbuatda gedən bir yazısı da xeyli maraqlıdır:

-“Bakinskiy raboçi” qəzetinin dərnək üzvləri ilə görüşdən sonra Yesenin Bibiheybətdəki neft mədənlərinə  getdi. Birdən qüllələrin ən sıx olduğu yerdə gözlənilməz hadisə baş verdi: Bənzərsiz mənzərədən heyrətə gələn şair tələsik maşını saxlamağı xahiş etdi və demək olar ki, qaçaraq neftin saxlandığı anbara qalxdı. Bir anlığa o, anbarın kənarında durdu, sonra isə özünü neft dənizinə atdı... Qeyri-adi qara “Narzan duşu” şairin səhhətinə çox mənfi təsir göstərdi. O, bir həftədən çox xəstəxanada yatdı. Amma bu dövrdə də, şeir yazmağından qalmırdı və növbəti cümə günü yazdıqlarını bizə göndərdi. Bu şeirləri gətirən dərnək üzvü, əlbəttə ki, zarafatla, onları öz şeirləri kimi qələmə verdi. Yadımdadır, yəqin ki, ilk dəfə bizdən heç kimin tənqidi qeydləri olmadı. Amma şeirlərin Sergey Yeseninin olduğunu biləndə onu dostcasına alqışladıq”.

Yesenin xəstə çağında  şeir yazsa da, bacısına göndərdiyi məktubda bu xəstəlikdən çox qorxduğunu etiraf edir:

“...Mən çox qorxdum. Çaqin həkimlər çağırdı. Onlar: -əgər içməyi buraxmasan, 3 aydan sonra ölə bilərsən, deyib, məni xəstəxanaya qoydular. Pasxa bayramıdır, mən isə xəstəxanadayam. Mənə elə gəldi ki, ölürəm. Bir gündə iki şeir də  yazdım”.

Qısa haşiyə

 

Yazının bu yerində vacib detalı qeyd edək: Yesenin Bakıda bir neçə mənzildə qalıb. Yaxın dostu olan ikinci katib Çaqinin bağ evində və başqa bir neçə ünvanda yaşayıb. Amma onlar qısa müddətli olub. Yeseninin Bakı həyatı birbaşa Mərdəkandakı nəfis təbiət gözəlliyi, təmiz hava ilə əhatələnmiş mülklə bağlıdır. Bakı milyonçusu Murtuza Muxtarovun 1875-1920-ci ilə qədər yaşadığı mülkün bağında dünyanın istənilən gülünə, çiçəyinə, ağacına rast gəlmək olarmış. Kirov İranı unutdurmaq və əsrarəngiz təbiətdən zövq almaq üçün Yesenini bura məqsədli şəkildə yerləşdirir. Qoca çekist məqsədinə nail də olur. Mərdəkandakı bağ Yeseninin qələmini daha da itiləşdirir. Hazırda həmin bağ AMEA-nın tərkibində Mərdəkan Dendralogiyası kimi fəaliyyət göstərir. Bağdakı mülkün bir neçə otağı Yeseninin ev muzeyi kimi qorunub saxlanılır. Doğrudur, doğma vətəni Ryazandakı kimi zəngin muzey olmasa da, dünyada Yeseninə aid olan ikinci ev-muzey kimi  çox dəyərlidir. Yeseninin yaşadığı otaq, ona aid olan cüzi nişanələr də eksponat kimi ziyarətçilərə təqdim edilir.


Cabbar Qaryağdıoğlu və Yesenin

Təəssüflər olsun ki, bolşeviklərin hakimiyyətə yeni gəldiyi ərəfədə Bakıya təşrif buyuran Yeseninin Azərbaycanın o zaman sağ olan Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov və  başqa ziyalılarından heç biri ilə görüşü olmayıb. Bunun əsas səbəbi Azərbaycanın bolşeviklər tərəfindən yeni istila olunmasından sonra ziyalıların mövcud hakimiyyətə qarşı küsülülüyü idi. Yesenin  necə də olmasa, Kirovun və Çaqinin qonağı sayılırdı. Odur ki, ziyalılar heç onunla görüşməyə də cəhd etmədilər. Yalnız ikisində başqa: Cabbar Qaryağdıoğlu və Əliağa Vahid.

Bu iki sənətkarın Yeseninlə görüşmələri haqqında maraqlı faktlar və rəvayətlər (bəli, məhz rəvayət) var:

 

“Qoca sənətkarlar söyləyirlər ki, bir gün Əliheydər Qarayevin evində Sergey Yeseninin şərəfinə qonaqlıq verilir. Həmin qonaqlıqda Azərbaycan bolşevik firqəsinin Mərkəzi Komitəsinin birinci katibi S.M.Kirov, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu və Ruhulla Axundov da iştirak edirdi... Məclis qızışdı. Qaryağdıoğlu oxumağa başladı. Yesenin heç çür inana bilmirdi ki, 64 yaşlı qocada belə zəngin və məlahətli səs ola bilər. Lakin Qaryağdıoğlunun zil, həm də təravətli səsi xüsusilə uzun və sürəkli zəngulələri şairi vəcdə gətirmiş, heyran etmişdi...

Qaryağdıoğlu muğamın son guşələrini vurub qavalı yerə qoydu. Salonu alqış səsləri titrətdi. Lakin şair ovsunlanmışdı. O, sakit oturub nəyinsə xəyalında idi. Heç özü də bilmirdi ki, Qaryağdıoğlunu necə mükafatlandırsın. Doğrudan da, çox maraqlıdır. Şair şairi necə mükafatlandıra bilər? Yalnız şeir ilə! Yesenin Cabbarın şərəfinə bədahətən şeir deyir. Onu  “Şərq musiqisinin peyğəmbəri” adlandırdı. Yesenin şeiri oxuyub qurtaranda Qaryağdıoğlu ayağa durdu. O, şairə yaxınlaşıb gülümsər halda, özü də ata məhəbbəti ilə dedi:

Oğul, artıq qocalmışam. Düz 50 ildir ki, xalqımın qədim mahnılarını toplayıb oxuyuram. Dünyada ən çox səcdə etdiyim şair tayfasıdır. Çünki şair çoxlarına məlum olmayan həyat sirlərindən xəbər verir. Oxuduğun şeirin sözlərinin çoxunu anlamadım. Lakin məm inanıram ki, sən çox böyük şairsən. Mən də qoca bir sənətkar kimi, sənin fitri istedadına baş əyirəm...

Qaryağdıoğlu gözləri yaşarmış halda bu sözləri deyib Yeseninə yaxınlaşdı və onu ata məhəbbətilə qucaqlayıb bağrına basdı. Yesenin isə təzəcə yazdığı şeirini ona verib bir daha ucadan  dedi: “Şərq musiqisinin peyğəmbərinə”

 

HAŞİYƏ-2-Aşıq  sənəti haqqında

 

O dövrün mətbuatında Yeseninin Mərdəkan yaxınlığındakı Şağan kəndində keçirilən “Füzuli” məclislərində, eləcə də aşıq yaradıcılığı gecələrində  iştirak etdiyi barədə yazılara da rast gəlinir:

“Bir dəfə Yesenin aşıq poeziyası gecəsinə dəvət olunur. O, oxuyan improvizatorların çıxışlarını diqqətlə dinlədikdən sonra deyir: Burada o qədər müdriklik var ki, bütün Şərqə, bütün Rusiyaya yetər”.

 

Elə həmin məqalədə müəllif, Yeseninin Bakını, dənizkənarı bulvarı çox sevdiyini, eqzotik xalçalarımızı çox bəyəndiyini, Nizaminin və Vaqifin şeirlərini yüksək qiymətləndirdiyini də yazır.


Yeseninin Bakı eşqləri

Yesenindən danışmışkən, onun sevgi macəralarına toxunmasaq, olmaz:

“Yeseninin xəstəxanadan çıxdığı günlərdə Bakı Opera Teatrında fransız bəstəkarı Şarl-Kamil Sen-Sansın məşhur “Samson və Dalila” operası gedirdi. Yesenin həmin operaya tamaşa etmək üçün Opera Teatrına gəlir. O vaxtlar Fatma Muxtarova adında gözəl bir opera müğənnisi var idi. Şalyapindən dərs almış Fatma Muxtarova həmin operada Dalila rolunda oynayırdı. Aktrisanın oyunu və gözəlliyi Yesenini elə valeh edir ki, o, tamaşa gedə-gedə səhnəyə qalxmağa cəhd göstərir, lakin ona icazə vermirlər. O, səhnənin arxasında gözləyərək Fatma xanıma xoş sözlər deyir. Onu əlləri üstündə qrim otağına qədər aparır.

 Mətbuatda şairin Bakıda başqa uğursuz sevgisi haqqında bu cür yazılır:

“Hər gün onun yaşadığı evə süd gətirən qadın bir gün yenə gəlir. İlk dəfə olaraq evdə yad kişini - Yesenini görən qadın tez çadralanıb süd qabını da orada unudub evdən çıxır. Həmin gündən bu qadının gözəlliyinə vurulan şair onu hər yerdə axtarır. Bir gün tərcüməçisinə “Mən o qadının adını bilmək istəyirəm” deyərkən tərcüməçi bunun onun üçün çox təhlükəli ola biləcəyini söyləyir. Lakin şair öz qəlbinə hakim ola bilməyib kəndin məhəllələrində toplaşan gənc oğlanlara yaxınlaşıb həmin qadının kim olduğunu öyrənməyə çalışır. Təbii ki, Bakı kəndlərində adət-ənənənin hökm sürdüyü bir dövrdə rus kişisinin azərbaycanlı qadınını soruşması ağlasığmaz idi. Gənclər ona “Sən bizim qonağımızsan və buna görə biz sənə heç nə demirik. Amma gələn dəfə bizə belə sualla müraciət etmə...” deyə cavab verirlər. Məsələnin nə yerdə olduğunu anlayan tərcüməçi onun fikrində düzəliş edərək, onları səhv anladıqlarını, sadəcə həmin qadının haradan süd gətirdiyini bilmək istədiklərini deyir. Həmin südün Şağan kəndindən gətirildiyini bilən şair sonralar silsilə şeirlərində “Şaqane tı moya, Şaqane” adlı şeir yazır. Həmin qadının süd gətirdiyi satıl hazırda şairin xatirə muzeyində saxlanılır.

Bir dəfə də...

Bir dəfə “Bakinski raboçi” qəzeti Yeseninin qonararını gecikdirir və həmin vaxt pula çox ehtiyacı olduğu üçün o, gecə redaksiyaya gəlir və pəncərəni möhkəm döyməyə başlayır. Amma redaksiya bağlı olduğundan qapını açan olmur. Redaksiyadan incimiş şair əsəbi halda şlyapasını çıxarıb “yazıq şairə kömək edin”, deyib dilənməyə başlayır. Səhəri gün bunu eşidən qəzet rəhbərliyi dərhal Yeseninin qonararını ödəyir.

“Son söz əvəzi”- yaxud, “Əlvida, Bakı”

Şair 1925-ci ilin mayında Bakıdan getməli olsa da, Bakını və bakılıları heç zaman unuda bilmir. Sanki qabaqcadan öləcəyini bilirmiş kimi son şeirlərini Moskvadan P.İ.Çaqinə göndərir və xahiş edir ki, onları ölümündən sonra “Bakinski raboçi” qəzetində çap etdirsin. Çaqin dostunun vəsiyyətinə əməl edərək, həmin şeirləri işıq üzünə çıxarır. Şeirləri qəzetdə verərkən P.İ.Çaqin belə bir qeyd edir:
“Bu şeirləri Yesenin Leninqrada getməzdən əvvəl klinikada yazıb. Son illər xeyli müddət Bakıda olan Sergey Yesenin bu şeirləri “Bakinski raboçi” qəzetində çap etməyi xahiş etmişdi”.


Yeseninin Bakıdan gedərkən yazdığı “Əlvida Bakı” şeiri yaradıcılığının zirvə nöqtələrindən birinə çevrilir. Elə Bakı həyatı kimi...

Əlvida, ey Bakı, vəfalı şəhər!
Səni mən bir də görmədim bəlkə!
Qəlbim eşqinlə çırpınar, döyünər,
Ey mənə mehriban olan ölkə!

 

Əlvida, ey Bakı, günəşli şəhər!
Ey şüalandıran fikirlərimi!
Mənə ilham verən səmavi Xəzər -
Məni tərk eyləməz məzara kimi!

 

Əlvida, ey Bakı, gözəl mahnı!
Susuram, səndən ayrılarkən mən.
Bir qızıl gül tək əy qızıl başını,
“Əlvida! Əlvida!” deyək sən, mən...

 

E.Nazimoğlu


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Həbsxanada hazırlanıb” adlı brend yarana bilər
23.09.2017, 20:18

“Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

Mətbuat Şurası mitinqdə monitorinq aparıb
23.09.2017, 20:04

Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Meksikada 6,2 bal gücündə zəlzələ oldu
23.09.2017, 19:51

Meksikada 6,2 bal gücündə zəlzələ oldu

Azərbaycan Gürcüstana kömək göndərdi
23.09.2017, 18:09

Azərbaycan Gürcüstana kömək göndərdi

Erməni deputatlar Bakıda Qız qalasına getdilər - FOTO   
23.09.2017, 18:02

Erməni deputatlar Bakıda Qız qalasına getdilər - FOTO  

107 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
23.09.2017, 17:59

107 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bakı Baş Polis İdarəsi: Milli Şuranın mitinqində 1500 nəfər iştirak edib  
23.09.2017, 17:07

Bakı Baş Polis İdarəsi: Milli Şuranın mitinqində 1500 nəfər iştirak edib  

Milli Şura Bakıda icazəli mitinq keçirib - YENİLƏNİB   
23.09.2017, 17:05

Milli Şura Bakıda icazəli mitinq keçirib - YENİLƏNİB  

Nazirlik tüstü bacalarını təmizləməyə çağırıb   
23.09.2017, 16:44

Nazirlik tüstü bacalarını təmizləməyə çağırıb  

İmişlidə pambıq tayasına od düşdü   
23.09.2017, 16:37

İmişlidə pambıq tayasına od düşdü  

Moskvanın razılığı ilə xalq artisti olan azərbaycanlı məşhurlar   
23.09.2017, 16:21

Moskvanın razılığı ilə xalq artisti olan azərbaycanlı məşhurlar  

Rusiyalı çempionla azərbaycanlı gəncin ölümlə nəticələnmiş davasından yeni VİDEO  
23.09.2017, 15:50

Rusiyalı çempionla azərbaycanlı gəncin ölümlə nəticələnmiş davasından yeni VİDEO  

Ərdoğanın İran səfərinin vaxtı açıqlanıb   
23.09.2017, 15:27

Ərdoğanın İran səfərinin vaxtı açıqlanıb  

Şəhid Ülvi Bünyadzadənin bacısı: “Mən onun arzusunu reallaşdırdım”   
23.09.2017, 15:02

Şəhid Ülvi Bünyadzadənin bacısı: “Mən onun arzusunu reallaşdırdım”  

Azərbaycanda 80 cinayət növü üzrə cəza yüngülləşdirilir
23.09.2017, 14:51

Azərbaycanda 80 cinayət növü üzrə cəza yüngülləşdirilir

Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə Qarabağ məsələsini müzakirə etdi   
23.09.2017, 14:11

Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə Qarabağ məsələsini müzakirə etdi  

İraqda kürdlərin referendumuna start verildi - Türkiyə rəsmiləri HİDDƏTLƏNDİ   
23.09.2017, 14:07

İraqda kürdlərin referendumuna start verildi - Türkiyə rəsmiləri HİDDƏTLƏNDİ  

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir   
23.09.2017, 13:23

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir  

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI   
23.09.2017, 13:12

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI  

Ev dustağı edilən təqsirləndirilən şəxs elektron nəzarətdə olacaq - Yeni cəza növü   
23.09.2017, 12:48

Ev dustağı edilən təqsirləndirilən şəxs elektron nəzarətdə olacaq - Yeni cəza növü  

İki gün öncə itkin düşən oğlan hələ tapılmayıb
23.09.2017, 12:43

İki gün öncə itkin düşən oğlan hələ tapılmayıb

“Ədəbiyyat qəzeti” Cümhuriyyət mövzusunu diqqətdə saxlayacaq” - AXC-100
23.09.2017, 12:32

“Ədəbiyyat qəzeti” Cümhuriyyət mövzusunu diqqətdə saxlayacaq” - AXC-100

Erməni işğalının görünməyən tərəfləri   
23.09.2017, 12:20

Erməni işğalının görünməyən tərəfləri  

Sabahın hava PROQNOZU - Külək, şimşək, yağış...   
23.09.2017, 12:15

Sabahın hava PROQNOZU - Külək, şimşək, yağış...  

“TurAz Qartalı - 2017” təlimlərinin görüntüsü yayıldı - VİDEO   
23.09.2017, 12:03

“TurAz Qartalı - 2017” təlimlərinin görüntüsü yayıldı - VİDEO  

Bakıda telekanal rəhbəri evlənir - Toy səfirlikdə olacaq
23.09.2017, 11:44

Bakıda telekanal rəhbəri evlənir - Toy səfirlikdə olacaq

"Mentorlarla səhər yeməyi" - Barama-dan startaplara növbəti dəstək
23.09.2017, 11:40

"Mentorlarla səhər yeməyi" - Barama-dan startaplara növbəti dəstək

Bakıda şirkətdən 266 min manat oğurlandı
23.09.2017, 11:33

Bakıda şirkətdən 266 min manat oğurlandı

Çinli alverçilər Azərbaycandan hara yoxa çıxdılar...   
23.09.2017, 11:08

Çinli alverçilər Azərbaycandan hara yoxa çıxdılar...  

Lütfi Zadənin dəfninin təşkili Hacıbala Abutalıbova tapşırılıb
23.09.2017, 10:43

Lütfi Zadənin dəfninin təşkili Hacıbala Abutalıbova tapşırılıb

Dünya birjalarında neft bahalaşıb
23.09.2017, 10:34

Dünya birjalarında neft bahalaşıb

Nazir pambıq tarlasına getdi - FOTO   
23.09.2017, 10:14

Nazir pambıq tarlasına getdi - FOTO  

Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılacaq   
23.09.2017, 10:06

Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılacaq  

Ərzaq qablaşdırdığımız sellofan torbaların xəstəlik yaydığını bilirdiniz?.. - TƏHLÜKƏ   
23.09.2017, 10:02

Ərzaq qablaşdırdığımız sellofan torbaların xəstəlik yaydığını bilirdiniz?.. - TƏHLÜKƏ  

Tovuzda 2 yaşlı uşaq qaynar suda yanıb
23.09.2017, 09:48

Tovuzda 2 yaşlı uşaq qaynar suda yanıb

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.6%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.09%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.4%)
- Məhərrəmlık əsl İslama ziddir(33.8%)