Modern.az

Putin çətinə düşüb...

Putin çətinə düşüb...

19 Aprel 2017, 21:50

Xəbər verildiyi kimi, aprelin 14-də Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan) prezidentləri Qırğızıstanın paytaxtı Bişkekdə toplandılar.

Onlar Avrasiya İttifaqının Ali İqtisadi Şurasının iclasını keçirdilər və eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti haqqında bir sıra məsələləri müzakirə etdilər. 

Görünür ki, dünya sürətli transformasiya mərhələsinə keçir və bu, ayrı-ayrı ölkələrin təhlükəsizliyini, suverenliyini, hətta mövcudluğunu şübhə altına qoyur.

Bu fonda iclasda qəbul edilən qərarlar qlobal və regional təhlükələrin diktə etdiyi şəraitdən irəli gəlir.

ABŞ rəhbərliyinin son zamanlar Suriya və Əfqanıstanda atdığı kəskin addımlar bu prosesin, yəni qlobal təhlükələrin yeni müstəviyə keçməsinin müqəddiməsidir.

Mürəkkəb proseslər fonunda isə Avrasiya İttifaqının çağırışları və qərarları ondan xəbər verir ki, təhlükə bu təşkilatdan da yan keçə bilməz.

Təhlükəsizlik anlayışını isə geniş mənada anlamaq lazımdır, çünki mürəkkəb iqtisadi problemlərin həlli, həm də təhlükəsizliyin təmin olunmasının əsas istiqamətlərindən biridir.

Bu mənada Rusiya prezidenti Vladimir Putinin Avrasiya İttifaqını “təhlükəsizlik yastığı” adlandırmasını geniş mənada qəbul etmək lazımdır.

Kreml üçün təhlükəsizliyin əhəmiyyətinin dərk edilməsini göstərən amillərdən biri də Moldovanın Avrasiya İttifaqında müşahidəçi ölkə statusu almasıdır. Moskva istəyinə nail olub, bir zamanlar  üzü Avropa tərəfə çevrilən Moldova artıq tam olaraq Rusiyanın şineli altına girib.

 

Bu addımlarla Rusiya çalışır ki, postsovet ölkələrində inteqrasiya prosesini sürətləndirsin və bu regionda yerləşən ölkələri öz çətirinin altına toplasın.

Bişkek görüşü həm də KTMT-ya yeni baş katib təyin edilməsi üçün əla fürsət idi.

Qeyd edək ki, bu vəzifəyə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturov təyin olunub.

 

KTMT ölkələrinin qeyri-formal görüşü isə ona hesablanmışdı ki, həm bu hərbi ittifaq, həm də Avrasiya İttifaqı daha da möhkəmlənsin və xarici əməkdaşlıq sferası genişlənsin.

 

İclasda Ermənistan prezident Serj Sarkisyanın İran amilini qabartması və bu ölkə ilə əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulaması da diqqət çəkir.

 

Lakin, iclasda İranın azad iqtisadi zona yaradılması ilə bağlı təklifi dəstəklənmədi. Amma ehtimal etmək olar ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq.

 

Bu isə ən çox Ermənistana sərf edir. Çünki Ermənistan İran vasitəsi ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın imkanlarından istifadə edə bilər. Necə ki, hazırda İran Ermənistan üçün nəfəslik rolunu oynayır.

 

Amma düşünmək olmaz ki, Avrasiya İttifaqı yaxın perspektivdə sıçrayış edib nüfuzlu beynəlxalq təşkilatlarla rəqabətə girə bilsin.

 

Birincisi ona görə ki, Avrasiya İttifaqının lokomotivi Rusiya özü iqtisadi çətinliklər girdabında boğulur, üstəgəl Qərbin sanksiyaları da vəziyyəti daha da dramatikləşdirir.

 

İkincisi isə, Qazaxıstan və Belarus bəzi məsələlərdə Rusiyadan kəskin fərqli mövqe sərgiləyir ki, bu da ittifaq daxilində yekdilliyin olmamasından xəbər verir.

 

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...