Modern.az

Beynəlxalq Bankın özəlləşdirilməsi mümkün olacaqmı...

Beynəlxalq Bankın özəlləşdirilməsi mümkün olacaqmı...

Aktual

24 May 2017, 12:32

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın 2018-ci ildə özəlləşdiriləcəyini bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, bütün bunlar ölkə başçısının 2015-ci ilin iyulunda"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında imzaladığı fərmandan irəli gəlir:

“Bildiyiniz kimi, hazırda Beynəlxalq Bankın çox ciddi problemləri var. Son hadisələrdən sonra Bankın passiv aktivləri artıb. Onun təxminən 7 milyard manatı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına verdilər. Hazırda müəyyən qərarlar üçün İngiltərədə səhmdarlarla görüşlər keçirilir. Restrukturizasiya məsələsi həll olunana kimi Beynəlxalq Bankla əlaqədar ciddi problem qalmayacaq. Təxminən 2018-ci ildə bank tam sağlamlaşdırılmış formada özəlləşməyə çıxarılacaq”.

İqtisadçı bildirib ki, bu bankın 90 faizdən çox səhmi dövlətə məxsusdur:

“Eyni zamanda burada əmanətlər həddindən çoxdur. İnsanlar da bankdakı vəziyyətlə bağlı narahatdır. Elə buna görə də parlamentdə bu məsələni dəfələrlə qaldırmışıq. Proses bu cür davam edər və restrukturizasiya həll olunarsa, digər təsisçi və kreditorlarla məsələ həll olunarsa, bank sağlamlaşacaq, 2018-ci ildə tam özəlləşəcək”.

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı illin iyulun 15-də "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb. Dövlət başçısı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı on beş gün müddətində "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - "Aqrarkredit" QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən cəlb edilmiş və ödəmə vaxtı keçmiş, o cümlədən bu fərmanın 1-ci hissəsi ilə "Aqrarkredit" QSC-nin idarəetməsinə verilmiş kredit vəsaitinin borcalanlar tərəfindən təyinatı üzrə istifadə edilməsi, "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırmaq, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanları ilə birlikdə tədbirlər görmək tapşırılıb.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı