Modern.az

AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz-VI

AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz-VI

Ədəbi̇yyat

2 İyun 2017, 11:48

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Azərbaycan dili milli varlığımızdır

    
 
Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında (1995-ci ildə)  Azərbaycan Respublikasının dövlət dili və onun adı barəsində ziyalıların mövqeyi əsl həqiqətin üzə çıxmasında önəmli rol oynadı. Ziyalılarımız isə sərbəst şəkildə öz mövqelərini, fikir və mülahizələrini deyirdilər. Hətta dövlət dilinin adı məsələsi müzakirə olunan zaman ayrı-ayrı türk etnoslarının türk dillərinin formalaşmasında oynadıqları rolu da diqqətdən qaçırmırdılar. Məsələnin mahiyyəti ondan ibarət idi ki,ümumi türk etnosunun adını bildirən türk sözünü dil adı kimi götürmək istəyənlərə qarşı Respublika Elmlər Akademiyasının vitse-prezidenti, yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü  Ziya Bünyadov belə bir fikir söyləyirdi: “Məsələ ondadır ki, türk desəniz Borçalı tərəfdə, Qazax tərəfdə yaşayan qarapapaqlar deyəcək “mən türk deyiləm, axı, mən qarapapağam”. Yaxud, İraqda vaxtilə ki, buradan gediblər, bunlar da azərbaycanlıdır. Onlar azərbaycanlı deyil, onlar tərəkəmədir...” Bu fikirlə bağlı qeyd edək ki, dilin adının türk, azərbaycan olması bir yana qalsın, digər bir vacib məqama aydınlıq gətirməyə ehtiyac vardır. Belə ki, türk sözü ümumiləşdirici etnik addır. Türk etnosu çoxlu sayda türk tayfalarının qaynayıb qarışmasından formalaşmışdır. Həmin tayfalardan biri də qarapapaqlar, tərəkəmələr və digərləridir. Tayfaların qaynayıb qarışması xalqları və millətləri formalaşdırır. Ancaq tayfa dili dövlət dili ola bilmir, bu, mümkün olan bir məsələ də deyildir. Tayfanın dil xüsusiyyətləri xalqın, daha sonra millətin dilində özünü yaşadır, xalqın, millətin dilinin dil komponentləri kimi çıxış edir. Odur ki, tayfa dilini xalq, millət dili ilə qarışdırmaq olmaz. O ki qaldı Azərbaycan sözünün dil adı olmasına Ziya Bünyadov bu barədə deyirdi: “Bu “Azərbaycan” sözü ki, var, bu bizim müstəqillik dövrümüzdə, yəni bütün dünya ölkələri qabağında ölkəmizin adı Azərbaycan və xalqımızın dili Azərbaycan dilidir”.

      
Bəxtiyar Vahabzadə dilimizin və millətimizin adı barədə deyirdi: “...     Azərbaycan türkcəsi, milliyyətimiz də Azərbaycan türkü, ən doğrusu budur”. Ancaq Heydər Əliyev böyük diqqət və hörmətlə Bəxtiyar müəllimə yanaşır, onu böyük şairimiz kimi dəyərləndirir, eyni zamanda hər bir kəsin fikrinə, o cümlədən Bəxtiyar Vahabzadənin  fikrinə təsir etmək istəyindən uzaq olaraq deyir: “...heç bir kəsin fikrinə də təsir etmək istəmirəm. Ancaq yazaq ki, Azərbaycan türkcəsi, gəlin bir az dərindən fikirləşək. Biz, demək, türkcənin bir ləhcəsiyik , bu nədir? Dilin adı olar. Hörmətli Anar bir misal gətirir ki, dünyada bunun nümunəsi var, Krım tatar dili”. Heydər Əliyev Krım tatar dili məsələsinə də bir aydınlıq gətirir, öz biliyinə istinad edərək deyirdi: “... Krım tatar dili var. Ancaq ondan sonra harada? Fransa-fransız dili, İspaniya- ispan dilidir...  Yunanıstan- yunan dilidir, Çin- çin dilidir, Rusiya- rus dilidir, Belarusiya- belarus dilidir, Ukrayna- ukrayna dilidir, Çexoslovakiya- indi ayrılıblar, əvvəl də belə idi, bir yerdə olanda da: Çex dili ayrı idi, slovak dili ayrı idi. Amma bunların fərqi bizimlə Anadolu Türkiyəsinin fərqindən xeyli az idi”.

      
Heydər Əliyev dilimizin adı məsələsində istəyirdi ki, hər bir şeyə aydınlıq gətirilsin, araşdırılma, müzakirə olunma yolu  ilə mülahizələrə son qoyulsun. Özü isə elə məntiqli və real fikirlər irəli sürürdü ki, onun mövqeyi qarşısında həm düşünməli olurdun, həm də razılaşmalı olurdun. O deyirdi: “Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli bir xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda  tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var. Amma “biz gəlin dilimizi türkdilli eləyək”, -yenə də deyirəm, mən bunu etiraz nöqteyi- nəzərindən demirəm, istəyirəm özümə aydınlıq gətirim...

       
Axı, nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, mən Tatarıstan türküyəm?”

       
Heydər Əliyev millətin də, dilin də tarixi taleyini yaxşı bilirdi. O bilirdi ki, dilin adını, millətin adını yenidən qoymaq asan bir iş deyildir. Bu iş olduqca məsuliyyətli və çətin bir işdir. Ona görə də o, bu məsələyə böyük yanğıyla yanaşırdı: “...biz həm dilimizin adını yenidən qoymalıyıq, həm də millətimizin adını yenidən qoymalıyıq. Onda ölkəmizin də adını dəyişdirək? Bunu düşünmək lazımdır”. Əslində Heydər  Əliyev məsələni bu şəkildə qoymaqla hiss etdirmək istəyirdi ki, müzakirə olunan məsələ elə-belə məsələ deyil. Bu, Azərbaycan xalqının taleyüklü məsələsidir. Ona görə də müzakirə zamanı ordan- burdan yox, konkret məsələdən danışmaq, onun elmi-məntiqi cəhətlərini aydınlaşdırmaq lazım idi. Bu mənada Heydər Əliyev bəzi tarixi həqiqətlərin özünü də təhlil edirdi, niyə belə olduğuna aydınlıq gətirirdi, suallar verirdi, suallara cavablar tapırdı, başqalarını da bu sual və cavablarda iştirak etməyə istiqamətləndirirdi. Fikir verək: “ Doğrudur, taleyimiz belə gəlib ki, məsələn, bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər? Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyiblər. Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı- “russko- tatarskaya şkola”. Bəs niyə o vaxtlar Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Məmmədəmin Rəsulzadə, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə və  başqaları durub demədilər ki, necə yəni “russko- tatarskaya şkola”? Niyə buna etiraz eləmədilər? Hamı da bunu qəbul elədi- “russko- tatarskaya şkola”. Heydər Əliyev buna  bizim aqibətimiz və taleyimiz kimi yanaşırdı. Sonradan 1918-ci ildən 1936-cı ilə qədər bizə türk deyilib, dilimiz türk dili adlanıbdır. Daha sonra dilimiz Azərbaycan dili adlanıb, azərbaycanlı kimi tanınmışıq.  Bax bu tarixi həqiqətləri Heydər Əliyev deyirdi və onların hər birinə cavab axtarırdı. Belə hesab edirdi ki, hər bir şeyi əsaslandırmaq olar və bu əsaslandırmalar barədə demək olmaz ki, onların biri digərindən üstündür. Ancaq onun fikrincə, bunların hamısı bizim tarixi taleyimizdir. “Amma bizim tarixi aqibətimiz belədir. İndi biz tarixi bir mərhələdəyik. Biz gərək elə bir qərar qəbul eləyək ki, o, həm bu günümüzü, həm keçmişimizi əks etdirsin, həm də gələcəyimiz üçün və bu gün dövlətçiliyimiz üçün yararlı olsun. Bax, məsələ burasındadır”.

         
Ziyalıların bəziləri, o cümlədən Bəxtiyar Vahabzadə Azərbaycan sözünün yer adı kimi işləndiyini nəzərə alaraq onun dil  adı kimi işlənməsini düzgün hesab etmirdi.   Müxtəlif  müqayisələr  gətirərək   öz  mövqeyini  təsdiq  etməyə çalışırdı.                                                                                                                                                                                                                                                                                                                                 Bəxtiyar
Vahabzadə deyirdi: “ Məsələn, hamıya məlumdur, Misir də ərəbdir, İraq da ərəbdir, Əlcəzair də ərəbdir və s. Amma hamısında dil bir dildir. O dillərin müəyyən ləhcələri var. Amma demirlər “ Misir dili”. Axı, yerlə adlandırmaq olmaz, “azərbaycanlı” sözü yeri bildirir. Mən bakılıyam, gəncəliyəm, qubalıyam. “Lı” şəkilçisi milləti bildirmir. Ərəb hamısı ərəbdir. Amma demirlər ki, Əlcəzair ərəbidir, demirlər ki, məsələn, “İraq dili”, ya “Əlcəzair dili”, ya “ Misir dili” hamısına “Ərəb dili” deyirlər”. Əslində Bəxtiyar Vahabzadənin gətirdiyi dəlil və sübutda bir məntiq var. Ancaq bu məntiqi türkdilli xalqlara və onlara keçdiyi tarixi yola olduğu kimi tətbiq etmək, məsələni bu şəkildə əsaslandırmaq yeganə analogiya deyildir. Bu analogiya ilə oppozisiya təşkil edən digər analogiya da vardır. Bu mənada Heydər Əliyev məntiqi Bəxtiyar Vahabzadənin gətirdiyi müqayisəyə belə cavab verirdi: “ Slavyan millətləri var və slavyan dilləri var. Bir-birinə də çox yaxın, elə bizim üçün də tarixən çox yaxın –Rusiya, Belarusiya, Ukrayna. Bunların dili eynidir. Xüsusilə Belarusiya ilə Rusiyanın dili eynidir. Ona deyir “ rus dili”, o birisinə deyir “ belarus dili”. Bəs niyə deyir? Mən sizin sadəcə olaraq “ərəb dili” sözünüzə cavab vermək istəyirəm. Yəni belə şeylər var tarixdə.  Biz burada istisna etmirik. Onu götürsən ona da cavab tapmaq olar, bunu götürsən, buna da cavab tapmaq olar”. Məhz bu məntiq qarşısında Bəxtiyar Vahabzadə belə söyləməli olur: “ Ümumi orta yol tutmalıyıq”. Onun bu fikri Heydər Əliyev məntiqinin yaratdığı fikir idi. Daha doğrusu, razılaşma qənaətindən başqa bir şey deyildi.

       
Heydər Əliyev elə bir məntiqlə fikir söyləyirdi ki, müzakirə iştirakçısı olan hər bir ziyalı anlayırdı ki, dövlət dilinin adı məsələsi millətin tale məsələsidir. Hüquqi əsas olmadan dilimizin adının gah türk, gah tatar, gah azəri və s. adlanması belə bir müzakirə ilə qarşılaşmaq reallığını gündəmə gətirmişdi. Odur ki, müzakirələr çox rəngarəng gedirdi və fikirlər haçalanırdı. Heydər Əliyev belə bir vəziyyətdə müzakirəyə güclü dirijorluq edir, hər kəsi öz dilində danışdırır, hər kəsi səbrlə dinləyir və hər kəsə söz verirdi. Heydər Əliyevin müzakirədə söz verdiyi ziyalılardan biri də şair Zəlimxan Yaqub idi. Zəlimxan Yaqub “Azərbaycan türk dili” ifadəsinin konstitusiyaya daxil olmasının tərəfində idi. Və bunu belə əsaslandırırdı. XII əsrdən üzü bəri yüzlərlə poeziya nümunələri gətirmək olar ki, onların hansının Azərbaycan dili, hansını türk dili olmasını qəti söyləmək mümkün deyildir. Məs.:

                                       Biz dünyadan gedə olduq,

                                       Qalanlara salam olsun.

                                       Bizim üçün xeyir-dua

                                       Qalanlara salam olsun.

                                                                     (Yunis İmrə)

                                       Haqqımızda dövlət

                                                    vermiş fərmanı,

                                       Fərman padşahındır,

                                                     dağlar bizimdir.

                                                                     (Dadaloğlu)

                                       Dost-dost deyə neçəsinə

                                                             sarıldım.

                                       Mənim sadiq yarım qara

                                                             torpaqdır.

                                                                     (Aşıq Veysəl)

                                      Bizə qalan əziz borc

                                                 əsrlik zamanlardan,

                                      Tarixi təmizləmək

                                                 saxta qəhrəmanlardan.

                                                                     (Fazil Qısakürək)

                                      Mən bir ceviz ağacıyam,

                                      Gülxanə parkında,

                                      Nə sən onun farkındasan,

                                      Nə polis farkında.

                                                                     (Nazim Hikmət)

                                      Çərşənbə günündə

                                                    çeşmə başında

                                      Gözüm bir alagöz

                                                    xanıma düşdü.

                                                                      (Aşıq Ələsgər)

                                      Mübarizə bu gün də var,

                                                               yarın da,

                                      Mən də onun ən ön

                                                               sıralarında.

                                                                      (Rəsul Rza)

                                     Ey doğma dilində

                                           danışmağı ar bilən

                                           fasonlu ədabazlar,

                                     Ruhunuzu oxşamır

                                          qoşmalar, telli sazlar,

                                     Bunlar qoy mənim olsun.

                                     Ancaq Vətən çörəyi

                                          sizlərə qənim olsun.

                                                                      (Bəxtiyar Vahabzadə)

Əlbəttə, Zəlimxan Yaqub bununla onu demək istəyirdi ki, bu poeziya nümunələri eyni kökdən qaynaqlanır. O deyirdi: “... eyni kökdən, eyni qaynaqdan, eyni dayaqdan, eyni mayadan gələn dilin var (türk və Azərbaycan dilini nəzərdə tutur-B.X.). Bunu niyə bölürsən, niyə parçalayırsan, niyə ayırırsan?” Zəlimxan Yaqubun gətirdiyi nümunələrin bir qismi milli çərçivə tanımayan, milli çərçivədə olmayan poeziya nümunələri idi. Məsələn, Yunis İmrə, Dadaloğlu və s. İkincisi, isə ortaq qaynaqdan, kökdən və mayadan gələn dili heç kəs inkar edə bilməz. Ancaq nəzərə almaq lazımdır ki, iqtisadi, siyasi, sosial və regional ayrılıqlar türk dilləri arasında, o cümlədən  türk (Türkiyə Cümhuriyyətinin dili) və Azərbaycan dili arasında fərqlər yaratmışdır. Xüsusilə, türk millətlərinin formalaşması bu fərqləri üzə çıxarmışdır. Başqa bir tərəfdən türk dili yox, Azərbaycan dili adının götürülməsi ( dil adı kimi) türklüyümüzü, türkköklü olmağımızı inkar etmir və  eyni zamanda əsas da vermir ki, kimsə türkköklü olmağımızı şübhə altına alsın, yaxud da inkar etsin. Məgər özbək, uyğur, qırğız, qaxaz, qaraqalpaq, başqırd və digər türklər özlərini belə adlandırırlarsa, onda onlar türk deyildir?! Bu adların heç biri onların türkköklü olmasını inkar etmir. Baxmayaraq ki, Zəlimxan Yaquba görə, konstitusiyada “Azərbaycan türk dili” ifadəsi yazılmasa, “biz  “türk” sözündən, türk dilindən, türk nəfəsindən imtina eləməklə çox şeylərimizi itiririk”. Onda bu məntiqlə yanaşsaq, özbək, qırğız, uyğur, tatar, qaraqalpaq, başqırd, çuvaş və digərləri öz türklüyünü inkar edir?!

    
Yeri gəlmişkən qeyd edək ki, Fərəməz  Maqsudov Zəlimxan Yaqubun örnək gətirdiyi poeziya nümunələrinin müqabilində belə bir sual verməsi təsadüfi deyil: “Zəlimxan, Nədimdən, Şeyx Qalibdən  də bir şey de görüm, o nə təhər deyib?”

     
Müxtəlif coğrafi ərazilərdə yaşayan türk xalqlarının yaratdığı ədəbiyyat nümunələrinin dilini (ən qədim, qədim və orta əsrlər dövründə və hal-hazırda) türklərin hamısı başa düşürmü? İnkişaf kökü imtina etmək deyil, inkişaf hər bir türk xalqının tarixi nailiyyətidir. İnkişafa kökümüzün, mayamızın, ruhumuzun itkisi kimi baxmaq olmaz. Bu mənada müstəqil türk dillərinin mövcudluğu onların heç birinin türkköklü olmasını inkar etmir. Necə ki, slavyan, roman, german və s. dillər vardır. Bu dillərin heç biri daxil olduğu dil ailəsini, həmin ailədəki dillərlə qohumluğu inkar etmir.

     
Zəlimxan Yaqub “Azərbaycan türk dili” ifadəsinin konstitusiyaya yazılmasının tərəfdarı kimi deyirdi: “... Cənubi Azərbaycanda yaşayan 25 milyon soydaşımız (bu rəqəm hal-hazırda artıbdır- B.X.) özünə türk deyirsə , 60 milyonluq Türkiyə, türk xalqı isə sənin vuran qolun, görən gözün səviyyəsində sənin taleyinlə hər gün məşğul olursa, onsuz da itirə-itirə gələn Azərbaycan xalqı bu gün niyə daha böyük itkilərlə yaşamalıdır?” Buradan belə alınır ki, bir ata və anadan olan övladlara ad verilə bilməz? Yaxud həmin övladların hamısına bir ad verilməlidir? Yaxud həmin övladların hər birinin öz adı varsa, onlar eyni atanın, ananın övladları olmalarını inkar edirlər? Məsələnin  mahiyyəti aydındır. Həm də aydın olan bir həqiqət də var. Belə ki, dünyanın hər yerində yaşayan həmvətənlərimiz azərbaycanlı kimi tanınıb, bizi dünya azərbaycanlı kimi tanıyır. Bir az poetik desək, dünyanın qəbul etdiyi dil xəritəsi var. Həmin xəritədə dilimizin adı Azərbaycan dilidir. Dünyanın qəbul etdiyi dil xəritəsini dəyişmək dünyanın özünü çaşdırmaqdan başqa bir şey deyildir.

        
Heydər Əliyev dilimizin adının konstitusiyaya necə salınması ilə bağlı müzakirədə hər bir kəsin sərbəst danışmasına şərait yaradırdı, mübahisə doğuran məqamlarda kiminsə bir-birinə mane olmasına imkan vermirdi.

        
Müzakirə zamanı Afad Qurbanov cəmiyyətdə dolaşıqlıq yaradan bir neçə məsələ barədə öz mövqeyini bildirmişdir. Birincisi, o vaxt orta məktəbin dərsliklərinin üzərində türk dili yazılmış, halbuki ali məktəblərdə Azərbaycan dili. İkincisi, “Biz “türk” sözünü işlədəndə qonşumuz osmanlılar “osmanlı dili” işlədiblər. Bu söz qoşalaşmayıb (yəni bir söz iki millətin adı kimi işlənməyibdir-B.X.). İndi bu saat Azərbaycanda “türk dili”, Türkiyədə də “ türk dili” deyilmiş olsa, bu türk dillərini hansı cəhətdən fərqləndirəcəyik?” O davam edərək deyirdi: “...əgər biz “türk dili” terminindən istifadə ediriksə, onda gərək biz qonşumuzdan xahiş eləyək ki, (Türkiyə nəzərdə tutulur - B.X.) siz 1299-cu ildə yaradılmış Osmanlı imperiyasının Osman Qazinin yaratdığı imperiyanın dilini o adla olan, o adla yaradılan dili qəbul edin, biz isə öz türkümüzə qayıdaq”. Üçüncüsü, Afad Qurbanov “Azərbaycan türk dili” ifadəsinə də aydınlıq gətirirdi.O, “Azərbaycan türk dili” ifadəsinin dolaşıq bir ifadə olduğunu söyləyir və fikrini belə əsaslandırır: “... “Azərbaycan türk dili” dedikdə Azərbaycan məkandır, türk dili də, bildiyiniz kimi, addır. Belə çıxır ki, “Azərbaycanda türk dili” –mənası budur. Onda mən deyirəm “Azərbaycanda ləzgi dili”, “Azərbaycanda tat dili”, “Azərbaycanda fars dili”. Belə də ad olar? Mənə elə gəlir ki, Azərbaycan dilinə bu şəkildə ad qoymaq tamamilə səhvdir”. A.Qurbanovun bu yanaşması maraq doğurur, ona görə ki, əraziyə görə bir dilin müxtəlif adları yaranır. Halbuki dilin adı o dilin işləndiyi əraziyə görə müəyyən oluna bilməz. Yəni ərazi dilin adını təyin edə bilməz, təyinedici sözlə təyin olunan söz bir dil adı yarada bilməz. Bu analogiya ilə onda digər türk xalqlarının dillərinin adı belə adlanmalıdır: Özbəkistan türk dili, Qırğızıstan türk dili, Türkmənistan türk dili, Qazaxıstan türk dili, Tatarıstan türk dili və s. Onda belə alınır ki, 23 türk dilinin adı yaşadıqları əraziyə görə bir- birindən fərqlənməlidir. Dünyada belə bir analogiya yoxdur. Yəni eyni bir dil ailəsinə, dil qrupuna və yarımqrupuna daxil olan dillər yayıldığı əraziyə görə fərqləndirilməmişdir. Daha doğrusu, dilin yayıldığı ərazi dili təyinedən söz kimi işlənməmiş və təyinolunan sözlə birgə işlənərək yeni dil adı yaratmamşdır.

      
Konstitusiyaya “ Azərbaycan dili dövlət dilidir” yazmaq fikrinin daha düzgün bir mövqe olduğunu qəbul edənlər sırasında olanların çox orijinal fikirləri vardı. Məsələn, tarix elmləri doktoru, professor, arxeoloq Rəşid Göyüşov: “ Maraqlı burasıdır ki, tarixi baxımdan da,- burada tarixçilər oturublar, bilirlər,-“ Azərbaycan dili” termini düzdür. Çünki bu, bugünkü termin deyil, bunu çoxdan işlədiblər. XIV əsrdə Azərbaycan dilinin qrammatikası yazılıbdır və geopolitik baxımdan “Azərbaycan dili” termini işlənməsi son dərəcə vacibdir.

       
Mən burada bir az açıq danışmaq istəyirəm. Siz bilirsiniz ki, Xəzər dənizinin Qərb sahili başdan-ayağa kiçik etnoslardır. Böyük Qafqazın şimal hissəsi  kiçik etnoslardır. Kiçik Qafqazın bir tərəfi də kiçik etnoslardır. Yəni biz “ türk dili” elan eləyiriksə ...” Deməli, Rəşid Göyüşov müstəqilliyimizi nəzərə alaraq “Azərbaycan dili” terminini geopolitik baxımdan daha düzgün termin hesab edirdi. Eyni zamanda "Azərbaycan dili" termininin bugünkü termin deyil, çoxdan (onun fikrincə, XIV əsrdən) işlədilmiş bir termin olduğunu söyləyirdi. Bundan başqa, Rəşid Göyüşov çox həssas bir məsələni də nəzərdən qaçırmırdı. Belə ki, Azərbaycanda, onun qonşuluğunda və dünyada dilimizin adı "Azərbaycan dili" kimi qəbul olunubdur. Bunu dəyişmək "Azərbaycan dili" ni ləğv etmək kimi başa düşülür. Halbuki dünya dilimizin adını "Azərbaycan dili" kimi tanıyır və qəbul edir. Başqa sözlə desək, "türk dili" ifadəsinin Türkiyənin, "Azərbaycan dili" ifadəsinin  Azərbaycanın dövlət dili kimi olması hər iki dövlətin müstəqilliyinin atributlarındandır.

      
Rəşid Göyüşov "Azərbaycan dili" ifadəsini bizim tarixi nailiyyətimiz, Azərbaycan gerçəkliyini və reallığını əks etdirən ifadə kimi qəbul edirdi. Türk dillərinin hər biri arasında mövcud olan fərqləri qəbul etməklə yanaşı, bu fərqlərin zamanın, tarixi inkişafın yaratdığı fərqlər olduğunu nəzərə çatdırırdı. O deyirdi: “Mən Ankara Universitetində mühazirə oxuyanda, Bəxtiyar müəllim, (Bəxtiyar Vahabzadə "Azərbaycan dili" ifadəsini deyil, "türk dili" ifadəsini qəbul edirdi - B.X.) tələbələr məni çox çətinliklə başa düşürdü. Amma Təbriz Universitetində istədilər mənə tərcüməçi versinlər. Tələbələr özləri hay-küy saldılar ki, bizə tərcüməçi lazım deyil. İndi siz deyirsiniz... türk dili ilə bizim dilimiz eyni şeydir, bəs onda özbək dili ilə? Məni dəvət etmişdilər Kemerovo Universitetinə, gecə səhərə qədər bir qoca qarı ilə, türklə söhbət etdim ki, bəlkə bircə kəlmə bunun dilindən bir şey başa düşdüm. Bilirsiniz, orada teloutlar, şorlar, xakaslar, altaylar və çoxlu digər türkdilli xalqlar yaşayırlar. İnanın, mən onların heç birini başa düşmədim. Axı niyə? Bu xalqın dili nə qədər dəyişilər?” Bəli, türk dillnin hər birinin müasir vəziyyəti onu göstərir ki, ortaq türk dili mərhələsindən ayrılma çoxdan baş vermiş və bu da nəticədə xeyli fərqlər üzə çıxarmışdır. Bu fərqlər telout, şor, xakas, altay dilləri ilə digər türk dilləri arasında daha çox görünür.

      
Azərbaycan Respublikası EA-nın  akademiki Cəmil Quliyev “Azərbaycan dili” ifadəsinin dövlət dili olmasını, “həm elmi cəhətdən, həm tarixi cəhətdən düzgün və müasir dövrün tələblərinə uyğun olan, zəruri bir məfhum" hesab edirdi. Onun fikrincə, "Azərbaycan dili XX əsrdə Azərbaycan millətinin əldə etdiyi ən böyük sərvətdir, ən böyük qazancdır". Sonra o, "Azərbaycan" sözünün Stalinin verib-verməməsi, bu sözün sənədlərdə işlənməsi barədə deyirdi: "Burada bəzi çıxışlarda dedilər ki, bizim dilimizi də "Azərbaycan dili" göstərəndə guya Stalinin göstərişi ilə bizi ayırıblar, - bu, heç bir tarixi sənədə uyğun deyil". Cəmil Quliyev 1911-ci ildə çapdan çıxmış "Russkaya ensiklopediya"nın 1-ci cildinə yazılmış məqalənin məzmununu nəzərə çatdırmaqla "Azərbaycan” sözünün sənədlərdə olduğunu bildirirdi: "Azərbaycan tatarları (azərbaycanlılar) və Zaqafqaziya tatarları. Sonra yazır ki, bunların 600 neçə mini Yelizavetopol quberniyasındadır, 500 neçə min Bakı quberniyasındadır və 400 neçə mini Yerevan quberniyasındadır, 180 minə qədəri Tbilisdədir. Sonra yazır ki, Azərbaycan dili necə yayılmışdır".

      
Cəmil Quliyev Azərbaycan ideologiyası, Azərbaycan milli ideologiyası və bu ideologiyanın millətin yarandığı gündən yarandığını, millətin inkişafı ilə bağlı olaraq inkişaf etdiyini, millətlə ideologiyanın vəhdətdə olduğunu, bütün bu məsələlərin gələcəkdə də əhəmiyyətini çox vacib sayırdı. Bir neçə məqamı xüsusilə xatırladırdı: "... gəlin yazaq "Azərbaycan türkcəsi". Nə verir bizə? Gəlin bu suala cavab tapaq. Bu "Azərbaycan türkcəsi" bugünkü  Azərbaycan dövlətçiliyinə, Azərbaycan millətinə onun gələcəyi nöqteyi-nəzərindən nə verir?”

      
Cəmil Quliyev "Azərbaycan dili" ifadəsinin milli ideologiya baxımından önəm daşıdığını da nəzərdən qaçırmır, azərbaycançılıq ideologiyasının dərin məsələ olduğunu unutmurdu. O deyirdi: "...əgər tutalım, mən yazıram "Azərbaycan türkcəsi", sabah yazmalıyam "Azərbaycan türkcəsi ideologiyası”. Bu, dərin məsələdir. Milli ideologiya Azərbaycan ideologiyasıdır".

      
Elmlər Akademiyasının Tarix İnstitunun direktoru, EA-nın müxbir üzvü  İqrar Əliyev konstitusiyada “türk” yox, "Azərbaycan dili" ifadəsinin yazılmasını bir neçə cəhətdən əsaslandırırdı. Birincisi, "Biz “türk”  deyəndə türk xalqlarını düşünürük, ya müasir osmanlı türkcəsini düşünürük. Orasını da demək lazımdır ki, bəziləri deyirlər: "Biz niyə müəyyən dövrdə qəbul elədiyimiz "türk" adını ataq üstümüzdən ?" Məgər osmanlılar 5-6 əsr işlətdikləri osmanlı məfhumunu atmadılarmı üstlərindən? Müəyyən siyasi məqsədləri güdüb inqilabdan sonra türklər özlərini "türk" adlandırmadılarmı?" İkincisi, "Bizim bu saat o siyasi oyunlara baş qoşmağa nə həvəsimiz, nə imkanımız var. Ona görə də mən hesab eləyirəm ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili olmalıdır, nə Azərbaycan türkcəsi, nə də Azərbaycan türk dili olmalıdır".

      
Dilçilik İnstitunun türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru Həsən Quliyev bir neçə istiqamətdə məsələlərə aydınlıq gətirirdi. Birincisi, "Ümumiyyətlə, türklər XIV əsrə qədər bir-birinə yaxın, bir-birini başa düşən dildə danışmışlar, lakin XIV əsrdən sonra bu dillər arasında diferensasiya, yəni fərqlənmə, müstəqilləşmə prosesi başlayıb". İkincisi, "Millətin əmələ gəlməsindən sonra müstəqil dillər yaranıb. Keçmiş SSRİ ərazisində 23 türk xalqı var, hər bir türk xalqının özünün müstəqil dili var və heç kim indi öz ana dilinin adının dəyişdirilməsi haqqında fikirləşmir və bu işi də ortalığa atmır". Üçüncüsü,  "Dilimiz müstəqil türk dillərindən biridir... Bizim dil, ana dilimiz, Azərbaycan dili müstəqil bir dil kimi türk dilindən istər fonetikasına görə, istər orfoqrafiyasına  görə, istərsə də qrammatik quruluşuna görə fərqlənir". Dördüncüsü, "...bu gun biz desək ki, ana dilimiz türk dilidir, bu, həm elmi dolaşıqlığa, həm də ümumiyyətlə səhv bir nəticəyə gətirib çıxarır. "Türk dedikdə", ümumiyyətlə bu, osmanlı türklərinin, Türkiyə dövlətinin adıdır və ikinci mənada isə "türk" dedikdə bütün türk xalqlarının ümumi adı nəzərdə tutulur. Biz əgər bu sistemi əsas tutsaq, həm elmi səhvə yol verə bilərik, həm də öz xalqımızın  dilinin adını təhrif etmiş olarıq". Beləliklə, Həsən Quiyev bu fikirlərini ümumiləşdirərək deyirdi: ... konstitusiyada yazılsın ki, dilimizin adı, Azərbaycan xalqının dövlət dili Azərbaycan dilidir,  dövlətimizin adı Azərbaycan Respublikasıdır, xalqımızın adı Azərbaycan xalqıdır". Milli Məclisin üzvü, yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü Hüseynağa Qəniyev konstitusyada dövlət dilinin adının necə olması barədə öz fikirlərini söyləyərkən məsələyə tarixilik baxımıdan yanaşmaqla öz mövqeyini dəqiq bir formada təqdim edirdi: " Əlbəttə, mən onunla razıyam ki, tarixilik baxımından müasir Azərbaycan dili türk dilidir. Lakin tarixin inkişafı baxımından bugünkü müasir Azərbaycan dili elə Azərbaycan dilidir ki, var. Bütün dillər belədir. Tarixi inkişaf prosesində dillər ailələrdən qruplara, qruplardan isə dillərə şaxələnir". O, məsələyə məntiqi və elmi cəhətdən düzgün yanaşırdı. Düzgün yanaşmadır ki, tarixi baxımdan dil ailələri dil qruplarına və yarımqruplarına, onlar isə öz növbəsində dillərə ayrılmışdır.

      
Hüseynağa Qəniyev dil ailələrinə, ondan ayrılan dil qruplarına, dil qruplarından ayrılan dillərə tarixi prosesin nəticəsi kimi yanaşmış, aydın bir məntiqlə izah vermişdir: "Altay dil ailəsindən qruplar ayrılıb, onun da dili türk dilidir və türk qrupu da Azərbaycan, tatar, qazax və sair sərbəst dillərə bölünüb. Altay dil ailəsi elə bil ki, babadır, türk dil qrupu atadır. Azərbaycan dili isə oğuludur. İndi oğulun özünü ata elan etməsi, mən hesab eləyirəm ki, heç də düzgün deyil. Çünki tarixi proses gedib, tarix öz sözünü deyib və Azərbaycan deyilən bir dil, Azərbaycan deyilən bir dövlət, Azərbaycan  deyilən bir xalq formalaşıb".

      
Hüseynağa Qəniyev məsələnin tam mahiyyətini çox aydın şəkildə izah etmək üçün tarixi inkişafı elmlə, həyatla və cəmiyyətlə bağlayırdı. Hətta elmdə və sənətdə baş vermiş parçalanmanı, diferensiallaşmanı inandırıcı, əsaslı bir izahatla aydınlaşdırırdı. O, diferensiallaşmanın təkcə dillərdə deyil, eyni zamanda elmdə də getdiyini nəzərə alaraq deyirdi:" Bu (diferensiallaşma - B.X.), təkcə dillərə aid deyil, bu, eyni zamanda elmə də aiddir. Qədim Yunanıstanda bir elm var idi - fəlsəfə. Astronomiya ilə də məşğul olurdular, fizika ilə də,  təbabətlə də. Ondan sonra elm inkişaf etdikcə parçalandı, bunların hərəsi sərbəst bir sahəyə çevrildi. Sənətdə də belədir: “ozan olub, aşıq olub - həm musiqisini yazıb, həm çalıb, həm ifa eləyib. Cəmiyyət inkişaf etdikcə musiqini yazan bəstəkar yaranıb, sözlərini yazan şairlər yaranıb və beləliklə, sənətin sinkretizmi parçalanıb. Bu, cəmiyyətin inkişafıdır".

      
“Azərbaycan” ifadəsi dünənimiz, bu günümüz və sabahımız üçün çox şey deyir. Bu mənada Hüseynağa Qəniyev “....Azərbaycan dilini qəbul etməklə türk dili qrupunun tarix səhnəsində oynadığı böyük rolu, onun nəhəngliyini, onun inkişafını göstərir. Yalnız böyük xalqlar, yalnız böyük dillər şaxələnib qruplara və ayrı-ayrı dillərə çevirilr" deyirdi. O, "Azərbaycan" sözündə həm tarixilik, həm tarixi inkişafın nəticəsi kimi yaranmış bir reallıq, həm də birlik olduğunu nəzərə alırdı: "Azərbaycan dili təkcə özünü türk hesab eləyən xalqın dili deyil. Azərbaycan dili Azərbaycanda yaşayan bütün xalqların dilidir. Onda bütün xalqların ruhu var, orada bütün xalqların dillərindən sözlər var və bu, artıq   Azərbaycan dilinə daxil olub və o, bir dil kimi formalaşıb".

      
Xarici işlər nazirliyi, yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü Həsən Həsənov dövlət dilinin adı ilə bağlı nizamnamədə dilin hansı statusdan qəbul olunmasını aydınlaşdırmağa çalışırdı. Ləhcə statusu, milli dil statusu anlayışlarına öz mövqeyini bildirməklə türk dillər qrupuna və qrupun müstəqil üzvü olan müstəqil dillərin mövcudluğuna məntiqi cəhətdən düzgün yanaşırdı. O deyirdi: “Biz dilimizi hansı statusda qiymətləndiririk, türk dilinin azəri ləhcəsi kimi, yoxsa türk dillər amorf və formalaşmamış bir üzvü kimi, yoxsa müstəqil, milli düşüncəmizə məxsus, millətimizin müstəqil, özünəməxsus milli dili kimi?” O, bundan başqa bütün türk dillərinin bir kökdən əmələ gəldiyini, sonradan türk dillərinin müxtəlif qruplara ayrıldığını, daha sonra bu qruplardan müstəqil dillərin (türk dillərinin) yarandığını qeyd edirdi və bununla da məsələnin əsas məğzini düzgün bir məntiqlə izah edirdi: “Bütün türk dilləri sözsüz ki, bir andan əmələ gəliblər. Amma X və XI əsrlərdə ilk ciddi bölgü prosesi getdi və vahid türk dili oğuz, qıpçaq, bulqar, karluq, oyrot dillərinə bölündü. XIV-XV əsrlərdə bunlardan biri olan oğuz qolundan Azərbaycan dili müstəqil dil kimi ayrılıb-Nəsiminin dili, Füzulinin dili. XIX əsrin əvvəllərində ziyalılarımız dilimizin müstəqilliyini elmi nöqteyi-nəzərdən dərk edərək “Azərbaycan türkcəsi” adlandırıblar. Nəhayət, XX əsrin ortalarında həm dilimizin, həm millətimizin inkişafı tam formalaşmış və əsas vermişdi ki, millətimizin adı azərbaycanlı, dilimizin adı Azərbaycan dili kimi qanuniləşsin”. Həsən Həsənov dilimizə və millətimizə qoşalaşmış adın istər “ türk” istərsə də “Azərbaycan türkcəsi” adının verilməsini bir neçə cəhətdən yanlış və səhv hesab edirdi. “Birinci, səhv ondan ibarətdir ki, biz türk dil qrupunun statusunu dəyişib onu vahid bir dil, yəni X-XI əsrlər dövrünə qaytararıq. İkincisi, səhv isə ondan ibarətdir ki, əgər biz artıq müstəqilləşmiş dilimizi ləhcə statusuna salırıqsa, yenə də orta əsrlərə məxsus türk dilləri münasibətinə qaytarırıq”.

         
Bir məsələ barədə Həsən Həsənovun fikri və mövqeyi maraqlı olduğu qədər də, bəzi məqamlara tam aydınlıq gətirirdi. Belə ki, biz dilimizi Azərbaycan dili adlandırmaqla türk köklü olmağımızı imtina etmirik, ümumiyyətlə , bu barədə düşünmək əhəmiyyətsiz görünür. Tarixən dilimizin adı “ türk dili” adlanıbdır və dilimiz inkişaf edib müstəqilləşdikdən sonra Azərbaycan dili adı ilə formalaşıb və dünyada tanınıbdır. Bir sözlə, onun mövqeyi reallığa söykənirdi: “ Mən heç də hesab etmirəm ki, biz milliyyətimizi və dilimizi “azərbaycanlı” adlandıraraq türk varisliyimizdən əl çəkirik. Xeyr və yenə də xeyr. Biz türk kökündə bitmiş və formalaşmış Azərbaycan millətiyik. Bizim dilimiz türk kökündə bitmiş və püxtələşmiş Azərbaycan dilidir. Bəli, keçən əsrlərdə dilimizə “türk dili” deyiblər, amma tarix inkişaf etdikcə, özümüzə məxsus mədəniyyətimiz inkişaf edib və tam müstəqilləşib, əyalət ləhcəsi statusundan çıxıb, müstəqil dövlətin müstəqil Azərbaycan dili statusuna qalxıb. Dilin və millətin adı kiminsə istəyi ilə yox, tarixi proseslərə əsasən formalaşır. Bizim millətimizin və dilimizin adı Azərbaycan adı ilə artıq formalaşıb və dünya birliyi tərəfindən qəbul olunub”.

        
Dilimizin adının “Azərbaycan dili” olmasının bizim türk köklü olmağımıza, mənşəyimizə xələl gətirməməsi Nəriman Həsənzadənin mövqeyində də öz izahını tapırdı: “Yəni “Azərbaycan dili” deməklə biz türkün əleyhinəyikmi? Yəni türklər qabağa düşüb (Türkiyə türkləri nəzərdə tutulur-B.X.) türk dili elan eləyib...Yəni biz Azərbaycan dilini elan eləməklə, Azərbaycan dilini konstitusiyada qəbul eləməklə biz türklüyümüzü, türk mənşəliyimizi, heç birini danmırıq...”Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması ilə bağlı baş nazirin müavini, yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü İzzət Rüstəmov Azərbaycan dilini türk dillərindən biri kimi səciyyələndirir və belə deyir: “Bütün türk dillərinin ən gözəl nə xüsusiyyətləri varsa, Azərbaycan dili onu özündə birləşdirib”. O davam edərək deyirdi: “...ölkəmizin adı Azərbaycandır, Azərbaycan Respublikasıdır, Azərbaycan xalqıdır və dilimiz də Azərbaycan dilidir... Amma bu heç də o demək deyil ki, türk kökümüzü unudaq...”

        
Heydər Əliyev dilimizin adı ilə bağlı fikir və mülahizə söyləyən hər bir kəsə çox diqqətlə yanaşırdı, onların hər birinin nitqini axıra qədər dinləyirdi, çalışırdı hər bir kəs öz sözünü desin. Bununla da o, müzakirə olunan məsələ barədə hər bir kəsin düşüncəsini ortalığa qoymaqla yanaşı, həqiqətin üzə çıxmasına nail olurdu. Heydər Əliyevin məntiqi qarşısında məsələnin həqiqətə uyğun həll olunmasını təbii, düzgün hesab edənlər bilirdilər ki, o məsələyə çox ciddi, məsuliyyətlə və həssas yanaşır. Odur ki, Sabir Rüstəmxanlı deyirdi: “Mən bugünkü müzakirəni sizin gördüyünüz işlərin davamı hesab eləyirəm. Elə hesab edirəm ki, bu gün siz bu məsələyə məhz ona görə bu cür ciddi vaxt ayırırsınız ki, siz başqalarından, bir sıra alimlərimizdən fərqli olaraq, bunun nə qədər ciddi məsələ olduğunu hiss eləyirsiniz və sizin çıxışınızda da mən bunu hiss elədim, hamımız hiss elədik... Burada yenə söz, mənə elə gəlir ki, son söz ölkə başçısınındır, ağsaqqalındır və ona görə ki, onun çıxışından biz hiss elədik ki, o, bu məsələnin bütün ciddiyyətini çox yaxşı başa düşür”.

    
Heydər Əliyev həll olunan məsələlərin təkcə elmi- məntiqi cəhətlərini deyil, həm də siyasi, ideoloji məqamlarını diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin konstitusiyada dövlət dili kimi olmasında da o hərtərəfli təhlil aparmaqla bütün fikir və mülahizələrin fövqündə dayanırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır