Modern.az

"Mixaylo kimi bir insan" - Almanların arasındakı lənkəranlı kim olub? - Bir gəncin acı TALEYİ

"Mixaylo kimi bir insan" - Almanların arasındakı lənkəranlı kim olub? - Bir gəncin acı TALEYİ

Ədəbi̇yyat

12 İyun 2017, 15:40

İşlədiyim idarənin dəhlizində nurani, gülərüz ağsaqqal bir insan dayanmışdı. Ona yaxınlaşaraq necə kömək edə biləcəyimi soruşdum və o, mənə 1945-ci ildə Polşada dünyasını dəyişən qardaşını axtardığını, Polşa səfirliyinə getdiyini, oradan da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Axtarış şöbəsinə yönləndirildiyini bildirdi. Birlikdə Axtarış şöbəsinə getdik və lazım olan məlumatları verdikdən sonra söhbət etməyə başladıq. Qardaşının ölümündən 20 gün əvvəl dama-dama dəftərin iki vərəqinə yazılan son məktubun əlyazmasını və müxtəlif millətlərdən olan 13 nəfərin, həmçinin də qardaşının Polşada dəfn olunduğu məzarlığın şəklini mənə göstərdi. Nakam arzuları qəlbində köçən bir gəncin xatirəyə dönmüş məzar daşının şəklini və son məktubu yazılmış solğun, saralmış bir kağız parçasını bu günə qədər qoruyub, ürəyinin üstündə gəzdirməsi məni çox kövrəltdi.

İlahi, bu bir qardaşın əbədi sevgisindən, ona olan sonsuz məhəbbətdən və bu günə qədər qoruduğu solmuş kağız parçasından, ümüd dolu həsrətdən təsirlənərək bu hadisəni qələmə almağı qərar verdim.

Amma, bunu necə edəcəyimi hələ də anlamayaraq, bir qədər də tərəddüd içində duyğulara qərq olurdum. Mən bunları Baloğlan müəllimlə söhbət edə-edə ürəyimdə fikirləşirdim ki, mütləq bu gün qəlbimdə olanları vərəqin üzərinə köçürərək, müəyyən qədər mənəvi rahatlıq tapacam... İnsan, ömür boyu mənəvi borcunu unutmamalıdır. 

 
Mərhumun qardaşı - Baloğlan müəllim, keçmiş Lenin adına Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsini bitirmiş, doğulduğu Lənkəran şəhəri Gərmətük qəsəbəsindəki məktəbdə 52 il müəllim işləmişdi.


“İlk dəfə atamın ağladığını onda gördüm”


Baloğlan müəllimin xatirələrindən:


“Qardaşım İbadov Rəfiəli Məhərrəm oğlu 1922-ci ildə Lənkəran şəhəri, Gərmətük qəsəbəsində dünyaya gəlib və həmin qəsəbənin orta məktəbini bitirib. 1941-ci ildə müharibəyə gedib. Hara aparıldığı haqqında məlumatımız olmayıb. 1945-ci il aprel ayının 1-də atamla Poçta getdik ki, qardaşımdan gələn məktubu götürək. Atam məktubu götürən kimi öpdü və tez mənə tərəf uzadaraq dedi: “Al bu məktubu oxu, görək içində nə yazılıb”.
Mən də bu əlifbanı bilmədiyimi atama deyəndə, atam poçt işçisindən məktubu oxumağı xahiş etdi. İlk dəfə atamın ağladığını onda gördüm. Uşaq idim, bilmədim ki, sevincdən ağladı, ya kədərdən. Sonra getdik evə. Anam məktubu iyləyib sinəsinə tərəf sıxdı və xeyli ağladı.  Ümumilikdə ancaq hamımız sevincli idik ki, Rəfiəli sağdır. Bu hadisədən sonra 1970-ci ilə qədər Rəfiəli haqqında heç bir məlumat almadıq. 1970-ci ildə Moskvaya ünvanladığım məktubun cavabında yazılmışdı: “1922-ci il doğumlu İbadov Rəfiəli Məhərrəm oğlu Qızıl Orduda, 369-cu motoatıcı diviziya tərkibində 21.04.1945-ci ildə həlak olub”.
İlk dəfn olunduğu məkan isə Polşa, Şesinskiy küçəsi, Qarts şəhəri, şimal-qərbdən 2 km aralı, Vest Oder çayının qərb sahilindəki limanın estakadası göstərilmişdi.

Müharibədən sonra qardaşımdan heç bir xəbər gəlməməsi atama çox pis təsir etmişdi. Atam üç il sonra dünyasını dəyişdi”.

“Atam anamı vurmaq istəyəndə qaçıb qardaşımın arxasında gizləndi”


Baloğlan müəllimin xatirələri:


“Bir dəfə atam anamı vurmaq istəyirdi, tez anam qaçıb Rəfiəlinin arxasında gizləndi. Atam anama gülümsəyərək: özüvə yaxşı müdafiəçi tapmısan. Atam qardaşımı görəndə hər şeyi unudurdu. Ümumiyyətlə, biz evdə 9 uşaq olmuşuq. Dörd bacı, beş qardaş. Qardaşım ikinçi uşaq olsa da, qardaşların ən böyüyü idi. İnsanın ağlına onun ailəmizdə ilk oğlan uşağı olduğu üçün belə istəkli olduğu gəlir, amma bir şey danışım, bəlkə sizə onun niyə bu qədər istəkli olduğunu başa sala bilərəm. Bir dəfə rayonumuzda özündən razı bir briqadir bütün rayon qızlarının içində Rəfiəliyə sillə vurmuşdu. Rəfiəli 10-cu sinifdə oxumasına baxmayaraq, çox cüssəli və qorxmaz idi. Amma yenə də özündən böyük olduğu üçün briqadirə heç nə deməmişdi ki, birdən onun bu əməlindən atamın xoşu gəlməz. Gəlib olanları atama danışdı. Atam qardaşıma briqadirin ondan böyük olduğunu və bir böyük kimi onu vurmağa haqqı çatdığını dedi. Atamın sözü onun üçün bir Quran ayəsi idi. Atamın sözünə bu qədər həssascasına yanaşması və daim valideyinlərinin yolunu gözləməsi onu hamımızdan fərqləndirirdi. Ona görə də hamımızdan daha çox istənməyə layiq oğul idi.

Müharibə bitdikdən sonra sağ qalan azərbaycanlı əsirlər vətəninə qayıtdılar. Kəndimizdən üç nəfər aralarında bibimin həyat yoldaşı Əbdül, qonşumuz Əliheydər və kənd sakini Naib də qayıdanların arasında idi. Onların hər üçü Rəfiəlini görüb, onunla söhbət etmişdilər”.

Rəfiəlinin bibisinin həyat yoldaşı Əbdül Seyfullayevin xatirələrindən:


“Əsir düşdükdən bir müddət sonra almanlar məni əməkdaşlığa cəlb etdilər. Əsirlərin üzərində nəzarətçi təyin edildim. Bir dəfə yolun qırağında əynimdə alman hərbi uniforması ağaca söykənib fikrə dalmışdım. Birdən yaxınlığımda hündür boylu, idmançı cüssəli alman zabitləri gördüm. İçlərindən birinin istehzalı baxışlarla mənə baxdığını hiss etdim. Yaxınıma gələrək, dedi: “Əbdül, məni tanımırsan!?”. Üzünə diqqətlə baxan kimi onun Rəfiəli olduğunu gördüm. Ancaq üzündəki ifadədən hiss olunurdu ki, mənim alman uniformasında, əsirlərin üzərində nəzarətimdən çox acıqlıdır. Mən ona dedim ki, “Rəfiəli, mən heç kimə pislik etməmişəm, heç kimi incitməmişəm, sadəcə düşdüyüm vəziyyət məni buna məcbur etdi”.  Sonra o mənə dedi: “Əgər alman kəşfiyyatı səndən soruşsa ki, o, kim idi, sənə nə deyirdi? Deyərsən ki, almanca danışırdı, heç nə başa düşmədim”. Mən də “arxayın ol” dedim və Rəfiəli yoluna davam etdi. Bu, bizim sonuncu görüşümüz oldu”.

Təəssüflər olsun ki, bu hadisənin neçənci ildə baş verdiyini Rəfiəlinin qardaşı Baloğlan müəllim xatırlamır.

Qonşusu Əliheydər Zamanovun xatirələrindən: 


“Əsirlikdə olanda məni sahə təmizləməyə aparmışdılar. Yol qırağında otları təmizləyirdim, birdən aralıdan 10-15 alman zabitinin gəldiyini və aralarından birinin mənə tərəf diqqətlə baxdığını gördüm. Onlardan biri mənə tərəf gəlib, soruşdu: “Sən Əliheydər deyilsən?” Dedim ki, bəli. Ona tərəf baxmamağı və gördüyüm işə davam etməyimi söylədi. Sağ-soluna baxaraq, öz çantasından çıxartdığı bir buxanka çörək və bir bütöv kolbasanı yaxınlıqdakı kolluğa atdı. Sonra bunu xəlvət, imkan düşən kimi götürməyimi tapşırdı. Son sözü bu oldu: “Məni tanımırsan haaa!”. Mən də ona “arxayın ol”, dedim.
Həmin bu alman zabiti paltarındakı əsgər Rəfiəli idi. Bu dialoqumuzdan, hərəkətlərindən və danışığından bildim ki, o kəşfiyyatşı kimi hansısa məxfi tapşırığı yerinə yetirir. Əsirlikdə saçımı-saqqalımı bit basmış və uzanmış, aclıqdan çox pis vəziyyətə düşmüşdüm. Təəccüblüsü bu idi ki, məni necə gördü, necə diqqət etdi, necə tanıdı. O andan sonra bir dəfə də olsun nə onu gördüm, nə də ki, haqqında bir söz eşitdim”.

Kənd sakini Naibin xatirələri:


Baloğlan müəllimin dediyinə görə Naiblə Rəfiəli hansısa bir məntəqədə görüşüblər, bunların hər ikisi alman uniformasında olduğu üçün Rəfiəli başa düşüb ki, Naib almanlara işləyir, özünü elə göstərib ki, guya alman zabitidir və Naiblə çox danışmadan oradan uzaqlaşıb. Naib Rəfiəlinin alman zabiti paltarında gördüyü üçün elə bilib ki, o da almanlara işləyir və əsirlikdən qayıdan kimi rayonda Rəfiəlinin almanlarla işbirliyində olduğunu Baloğlan müəllimə söyləyib.

Əliheydər və Əbdülün danışdıqları xatirələrdən sonra Baloğlan müəllim başa düşüb ki, Rəfiəli almanlarla işbirliyi içərisində deyil, sadəcə almanların içərisində kəşfiyyatla məşğul olub. Öz təbilincə desək “Mixaylo kimi bir insan” olub.


Mən deyilənləri yazdıqca, bu insanda nə qədər cəsurluq, qorxmazlıq, Azərbaycançılıq eşqi, millət sevgisi, qohumcanlılıq hisslərini gördüm. Düşünün, bir insan düşmən ərazisində öz canı deyil, əsirlikdəki həmvətənlərinin, qohumlarının sağ olub-olmadığı axtarışında olub. Əsirlikdə olan qonşusu Əliheydər xatirlərində dediyi kimi özü də təəccüb edib ki, Rəfiəli onu necə tanıyıb?. Çünki əsirlikdə aclıqdan, baxımsızlıqdan tanınmaz vəziyyətdəymiş. Bu cür insanı ilk baxışdan tanımaq üçün gərək diqqətlə o insanın üzünə baxasan. Əliheydər kimi minlərlə əsirlər olub həmən vaxt, bunların arasından öz tanıdıqlarını tapmaq təsadüf ola bilməz. Bu yalnız hər bir əsirə diqqətlə, yorulmadan baxmağı tələb edən məsələdir. İnanın ki, bu insan haqqında nə qədər müsbət fikirlər, qəlbinin, ruhiyyəsinin böyüklüyündən  yazsaq, yenə də az olar. 23 yaşlı qəhrəmanımızın öz əlləri ilə məktəbli dəftərinin vərəqinə karandaşla yazdığı “son məktub” sizin nəzərinizə çatdırmaq istəyirəm.


Əziz Oxucu!

Qəhrəmanımız haqqında Polşa Qızıl Xaç Cəmiyyətinin Axtarış şöbəsinə ünvanladığımız məktubdan ətraflı məlumat əldə edə bilsək sizin də diqqətinizə çatdıracağıq. Rəfiəlinin son məktubun məzmununu nəzərinizə çatdırırıq.

“Unudulmaz atam və anam, salam! Salamdan sonra sizin sağ və salamat olmağınızı arzu edirəm. Əgər məni soruşmaq istəsəniz, mən də sağ və salamatam. Baltik dənizinin ətrafında keşik çəkirik. Atam və anam, mən sizin üçün bərk darıxıram. Necə yaşayırsınız? Mənim üçün heç darıxmayın. Mən indi lap yaxşıyam. Yemək-içmək, hər nə istəsən var. Sağlıq olsa, dava da tezliklə qurtarar, salamatlıq olar.

Əziz atam və anam, mənə İbrahimxəlildən yazın, görüm haradadır? Ya da onun ünvanını göndərin. Sonra əmimdən, dayım İsaqdan yazın, görüm onlar necə yaşayırlar və harada olurlar? Xavərdən və onun uşaqlarından yazın, görüm necə yaşayırlar? Mənim hələlik vaxtım yoxdur ki, hamıya məktub yazam. Kəndin əhvalından mənə yazın, necə dolanırsınız? Əgər sağ qalsam, gələrəm. Əgər ki, ölsəm sizə məlumat verərlər ki, mən Rəfiəli Vətən yolunda həlak oldum. Tezliklə Berlini alarıq, Hitler faşizmini məhv edib azad olarıq. Bir də atam, mənə yaz ki, əmim Mərdi, Lütfi, dayım İsaq, Əbülqasım və Şükürdən kağız gəlir, ya yox? Xanımbacı necədir, oğlu İsaqa kağız yazırmı? Baloğlandan məktub gözləyirəm. Bir də bu illər ərzində tanış heç bir adam görməmişəm. Uzaqdan-uzağa hamınızın sağ əlini sıxıram və öpürəm. Bu qədər.

Cavab gözləyirəm. Hamıya məndən salam-dua.

Sizin oğlunuz: İbadov Rəfiəli”.

 

Emil Yavəroğlu
Qızıl qələm mükafatı laureatı
             

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır