Modern.az

Manat “üzən məzənnə”yə keçdikdən sonra təklif tələbi üstələyir - RƏSMİ

Manat “üzən məzənnə”yə keçdikdən sonra təklif tələbi üstələyir - RƏSMİ

İqtisadiyyat

22 İyun 2017, 10:55

2017-ci ilin ötən dövründə qeyri-neft sektorunda iqtisadi artımın bərpası prosesi başlayıb, son 5 ayda sektorda 2,3%, ticari sektorda 3,2%, qeyri-neft sənayesində isə 3,9% artım baş verib.

 

Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu barədə ötən gün keçirilən İdarə Heyətinin iclasında qeyd edilib.

İclasda bildirilib ki, qeyri-neft sektorunda iqtisadi artımın əsas amilləri son istehlak xərcləri, dövlət tələbi və xalis xarici tələbin yüksəlməsi olub. Cari ildən iqtisadi artımın daha da yüksəlməsi əhəmiyyətli dərəcədə nəzərdə tutulan struktur islahatların sürətlənməsindən, xalis xarici tələbin genişlənməsi imkanlarından, investisiya aktivliyinin, o cümlədən maliyyə vasitəçiliyinin bərpasından asılı olacaq.

Tənzimləyicinin rəhbərliyi bildirir ki, cari ilin I rübündə tədiyə balansında müsbət dəyişikliklər baş verib, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəsir (-2,5 mlrd. dollar) profisitlə (0,7 mlrd. dollar) əvəz olunub. Son 5 ayda xarici ticarət balansının profisiti ötən dövrlə müqayisədə 2 dəfə yüksəlib. Bu dövrdə həm neft, həm də qeyri-neft ixracı artıb, qeyri-neft idxalı isə azalıb.

 

Rəsmi məlumata görə, üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.

 

Pul kütləsinin hədəflənməsi şəraitində Mərkəzi Bank ötən dövrdə çevik monetar siyasət həyata keçirib. Qəbul edilmiş pul proqramı çərçivəsində üzən məzənnə rejiminə keçidlə əlaqədar gözləntiləri nəzərə almaqla ilin əvvəlində Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmini bərpa edib. İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (1 günlük, 7 günlük, 14 günlük, 28 günlük) pul siyasəti alətlərini aktiv saxlayıb.

 

Bu dövrdə maliyyə bazarlarında pulun dəyəri başlıca olaraq Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşıb.

 

Bütövlükdə həyata keçirilən monetar siyasət iqtisadiyyatda likvidliyin idarə olunmasını və ödəniş sisteminin stabil fəaliyyətini təmin edib.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü