Modern.az

Məhəmməd Füzuli “Su” qəsidəsində sudan bəhs etmir

Məhəmməd Füzuli “Su” qəsidəsində sudan bəhs etmir

Ədəbi̇yyat

11 İyul 2017, 15:26

Böyük Azərbaycan şairi və mütəfəkkiri M.Füzuli yalnız Azərbaycan klassik ədəbiyyatının deyil, həmçinin bütün dünya ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun yazdığı əsərlər öz dərinliyi və yüksək bədii səviyyəsi ilə dörd yüz ildən çoxdur ki, solmaz söz gülüstanı olaraq öz təravətini itirmir. M.Füzulinin yaradıcılığı o qədər zəngindir ki, onun meydana gətirdiyi əsərlərin yalnız adını qeyd etməli olsaq qalın kitab alınar. Üç dildə - ərəb, fars və türk dillərində divan yaratması bu böyük sənətkarın nə qədər geniş və əhatəli yaradıcılığa malik olmasını aydın göstərir. Şairin bir çox əsərlərində Uca Allahın birliyi təbliğ edilir, sonuncu peyğəmbər Muhamməd Mustafaya və əhli-beytinə Allah sevgisinin əlaməti olaraq sevgi və məhəbbət izhar olunur. Özü də şair  könül dünyasının bu əvəzsiz təzahürünü müxtəlif səviyyələrdə maraqlı ədəbi üsullarla ifadə edir. Bu mövzuda şairin yazdığı möhtəşəm əsərlərdən biri də klassik ədəbiyyatımızın zirvəsində IV əsrdən artıq günəş kimi parlayan “Su” qəsidəsidir. Öncə onu qeyd edək ki, qəsidə janrı mahiyyət etibarilə dini-ruhani məzmunlu şeir nümunəsi kimi meydana çıxmış, daha sonra dəyişikliyə uğrayaraq ictimai-fəlsəfi məzmunlu şeir janrına çevrilmişdir. Məhz şair bu qəsidəsində əslinə uyğun olaraq dini-ürfani məzmun daşıyan bir əsər meydana qoymuş, lakin öz yaradıcılıq manerasına uyğun olaraq bu məzmunu maddi-mənəvi vəhdət əsasında çox yüksək sənətkarlıqla çulğalaşdırmışdır. Şair bu qəsidədə maddi resurs olan suyu bədii şəkildə obrazlaşdıraraq öz dini-fəlsəfi baxışlarını ustalıqla nəzərə çatdırmışdır:

 

 Saçma, ey göz, əşkdən könlümdəki оdlarə su
 Kim, bu dəklü tutuşan оdlara qılmaz çarə su.

 

Şair demək istəyir ki, ey gözüm, yaş axıdıb könlümün odlarına su çiləmə, çünki könlümdəki odları söndürməyə göz yaşı su kimi təsir edə bilməz. Axı göz yaşı da od kimi istidir. Od odu söndürməz, əksinə odun hərarətini artırar.

 M.Füzuli qəsidənin bu kimi başlanğıc beytində və daha sonrakı üç beytdə öz əhval-ruhiyyəsini təqdim etməklə sonrakı fikirlər üçün zəmin hazırlayır. Qəsidəni oxuduqca bizə könüldəki odun nə olduğu aydın olmağa başlayır:

 

 Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,
Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

 

 Bu misralardan məlum olur ki, şairin könlünə od salan Muhamməd peyğəmbərə olan böyük və tükənməz sevgidir. Bu sevgi sevənin ümid, həyəcan, həsrət duyğulu ürəyinin hiss tüğyanında sönməyən bir oda çevrilib. Bu odu heç bir su ilə söndürmək olmaz. Hətta bu atəş həsrət çəkənin göz yaşlarından irəli gəlsə belə yenə də onun sönməsi mümkün deyil. Özü də bu odun olması sevən ürəyə zillət deyil, əvəzsiz bir zövq verir. Bu zövq İlahi eşqindən qaynaqlanan ülvi hislərdən yaranır. Beytin daha dəqiq izahında bu misraların məhz sevgili peyğəmbərimiz üçün yazıldığı aydın olur. Məlumdur ki, dini-ürfani rəvayətlərdə gülün peyğəmbər tərindən yaranması yer alır. Bu baxımdan hər gül bir peyğəmbərin tərindən yarandığı kimi, qızılgül də Muhamməd peyğəmbərin tərindən Uca Allahın lütfü ilə meydana gəlmişdir. “Gül Muhamməd təridir” deyən ürfan şairlərindən Yunis Əmrə də məhz bu anlamı nəzərdə tutaraq gülün Muhamməd Əleyhissəlamı ifadə edən rəmz olmasını Füzulidən iki əsr əvvəl ifadə etmişdir. Füzuli də eyni duyğularla çıxış edərək demək istəyir ki, bağban gülzar yaratmaq üçün sudan istifadə etməklə çox da əziyyət çəkməsin ki, min gülzara da su versə, ey sevgili peyğəmbərimiz, yenə sənin üzünün tərindən yaranan gül kimi o gülzarda gül açıla bilməz. Çünki, o gülzardakı güllər sudan əmələ gəlir, sənin üzünün tərindən yaranan güllər isə daha gözəl, ətirli və rayihəldir.                  

  M.Füzuli sonrakı beytlərdə fəxri-kainat Muhamməd peyğəmbərin bütün kainatın ən şərəflisi olmasından, bütün insanlara onun varlığının işığının düşməsindən, Allahu-Təalanın ona verdiyi ən uca məqamdan və sair üstün keyfiyyətlərindən bəhs edir:

                           

 Tinəti-pakini rövşən qılmış əhli-aləmə,
İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su.

 

Qəsidədə bu mənanı ifadə edən beytlər müxtəlif səviyyələri ilə diqqət çəkir. Şair beyt-beyt bizi əziz peyğəmbərimizin varlığının dəyəri haqqında bilgiləndirir. Şairin peyğəmbərimizə olan sevgisi o qədər şiddətlidir ki, öz arzusunda məzarının kuzəyə çevrilib ona öz sevgisinin nümayişi kimi təqdim olunmasını arzu edir.

 

Dəstbusi arizusundan gər ölsəm, dustlər,
Kuzə eylin tоprağım, sunun оnunla yarə su.

Şair qəsidənin peyğəmbər sevgisi ilə yazılmasını bildirmək üçün bir neçə vasitədən istifadə edir ki, Muhamməd peyğəmbərin Allahın dostu olması, bəşərin ən xeyirlisi kimi “xeyrül-bəşər” adlanması ifadəsində bunu aydın şəkildə görürük:

  

Ya həbibullah! Ya xeyrül-bəşər! Müştaqinəm,
Eylə kim, ləbtəşnələr yanıb dilər həmvarə su.

 
Klassik ədəbiyyatdan məlumdur ki, Muhamməd peyğəmbərə həsr olunmuş şeirlərə nət deyilir. Şair qəsidənin məqtəsində oz adını işlətdiyi yerdə məhz bu qəsidənin nət olduğunu da diqqət mərkəzinə çəkir:

 
Yümni-nə’tindan gühər оlmuş Füzuli sözləri,
Əbri-nisandan dönəntək lö’löi-şəhvarə su.

                         

  M.Füzulinin Mühamməd Əliyhissəlama və onun əhli beytinə, imamlara həsr olunmuş şeirləri həddindən artıq çoxdur. “Su” qəsidəsi də onun əziz peyğəmbərimizə olan böyük məhəbbətinin ən kamil bədii nümunələrindən biridir.



ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru        
e-mail: [email protected]

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır