Modern.az

Nu, poqodi

Nu, poqodi

Ədəbi̇yyat

15 İyul 2017, 16:50

Azad Müzəffərli

Hekayə

 

Qızıgildəydi. Dünəndən qonaqdı. Gecə yarıdan keçənə qədər hal-əhval tutub, doyunca söhbət eləmişdilər. Əksər oğlan uşaqları kimi gec dil açmağa başlayan nəvəsi də ona yamanca isinişmişdi, qucağından düşmürdü.

 

Səhər tezdən kürəkəni işə yollanmışdı. Mışıl-mıışıl yatan nəvəsi ayılan kimi qucağına atıldı. Ata-anası heç yadına da düşmürdü. Bir-birinə qısılıb “qarğa dilində” xeyli söhbətləşdilər. Azca keçmiş nəvəsi ilə birgə evdə meydan sulayırdılar. Əməlli-başlı şitlikləri tutmuşdu. Cığallıqda bir-birindən geri qalmırdılar. Oyuncaqları evlə bir eləmişdilər. Ta çul düşənə qədər oyunbazlıqlarından əl çəkmədilər. Qızı da fürsətdən istifadə edərək ev işləri ilə məşğuldu. Ona da, nəvəsinə də nahar hazırlayan qızı icazə alaraq uşağa bazarlıq eləmək üçün evdən çıxdı. Qızı təklif eləsə də, hələki iştahı olmadığından yeməyinə əl dəyməmişdi. Bir qədər ötəndən sonra qəfildən ağlına gəldi ki, bayaqdan sakitlik bilməyən körpə yəqinki ac olar, ona yemək vermək lazımdı. Kiçik qazandakı sıyıqdan qaşıqla nəvəsini yedizdirmək istədi. Balaca əlləri ilə ağzını möhkəm-möhkəm qapayıb, nümayişkarənə şəkildə yeməkdən imtina elədi. Dəfələrlə dilnən-felnən körpənin başını bişirmək istəsə də, xeyri olmadı. Növbəti dəfə buna cəhd edəndə qıyqacı baxışlarla onu süzən nəvəsi toppuş barmağını ona sarı silkələyərək dilə gəldi:

 

- Nu, poqodi!? (Eybi yox, görərsən!?).

 

Heyrətdən yerindəcə donub qaldı. Deməyə söz tapmadı. Nitqi qurumuşdu. Üç yaşına təzəcə qədəm qoyan körpədən özünə qarşı belə “qəddar” münasibət gözləmirdi. Onun fikrincə bunu haqq eləmirdi. Hələ, nəvəsinin ona bu cür yanaşmasını bir az ürəyinə də saldı.

Babasının ona məhəl qoymadığını görən balaca israrla dəfələrlə eyni ifadəni təkrarladı. Telefon zəngi onu bu “məşəqqətli tamaşa”dan müvəqqəti də olsa, ayırdı. Böyük otağa keçdi. Zəng edən qızıydı.

 

- Ata, Elşad yuxudan ayılıb?

- Hə, qızım durub.

- Səni incitmir ki? Zəhmət olmasa, küsmə də, bir-iki dənə də ərzaq, bir az da mer-meyvə  qalıb, onları da alıb, uzağı yarım saata gəlirəm...

- İncitmir də sözdü, lap atamı yandırır... Barmağı ilə məni hədələyir, “Nu, poqodi” – “Baxarsan, görərəsən” deyə mənə qorxu-hürkü gəlir... Düzü, məəttəl qalmışam ki, axı, mən hansı günahın sahibiyəm, dünəndən bəri də özümü yaxşı aparmağa çalışmışam... Onu nədəsə incitdiyim yadıma gəlmir?!.

 

Qızı nə təhər ürəkdən güldüsə, o da, özünü saxlaya bilməyib balasına qoşuldu. Handan-hana özünə gələn qızı güc-bəla ilə birtəhər ”Ata, o, multik istəyir, e, ”Nu, poqodi”ni, sənlə nə işi!?.”-deyə bildi.

 

Bu vaxt körpəni tək qoyduğu qonşu otaqdan yad səslər eşidən baba telefonun dəstəyini tezcənə kənara itələyib, tələm-tələsik oraya yönəldi. Yenə də gözlərinə inanmadı, bu dəfə də heyrətdən yerindəcə donub qaldı.

Nəvəsi anasının əl kompyuterini dizləri üstə qoyub açaraq  hayıl-mayılcasına cizgi filminə baxırdı.  Daha deməyə sözü belə yoxdu, gücü Tanrıya şükür eləməyə yetdi; “Ya İlahi, şükür kəramətinə, ölmədik, bu günü də gördük, üç yaş içində olan körpə mənim – ali təhsilli müəllimin güc-bəla ilə baş çıxardığı kompyuterdə sərbəst şəkildə istədiyi multikə baxır !!! Görəsən, dünya hayana gedir belə!?. ”     

 

Nəvəsini röyalar aləmindən ayırmaq istəməyən baba sakitcə qonaq otağına döndü. Qızı ilə söhbətini davam etdirdi. Vəziyyətdən hali olan qızı bu dəfə gülməkdən özünü güclə də olsa, saxlaya bildi. Atasından xahiş etdi ki, telefonun dəstəyini Elşada versin. Anasının səsini eşidər-eşidməz çöhrəsi şölə saçan körpə telefonun dəstəyinə “Maaşa, Maaşa, Maaşa” deyə üsyana başladı. Nəvəsinin telefonun dəstəyini ona uzatmasından başa düşdü ki, qızı onu istəyir.

- Ata, xahiş edirəm, televizoru aç, ekranda yan tərəfdə “Maşa və ayı” – “Maşa i medved” cizgi filminin işarəsini görəcəksən, onu pultla işə sal, Elşad baxsın, o multiki də çox xoşlayır. Digər multiklərə də baxır, amma nədənsə bu iki cizgi filmindən ötrü sinov gedir...

- Oldu, qızım, indi başa düşdüm, deyirəm, axı, mənim nə günahım, sən demə uşaqcığaz cizgi filmi istəyirmiş!?.

 

Bir az sonra “iki qardaş” böyük həvəslə “Maşa və Ayı” cizgi filminə tamaşa edirdilər. Hər ikisinin çöhrələrindəki ifadələr tez-tez dəyişirdi. Ən əsası, təbəssümləri əksilmirdi. Gözünü ekrandan çəkməyən Elşadın bədahətən “kaşa” deyə ona sarı boylanmasından babasının matı-qutu qurudu. Balaca iştaha gəlmişdi. Mətbəxdən sıyığı gətirib nəvəsini yedizdirməyə başladı. Bu məqamda körpənin yeməkdən və ya cizgi filmindən daha çox həzz aldığını ayırd eləmək çətindi. Az sonra nəvəsi qazanı da, qaşığı da ehmallıca ondan alıb aram-aram özü yeməyə başladı.

 

Cizgi filmi babanın da döşünə yatmışdı. Lap özünü körpə uşaq təkin hiss eləməyə başlamışdı. Doğrudan da, multikə söz ola bilməzdi.

 

Balaca olanda bütün Sovet adamları tək “Nu, poqodi”ni saysız-hesabsız dəfə seyr etmişdi, indi də “Maşa və Ayı”nın ləzzətini çıxarırdı. Əsl sənət əsəri başqa şeydi. Əgər, dilsiz-ağızsız körpə uşaqlar bunları bəyənirsə, belə yerdə deyiblər, “Görünən dağa, nə bələdçi!!!”. Bunları araya-ərsəyə gətirənlərin atasının ruhuna dua oxuyub, bir az da ekrana yaxın oturdu. Fikirləşdi ki, heyif deyil, uşaq olmaq, hamı qulluğunda müntəzirdi, heç nə vecinə deyil, üçdə alacağın yox, beşdə verəcəyin!?. Tezcə böyüyüb dünyanın yükünü özünə çul eləmək istəyi, görəsən, bu insanların nəyinə gərəkdi!?.    

 

Bir də onda ayıldı ki, yamanca acıb, mədə-bağırsağı od ələyir. Udqundu, ağzındakı şirəni içəri ötürdü. Nəvəsinə qibtə eləməkdən özünü güclə saxladı. Ağzıaçıla onun qaşıqla sıyığı necə mədəsinə dürtməsinin tamaşasına durdu.

Elə bil, uşaq da babasının acdığını duydu. Yoxsa, qaşıqla öz payından babasına sarı niyə uzadazıydı ki!?. Utanmaqdan keçmişdi, bir də nəvəsinin əlini boş qaytarmağa heç cür ürəyi gəlmədi. “Maşa və Ayı” cizgi filmini seyr edə-edə sıyığın axırına çıxdılar. Qızı qayıdana qədər multikin bir-birindən maraqlı seriyalarından həzz ala-ala nəvəsiylə birgə onun özü üçün hazırlanan yeməyin də yarısını həzmdən keçirmişdilər. Qızı mənzilə daxil olanda nəvə-bala bayaqdan qapanmaqda olan gözlərinin öhdəsindən artıq gələ bilmədilər. Sanki, qış yuxusuna getdilər.    

 

P.S. Bu hekayəni nəvəm Elşad Mövsümlünün şəxsində bütün azərbaycanlı körpələrə həsr edirəm. Tanrı onlara yar olsun!!!

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır