Modern.az

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

24 İyul 2017, 22:29

Onu əfsanəvi nazir, böyük insan, əsl peşəkar, xeyirxah ürəyə malik azərbaycanlı kimi xatırlayırlar. Bəli, məhz əfsanəvi... Sıravi ustalıqdan nazir kürsüsünə qədər pillə-pillə qalxan Sabit Orucov bu titulu gərgin əməyi, bacarığı, öz biliyinə və təcrübəsinə güvənməyi ilə qazanıb.

Modern.az saytı 1972-1981-ci illərdə SSRİ qaz sənayesi naziri Sabit Orucov haqqında yazını təqdim edir.

Sabit Orucov 1912-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft Sənayesi İnstitutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə sıravi usta, mexanik kimi başlayıb. Qısa müddətdən sonra Suraxanı mədənlərində direktor, daha sonra isə “Ordconikidzeneft”in idarə rəisi, “Azneft”də mühəndis vəzifələrinə təyin olunub..

1946-cı ildə Sabit Orucov Moskvaya dəvət alıb, ona SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri vəzifəsini həvalə ediblər.

Təşkilatçılığı və dərin biliklərə malik olması ilə həmişə diqqət mərkəzində olan Sabit Orucov 1947-1949-cu illərdə “Krasnodarneft” birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-1953 və 1955-1957-ci illərdə SSRİ neft sənayesi nazirinin müavini, 1957-1959-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-1962-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-1965-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi üzrə baş idarənin rəhbəri, 1965-1972-ci illərdə SSRİ neft sənayesi nazirinin birinci müavini, 1972-1981-ci illərdə SSRİ qaz sənayesi naziri olub.

Sabit Orucov Xəzər dəniz neft yataqlarında, xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf edib.

1950-ci ildə Sabit Orucov Krasnodar mədənlərinin yenidən işə salınması, inkişaf etdirilməsi və neft hasilatının artırılmasına görə böyük uğura imza ataraq Stalin mükafatına layiq görülüb.


1965-ci ildə Qərbi Sibir yataqlarının mənimsənilməsində ciddi problemlərin olduğu bir vaxtda, həmin ərəfədə SSRİ neft sənayesi nazirinin birinci müavini vəzifəsində çalışan Sabit Orucov mövcud problemlərin həllini öz üzərinə götürüb və qısa müddət ərzində onun rəhbərliyi altında yüzdən artıq yataqlar istismara verilib. Artıq 1970-ci ildə Qərbi Sibir yataqlarından 250 milyon tondan artıq neft çıxarılıb. Tümen vilayətində neft hasilatının yüksək göstəricilərinə görə Sabit Orucov Lenin mükafatına layiq görülüb.

Sabit Orucovun Sibir uğurları Kremlin diqqətindən yayınmayıb. Həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri olan Kosıgin Orucova böyük ümidlər bəsləyib. O,  ölkə üçün çox vacib sayılan bu sahənin ən iri və mürəkkəb layihələrini Sabit Orucova həvalə edəndə və Siyasi Büroda bu cür mürəkkəb məsələlərin həllinə ümidsiz yanaşılanda azərbaycanlı mütəxəssis bütün etimadları doğrultmağı bacarıb və təşkilatçılıq qabiliyyəti ilə ümidsizliyə qapılan Kreml məmurlarını təəcübləndirməyə də nail olub.

Və bütün bunların nəticəsi olaraq 1972-ci ildə Kosıgin Orucovu Kremlə dəvət edib və onlar birlikdə Leonid İliç Brejnevin kabinetinə təşrif buyurublar. Bu görüşdə uzun-uzadı müzakirə olmadam Sabit Orucov SSRİ-nin qaz sənayesi naziri təyin olunub.

Sabit Orucov kabinetdə əyləşməyi sevən nazirlərdən olmayıb. Onun haqqında belə bir məsəl də çəkiblər: “Naziri kabinetdə yox, qaz çıxan yerdə axtarın”.

Sadəliyi, səmimiyyəti ilə seçilən Sabit Orucov dostcanlı, ailəsini sevən adam olub, kabinetində həyat yoldaşının və qızının şəklini saxlayıb, daim ezəmiyyətlərdə olduğundan onlara çox vaxt ayıra bilmədiyini də başa düşüb, ancaq qarşılıqlı anlaşma bu ailənin xoşbəxtliyini həmişə qoruyub saxlayıb. Orucovla eyni ərəfədə SSRİ neft və qaz sənayesi obyektlərinin tikintisi nazirinin müavini olmuş Vladimir Çirskov onunla bağlı xatirələrində yazıb:


“Sabit Orucov özünü bütövlükdə işə həsr edən adam idi. Ancaq buna baxmayaraq o, ailəsini də çox sevirdi. Ona Sosialist Qəhrəmanı adı veriləndə birinci olaraq həyat yoldaşına zəng vurub uğurunu ilk olaraq onunla bölüşdü:


- Fatma, bizə qəhrəman adı verdilər...


Onun ən gözəl xüsusiyyətlərindən biri də o idi ki, iş nə qədər gərgin olsa da, mühitin, münasibətlərin gərginləşməsinə imkan vermirdi. Yaxşı xatırlayıram, Sibirin ucqar bölgələrindən birində ezamiyyətdə idik. Orucov müşavirə keçirirdi, yüzə yaxın rəhbər işçi müşavirədə iştirak edirdilər və çox ciddi məsələlər müzakirə olunurdu. Həmin müşavirə zamanı xokkey üzrə dünya şempionatı gedirdi və SSRİ yığması finalda oynayırdı. Biz olduğumuz yerdə televizor yox idi. Arxa otaqların birində isə sıravi işçilər radio vasitəsi ilə SSRİ komandasına azarkeşlik edirdilər. Elə müşavirədə olanların çoxusu da xokkey azarkeşləri idi. Bunu bildiyimdən qərara gəldim ki, Orucova kiçik bir qeyd yazın göndərim. Kiçik bir kağız parçasında xokkeylə bağlı məsələni ona agah etdim. O kağızı oxuduqdan sonra ciddi bir görkəm alıb ayağa durdu:


- Yoldaşlar, mən sizə bir məsələ ilə bağlı məlumat verməliyəm. Biz hazırda çox mühüm bir məsələni, neft-qaz hasilatını müzakirə edirik və bu məsələ dövlətimiz üçün olduqca vacibdir. Amma digər bir ciddiliyi heç də az olmayan məsələ də var. Hazırda bizim xokkeyçilərimiz final oyununda ölkəmizi təmsil edirlər. Oyunun bitməsinə 10 dəqiqə qalır. Əgər etiraz etmirsinizsə, biz müşavirəni 10 dəqiqəlik saxlayaq və komandamızın qələbəsinin şahidi olaq. Xahiş edirəm, radionu müşavirə zalına gətirin.


Beləliklə biz hamımız radio vasitəsilə oyunu izlədik, Orucovun proqnozu doğru çıxdı, biz bir-birimizi qələbə münasibətilə təbrik etdik. Bundan sonra müşavirə daha ciddi şəkildə öz işini davam etdirdi...”.


Sabit Orucovun zamanında SSRİ-nin, həmçinin Azərbaycanın qaz sənayesinin inkişafına verdiyi töhfələr bu gün də bəhrəsini verməkdədir. Məhz vahid qaz təchizatı sisteminin qurulması Sabit Orucovun nəzəriyyəsi əsasında yaradılıb. Rusiyanın nəhəng “Qazprom” şirkətinin Sabit Orucovun 100 illiyi ilə bağlı keçirdiyi təntənəli tədbirdə də onun əvəzsiz xidmətləri yüksək qiymətləndirilib.


Sabit Orucov təkcə SSRİ-də deyil, həm də xarici ölkələrdə də təcrübəli mütəxəssis kimi tanınıb. Elmi araşdırmaları böyük marağa səbəb olan professor Sabit Orucov Yaponiya, İngiltərə, Kanada, ABŞ, Almaniya və bir sıra ölkələrdə Ümumdünya və Beynəlxalq Neft və Qaz Konqreslərində məruzələrlə çıxış edib, 8-ci Moskva Neft Konqresində Dünya Neft Konqreslərinin vitse-prezidenti seçilib.

O, iki dəfə SSRİ Dövlət Mükafatı və Lenin mükafatı laureatı olub, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, 3 dəfə “Lenin” ordeni, 4 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunub.

Sabit Orucov 1981-ci ildə Moskva şəhərində vəfat edib, Moskvanın Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...