Modern.az

Qarabağın açarı  

Qarabağın açarı   

25 İyul 2017, 10:47

Vahid Qazi


Sənə yalan deyiblər, dostum! Səni aldadıb inandırıblar ki, Qarabağın açarı Rusiyanın, Amerikanın, ATƏT-in, beynəlxalq aləmin əlindədi.

Bir-birimizin gözünə kül üfürürük. Hökumət bizim, biz də hökumətin. Özümüz özümüzü aldadırıq, inandırırıq ki, Qarabağın işğalda qalmasına ən başlıca səbəb Ermənistandı, Rusiyadı, xristian dünyasıdı. Uzun illərdi aldadırıq bir-birimizi, bu gedişlə deyəsən hələ çox uzanacaq bu iş.

Əsl həqiqəti görməmək üçün dəvəquşu pozası alırıq. Ən dəhşətlisi də bu müvazinətlə barışmağımızdı.

Gerçək olansa budur ki, Ermənistan Qarabağ kilidində sonuncu açardı.

Rusiya kilidinə düşən açar da taparıq, bundan sonra Amerikanın, Avropanın – bütün dünyanın qapıları özü açılar taybatay.

Qarabağ tilsimi bir dəli sevgiyə möhtacdı, sevgi inad deməkdi həm də. O tilsimi inadlı sevginlə sındırar, açarsan. Mübariz İbrahimov həlak olanda yazmışdım ki, Qarabağa zəfər yolumuz vətəni dəli bir eşqlə sevməkdən keçir.

 

Qarabağın açar kodu Azərbaycan hakimiyyəti və Azərbaycan xalqıdı.

Qərargahı Bərdəyə, Quzanlıya köçürüb “Mən burdayam – Qarabağda! Gəlmişəm Qarabağı azad edək” deyəndə sınacaq. Populizm deməyəcəklər buna. Bu, elə həmin dəli sevdadı – vətən sevdası. Bu, elə həmin tilsimin açarıdı. Tilsim bu sevdada sınar. Yerdə qalan diplomatiya, hərb məsələləri bu sevdadan keçər.

Hər azərbaycanlı Dilqəm Əsgərov, qarabağlı Şahbaz Quliyev, ağdamlı Həsən Həsənov olanda sınacaq bu tilsim. Dilqəmgil ana qəbrini ziyarətə, yurda baş çəkməyə getmək üçün kimsədən icazə almamışdılar. Biz onları tək qoyduq. Bir Dilqəm yerinə on Əli, yüz Vəli, min Vahid olsaydı erməni də, rus da, dünya da baxıb görərdi. Görüb deyərdi bunlar havalıdılar, dəlidilər, yurd sevdalısı, vətən dəlisidilər.

 

Ağdamı işğal günündə yada salan nə qədər könlüqırıq yurddaşımın ürək sözünü oxudum. Bunlar pafosdan uzaq, səmimi qəlb sözləridi. Amma Qarabağa bu yetmir! Qarabağa sözün qorxmayan üzü lazımdı.

Qarabağ yolunda hədəf ermənidən qabaq özümüzük.

Qarabağı onu geri qaytarmağa borclu olanlardan soruşacaqsan. Qarabağı onu qaytarmağa borclu olanların yaxasından yapışaraq tələb edəcəksən.

Qarabağı ermənidən qabaq özündən istəyəcəksən!

Qarabağın açarı ermənidə, rusda deyil! Özündədi, qəlbindədi – “cibinə” əməlli bax!


24 iyul, 2017-ci il

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir