Azərbaycanın ən yaşlı universitet müəllimi Məsumə Məlikova bir neçə gün əvvəl 97 yaşını qeyd edib.
1968-ci ildən Bakı Dövlət Universitetində (BDU) çalışan Məsumə Məlikova hazırda Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiridir.
Modern.az uzun illər pedaqoji fəaliyyətlə məşğul olan alimlə əlaqə saxlamağa çalışsa da, səhhətində yaranan problemlər səbəbindən bu, mümkün olmayıb. Bu səbəbdən onun çalışdığı fakültənin tələbələri ilə həmsöhbət olduq.
Tələbələr Məsumə müəllimi fakültədə bir neçə dəfə gördüklərini, lakin ondan dərs almadıqlarını bildiriblər. Onu yaxından tanımasalar da, xoş təəssürat bağışlayan bir insan kimi xarakterizə ediblər.
Tələbələrin sözlərinə görə, Məsumə Məlikova hazırda universitetə mütəmadi gələ bilmir.
Xatırladaq ki, Məsumə Məlikova 1929-cu il noyabrın 22-də Bakıda anadan olub. 1952-ci ildə indiki Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildən kafedra müdiri vəzifəsində çalışır.
1974-cü ildə professor elmi adını alan Məsumə Məlikova 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilən ilk qadın hüquqşünas alim kimi tarixə düşüb.
Görkəmli alim Azərbaycanın siyasi və hüquqi fikir tarixinin öyrənilməsi məktəbinin banisidir. O, çoxsaylı dərslik, monoqrafiya və 150-dən artıq elmi əsərin müəllifidir.
Məsumə Məlikova, həmçinin Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan şəxslərdən biridir. O, Azərbaycanın 1978-ci və 1995-ci il konstitusiyalarının, eləcə də Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasının hazırlanması üzrə komissiyaların üzvü olub.