Modern.az

Turizmdə gürcü sindromu  

Turizmdə gürcü sindromu   

İqtisadiyyat

25 İyul 2017, 16:10

Nicat Nəsirli

Ölkə Prezidenti Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasında Azərbaycanda turizmin vəziyyəti ilə bağlı fikirlərini səsləndirərkən bəndəniz qonşu Gürcüstanda müşahidələr aparırdı. Məqsədim gürcülərin turizmə yanaşmalarını öyrənmək idi. Gəldiyim qənaətlər aşağıdakılardan ibarət oldu:  


1. Milli təssübkeşlik var: hər bir gürcü turizmə milli məsələ, ölkənin inkişafında ən mühüm amil kimi baxır. Anlayırlar ki, ölkəyə qədəm qoyan hər bir əcnəbi nəqliyyat, qonaqlama, yemək, istirahət, alış-veriş kimi çoxsaylı xidmətlərə pul xərcləyəcək və bu son nəticədə gəlirləri artıracaq. Ona görə əcnəbilərə həsas münasibət göstərməyə çalışırlar.


2. Az, amma sabit qazanc anlayışı: “az olsun, həmişə olsun”. Bu ifadəni hər bir gürcü sahibkardan eşitmək olar. Qiymətlərdə bizdəki kimi “mövsümi təlatümlər” baş vermir, sabitdir, ona görə hər bir turist çəkinmədən kisəsinin ağzını açır.  


3. Brendlər yaradıblar: Şəhərlərini rəmzləşdiriblər, hər addımda xristianlıq ismarıcları verilir, hündür yerlərə gecələr işıqlandırılan böyük xaçlar qoyublar. Bu amil inanc etibarı ilə bu dinə inanan minlərlə insanı cəlb edir.  

4. İxtisaslaşma aparıblar: hər bir turist bilir ki, dəniz üçün Batumiyə, müalicə üçün Borjomiyə, təbiət üçün Bakuryaniyə üz tutmalıdır. Hətta ölkənin bütün yanacaqdoldurma məntəqələrində turistlərə pulsuz xəritələr, istiqamətverici vərəqələr paylanır. Bu addım turistlər üçün marşurut seçməkdə mühüm rol oynayır.


5. Turizmə xidmət edən infrastruktur qurublar: kiçik və orta sahibkarlıq sahələri formalaşdırılıb ki, ölkəyə gələn hər bir əcnəbi öz cibinə uyğun qalmaq yeri tapa bilsin. Ucuz, həcmcə kiçik otellər,motellər, hostellər, pansionatlar çoxdur. Hər bir vətəndaş daşınmaz əmlakı varsa, ona cüzi dəyişikliklər edərək turistlərin ixtiyarına verib, gəlir əldə edir.


6. Turizmə xidmət edən ev təsərrüfatları, xalq sənətkarlığı sahələrini inkişaf etdiriblər: yüzlərlə ailə, təsərrüfat subyektləri xidmət sahələrini ərzaq məhsuları, ev istehsalı olan şərablar, müxtəlif suvenirlərlə fasiləsiz təmin edir. Nəticədə, əcnəbilər geri dönəndə əliboş qayıtmırlar.


7. Müştəri məmnuniyyəti: xarakter, dil quruluşu baxımından nə qədər qaba olsalar da, bu hislərini müştəriyə hiss etdirməməyə çalışırlar. Çünki, ortada pulları itirmək qorxusu var.


8. Turizmin inkişafına sosial təşəbbüslər var: cəmiyyətin müxtəlif sahələrində tanınmış şəxslər tez-tez təmənna güdmədən bölgələrə, istirahət obyektlərinə səfər edərək pulsuz konsertlər verir, əcnəbilərlərlə fotolar çəkdirirlər, bu addım qarşı tərəfdə marağı artırır.


9. Hər kəsin damaq dadına uyğun yemək mədəniyyəti: Nahaq yerə demirlər ki, turizm ağız dadından başlayır. Bizdə turizm obyektlərində daha çox “lülə, tikə, basdırma” menyüsü təklif olunur, qarşı tərəfin dünyagörüşü rol oynamır. Amma gürcü bir az canına cəfa verərək fərqli mədəniyyətlərə malik insanları cəlb etmək üçün çoxsaylı nümunələr təklif edir.


Müşahilərimi artıra bilərdim, amma sizi yormaq istəmirəm. Fikirlərimlə razılaşmaq istəməyən dostlara məsləhət görürəm ki, elə indicə FB-dakı tanışlarının yay istirahətini harada keçirmələri ilə maraqlansınlar. Hörmətli Mark bu barədə məlumat verəcək.

Yazının başlığında qoyulmuş sualın cavabları bu müşahidələr ola bilərmi sizcə?

P.S. Gürcüstanda bir xarici vətəndaş mənə bunları dedi: "İlk dəfə Bakıya gələndə taksi sürücüsü məni hava limanından otelə 150 manata apardı. Sonra öyrəndim ki, məsafəni hiss etdirməmək üçün məni küçələrdə xeyli fırladıb”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü