Modern.az

“Ədəbiyyat qəzeti” Cümhuriyyət mövzusunu diqqətdə saxlayacaq” - AXC-100

“Ədəbiyyat qəzeti” Cümhuriyyət mövzusunu diqqətdə saxlayacaq” - AXC-100

Ədəbi̇yyat

23 Sentyabr 2017, 12:32

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?

 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100”  mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.

Həmçinin, ayrı-ayrı ziyalılar, araşdırmaçı, tarixçi  və yaradıcı adamların da bu yöndə hər hansı iş görmələri böyük maraq doğurur.

Maraqlıdır, Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Ədəbiyyat qəzeti” də öz səhifələrində Cümhuriyyətlə bağlı nə kimi rubrikalara yer ayıracaq? Həmçinin, bu istiqamətdə nə kimi ideyalara, silsilə araşdırma mövzularına diqqət edəcək?


Qəzetin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Modern.az-a açıqlamasında  deyib ki, “Ədəbiyyat qəzeti” olaraq AXC ilə bağlı mövzulara daim həssas yanaşıblar:


“Yalnız yubileylə bağlı mərasimlərdə deyil, bütün hallarda redaksiyamıza bu dövrlə, dövrün ədəbi şəxsiyyətləri ilə bağlı maraqlı yazı daxil olduğu təqdirdə çapını çox gözlətməyib. Xatırladığım bu sıra yazıları nümunə gətirə bilərəm: Siracəddin Hacının M.Ə.Rəsulzadənin “Nizami” əsəri ilə bağlı yeni araşdırma yazısını çap etmişik. Ə.Hüseynzadə ilə bağlı professor B.Əhmədovla apardığım silsilə 3 polemik yazım çap olundu. Mövzunun araşdırıcıları olan Vaqif Sultanlı, Abid Tahirli bu mövzuda ardıcıl və davamlı şəkildə bizə yazırlar. Aprel ayında qəzetimizin “Müzakirə saatı”nda mühacirət ədəbiyyatına dair müzakirə saatı təşkil etdik. Yavuz Akpınar, Ömər Ozcan, İrfan Murad Yıldırım, Ədalət Tahirzadə, Yılmaz Özkanın iştirakı ilə gerçəkləşən bu müzakirədə həmin dövrlə bağlı ilk dəfə məhz bizim qəzetimizdə çox maraqlı faktlar səsləndirildi. Müzakirənin mətni ilə “Ədəbiyyat qəzeti”nin saytında tanış olmaq mümkündür. Qəzetimiz Bakıda Yunis Əmrə İnstitutunda Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 102 tələbədən biri İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatına qatıldı. Daha sonra həmin kitabın ön sözünün müəllifi Nüşabə Vəkilovanın  yazısı “Ədəbiyyat qəzeti”ndə işıq üzü gördü. Bu yaxınlarda əməkdaşımız istedadlı şairə Hədiyyə Şəfaqət “Öz əsərini danışdır” rubrikasında Dilqəm Əhmədlə müəllifin “Mühacirlərin dönüşü” kitabı əsasında böyük bir söhbət hazırladı”.

“AXC dövrünün ədəbiyyatı bir o qədər də yaxşı araşdırılmayıb. Qəzetiniz yubileyə qədər mütəmadi olaraq o dövrün ədəbiyyatına yer ayıracaq” sualına Azər Turan nikbin cavab verib:
 

““Ədəbiyyat qəzeti” mütəmadi olaraq mövzunu diqqət mərkəzində saxlayacaq. Yaxınlarda qəzetimizin “Müzakirə saatı”nda mövzumuz Cümhuyyətimiz olacaq. Mövzunun peşəkarlarını redaksiyaya dəvət edib bir çox məsələlərə aydınlıq gətirəcəyik. Eyni zamanda bu mövzuda bütün maraqlı mətnlər ardıcıl çap olunacaq”.



N.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır