Modern.az

­­­Akif Aşırlı Aqil Abbasla razılaşmadı: “Aşurada Nuru paşa Bakıda deyildi”  

­­­Akif Aşırlı Aqil Abbasla razılaşmadı: “Aşurada Nuru paşa Bakıda deyildi”   

Media

7 Oktyabr 2017, 08:58

“Manaf Süleymanovun kitabından yaman çox sitat gətirirlər. Bilirsiniz də nəyi? O türk paşasının Bakıda Aşura günü insanlara lağ eləməyini və döydürməyini. Və sonra da onlardan bir qrupunu tutdurub mindirir qatara ki, göndərəcəm Batuma, ordan da gəmilərə doldurdub göndərəcəm Kərbəlaya. Kərbəla kafir ingilislərin əlindədi, getsinlər Kərbəlanı xilas eləsinlər. Və bunu bəh-bəhlə sosial şəbəkələrdə elə paylaşırlar. Ağlına dua yazım o paşanın da, onu bəh-bəhlə paylaşanların da.

Əvvəla, həmin paşa Kərbəlanın yolunu bilmir, burdan Batuma, Batumdan gəmilərlə Qara dəniz, sonra İstanbul boğazı, sonra Aralıq dənizi, ondan sonra İraq və Kərbəla. Bakıdan Kərbəlaya quru yolu Bakı-Batum yolundan bir az artıqdı.

İkincisi, ay Paşa, Kərbəla sizin əlinizdəydi də, niyə verdiniz kafir ingilislərə ki… Nə isə…”.

Bunu Milli Məclisin deputatı, yazıçı Aqil Abbas son günlərdə Aşura mərasimləri ilə bağlı davam edən polemikalar barədə yazdığı məqaləsində qeyd edib. Onun Nuru paşa ilə bağlı qeydləri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı “Şərq” qəzetinin baş redaktoru, mühacirət və mətbuat irsimizi tədqiq edən Akif Aşırlı Modern.az-a açıqlama verib:

“Aqil Abbas orada Nuru paşanın adını çəkməyib. Sadəcə “paşa” yazıb. Aqil müəllim ağsaqqal jurnalistdir, ona hörmətim var.  Jurnalistikada məxsusi yeri olan bir insandır. Deməli, Manaf Süleymanovun “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” kitabına əsasən, bu fikirləri səsləndirirlər. Əslində bu məsələ sosial şəbəkələr və digər yerlərdə də bir neçə dəfə hallanıb, müzakirə obyekti olub.  Qafqaz İslam Ordusu Bakıda olan zaman birincisi Qurban bayramı idi. Ordu cəmi iki ay müddətində burada qalıb. Həmin vaxt Aşura günlərinə təsadüf olunub. Sadəcə, həmən dönəmdə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud Xan Cavanşir idi. Onunla Bakı Polis İdarəsinin rəisi Bahəddin bəy ölkədə müharibə getdiyi üçün bütün kütləvi tədbirlərin təxirə salınmasını təmin etmişdi. Behbud Xan Cavanşirin sərəncamlarından birində qeyd olunmuşdu ki, təxmini axşam saat 8-dən  sonra heç kim küçəyə çıxmasın, atışma səsi olmasın, kimin tüfəngi varsa, təhvil versin. Ümumiyyətlə, onlar stabillik yaratmaq istəyirdilər. Çünki Bakı azad olunsa belə, bolşeviklər monorxiya yaratmaq üçün fürsət axtarırdı, ermənilərin kifayət qədər silah-sursatı, ingilislərin məxsusi qüvvələri var idi. Təbii, müharibə gedən ölkədə kütləvi tədbirlərin qadağan olunması normal haldır”.

A.Aşırlı bildirib ki, M.Süleymanovun yazdıqları tarixi faktlara ziddir:

“Burada Nuru paşanın Aşura mərasimləri keçirənləri həbs etdirməsi söhbətindən söz gedə bilməz. Bilirsiniz, Bakı azad olunandan sonra Qafqaz İslam Ordusu Qarabağda  döyüş əməliyyatı aparırdı. Qafqaz İslam Ordusu Azərbaycanın ərazi bütövlüyünün  təmini ilə yanaşı,  ölkədə məzhəb ayrı-seçkiliyini ortadan qaldıran  faktlardan biridir.  Sadəcə, bunun detallarına varmaq istəmirəm.

Eyni zamanda, faktlar da Manaf Süleymanovun yazdığı kimi olmayıb. Nuru paşa Qafqaz İslam Ordusunun komandanı idi. Bu gün də əllərində heç bir əsas olmadan Nuru paşa haqqında müəyyən fikirlər səsləndirirlər. Hətta onun  Azərbaycanın müxtəlif bölgələrinə səfəri haqqında məlumatlar da verirlər. Bunların heç birinin ciddi əsası yoxdur. Aşura günləri keçirilən ərəfədə Nuru paşa Bakıda deyildi. O, Bərdədə idi”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır