19 noyabr 2017, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Nəsib Nəbioğlu: “Moskvaya gəlməsəm də şair olacaqdım” – MÜSAHİBƏ
Nəsib Nəbioğlu: “Moskvaya gəlməsəm də şair olacaqdım” – MÜSAHİBƏ
19.10.2017, 12:00

Əziz qohumum, Azərbaycanda, eləcə də Rusiyada tanınmış, Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin katibi, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı Nəsib Nəbioğlunun imzasını, özünü çoxdan tanısam da vətəndən uzaqda yaşadığından tez - tez görüşmək imkanım olmayıb. Bu səbəbdən də fürsəti əldən verməyib, yönümü Moskvaya saldım, şairlə görüşüb söhbətləşmək, dərdləşmək imkanı əldə etdim. Gördüyü işlərdən, ədəbiyyatdan, poeziyadan, şeirdən, Kəlbəcərdən, diasporadan söz açdıq. Zəmanəmizin böyük şairi Nəsib Nəbioğludan götürdüyüm müsahibəni oxucularımıza təqdim edirəm. 

 

– Nəsib müəllim bilirəm ki, bu sualı sizə çox veriblər.  Necə oldu ki, Moskvaya gəldiniz, bu sizin ürəyinizcə idimi? Bu, sizin yaradıcı insan kimi ən böyük arzunuz idimi? 

 

- Hə, dəfələrlə mənə belə suallar veriblər, – Sənin nə işin var idi  buralarda?, Sənin nə ölüm var bu şəhərdə, hələ qınayanlar da olub. Bunu bir neçə dəfə demişəm, yenə deyirəm, mən ümumiyyətlə, qürbətdə yaşamağımı düşünməmişəm, fikirləşirdim ki, institutu bitirib Azərbaycana qayıdaram. Amma, bir məsəl var: “sən saydığını say, gör fələk nə sayır”!  Heç vaxt ağlıma belə gəlməzdi ki,  Mən Moskvada qalacağam və ömrümün çoxu burada keçəcək. İnan, bu hiss mənim beynimin ən nazik damarından da keçməyib. Sadəcə, tale, qismət elə gətirdi ki,  Mən Moskvada qalası, yaşayası oldum. Burada əvvəllər darıxsam da yavaş-yavaş öyrəşdim, taleyimlə barışmalı oldum. Artıq 37 ildir ki, Moskvadayam.A.P. Çexov deyirdi ki, kim Moskvaya öyrəşirsə, aralanmaq çox çətin olur. Moskva çox təlatümlü, cazibədar, qaynar şəhərdir. Dünyanın Rusiya kimi  nəhəng bir dövlətinin paytaxtıdır. Hələ erkən yaşlarından, tələbəlik illərindən şeirə, poeziyaya olan həvəs, vurğınluq  dediklərimi, yazdıqlarımı oxucularıma çatdırmaq istəyi mənim Moskvaya Ədəbiyyat institutuna gəlməyimin əsas səbəbləridir. 

 

 

- Bir az instutut illərinizdən danışın, sizə belə bir möhtəşəm təhsil ocağında oxumaq çətin deyildimi? Bu institutun yaradıcılığınızda rolu olubmu? 

 

Ədəbiyyat institutu mənim təhsil aldığım ikinci institut idi. 1975-1980 illərdə sənin də təhsil aldığın M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində) oxumuşam. Tələbəlik illəriylə bağlı saysız-hesabsız gözəl, unudulmaz  xatirələrim, anlarım var! Gənclik illərimin ən gozəl, mənalı, hardasa qayğılı, bir az çətin günləri,  tələbəllik illərim də olub. Tələbəlik illəri mənim yaddaşıma özünəməxsus xatirələri ilə həkk olunub və ömrümün sonuna kimi unudulası deyil.Yadımdadır, ilk dəfə Bakıda instituta imtahana əsgər paltarında gəlmişdim, İnstitutun həyətində hər kəsi valideyinləri, qohumları gözləyirdi. Mən isə tək gəlmişdim, qəbul olan uşaqları qucaqlayıb öpürdülər, təbrik edirdilər, amma məni nə gözləyəsi, nə də  təbrik eləyəsi bir adam yox idi. İnstituta düz  altı  ay əsgər paltarında  gedib gəlmişəm. Tələbə yoldaşlarımızla bağlı maraqlı, məzəli hadisələr yaşamışıq. Mən artıq institutda  bir tələbə şair kimi tanınırdım.Tədbirlərimizdə həmişə mənə institutun şairi kimi söz verirdilər. Rəhmətlik Rasim Kərimli məni şair kimi bəyənir, həmişə irəli çəkir, şeirlərimi institut qəzetində çap eləyirdi. Bu institutda da mənim sevimli, heç zaman unutmadığım, qayğıkeş, sanballı müəllimlərim olub. Aqil Ağayev, Qəzənfər Paşayev, Rasim Kərimli, Murtuz Sadıxov, Həbib Bayramov, Məhəmməd Qocayev, Sücaət Abbasov, Məhəmməd Hüseynov, Mira Kann, kimi müəllimlərdən dərs almışam. 

1980-ci ildə artıq mən Maksim Qorki adına Ədəbiyyat İnstitutunun tələbəsiydim. Ədəbiyyat institutu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutundan fərqliydi. Əhalisinin ümumi sayı 290 milyon olan SSRİ adlanan dövlətdə, Ədəbiyyat institutuna bir ildə yalnız 50 nəfər tələbə qəbul eləyirdilər. Biz oxuyan vaxtlarda Ədəbiyyat institunda böyük ədiblər, yazıçılar, şairlər, ədəbiyyatşünaslar, tənqidçilər dərs keçirdilər, seminar aparırdılar. Bu günki kimi şeiri, sözü, ədəbiyyatı urvatdan salmamışdılar. Adlarını yalnız qəzət və kitablardan oxuduğum şair və yazıçılarla birbaşa təmasda olacağım heç ağlıma da gəlməzdi. Bu adamlar həqiqətən də o zamanlar əl catmaz idilər. Amma mən Azərbaycanın Kəlbəcər kimi ucqar bir rayonundan gəlib Moskvada  onların tələbəsi olmuşdum, dərslərinə, məruzələrinə qulaq asırdım. O vaxt Ədəbiyyat institunda: – Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeniy Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuriy Kuznesov, Vladmir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Evgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Evgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. 

Şübhəsiz Ədəbiyyat instutunun mənim yaradıcılığımda, dünyagörüşümün inkişafında, bir qələm sahibi kimi yetişməyimdə böyük rolu olub. Rus ədəbi mühütündə tanınmağım, rus şair və yazıçılarla təmasda olmağım, əlaqələrim  burada rus dilində kitablarımın nəşr edilməsinin bünövrəsində Ədəbiyyat institutu dayanır. Amma bu demək deyil ki, Ədəbiyyat institutu məni şair eləyib. Mən Moskvaya gəlməsəmdə şair olacaqdım.  

 

- İnstitutda təhsil almaq çətin idimi? Hansı çətinliklərlə üzləşirdiniz? 

 

- Təhsil almaq o qədər də  çətin deyildi,  aldığımız 50 manat təqaüd bəs eləyirdi. Özüm də tənbəl deyildim, tərcümələr edirdim,  az-çox qonarar alırdım. Bir dəfə də tələbə -  inşaat dəstəsinin tərkibində işləməyə getdim.Yəni özümü dolandıra bilirdim. Oxumaq o qədər çətin olmadı, çünki  Bakıda aldığımız təhsil, oxuduğumuz fənlər hardasa üst-üstə düşürdü. Müəlimlər bizə doğma adamları kimi baxırdılar, heç kəs bizə ögey münasibət bəsləmirdi, O zaman bu mənim, o sənin söhbəti yox idi.   

Həmin illərdə Ədəbiyyat İnstitunun  rektoru dramaturq, teatrşünas  Rusiya Fedarasiyasının  Əməkdar İncəsənət Xadimi, Pimenov Vladimir Fyodroviç idi. O, sözün əsl mənasında bir təşkilatçı-pedoqoq, qayğıkeş insan idi. Böyük ziyalıydı, amma artıq yaşlanmışdı, ağır-ağır yeriyirdi. Səhv etmirəmsə 1905-ci ildə anadan olmuşdur. İnstituta “Volqa” da gəlirdi və  yaşlı olduğundan maşınından çox ağır-ağır düşürdü, yerə enməyi xeyli vaxt aparırdı. 

Yeri gəlmişkən sənə Vladimir Fyodroviçlə  bağlı bir əhvalat danışım.  Bir dəfə ikinci kursada oxuyanda bizə xəbər verdilər ki, bəs  rektor yataqxanaya gəlib. Ömrünün bu ixtiyar çağında olan adam öz gözləriylə tələbələrin şəraitini  görmək, əsas diqqəti çəkən problemləri öyrənmək, tələbələrin hansısa bir problemlə üzləşdiklərini şəxsən bilmək istəyirdi. Biz  indi tanınmış yazıçı Səfər Alışarlıyla bir otaqda qalırdıq. Səfərlə tələm-tələsik qolumuzu çirmələyib otağımızı yır-yığış edib, təmiz hala saldıq. Heç bir az keçməmişdi Pimenov Vladimir Fyodroviç 5-6 adamla içəri girdi. Mən divardan kitab rəfimin yanında Səməd Vurğunun şüşə  üzərində işlənmiş böyük şəklini asmışdım. O, içəri girən kimi şəkli gördü, dönüb Səfərlə mənə baxıb dedi: 

 

– Bu şəkli kim asıb? 

- Mən dedim ki, Vladimir Fyodroviç şəkli  mən asmışam. 

– Kim Səməd Vurğunu sevir? 

Dedim hər kəs Səməd Vurğunu sevir. 

– Səməd Vurğun Mənim yaxın dostum olub, çox məclislərdə bir yerdə olmuşuq. O hər dəfə Moskvaya gələndə bizi başına toplayardı, bizimlə görüşərdi. Səməd Vurğundan bir az həyəcanla amma ürəkdolusu danışdı. İndi belə insanların az olduğunu. – dedi. 

 

Səməd Vurğunun yerliləriylə tanışlıqdan məmnun qaldığını hiss etdim.Və gözəl bir əhval-rühiyyə ilə otaqdan çıxdı. Artıq Səməd Vurğunun şəkli bizi bir-birimizə sevdirmişdi, dostlaşdırmışdı. Vladimir Fyodroviç adımı yadında saxlaya bilməmişdi, amma mənim azərbaycanlı olduğumu unutmurdu. Hər dəfə institutda məni görəndə ayaqlarını saxlayıb – Kak v Azerbaydjane? – deyib soruşurdu.  

 

- Nəsib müəllim ümumiyyətlə poeziya, şeir sizin üçün nə deməkdir? Sizin fikrinizcə, əsl şair necə olmalıdır? 

 

- Poeziyanın nə olduğuyla bağlı çox sayda  yazıçıların, şairlərin, filosofların, müdrik insanların fikirləri, mülahizələri var. Bunları sadalasam çox vaxt aparar. İnsan anadan şair doğulmalıdır, bu Allahın vergisidir, insanın özüylə bərabər həyata gətirdiyi istedaddır, hər adama da şeir yazmaq qismət olmur. Mən qulaqlarımda sırğa eləmişəm, anlamışam ki, əgər sən şairsənsə şeirdə əsas sənin qələmə aldığın mövzu, sözün, misranın mənası, deyə biləcəyin əsas fikir olmalıdır. Sözün bədii yükü, ifаdənin оbrаzlılığı, sözlərin mənаsı, həmin sözün təsirində yaşayan, o yükü daşıyan adam olmalısan. Mən şerin içindən çıxmışam, məni hər şeydə aldatmaq olar, amma şeirdə yox. Mənim həyatım, varlığım sözdən yoğrulub, mən sözə, onun böyüklüyünə inanmışam, səcdə eləmişəm, sözlə yaşamışam. Bəzən dərdlərimi, ağrı-açılarımı sözə, misraya çevirib ürəyə yatımlı bir şeir ərsəyə gətirəndə təskinlik tapmışam, mən sözün əsir-yesir elədiyi bir adamam.  

Poeziya böyük məvhumdur. Böyük rus yazıçısı İvan Turgenev deyirdi ki, poeziya bir şeirə sığışmaz. Bizim ətrafımızda nə varsa-poeziyadır. Siz bu ağaclara baxın, göyə baxın hər tərəfdən gözəllik yağır, həyatın gözəlliyini duyursan, harada həyat varsa, gözəllik varsa poeziya da oradadır. ХХ əsrin körkəmli ərəb filosofu Xəlil Cəbran deyir ki, poeziya alimlərlə şairlərin aralarında güllü-çiçəkli bir çəmənlikdir, alimlər o çəmənliyi keçərsə müdrik insan olar, şair keçərsə peyğənbər. Amma bilmirəm biz o çəmənliyi görə bildikmi? Bəlkə Kəlbəcərdə gördüklərimiz elə o çəmənlik idi. 

 

- İlk şeirinizi nə vaxt yazmısınız?  Buna stimul verən nə idi? 

 

- İlk şeirlərimi Çaykənddə 4-cü sinifdə oxuyanda  yazmışdım. O vaxt mənim 11 yaşım olub. O şeir dəftərlərimi hələ də saxlayıram. Oxuyanda məni gülmək tutur. İndi FB səhifələrində bir çoxlarının şeir adıyla yazıb paylaşdıqları, oxuculara sırıdıqları dayaz, cılız söz yığınına bənzəyir. Hardasa oxumuşdum ki, əgər bir uşağın valideynləri görürlər ki, uşaq şair olmaq istəyir, o uşağı o qədər döyməlidirlər ki, uşaq  qoşub yazdığı şeirlərdən ya  əl çəksin, ya da böyük şair olsun. Məni döyən olmadı. Atamı  dörd  yaşımda itirmişdim, anam da mənə ömrü boyu bir çırtma da vurmadı. Bir neçə il əvvəl itirdiyim, amma tez-tez yuxularda görüşdüyüm, canımdan da çox sevdiyim anam əksinə cızma-qaralarımı tərifləyərdi, məni başqa şerlər yazmağa ruhlandırırdı. Anam az-çox şifahi xalq ədəbiyyatını bilirdi, Aşıq Alıdan, Aşıq Əlsgərdən,Tufarqanlı Abbasdan əzbərdən şeirlər deyərdi, baxmayaraq ki, məktəbdə cəmi 5 il oxumuşdu. 5-6 yaşlarımdan mənə latın hərflərini öyrətmişdi, mən əsgərlikdə olanda anamla bu əlifbayla məktublaşırdıq. 

Hə mamanəvəsi, valideynlərim məni döymədi, amma onların əvəzinə hər addımbaşı məni həyat qamçıladı. Mənim getdiyim bu yolun ən təlatümlü, ən çətin, daşlı-kəsəkli bir yerində, qolumdan yapışan olmayıb. Öz kiçik  fəlsəfmə güvəndim, öz təfəkkürünə söykənərək, həyata baxışlarımı, gördüklərimi, duyduqlarımı özünəməxsus tərzdə ifadə eləmişəm. Füsunkar təbiəti ilə hər kəsi valeh edən, neçə illərdir ki, yolumuzu gözləyən Azərbaycanımızın bu gözəl guşəsi Kəlbəcərdə doğulan adam şair doğulmazmı? Belə yerdə şair olmağa nə var.  Mən yazılarımda zəngin folklorumuzdan da yararlanmışam, mən də sənin kimi aşıq şeirinin dəlisiyəm. Təvəzökarlıqdan uzaq olsa da, deyim ki, Çingiz  Hüseynov “Tanrım, gəl təzədən yoğur dünyanı” adlı məqaləsində məni qoşma ustası adlandırıb. Orta məktəbdə sevilən, seçilən şagird olmuşam. Tərifləmək kimi çıxmasın, məndən sonra müəllimlərim məktəbdə kim oxuyubsa, məni nümunə gətiriblər. Yaxşı oxumuşam, ədəbiyyata, tarixə, coğrafiyaya, dilimizə xüsusi marağım olub. Dilçi, ədəbiyyatçı olmaq istəmişəm. 

 

– Nəsib müəllim yerinə düşmüşkən bir az da Güllü nənədən danışın... Onu nə qədər çox istədiyinizi yaxşı bilirəm. 

 

– Cəmilə, mən anama nənə demişəm. Bizim evdə hər kəs nənə deyib. Türklərdə anaya annə deyirlər. Hər iki söz gör nə gözəl səslənir. Hər bir insan öz valideynlərin qədrini bilməlidir. İstər ata olsun, istər ana. Anam həm ata, həm  də ana əvəzi olduğundan anamı daha çox istəmişəm. Atasız olanda yetimçiliyi qəbul eləmirdim. Amma anasız adam həqiqətən yetim olur. Anam çox zəhmətkeş qadın olub. Kiçik yaşlarımda anamın qabarlı istidən, soyuqdan cadar-cadar olmuş əllərini görürdüm. Düşünürdüm ki, insan işləməlidir, zəhmət çəkməlidir. Mənə elə gəlirdi ki, insanın üzündən, alnından tər axmırsa o adamın  həyatının mənası yoxdur, elə bilirdim ki, anamın xöşbəxtliyi, sevinci də onun zəhmətində idi, bir parça  halal çörək qazanıb körpə-körpə qalmış balalarını böyütməsində idi. Gündüzlər kolxöz işlərinə gedirdi, gecələr cəhrə əyirib, yun darayıb, kiməsə corab, əlcək toxuyub bizi dolandırırdı. Anamızın nə vaxt yatdığını, nə vaxt yuxudan durduğunu bilmirdik. Amma indiki qadınlar saat 12-yə kimi yatırlar, yerindən durandan sonra da 2-3 saat geyinirlər, yerli-yersiz bəzənib düzənirlər, həyatın mənasını yüngül əyləncələrdə, daş-qaşda axtarırlar. Mən heç vaxt boynubükük olmamışam, amma anamı itirəndən boynuburuq qalmışam. Bakıya gedəndə anam yaşadığı evə getdim, hər yerdə anamın izləri görünürdü, dayana bilmədim: 

 

Anam yaşadığı evə gəlmişəm? 

Məni otaq sıxır, divarlar sıxır. 

Bir həsrət qəlbimi yandırır elə, 

Divardan bir ana doylanıb baxır. 

 

Çətinliklər gördüm, dolandım gəldim, 

Keçiləsi deyil vətən yolları. 

Qapının ağzında donub qalmışam, 

Boynuma sarılmır ana qolları. 

  

Qamətim əyilib sənsiz, ay ana, 

Keçmişəm borandan, çovğundan, qardan. 

Duymuram, ay ana doğma səsini, 

Boylanıb baxırsan soyuq divardan. 

 
Sənsiz ocağımız gur yanan deyil, 
Ta yığılan yoxdu  ocaq başına  
Bu ocaq təzədən gur yansın deyə. 

Hazıram ki dönəm ocaq daşına. 

 

Bir yerdə rahatlıq tapa bilmirəm, 

Divara boylana-boylana qaldım. 

Bu gecə anamın  doğma ətrini, 

Divardan asılan şəkildən aldım. 

 

- Anasızlıq ağır dərddir. Uzun illərdir ki  mən də anasızlıq acısını çəkirəm. 

 

- Bilirəm Cəmilə, mən sənin mərhum ananı tanıyırdım. Təəssüf ki, çox erkən getdi, sən də kiçik yaşlarından anasız böyüdün. Anan Çiçək ortaboylu, iri qara gözləri, topuğundan aşağıda dayanan, yaraşıqlı  şəvə kimi uzun qara saçları vardı. Olduqca sakit, ağır təbiətli, ismətli, qohumcanlı zəhmətkeş və zəki bir qadın idi. Əsl Azərbaycan xanımlarına xas olan bütün gözəl xüsusiyyətlər vardı onda. Ananın anası Salatın nənə mənim atamın doğma bacısıdır. Anamla nənən gəlin-baldız kimi deyil, əsl bacı kimi çox mehriban idilər. Biraz əvvəl diqqətlə sağ qaşımın üstündəki çapığa baxıb, bunun nədən olduğunu soruşdun. Sənin ananla, Sıfayı xalan bizə, dayısı gilə gəlibmişlər. Hardasa üç yaşım olarmış. O vaxt biz Sarıgüney kəndində yaşayırdıq. Atamın vəfatından sönra Çaykəndə köçdük. Anangil bizdən gedəndə onların dalıyca hönkür-hönkür ağlayaraq qaçmışam ki, məni də özləriylə aparsınlar, bu an ayağım daşa ilişib, bərk yıxılmışam. Bu çapıq da o illərdən yadigar qalıb. Amma yadıma yuxu kimi gəlir. Sən də sağ ol ki, özün də körpəikən bacı-qardaşlarına ana, həm də ata əvəzi olmusan, onların təlim-təbiyəsində, təhsil almalarında, böyümələrində sənin çox zəhmətin var. Bir də sağ ol ki, ananın adını götürüb, öz adınla qoşa yazaraq yaşadırsan, Cəmilə Çiçək. 

Sarıgüneylə bağlı bir də yadıma yuxu kimi gələn bir məqam da var. Kənddə həyətimizdə çoxlu adam toplaşmışdı, sonra onlar harasa gedirdilər və nə isə aparırdılar. Məndə o insanların dalıyaca ayaqyalın, başıaçıq hönkürə-hönkürə  qaçırdım, sonralar nənəm danışırdı ki, atanın cənazəsin götürüb qəbiristanlığa aparanda, cənazədən əl çəkmirdin. Amma yadımda az qalıb. 

 

- Bizim çoxsaylı Kəlbəcər şairlərimizin şeirlərində də qəmli, kədərli notlar az deyil. Amma, sizin şeirlərinizdə olduqca çoxdur. Elə üz-gözünüzdən də qəm, kədər yağır. 

 

- Niyə də olmasın. Özüm də şeirlərimə oxşamırammı? Şeirlərimdə  qəm, kədər, vətən həsrəti, yurd sevgisi, itirilmiş torpaqların ağrı-acısı var. Bu da təbiidir, həqiqətdir, uydurmalı bir şey yoxdur. Bir tərəfdən də qəribçilik. Bunu danası deyiləm ki:   

 

Əlimə qələmi alandan bəri, 

Həsrətə, nisgilə bağlı qalmışam. 

Könlümü şeirə salandan bəri, 

Neyləyim sinəsi dağlı qalmışam! 

 

Mənim şeirlərim dərddən yoğrulub, 

Sözümün əzəldən mayası qəmdi. 

Torpaq buludların nur yağışını, 

Mənim şeirlərim qəm, kədər əmdi. 

 

Dağların dərdini çiyninə alıb, 

Əyninə geyibdi dərd köynəyini. 

Onu oxuyanın qaralır qanı, 

Dünyanı versən də açılmaz eyni. 

 

Mənim şeirimdə dağ düyün-düyün, 

Mənim şeirimdə ocaq dərdi var. 

Anamın illərlə həsrət qaldığı, 

Bir oğul həsrətli qucaq dərdi var. 

 

Mənim şeirimdə ocaq dərdi var, 

Tüstüylə göylərə ucalasıdı. 

Mənim şeirlərim dərdin əlində, 

Mənimlə bərabər qocalasıdı. 

 

Dərdli misralarım gözə gələrsən, 

Gözə gərirəcək bədnəzər səni. 

Dərdimi  yazıram hər gecə, hər gün. 

Oxuma, oxusan dərd üzər səni. 

 

- Nəsib müəllim, qəribçilik insan üçün ağır dərddir. Biz  bu ney səsinin yanğısını niyə sevirik, bu ney harayının yanğısını bizə sevdirən nədir? 

 

- Ney qamışdan ayrı qaldığı üçün inləməkdədir. Əgər qamışdan kəsilmiş  ney sızlayırsa, doğma elindən, obasından, qohum-əqrabasından uzun illər boyu aralı düşən, qərib olduğu dünyada nisgillə, iztirabla yaşayan insan neyləsin! 

 

Dünya gözlərimdə əriyir şam-şam, 

Ovqatım bu qərib ümmanda ağlar. 

Ay zalım, dərdimi hardan biləsən, 

Qəlbimdə sızlayan ney yanğısı var! 

 

Hardasa çox uzaqda öləziyən ümidim var. Amma əllərimi üzmürəm. Ümidi öləziyən qərib də xilas olmaq üçün nicat yolunu Ulu Yaradanın dərgahına üz tutmağında görür. 

 
Dumandı, yamacım-yalım açılmır, 
Bağrıma basmağa qolum açılmır, 
On ildir bağlanıb yolum açılmır, 
Bir əlim Tanrının ətəyindədir. 

 
Dərddən heykəl yonub düzürəm artıq, 
Belə yaşamaqdan bezirəm artıq, 
Bəndədən əlimi üzürəm artıq, 
Bir əlim Tanrının ətəyindədir. 

 
Yadlar ocağımda yandırıbdı şam, 
Mən necə dözürəm qayayam, daşam, 
Buraxan deyiləm bərk yapışmışam, 
Bir əlim Tanrının ətəyindədir. 

 
Dərdi dərd çəkəndən soruşam gərək, 
Küsülü kəndimlə barışam gərək, 
Gedib torpağıma qarışam gərək, 
Bir əlim Tanrının ətəyindədir. 

 

O dağlar Nəsibdən küsülü qalıb, 
Həsrətdən qamətim qısılı qalıb, 
Bir əlim ümiddən asılı qalıb, 
Bir əlim Tanrının ətəyindədir. 

 

- Bir az da Kəlbəcərimizdən danışaq, necə düşünürsünüz, Kəlbəcəri görmək bizə qismət olacaqmı? 

 

- Kəlbəcərin işğalı böyük faciədir. Adam özünü necə toparlasın ki, bu faciəni  dilinə gətirə bilsin.  Kəlbəcəri ermənilər  işğal etməklə öz əllərinə olduqca əlverişli hərbi-strateji əhəmiyyətli olan dağlarımızı keçirdilər. Özü də daxili xəyanətkarların əli ilə, əsrlər boyu düşmənə  baş əyməyən bu gözəl diyarı ermənilərə verdilər. Torpaqlarımızın hamısı bizim üçün doğmadır, əzizdir. Kəlbəcər sənin də mənim də doğulduğumuz, boya-başa çatdığımız kiçik vətənimizdir. Hər bir kəs də öz vətənini sevməlidir, onun qarşısında borcunu bir övlad kimi yerinə yetirməlidir. Həmişə bizə aşılayırdılar ki, vətəni sevmək, onu qorumaq lazımdı. Biz vətəni sevdik, amma qoruya bilmədik. Hamımız gedib qələmdən yapışdıq, silah tutanlarımız az oldu. 

Dağlarımız artıq 25 ildir düşmən tapdağında inləməkdədir. Azərbaycanın bu  təbii sərvətlərlə zəngin olan torpağı erməni qəsbkarları tərəfindən talan olunmaqdadır. Tarixi abidələrimiz, qəbrstanlıqlarımız dağıdılıb xarabalığa çevrilib. Son illər isə görün nələr baş verir. Ermənilər nəin ki, Kəlbəcərdə, hətta Azərbaycanın işğal altındakı torpaqlarında infrastruktur layihələri gerçəkləşdirməklə məşğul olurlar. 

 

Hamı bilməlidir ki, Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu Ermənistan rəhbərliyi tərəfindən canfəşanlıqla məskunlaşdırılır. Burada məktəb, xəstəxana, evlərlə yanaşı, Kəlbəcərin İstisu qəsəbəsində su elektrik stansiyası tikirlər. Daha çox mineral suları ilə məşhur olan qəsəbədə ermənilər “Cermacur-1” su eletrik stansiyasının tikintisini gerçəkləşdirirlər. Ermənilər 35 milyon dollar xərc çəkərək Basarkeçərdən Ağdərəyə yeni yol çəkiblər. Bu 116 km-lik asfalt yol Ağdərəylə Ermənistanı birləşdirən ikinci yoldur.

 

İndi ruslar ortaya bir Lavrov planı atıblar. “Lavrov planı”nın detalları bizə dəqiq məlum deyil. Bu plana görə, Qarabağ ətrafındakı beş rayonun qaytarılması müzakirə olunur. Guya Kəlbəcər və Laçın qalır sonrakı mərhələyə. Ruslar və ermənilər bununla da Qarabağ məsələsini qapatmaq istəyirlər. Mən 10-15 il bundan əvvəl demişəm, mətbuatda da yazmışam, car çəkib bağırıram Qarabağın, işğal olunmuş torpaqlarımızın azadlığı Kəlbəcərdən başlamalıdır. Kəlbəcərin azad olmağı, bütün Qarabağın azadlığına geniş imkan yaradacaq. Bu günlərdə həmin fikri  mətbuatda rusiyalı politoloq Oleq Kuznetsov  da deyib. 

Deyirlər ermənilər ehtyac içində yaşayırlar, Ermənistan ac-yalavac vəziyyətindədir. Bəs onda 35 milyon dollara başa gələn bu yolu  Azərbaycana hədiyyə etmək üçünmü çəkirlər. Bu yol Laçın dəhliz yolundan qısadır, uzunluğu 116 km. olan bu kəsə yol müharibə başlayacağı halda, Ermənistandan Qarabağa gətiriləcək tanklar, hərbi sursatlar  üçündür. Deməli, bu səbəbdən Kəlbəcər rayonu da azad olunmalı olan rayonların siyahısından çıxarılıb.   

 

- Həyatda nəyə heyfslənirsiz? 

 

- Çox şeylərə, Qarabağ itkisinə, doğma Kəlbəcər itkisinə heyfslənmək nədir, sizlamışam, bəzən tiribunlarda keçirdiyim tədbirlərdə kövrəlmişəm, qəhər məni boğub, özümü saxlaya bilməmiçəm. Bunu ağzıgöçəklər bəzən iradəsizlik, zəiflik kimi hesab edirlər. Amma mən düşünürəm ki, doğmalarını, yurdunu, ata ocağını, ana yurtdunu itirən adam necə kövrəlməsin. Axı biz heyvan, həşarat deyilik, nədən duyğulanmayaq. Bir də bir məsələ də var adam yaşlandığca daha kövrək olur, bu da təbiidir.  

 

- Azərbaycana qayıtmaq istəmisinizmi? 

 

- Bu illər ərzində dəfələrlə Azərbaycana qayıtmaq istəmişəm, amma bəzi səbəblərə görə alınmayıb. Kim istəməz ki, doğma vətənində yaşamasın. Amma Moskvada yaşasam da ürəyimi Kəlbəcərdə qoyub gəlmişəm. Azərbaycanda  Kəlbəcərdən didərgin düşən 60 min doğmalarım var, qohumlarım,  dostlarım çoxdur, onların içində əzizilərimiz, qardaş-baçılarımız, birdə mənim həyatda ən əzizim olan anamın qəbri var. 

 

- Bakıda nələr xoşunuza gəlmədi? Gördüklərinizdən nələri bəyənmədiniz? 

 

– Azərbaycan telekanallarında əyləncə və şou xarakterli verilişlərin  çox olması, səritəsiz, savadsız, dardüşüncəli aparıcıların ət tökən davranışları, danışıqları, əxlaqi dəyərlərimizlə uzlaşmayan hərəkətləri, gənc nəslin savadsız yetişməsi məni olduqca narahat elədi. Televiziya böyük tribunadır, buradan belə aparıçılara yol açıb, milləti çaşdırmaq olmaz. Oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib. Mən orada edilən çıxışlarla tanış oldum. Hər kəs bilməlidir ki, dilimizin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı tələb edir. Amerika kəşf etmək lazım deyil. Sadəcə olaraq bacarıqlı, ağıllı, tərbiyəsi özündə olan, dilimizi incəliyinə qədər bilən adamlar telekanallara cəlb edilməlidirlər. Qohmubazlıqla, tanışlıqla, ya da zahiri gözəlliyinə görə işə düzələn aparıcıların verilişləri də belə olacaq. Sadalanan həmin nöqsanlar bu gün də aradan  qaldırılmaq əvəzinə ekranları şou proqramlarıyla doldururlar. Azərbaycanı meyxana meydanına döndərdilər. Hər şeyin olçüsü var. Durub ekrandan bu boyda millətə nə qədər yalan danışmaq olar. İnsan anadan olanda yalanla gəlmir, yalanı yaşadığı mühitdən, ailədən, məktəbdən, cəmiyyətdən öyrənir. Yalanın yaxşısı-pisi, böyüyü-kiçiyi olmaz, yalan elə yalandır. Hansı telekanalı açırsan, ancaq çal-çağır, şou-biznesdir. Biri deyir ər axtarıram, biri ərindən boşanır, arzız-arzız  adamlar şəxsi problemlərindən danışırlar. Nə qədər yarıçılpaq efirə çıxmaq olar. Bunlar bizim mentalitetimizə yaraşmaz. Qarabağ kimi ağır bir problemlə üzləşən millətin nə qədər yüngül aparıcıları  olarmış. Veriliş boyu bayağı və yersiz müzakirələr baş alıb gedir. Mən demirəm ki, telekanallar belə hallarda matəmə köklənsin. Amma abır-həya yaxşı şeydir. 

Düşünürəm ki, bu gün telekanallarda bu cür verilişlərdənsə, vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır. Verilişlərində, mentalitetimizə uyğun olmayan milli mənəvi dəyərlərimizə zidd mövzular qoyulmamalıdır. 

Düz söz demək çətin işdir, amma indi elə dövrdə yaşayırıq ki, özü bilə-bilə yalan danışan, yalanlara həqiqət donu geydirən insanların ahətəsində yaşayırıq. Yalan danışmaq ən böyük günahdır, Allah qarşısında da, bəşəriyyət qarşısında da. Hansı sənət sahibi oluruqsa olaq, dürüst olmalıyıq, yəni düşüncələrimiz də yaratdıqlarımız da düz olmalıdıər. Həqiqəti deməkdən, yazmaqdan çəkinməməliyik.  

 

Yeni nəslin yetişdirilməsi məni narahat edir, yeni nəsil xalqımızın  tarixinə, adət-ənənələrinə, milli mənəviyyatına yiyələnməlidir. Vətəni sevmək, onu qorumaq ana bətnindən genlə, qanla sənin ruhuna hopur. Sonra isə yaşadığın mühitdə formalaşır, yetkinləşir, əsl vətəndaşa çevrilirsən. Əgər gənclərimiz bunları anasından, doğmalarııdan, təhsil aldığı müəllimlərindən eşitməsə, görməsə əsl vətəndaş kimi yetişə bilməz. Uzaq qohumlarımın birinin oğlu gəlmişdi yanıma, Xəzər dənizini görüb mənə dedi ki, o günü  Novxanıya getmişdik, orda da bir dəniz var. Dedim o hansı dənizdir dedi bəlkə Xəzərdir, dedim bəs bu hansı dənizdir, dedi ki, yəqin Qara dəniz olar. Bu adam 9-cu sinifdə oxuyacaq.  

 

– Saçınızın  vaxtsız ağarması  sizi yaşlı göstərir. Axı sizdən də yaşlı, hətta  mənim tanıdığım taytuşlarınızın (yaşıdlarınızın) saçları belə deyil ... 

 

– Saçım Kəlbəcərin işğalından bir-iki ay sonra ağarmağa başladı. Amma deyirlər ki,  ağ saç  mənə bir az yaraşır. Elə həyatda qazancımın biri də ağarmış saçlarımdı. Cəmilə, mən də sənin kimi, nəsildə evimizin ən əziyyət çəkəni olmuşam. Qardaş-baçılarımın həmişə qayğılarna qalmışam, əlimdən gələn köməkliyimi əsirgəməmişəm. Mən bunları xırdalamaq istəmirəm. İndi də özümü rahat hiss eləyirəm ki, onların yanında üzüm ağdır bir qardaş kimi borcumdan çıxa bilmişəm. Mən çətin, amma mənalı həyat yaşamışam. 30-dan çox dövlətdə olmuşam. Bu elə-belə məsələ deyil. Həmişə işim-gücüm olub, yaxşı maaş almışam, pul qazanmışam. Məsul vəzifələrdə çalışmışam, həyatım boyu bir adamdan bir qəpik  rüşvət almamışam, baxmayaraq ki, mənə çox rüşvət təklif eləyiblər. 

Əynin-başınız həmişə səliqəli olub, eşitdiyimə görə hələ Moskvada institutda oxuyanda çoxları elə biliblər ki, hansısa zəngin, pullu adamın oğlusunuz. 

 

Mamanəvəsi, mən həyatda hər şeyi öz əlimin zəhməti ilə qazanmışam. Həyatım boyu bir kəsə əyilmədim, vüqarım pozulmadı, həyatın hər üzünü görmüsəm. Amma birdən mənə elə gəlir ki, kimsəsiz, yiyəsiz sənət fədailərinə oxşayıram deyəsən. Mən dəqiq bilirəm ki, əsl şair öz əsərlərində, şerlərində vətənini insanlara sevdirməli, öz xalqını sevdirməyi bacarmalıdır. Moskvada tanıdığım insanlara, xalqımı, onun mədəniyyətini, ədəbiyyatını gücüm çatan şəkildə sevdirə bilmişəm. Azərbaycanımızın haqq səsini baçardığım qədər ucalda bilmişəm. Mən bir vətənpərvər qələm sahibi kimi, həmişə  öz vətənimi azad, məğrur və xoşbəxt  görmək arzusunda olmuşam. Həmişə düzə düz, əyriyə əyri deyərək, bu haqsız dünyada haqlı olmağa çalışmışam, sevincdən az, kədərdən payım bol olub. Məni diz çökdürməyə dəridən-qabıqdan çıxan, haqqımı taptalayan, məni pisikdirmək istəyən adamlar olub, amma istəklərinə nail ola bilməyiblər. Bu haqsız zamanənin nəbzini tuta bilməsəm də, qürurla, təmiz adla  yaşamışam.  Moskvada uzun illər yaşasam da mənim tərənnüm elədiyim bir diyar, bir məmləkət var, o da mənim sevimli Azərbaycanım, həsrətlə yolumu gözləyən Kəlbəcərdir.  

 

– Nəsib müəllim, siz uzun illər ictimai işlərlə məşğul olmusunuz, aktiv fəaliyyət göstərmisiniz, tanınan, sevilən bir simasiniz. Sizin bu zəhmətinizi dəyərləndirən oldumu? 

 

– Əvvəla, onu deyim ki, mənim diaspora quruculuğunda fəaliyyətim danılmazdır. Sadəcə olaraq bəzi xəbis insanlar, gözü götürməyənlər, paxıllar mənim gördüyüm işləri görməməzliyə vurublar. Yaxşı ki, internet var gördüyüm işləri, keçirdiyim saysız-hesabsız tədbirləri təmiz silib ata bilməyiblər. Onu da deyim ki, bizim uzun illər gördüyümüz işlər başqalarının adına yazılıb. O adamlar ad da alıblar, təqaüd də alıblar orden, medallarla təltif olunublar və sairə. Bu səbəbdən də bu uzun illər ərzində mənim zəhmətimi görən olmayıb. 

 

- Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərarın  qüvvədə saxlanılmağına necə baxırsınız? ÜAK-i bərba etmək mümkün olcaqmı? 

 

ÜAK-ın bərpa olunması müşgül məsələdir. Ruslar verdikləri qərarın əleyhinə getməyəcəklər, artıq gecdir. Düşünürəm ki, yaxın zamanlarda yeni təşkilat  yaranacaq. Yeni təşkilatda diaspora işində fəaliyyəti olan, təcrübəli, azərbaycanlılar arasında sevilən, tanınan, savadlı, bacarığlı, işgüzar adamlar olmalıdır. Vaxtilə ÜAK-ı tərk etmiş zəngin azərbaycanlı iş adamları, sanballı ziyalılarımız da mütləq bu təşkilata cəlb olunmalıdır. Təşkilatın bağlanmağında rolu olan adamlar yaxına buraxılmamalıdırlar. 

Onu da qeyd edim ki, ÜAK-ın bağlanmağı siyasi məsələ deyil, sadəcə ÜAK-ın başında oturanların səhlənkarlığı ucbatından baş verib, burada heç bir siyasi məsələ yoxdur, onu bəzi sapı özümüzdən olan bizimkilər uydururlar. Sadəcə, tələb olunan sənədləri vaxtında təqdim etməyiblər. Düşünürəm ki, Fazil Qurbanov ÜAK-a rəhbər- kimi kimin nəyə qadir olduğunu bilir. Diaspora işində çirkin əməllərdə  adı hallanan, azərbaycanlılar arasında nifaq salan, intriqalar yaradan, Azərbaycana xor baxan adamların, yeni yaradılan təşkilata gəlməsi təşkilatın adına şöhrət gətirməz. Oraya sağlam ruhlu təmiz azərbaycanlıları gətirmək lazımdı. Fazil müəllim dünya görmüş adamdı, yəqin yaxşının, pisin nə olduğunu bilir. 

 

Cəmilə Çiçək İSBƏNDİYAROVA 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi   
18.11.2017, 21:08

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi  

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan
18.11.2017, 20:02

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu
18.11.2017, 19:51

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR
18.11.2017, 16:20

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi
18.11.2017, 16:14

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

İki nəfərə “Əməkdar jurnalist” adı verildi
18.11.2017, 16:09

İki nəfərə “Əməkdar jurnalist” adı verildi

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI
18.11.2017, 16:05

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

ARXİV