Modern.az

Məleykə Abbaszadə təhsil haqlarının artmasından, saxtakarlardan danışıb...

Məleykə Abbaszadə təhsil haqlarının artmasından, saxtakarlardan danışıb...

Ölkə

10 İyun 2011, 13:48


“Təhsil haqlarının artırılması təhsilin keyfiyyətinin artırılmasını tələb edir”. Modern.az-ın məlumatına görə bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə təhsil haqlarının qaldırılması TQDK-ya aid məsələ deyil.

“Təhsil haqlarının hesablanması üçün xüsusi metodikalar var. Bu bütün dünyada belədir. Mən bilmirəm bu metodikalardan nə dərəcədə istifadə edib bu addımı atıblar. Ümidvaram ki, bu addımın elmi əsasları var”.

Məleykə Abbaszadə bu il keçirilən sınaq imtahanlarında 77 min nəfərin iştirak etdiyini və onlardan 19 min nəfərin qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermədiyini də qeyd edib.

“Sınaq imtahanında iştirak edən abituriyentlərin bilik səviyyələri əsasən müsabiqəyə buraxılmaq üçün orta balı toplamağa imkan verir. Lakin bu nəticələr bütün abituriyentlərin nəticələrini əks etdirmir”.

Onun sözlərinə görə, hər bir fərdin sınaq imtahanında olan nəticələri ilə real imtahandakı nəticələri uyğun gəlir.

“Amma məsələ bundadır ki, real imtahanlarda sınaqlarda iştirak etməyən kifayət qədər adam iştirak edir. Mən bilirəm ki, bir qrup türk liseylərinin məzunu bizim sınaq imtahanına gəlmir. Çünki onlara göstəriş var ki, yalnız “Araz” kurslarının keçirdiyi sınaq imtahanına getsin. Ona görə onların nəticələri bizim sınaqlarda öz əksini tapmır”. 

TQDK sədri qəbul imtahamlarında iştirak edən abituriyentlərində yaş göstəricilərini açıqlayıb.

Onun sözlərinə görə, bu ilki abituriyentlərinin aktiv hissəsini bu ilin və keçən ilin məzunləri təşkil edir. “Bu da hərbi xidmətdən qayıdan oğlanların təhsilə meylinin artığını göstərir. Ikinci ixtisas və ixtisaslarını dəyişmək üçün ali məktəblərə sənəd verənlər isə 12-35 yaş arasında olan abituriyentlərdir.

M.Abbaszadə abituriyentlər arasında hətta 50 yaşdan yuxarı abituryentlərin də olduğunu deyib. “Keçən il sənəd verənlərin arasında hətta 70 yaşda olan insan da var idi. Lakin mən həmin şəxslərlə bağlı məlumatları açıqlamayacağam. Çünki həmin şəxslər sonradan bu məlumatları öz personalarını reklam etmək üçün istifadə edirlər. Axı bu, şou deyil, imtahandır”. 

Mətbuat konfransı zamanı TQDK sədri Komissyanın buraxdığı materialların həmişə  saxtalaşdırıldığı, içinin isə ötən ildən qalma köhnə məlumatlarla doldurduğunu da vurğulayıb.

“Mən bilirəm ki, “Abituriyent” jurnalının III buraxılışını da saxtalaşdırıblar. Həqiqi jurnalın üz qabığında jurnalın adı və nömrəsi qabarıq olur, saxta jurnallarda isə belə deyil”.

M.Abbaszadə saxtalaşdrıma ilə əlaqədar daim  müxtəlif orqanlara müraciət etdiyini deyib.

Məleykə Abbaszadə TQDK tərəfindən qəbul imtahanına yararlı hesab edilən binaların təhlükəsizlik baxımından yoxlanılması istiqamətində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirildiyini də qeyd edib. O, bildirib ki, imtahan binaları haqqında yenilənmiş məlumat “imtahan yerləri baza”sına daxil edilib. 

“TQDK tərəfindən ölkənin müxtəlif şəhərlərində 2011-ci ildə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulan 150-dən artıq binaya baxış keçirilib. Həmin binaların imtahana yararlılığı müəyyən edilib, texniki pasportları müəyyənləşdirilib”. 

Konfransda TQDK sədri qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllim və imtahan rəhbərlərinin də 30-40 faiz yeniləndiyini söyləyib. O, eyni zamanda nəzarətçilərinn adının yalnız iş keyfiyyətinə görə çıxarılmadığını qeyd edib.

“Yaş həddi və səhhəti nəzarətçi olmağa imkan verməyənlərin də adları bazadan silinir. Hazırda TQDK-nın builki nəzarətçilər bazasında 5 mindən çox nəzarətçi müəllimlər haqqında məlumat toplanılıb. Nəzarətçi müəllimlər təkcə Bakı deyil, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Şəki məktəblərindən seçilib.

M.Abbaszadənin sözlərinə görə, bu il dəvət olunan yeni nəzarətçilərin hamısı sınaq imtahanlarında iştirak ediblər.

“Elə nəzarətçilər var idi ki, biz onları sınaq imtahanları vasitəsilə yoxlayanda yararsız olduqlarını gördük və bazaya daxil etmədik. Ümumiyyətlə bu il keçirilmiş sınaq imtahanlarında Bakı şəhəri üzrə 3701 nəfər, digər bölgələrdə isə 2298 nəfər nəzarətçi müəllim iştirak edib” deyə TQDK sədri əlavə edib.

Aytən ƏLİYEVA 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır