Modern.az

Restoranlar bəstəkarlara pul ödəməlidir – qaydalara əməl olunacaqmı?..  

Restoranlar bəstəkarlara pul ödəməlidir – qaydalara əməl olunacaqmı?..   

Aktual

25 Oktyabr 2017, 14:18

Nazirlər Kabineti müəllif qonorarının minimum miqdarı haqqında qaydalara dəyişiklik edilib. Belə ki, şadlıq evləri, kafe - restoranlar, barlar və digər obyektlərdə ifa olunan musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcəklər.

Amma bu qonorarı müğənnilər yox, obyekt sahibləri ödəyəcək. Yığılan məbləğ ay sonunda ümumi müəlliflər arasında bərabar sayda bölünəcək. Buna nəzarət isə həmin obyektlərdəki kameralar vasitəsi ilə həyata keçiriləcək. Müəyyən olunacaq ki, neçə gün ərzində neçə mahnı və kimlərin mahnısı ifa olunub.

Modern.az saytı mövzuya müxtəlif aspektdən yanaşıb.

Bəstəkar Nailə Mirməmmədli belə bir qanunun qüvvəyə minməsini doğru hesab etdiyini deyir.

“Musiqilərimin radio və televiziyalarda səslənməsinə görə, müəllif hüquqlarına gedib pul alıram. Amma bu elə məbləğdir ki, işləməsəm, yaşayışıma kömək etməyəcək. Digər tərəfdən bəstəkar nə toya, nə də şou-proqrama gedir. Onun gəlir yeri ancaq  mahnının hansısa müğənniyə satılmasıdır. Təəssüflər olsun ki, belədir. Çox istərdim ki, elə bir qurum yaradılsın ki, yaradıcı insanlara, xüsusilə, yaşlı, işləməyə qadir olmayan insanlara dəstək olsun. Bəstəkaram, ali məktəbdə çalışıram və bununla dolanıram.Əgər müəllif hüquqları nəzərə alınaraq hansısa, mahnılarıma görə də mənə pul ödənəcək, o zaman bu yaxşı haldır. Çox yaxşı olardı ki, bu qanuna riayət olunsun və nəhayət qüvvəyə minsin. Necə ki, Vergilər Nazirliyi müğənnilərdən vergi tələb edir, eləcə də mülkiyyətçilər məcburən mahnı müəlliflərinə qonorar ödəsinlər. Necə olur ki, bəstəkarın mahnlıları ilə müğənni tamaşaçını, dinləyicini özünə sevdirə bilir, amma bəstəkara pul ödəmir. Bu məsələdə hüquqşünas, bəstəkar, şair oturub ortaq məxrəcə gəlməlidir”.
 

Müğənni Manaf Ağayev isə belə bir qanunun əhəmiyyətsiz olduğunu düşünür.

“Həmin qanuna dəyişikliklə tanışam. Amma bu müğənnilərə yox, şadlıq evlərinin rəhbərlərinə aiddir. Dövlətin qoyduğu qanuna kiməm ki, etiraz edim. Necə məsləhətdirsə, elə də olacaq. Amma bir məqam da var ki, bunun əhəmiyyəti yoxdur. Çünki restoranlarda təkcə bəstəkar mahnıları səslənmir. Rus, türk mahnıları da səslənir. Dünyanın heç bir ölkəsində belə bir qanun yoxdur. Düzü, bu qərar hələ qüvvəyə minməyib. Heç inanmıram ki, qüvvəyə minsin. Düşünürəm ki, o qədər görməli işlərimiz var ki!”.

“Monte- Kresto” şadlıq evinin administratoru İqbal Aydınoğlu isə hazırda belə məsələnin imkanları xaricində olduğunu deyir.

“Musiqi ifa edən sənətçilər mahnını özləri seçir. Bizim özümüzdə hazırda formalaşdırılmış musiqi tərtibatı yoxdur. Əgər tam olaraq tapşırılsa ki, restoran rəhbərliyi bu işlərə nəzarət etsin, biz də qanuna uyğun şəkildə əməl etməliyik. Hazırda isə bu məsələlər bizim imkanımız xaricindədir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!