Modern.az

Həssas uşaqların internatı - REPORTAJ  

Həssas uşaqların internatı - REPORTAJ   

Aktual

4 Noyabr 2017, 17:14

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinə mediatur təşkil edilib.

Mediaturda Modern.az-ın əməkdaşı da iştirak edib.

Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinin müdiri Həbib Kərimov media nümayəndələrinə  bildirib ki, bu məktəb 1969-cu ildən fəaliyyət göstərir.


“İnternat məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Bu məktəbdə 37 nəfəri qız, 103 nəfəri isə oğlan olmaqla 140 nəfər şagird təlim-tərbiyə alır.

Bu uşaqların hər biri xüsusi diaqnozla məktəbə gəliblər. Şagirdlərin hamısı Psixoloji-tibbi pedaqoji komissiya tərəfindən göndəriş əsasında həmin müəssisəyə qəbul olunur. Bu uşaqlarla 55 nəfər propedaqoji heyət məşğul olur. Burada onlara həm ümumtəhsil, həm də xüsusi təhsil proqramı ilə dərslər keçirilir. Eyni zamanda, bu uşaqlarla loqopedlər və xüsusi mütəxəssislər məşğul olur. Bura respublikanın müxtəlif yerlərindən uşaqlar gəlirlər. Onlar beyin  iflici və poliomelit diaqnozuna uyğun gələn uşaqlardır. Hazırda 86 nəfər uşaq müəssisədə gecələyir. Onlar istirahət günlərində evlərinə gedib-gələ bilirlər, bəzi uşaqlar isə burada gecələmir, təhsil və qayğı xidmətlərindən istifadə edirlər. Yaxın məsafədə olan uşaqlar dərslərini hazırladıqdan sonra evlərinə gedirlər. Burada təhsil illikdir.Tədris binası 180 nəfərlikdir, Daha 100 nəfər qalmaq istəyən şagirdə yer var. Gecələyən uşaqların sayında əvvəlki illərə nisbətən azalma olsa da, ümumilikdə təhsil və qayğı üçün gələn şagirdlərin sayında artım var. Bütün internat məktəblərindəki  şagirdlər Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün peşə məktəblərinə yönləndirilir. İnternat məktəbləri Təhsil Nazirliyinə müraciət edir, nazirlik də uşaqların təhsil alması üçün şərait yaradır”.

İnternat məktəbinin direktoru Allahverdi Vəliyev bildirib ki, məktəbdə uşaqların inkişafı üçün hər bir şərait var.

“Onların əl işləri sərgiyə çıxarılır, satılır. Satışdan əldə edilən gəlirlər uşaqların özlərinə verilir. Eyni zamanda, uşaqlar 2000-ci ildən ölkəmizi beynəlxalq yarışlarda təmsil edir.  ABŞ, Yaponiya, İtaliya, Almaniya və başqa ölkələrdə iştirak edərək qızıl medalla ölkəmizə dönüblər. Burdan məzun olan uşaqlarla daim əlaqədə oluruq, onların hansısa problemi olduqda köməklik göstərməyə çalışırıq. Elə məzunlarımız var ki, 10 ildir bitirib, amma hər dəfə gəlib bizə baş çəkir, əlaqə saxlayır”.

Direktor bildirib ki, bəzi valideynlər hər dəqiqə uşağının yanında olur.

“Elə valideynlər var ki, uşaqlarını hər gün aparıb-gətirirlər, onların yanında olurlar. Amma elələri də var ki, yaxınlıqda qalsalar da, uşaqlarına diqqət yetirmirlər, aylarla illərlə yanlarına gəlmirlər. Uşaqlar valideynlərini görəndə çox sevinirlər. Onlara valideynləri tərəfindən verilən kiçik bir əşya dəyərli olur. Həmin əşyanı qoruyub saxlayırlar”.

Müəssisənin loqopedi Gülşən Qafarova deyir ki, bu uşaqların xüsusi qayğıya ehtiyacı var.

“Bu uşaqlara xüsusi diqqət yetirilməlidir. Onlar çox həssasdırlar. Onların bacarıqlarını inkişaf etdirməsi üçün müəyyən addımlar atırıq. Belə problemi olan uşaqlarla 20 dəqiqədən artıq işləmək olmaz. Kənar səslər onların əsəbləşməsinə səbəb ola bilər”.

 

İnternat məktəbin tarix  müəlliməsi Şəlalə Əliyeva müəssisəyə bu il imtahanla qəbul olunduğunu deyir.


“Uşaqlar hər şeyi öyrənməyə səy göstərir. Onları öyrətmək üçün əlimdən gələni edirəm. Əvvəllər müqavilə ilə başqa ümumtəhsil məktəbində işləmişəm, bu il imtahanla bura qəbul olunmuşam. Uşaqların ümumtəhsil məktəblərindəki şagirdlərdən elə bir fərqi yoxdur. Onlara qayğı göstərdikcə, dərslərində daha da uğurlu nəticə əldə edirlər”.

Masallı rayonundan internat məktəbinə gəlmiş Vüsal və Vüsalə qardaş-bacıdırlar. Vüsal tarix fənnini, Vüsalə isə Azərbaycan dili fənnini sevir.

 

Vüsalə deyib ki, vətənini, dilini sevdiyi üçün Azərbaycan dili müəlliməsi olmaq istəyir.

“İstəyirəm ki, müəllimə olum, uşaqlara Azərbaycan dilini mükəmməl oyrədim. Burada müəllimlərimiz bizə çox əziyyət çəkir. Qardaşımla mən Masallıdan gəlmişik, valideynlərimiz vaxt tapdıqca, bizi görməyə gəlirlər”.

 

Məktəbdə fizika fənnini tədris edən Cəvahir Məmmədova 1984-cü ildən burada işlədiyini deyir.

“Universiteti bitirəndən sonra burada çalışıram. Cavan vaxtlarımda biraz çətinlik çəkirdim, amma sonradan öyrəşdim. Bir neçə dəfə ümumtəhsil məktəblərinə keçmək şansım yaransa da, getməyi qəbul etməmişəm. Bu uşaqlara sevgi, qayğı göstərdikcə, onlar xoşbəxt olur. Onlar çox həssasdırlar. Mən onların əynini geyindirmişəm, hansısa problemləri varsa, əlimdən gəldiyi qədər köməklik etmişəm. Onlar heç nəyə zərər vurmur. İş vaxtımız bitəndə belə, biz onları düşünürük”.

 

Riyaziyyat müəlliməsi Şəhzadə Əliyeva da 40 ildir bu məktəbdə müəllim işlədiyini bildirir:

“Bu uşaqlara məcburi heç nə etdirmək olmaz. Onlar dərslərdə nəyi bacarırlarsa, edirlər. Onlar tez inciyir və tez əsəbləşirlər”.

 

Şagird Aytac Qurbanova müəllimlərini çox sevir.

“Müəllimlər bizə çox qayğı göstərir. Bizə dərs öyrədirlər. Mən məktəbi bitirəndən sonra müəllimə olmaq istəyirəm”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü