Modern.az

Radiomuzun ilk diktorları - Xatirələr və səslər…

Radiomuzun ilk diktorları - Xatirələr və səslər…

Media

6 Noyabr 2017, 23:31

Ölkəmizdə radionun tarixi 1926-cı il noyabrın 6-dan başlayır. Həmin gün Bakının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. O zaman bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Açılış günü görkəmli bəstəkar Müslüm Maqomayevin xüsusi olaraq, bu hadisə ilə əlaqədar yazdığı “Radio marşı” səsləndirilib. 

 

Modern.az xəbər verir ki, radio tariximizdəki ilk musiqi sədasının müəllifi Müslüm Maqomayev 1929-cu ilin oktyabrında Bakı radiosunun musiqi rəhbəri təyin olunur. O zaman  Azərbaycan Radiosunun verilişləri Müslüm Maqomayevin bəstələdiyi “RV-8” radio marşı ilə açılırdı. Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınan "RV" radiostansiyasına həsr edilib. Marş ilk dəfə elə həmin studiyada ifa olunub.

 

1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərdi. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular.

 

Radioda o zamanın məşhur incəsənət xadimləri Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli, Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyev və Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.

 

Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Yavər və Münəvvər Kələntərlilər, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov və Bikə Səmədzadəni radioda işə məhz Müslüm Maqomayev götürür. O, radioda ən yaxşı musiqi əsərlərinin səsləndirilməsinə çalışırdı. Radioda verilən 400 musiqi əsəri araşdırılır və onlardan 100-ü saxlanılır. Maqomayev müxtəlif bəstəkarlara yeni mahnılar və əsərlər yazmağı sifariş etməyi də unutmurdu.

 

İlk diktorlar

 

Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar.

 

1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya İmanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışmışlar.

Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.

 

İsmayıl Əlibəyov - 1902-ci il 24 dekabrda Bakıda anadan olub. O zamankı Politexnik İnstitutunu bitirib. Azərbaycan radio tarixinin il kişi diktorudur. Amma bu onun əsas işi olmayıb. İsmayıl Əlibəyov dövrünün gidroenergetika sahəsində ən tanınmış və azsaylı mütəxəssislərindən olub. Ömrünü SSRİ, İran, Vyetnam, Laosun gidroenergetikasının inkişafına həsr edib. 1988-ci ildə Bakıda dünyasını dəyişib;

 

 

Raya İmanzadə- professor Qulu Məhərrəmli özünün Radionun tarixi və nəzəriyyəsindən bəhs edən kitabında Raya İmanzadəni elə xanımın özünə aid xatirələrin fonunda tanıdır:

“Sabir adına Pedaqoji məktəbi bitirib Salyan rayonunda müəllim işləyən Raya İmanzadə 1928-ci ildə ali təhsil almaq məqsədilə Bakıya gəlir və Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinə daxil olur. İş axtarmağa başlayanda qonşuluqda yaşayan diktor İsmayıl Əlibəyov ona radionu təklif edir... Beləliklə, həmin ildən onun həyatının yeni bir mərhələsi başlayır... Nə yaxşı ki, BDU-nun Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasında Raya xanımın ( və başqalarının da) həyatının bu mərhələsi haqqında qiymətli xatirələrini yazıb saxlayıblar. İndi həmin günlərin havasını duymaq üçün bu xatirələr misilsiz bir bələdçidir. Həmin xatirədən bəzi sətirlər:

 

“...Mikrofon qarşısında oxuduğum ilk veriliş yaxşı yadımdadır. Bu, kolxoz təsərrüfatının fərdi təsərrüfatdan iqtisadi üstünlükləri haqqında danışıb kolxoza daxil olan ailə üzvlərinin adları sadalanan bir veriliş idi. Həmin verilişdən sonra studiyada görkəmli ustad müğənni Cabbar Qaryağdıoğlu qocaman tarzən Qurban Pirimov və kamançaçı Saşa Ohanozaşvilinin müşayiəti ilə “Rast” muğamını oxudu.

 

Birinci iş günümdə, sonralar məşhur dirijor olan, o zaman isə pianoçu kimi çıxış edən Niyazi, məşhur qarmonçalan Əhəd Əliyev, dəfçi Xalıq Babayev, müğənni Səltənət Qacar çıxış etdilər. Veriliş müddətində tez-tez “bərkdən” siqnalı verilirdi. Mikrofonlar həssas olmadığından çox vaxt çığıra-çığıra oxumaq lazım gəlirdi. Ən böyük çətinliklər bayram günlərində, beynəlmiləl verilişlər verdiyimiz zaman olurdu. Çünki mikrofon əl ilə idarə olunurdu.

 

O zaman "RV-47" stansiyası işləyirdi. Bu, gücsüz bir stansiya idi. Proqramlar ancaq Bakının yaxın ətraflarında eşidilirdi. Verilişin bütün iştirakçıları çox da böyük olmayan studiyaya toplaşır və proqramın sonunadək gərgin halda otururdular. İçəri çox isti olardı. Studiyanın havasını dəyişmək müşkül bir iş idi. Qapını foyeyə açmaqla havanı təmizləyirdik”.

 

Soltan Nəcəfov- Azәrbaycan  radiosunun ilk diktorlarındandır. Bәdii qiraәt ustası kimi tanınıb. Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının radio-tamaşalarında aparıcı kimi çıxış edib. "Oxu tar" adlı yazısında ("Üzeyir bәy һaqqında söz" kitabında, B., 1990) Hacıbəyovla bağlı xatirәlәrini yazıb. Həmin xatirələrdən bir parçanı təqdim edirik:

“Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayev hələ 30-cu illərdə xalq musiqisinin inkişafı üçün səmərəli fəaliyyət göstərmişlər. Radioda ilk notlu xalq çalğı alətləri orkestrinin yaranması işində Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin təşkilatçılıq və yaradıcılıq işlərindən yadımda qalan bəzi xatirələrimi nəql etmək istəyirəm.

 

 

 

1931-ci ildə radioda böyük və kiçik heyətli simfonik orkestr, bir neçə ansambl və triolar, eləcə də rus və Qərbi Avropa bəstəkarlarının mahnılarını ifa edən ayrı-ayrı vokal qrupları vardı.

 

Radionun bədii rəhbəri Müslüm Maqomayev bu musiqi kollektivlərindən əlavə notlu xalq çalğı alətləri orkestri yaratmaq təklifini də irəli sürdü. O, bu barədə yaxın sənət dostları, o cümlədən bəstəkar Üzeyir Hacıbəyovla məsləhətləşdi. Gözəl təklif idi. Radioda belə bir kollektivin təşkil olunması nəticəsində musiqi məktəblərini bitirən gənc kadrların aldıqları ixtisas üzrə işləməyə əlverişli şərait yaranacaqdı. Belə bir təklifi tezliklə həyata keçirmək lazımdı. Bu söhbət 1931-ci ilin oktyabr ayında olmuşdu.

 

Notlu xalq çalğı alətləri orkestrinin radioda ilk konserti 1932-ci il yanvarın 5-də Üzeyir Hacıbəyovun «Kolxoz çöllərində» əsəri ilə başladı. Bu konsertdə Bikə Səmədzadə bəstəkarın «Zavod səni gözləyir» mahnısını oxudu. Sonra Yavər Kələntərli Səid Rüstəmovun orkestr üçün işlədiyi «Yadıma düşdü» xalq mahnısını böyük məharətlə ifa etdi. Həmin konsertdə Aleksandr Spendiarovun «Qaytarma» və «Hicaz» musiqi lövhələri, Şubertin «Hərbi marş»ı çalındı. Konsertdən sonra Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, bəstəkar Xeyfets, vokal qrupunun o zamankı rəhbəri Əşrəf Həsənov, xormeyster Tiqran Nalbandyan və redaksiya işçiləri studiyaya gələrək, orkestrin bədii rəhbəri və baş dirijoru Üzeyir bəyi və konsertin bütün iştirakçılarını təbrik etdilər. Sevincdən Üzeyir bəyin gözləri yaşarmışdı.

 

İlk illərdə orkestrin repertuarında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Aleksandr Spendiarov, Həsən Revatov və Səid Rüstəmovun əsərləri ilə yanaşı, klassik rus və Qərbi Avropa bəstəkarlarının populyar melodiyaları da əsas yer tutardı. Radio konsertlərində Çaykovski, Şubert, Bize, Qriq və Motsartın melodiyalarının notlu orkestrin ifasında əzəmətlə səslənməsi vaxtı ilə milli musiqi alətlərimizi müasir mədəniyyətə yabançı sayanlara kəsərli cavab idi. Adlarını çəkdiyim bəstəkarların əsərlərini notlu orkestr üçün işləyib hazırlayan bəstəkar Xeyfetsin xeyirxah xidmətini, xüsusilə qeyd etmək lazımdır. Mən bu orkestrin konsertlərini aparmaqdan xoşlandığım üçün çox vaxt diktor yoldaşlarım öz növbələrini mənə güzəşt edərdilər”.

 

 

Mirvarid Dilbazi- Azərbaycan şeirinin görkəmli  şairlərindən biri  olan  Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçib. Lirikamızın rəngarəng və kamil nümunələrini yaradıb. 1912-ci ildə Qazax rayonunda anadan olan Mirvarid Dilbazi APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. Radionun qurulduğu ilk illər onun tələbəlik dövrünə düşür. Şairənin radio ilə bağlılığı elə tələbəliyi ilə bağlıdır. Çünki o, ali təhsili başa vurduqdan sonra 1929-cu ildə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi, eləcə də bir çox vəzifələrdə çalışır.

 

E.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır