Modern.az

Qəlbən, ruhən bağlı olduğumuz partiya

Qəlbən, ruhən bağlı olduğumuz partiya

Aktual

20 Noyabr 2017, 10:43

“Yeni Azərbaycan Partiyası qəlbən ona bağlı olanların partiyasıdır!” Ümummilli liderimiz Heydər Əliyev belə deyirdi. 25 il əvvəl Azərbaycanın ciddi sınaqlarla üzləşdiyi bir vaxtda ölkəmizin bütün regionlarından, məhz qəlbən, ruhən, fikrən eyni düşünən 91 nəfər vətənpərvər ziyalı ulu öndərə yeni partiya yaratmaqla bağlı müraciət edir: ”İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs sizsiniz!..” Dahi Heydər Əliyevin cavabı isə nəinki 91 nəfərin, xalqın ürəyindən xəbər verir: “Əgər belə bir partiya yaradılmışsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram!” Və 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndərin sədrliyi ilə YAP-ın təməli qoyulur. Bu təməl çox möhkəm idi, çünki Heydər Əliyevin daşdan keçən ideyalarından tökülmüşdü. Bu ideyalar Azərbyacanın qaranlıq səmasına işıq gətirdi. Məhz həmin tarixdən başlanan dirçəliş, qurtuluş Azərbaycanı bugünkü misilsiz uğurlara çatdırdı...


Əslində, Heydər Əliyev o çətin dövrlərdə nə partiya yaratmaq, nə də hakimiyyətə qayıtmaq haqqında düşünüb. O, “91-lər”in müraciətini də canı qədər sevdiyi Vətəninə, xalqına, millətinə xidmət göstərmək üçün qəbul edib. Bu tükənməz sevgi isə onun özünü də ucaldıb, yenidən hakimiyyət zirvəsinə qaldırıb...


YAP-ın siyasi səhnəyə gəlişi, partiyanın məqsəd və məramı, hədəflərinə doğru inamla addımlaması, böyük nüfuz qazanaraq mötəbər tribunaya çevrilməsi gəncləri də öz cazibəsinə salıb. Illər sonra bizi də YAP-a gətirən onun idealları idi. Bu gəliş taleyimizə də əhəmiyyətli dərəcədə təsir göstərdi. YAP minlərlə gənc kimi mənim də “həyatımın yeni dəyəri”nə çevrildi.Xoşbəxtəm ki, tələbəlik illərindən, 2009-cu ilin mayından bu partiyanın sıralarındayam, ona qəlbən, ruhən bağlıyam. “Heydər Əliyev partiyası”nın yetirməsiyəm. YAP Gənclər Birliyi Şurasının üzvüyəm. Və “gənclik yaşı”nı qeyd edən müdrik yaşıdım haqqında fikirlərimi paylaşmaq mənim üçün də olduqca gözəl hissdir...


“Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar. ...Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik” deyən Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Gənclər Birliyini də yüksək qiymətləndirirdi. Qürur duymalı faktdır ki, cənab Prezident İlham Əliyev də partiyamızın yetirməsidir, 2001-ci il noyabrın 21-də YAP-ın II qurultayında partiya sədrinin birinci müavini seçilib. 2 il sonra isə cənab İlham Əliyev artıq YAP-ın sədri, müstəqil Azərbaycanın Prezidenti idi! 2008, 2013-cü illərdə də prezident seçkilərində mütləq qələbəsi, Azərbaycanı yer üzünün ən gözəl ölkələrindən birinə çevirməsi, davamlı uğurlara aparması xalqın öz seçimində nə qədər haqlı olduğunu sübut edir!..


“Ondan sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.”
Möhtərəm Prezidentimiz İlham Əliyevin YAP-ın yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində qeyd etdiyi bu inkişaf hər birimizin gözü önündə baş verir və ölkəmizlə duyduğumuz fəxarət hissini daha da artırır... 


****


YAP mənim də taleyimin, fəaliyyətimin, gələcəyə gedən yollarımın ayrılmaz parçasıdır. Bu partiyanı mənə sevdirən, ən əvvəl, onun yaradıcısıdır – ulu öndər Heydər Əliyev. Hələ orta məktəb illərində Ümummilli lider haqqında yazdığım inşalar indiki kimi yadımdadır. YAP-a üzv olmağım isə tələbəliyimin unudulmaz hadisəsidir. 2010-cu ildə Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”, 2011-ci ildə YAP-ın “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü” ilə əlaqədar “Müasir Azərbaycan-20”, 2013-cü ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirdiyi “Ən böyük azərbaycanlı” adlı yazı müsabiqələrində birinci yeri tutmağımı iftixarla yada salıram. Və xatırlatmaqda bir məqsədim var. Çünki bütün bunlar YAP-ın müəllifi, müstəqil Azərbaycanın qurucusu, dahi Heydər Əliyevin adı ilə bağlıdır...


Bu partiyanı bizə sevdirən ikinci müdrik insan YAP-ın sədri, xalqımızın güvənc, qürur və iftixar yeri olan Prezident İlham Əliyevdir. Gənclərin YAP-a axınının səbəbi də, məhz Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevin siyasətinə inamdır. Biz YAP-a gəlməklə öz potensialımızdan səmərəli istifadə etmək, dövlətimizə, dövlətçiliyimizə xidmət göstərmək üçün böyük imkanlar qazanmışıq...


Bu gün YAP-ın 700 mindən çox üzvü var, onların 40 faizi gənclərdir. Partiyanın ətrafında sıx birləşən gənclər əzmkarlıqları ilə müstəqil dövlətimizin daha da güclənməsinə mühüm töhfələr verirlər. Cənab Prezident İlham Əliyev YAP-ın 25 illik yubiley mərasimində bu məsələyə də toxundu: Partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq.”...


****


Azərbaycan qadınları da YAP-ın sıralarında xüsusi çəkiyə malikdir, partiya üzvlərinin təxminən 50 faizini qadınlar təşkil edir. Onları da bu partiyaya öz əqidələri gətirib. Bir statistika da bizi sevindirir: YAP-ın 400 mininci, 500 mininci, 700 mininci üzvü də, məhz xanımlardır...


YAP-ın 2013-cü il iyunun 7-də keçirilən V qurultayında Azərbaycan qadınlarının lideri, sevimlisi, bənzərsiz örnəyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın YAP-ın sədr müavini seçilməsi, Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi isə bizim üçün son dərəcə qürurverici hadisə, böyük stimuldur...


Azərbaycanda qadınlara dövlətin göstərdiyi etibar, inam, dəstək, bəlkə də, dünyanın heç bir ölkəsində yoxdur. Onların istedadının, qabiliyyət və bacarığının üzə çıxarılması, dövlət idarəçiliyində irəli çəkilməsi, seçkili orqanlarda təmsil olunması, təkcə Azərbaycan qadınına yox, eyni zamanda Azərbaycanın sabahına olan qayğıdır.


2015-ci ildə Milli Məclisə seçkilərdə YAP 125 mandatdan 71-ni qazandı. Onlardan 21 nəfəri qadın idi, bu qadınların 13 nəfəri YAP-ı təmsil edirdi. 2014-cü il dekabrın 23-də ölkəmizdə keçirilən 4-cü çağırış bələdiyyə seçkiləri də qadın və gənclərin daha çox mandat qazanması ilə də yadda qaldı. YAP-ın namizədləri sırasında bələdiyyə üzvü, sonra bələdiyyə sədri seçilməyimi partiyamızın böyük qayğısı hesab edirəm. Əlbəttə, Bələdiyyə seçkilərində YAP-ın namizədi olmaq böyük şərəf, böyük məsuliyyət idi. Və bu məsuliyyəti indi də gündəlik fəaliyyətimdə dərindən dərk edir, bu seçimə layiq olmağa, etimadı doğrultmağa çalışırım... 


****


Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP, obrazlı desəm, Azərbaycanın aydın səmasında Günəş kimi parlayır. O, nəinki ölkəmizin, regionun siyasi müstəvisində ən böyük, ən nüfuzlu partiya, ən möhtəşəm siyasi gücdür. Bu, YAP-ın müdrik bir siyasətin bəhrəsi, müdrik bir siyasətçinin əsəri olduğunu bir daha təsdiq edir. İndi 25 yaşlı bu “müdrik gənc” müstəqil Azərbaycanla əl-ələ verərək inamla, qürurla, İLHAMla yüksəlişə, tərəqqiyə doğru gedir. Yol isə birdir – HEYDƏR ƏLİYEV yolu...

 

SİTARƏ CABBARLI

Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri,
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini,
YAP Gənclər Birliyi Şurasının üzvü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı