16 dekabr 2018, Bazar
Ana Səhifə - REPORTAJ - Tankların üstünə gedən, SSRİ nazirini “trevoqa” ilə müşavirədən çıxaran RASİM EMİNBƏYLİ
Tankların üstünə gedən, SSRİ nazirini “trevoqa” ilə müşavirədən çıxaran RASİM EMİNBƏYLİ
09.12.2017, 11:15

Respublika Parlamentində deputat kimi Sumqayıtı təmsil edərək, 18 oktyabr 1991-ci ildə Azərbaycanın suverenlik aktının qəbul edilməsini qürurla, həm də sevincdən doğan göz yaşları ilə qarşılamış Rasim Eminbəylinin bu gün 75 illik yubileyidir.

 

Modern.az saytı Rasim Eminbəyli ilə bağlı yazını təqdim edir.

 

Eminbəylilər qədim Gəncənin sayılıb-seçilən nəsillərindən olub. Həmin nəslin nüfuzlu nümayəndələrindən biri də Rasim Eminbəylidir. 1942-ci ildə dünyaya gəlib. Babası və Hidayət, İbrahim əmiləri Sovet rejiminə qarşı Gəncə üsyanının fəal iştirakçılarından olub.

Orta təhsilini doğma şəhərdə alan Rasim hələ məktəbdə oxuyarkən riyazi-texniki fənnlərə yüksək marağı ilə, həm də Gəncənin Bağmanlar məhəlləsinin uşağı kimi diribaşlığı, fəallığı ilə seçilib. Leninqradın nüfuzlu Politexnik İnstitutunun metallurgiya fakültəsində oxuyarkən də həm təhsildə, həm də ali məktəbin ictimai həyatında lider olmağı bacarıb. Məhz bu keyfiyyətlər onun sonrakı həyatında mühüm, aparıcı amillər olub.

 

Metallurgiyadan başlanan qiyabi tanışlıq

 

Rasim Eminbəyli ilə 35 il əvvəl - 1982-ci ildə, mən «Vışka» qəzetinin sənaye şöbəsində müxbir işləyərkən qiyabi olaraq tanış olmuşdum. O zaman keçmiş SSRİ-də və dünyanın bir çox ölkələrində kosmik tədqiqatlar və hərbi məqsədlər üçün böyük maraq doğuran, geniş perspektivlər vəd edən, qədim Misirdə hələ eramızdan 300 il əvvəl tətbiq edilən «poroşok» metallurgiyası (o zaman qiymətli metalların tozlarından bəzək məmulatları və başqa artefaktlar hazırlanırdı) həm elm, həm də istehsalat mütəxəssislərinin xüsusi diqqət mərkəzində idi. Buna görə də Bakıda Azərbaycan Əlvan Metallurgiya İdarəsinin tərkibinə daxil olan xüsusi Təcrübi-eksperimental Tozvari metal istehsalı zavodu yaradılmışdı. 

Geniş bir məqalə hazırlamaq məqsədilə həmin müəssisənin direktoru ilə görüşüb,  metallurgiya sahəsində o dövr üçün inqilab sayılan yeni yexnologiya barədə xeyli söhbət etdik. Ancaq poroşok metallurgiyası tamamilə yeni bir sahə olduğundan və yazı prosesində müəyyən suallar ortalığa çıxdığından Əlvan Metallurgiya İdarəsinin mütəxəssisləri ilə məsləhətləşmək, onların da rəyini öyrənmək üçün ora zəng edərkən mənə bildirdilər ki, "yaxşı olar ki, siz Mərkəzi Elmi-tədqiqat laboratotiyasının rəisi Rasim Eminbəyli ilə əlaqə saxlayasınız.  O sizə daha geniş və ətraflı məlumat verər".

 

Düzü, ilk dəfə müraciət etməyimə baxmayaraq, gözlədiyimin əksinə olaraq Rasim Eminbəylinin suallarıma həvəslə, çox dolğun və konkret, elmi cəhətdən əsaslandırılmış şəkildə cavab verməsi, rəhbərlik etdiyi sahəni dərindən, mükəmməl bilməsi və məsələyə fərdi baxışı diqqətimi cəlb etdi və məndə xoş təəssürat yaratdı. Material hazırlanıb qəzetdə dərc edildikdən sonra da biz bir müddət əlaqə saxladıq, lakin sonralar həmin mövzuya qayıtmadığımdan o maraqlı adamla əlaqələrimiz xeyli müddət kəsildi.

 

Sadə adamlarla, fəhlələrlə "oturub-duran" direktor

 

Bizim "telefon tanışlığı"mızdan iki il sonra - 1984-ci ilin noyabrında Rasim Eminbəyli respublikanın Əlvan Metallurgiya İdarəsinin xətti ilə Sumqayıt Alüminium zavoduna direktor təyin olundu. O vaxt onun cəmi 42 yaşı vardı. Və o, əsl gənclik həvəsi ilə işə başlayaraq, ilk günlərdən fəhlələrin iş və sosial şəraitini yaxşılaşdırmaq üçün mühüm tədbirlər görür, əvvəlki  müəssisə rəhbərlərindən fərqli olaraq çox zaman fəhlələrin yanında olur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Yeni direktor hətta ən zəhərli sex olan elektroliz sexinə girərək, nəfəs alınması çətin olan, havası alüminium toz-torpağına qərq  olmuş sexdə fəhlələrlə görüşməklə onların vəziyyəti ilə bilavasitə iş yerində tanış olmaqdan çəkinmirdi. R.Eminbəylinin bu cür sadəliyi, səmimiyyəti və əlbəttə ki, ilk növbədə yüksək rəhbər təşkilatçılığı, işgüzarlığı, mütəxəssis kimi zəngin biliyə, həmçinin yüksək mədəniyyətə malik olması onu həm alüminiumçulara, həm də onu tanıyıb-tanımayan şəhər sakinlərinə sevdirə bilmişdi. Direktor olsa da, digər həmkarlarından fərqli olaraq kabinet adamı deyildi. Və yolum zavoda düşəndə onu bəzən toz-torpaqlı, palçıqlı uzunboğaz rezin çəkmədə zavodu dolaşan, lazım gələndə fəhlələrlə birgə çirkli su yığılmış texnoloji-kommunikasiya xəttinə (çalasına) düşüb, vəziyyəti operativ araşdıraraq, təxirəsalınmaz tapşırıqlar verdiyini görəndə bir daxili rahatlıq duymuşdum ki, axır ki fəhlələrlə qaynayıb-qarışan bir direktora rast gəldim.

 

Məhz onun dövründə mühəndis və fəhlələrin texniki-səmərələşdirmə fəallığının artırılmasına, elektroliz sexində ağır şəraitdə çalışanların əmək haqqlarının yüksəldilməsinə, zəhərlənmə hallarına yol verilməməsi üçün süd məhsulları ilə müntəzəm təmin edilməsinə xüsusi diqqət yetirilirdi. Alüminumçuların iş zamanı pulsuz və keyfiyyətli yeməklə təmin olunması da ciddi nəzarətə götürülmüşdü və bütün bunlar onları daha yaxşı işləməyə ruhlandırırdı. Bu, təsadüfi deyildi ki, fəhlələr də, mühəndislər də olduqca işgüzar, təşəbbüskar və qayğıkeş olan direktora böyük rəğbət bəsləyirdilər.  

 

Onunla yaxından tanışlığımız da elə zavodun həyətində olmuşdu. Ayağındakı palçıqlı rezin çəkmə və "spesovka" paltarı ilə fəhlələrdən seçilmədiyindən ilk baxışda onun briqadir, ya da sex rəisi olduğunu zənn etmişdim. Ancaq bir qədər sonra ciddi, işgüzar görkəmidən hiss etdim ki, bir vaxtlar məni poroşok metallurgiyası sahəsində "maarifləndirən", çoxsaylı suallarıma məmnuniyyətlə, qətiyyən bezmədən cavab verən, çoxdan görmək istədiyim Eminbəyli elə bu adam imiş. Təsəvvür etdiyimdən fərqli olaraq, idmançı cüssəli, çox çevik, bir az da zabitəli idi.

 

Sumqayıtda "oturub", SSRİ nazirini İttifaq müşavirəsindən məcburi çıxartdıraraq, ona təcili "tapşırıq" verən zavod direktoru

 

1988-ci ilin fevralında Ermənistandan - dədə-baba yurdları Göyçə və Zəngəzurdan ev-eşikləri qarət edilərək, döyülərək qovulan, respublikamızın bir çox şəhər və kəndləri ilə yanaşı Sumqayıta da pənah gətirən həmvətənlərimizin faciəli taleyi ilə barışmaq istəməyən gənclər küçə və meydanlarda erməni vəhşiliklərinə qarşı yürüş keçirib, öz etirazlarını bildirirdilər. Həmin günlərdə yaranmış qarışıqlıqdan istifadə edən daşnakların qabaqcadan hazırlanmış plan-ssenarisi üzrə Azərbaycanı gözdən salmaq, xalqımızı bütün dünyaya vəhşi xalq kimi tanıtdırmaq məqsədilə özünü dəliqanlı, coşqun ruhlu gənclərimizə azərbaycanlı Paşa kimi təqdim edən Edik Qriqoryanın şəhərdəki erməniləri qırmaq çağırışı faciələrə səbəb olmuşdu.  Lakin törədilmiş qanlı hadisələrdən sonra SSRİ-nin Sumqayıtda asayişi təmin etmək üçün göndərilən qoşun dəstələri əllərindəki silahlarla hərəkətsiz dayanaraq, ixtişaş törədənlərə qarşı heç bir tədbir görməyərək, seyrçi mövqe tutmuşdular. Bunun qəsdən, bilərəkdən, erməni sifarişi, Qorbaçov təlimatı üzrə edildiyini başa düşən İttifaq əhəmiyyətli zavodun direktoru Rasim Eminbəyli əsəbini cilovlaya bilməyərək, kabinetindəki hökumət telefonu ilə bilavasitə tabe olduğu SSRİ Əlvan Metallurgiya naziri Vladimir Durasova zəng edir.  Nazirin telefonuna onun qadın referenti cavab verərək bildirir ki, Durasov müşavirə aparır, onunla yalnız 2-3 saatdan sonra danışmaq olar, indi mümkün deyil. R.Eminbəyli sərt şəkildə tələb edir ki, naziri telefona çağırsın. Referent nazirin İttifaq müşavirəsini saxlayıb, telefona gələ bilməyəcəyini bir daha desə də, Rasim müəllim israrla tələb edir ki, Durasova təcili məlumat verilsin, təxirəsalınmaz bir məsələ ilə bağlı təcili danışmalıdır. R.Eminbəylinin həyəcanlı, qəzəbli danışığından təşvişə düşən qadın referent yalnız bundan sonra naziri müşavirədən ayırmağa cəsarət edir. Nazir əvvəlcə elə başa düşür ki, sumqayıtlı direktor planı yerinə yetirə bilmədiyinə görə özünü sığortalamaq üçün, ya da zavodda qəza baş verdiyinə görə zəng edir. Lakin R.Eminbəyli istehsalatda yox, Sumqayıtda nələr baş verdiyini tələm-tələsik bildirərək kəskin, az qala amiranə şəkildə deyir:

 

- Mən Sizə bir nazir kimi yox, SSRİ hökumətinin səlahiyyətli üzvü kimi müraciət edirəm və tələb edirəm: Sumqayıtda vəziyyət çox gərgin və ağırdır, qoşun dəstələri isə sakitcə duraraq, baş verənlərə laqeydliklə tamaşa edir, asayişi təmin etmirlər. Bəs onlar bura nə üçün göndərilib? Hökumət rəhbərliyinə çatdırın ki, təcili tədbirlər görsünlər!

 

Artıq bir saat sonra hərbçilərin dəstələri vəziyyətə nəzarət edərək, asayişi bərpa etməyə başlamışdılar. Təsadüfi deyil ki, dəfələrlə R.Eminbəylinin vətənpərvərlik mövqeyinin, onun bəzən qorxu bilmədən, cəsarətlə hərbçilərə haqlı iradlarını bildirməsinin, hətta onlara məsləhətlər verməsinin şahidi olan, çox sərt vətəndaşlıq qətiyyəti ilə üzləşən o vaxtkı generallardan biri söhbətlərinin birində Sumqayıtın meri haqqında demişdi: "Bu adam çox az hallarda rastıma çıxan nadir, əsl kişilərdən biridir."   

 

O, "heç nə" etmədi... Sadəcə əmək adamına diqqət və qayğısı, səmimiliyi, obyektivliyi ilə zavodu böhrandan çıxardı

 

Rasim Eminbəylinin direktor olduğu müddətdə zavodda aparılan gərgin və səmərəli tədbirlər nəticəsində müəssisədə yüksək istehsalat nəticələrinə nail olunmuş, alüminiumçuların maddi və məişət şəraiti əvvəlki illərə nisbətdə kifayət qədər yaxşılaşmışdı. Əsas olan isə ilk növbədə əmək adamına olan böyük diqqət və qayğı idi. Bunu alüminiumçular hər addımda hiss edirdilər. Onlar üçün xoş olan həm də o idi ki, Rasim Eminbəyli özündən əvvəlkilərdən fərqli olaraq rəsmiyyətçilikdən uzaq, çox sadə və səmimi, işinin-əməlinin sahibi, bütün qərarlarında obyektiv, vədinə-sözünə sadiq adam idi.

 

Konkretliyi, hər bir işçini səbrlə, diqqətlə dinləməyi bacarması, onların dərdinə-sərinə laqeyd olmaması, bir ailənin üzvü kimi xeyir-şərlərində iştirakı və s. keyfiyyətləri də onu zavod işçilərinə sevdirmiş və o, az qala hamının ərk edib yaxınlaşa biləcəyi bir dosta çevrilmişdi. Təsadüfi deyildi ki, onun səsi-sorağı bütün şəhərə yayılmışdı. Hətta bəzi zavodların işçiləri alüminiumçulara həsədlə baxır, öz aralarında deyirdilər ki, "eşitmisən, Alüminium zavodunun direktoru işçiləri üçün necə şəraitlər yaradıb, nələr eləyib?.."

 

"Nələr etdiyinin" ən inandırıcı sübutu isə o idi ki, illərlə geridə qalan, maliyyə gərginlikləri olan zavod məhz R.Eminbəylinin sayəsində iqtisadi böhrandan azad ola bilmişdi. O, sonralar direktorluqdan  çıxıb, şəhər rəhbərliyinə irəli çəkiləndə zavodun anbarında aviasiya və digər sənaye sahələri üçün çox mühüm əhəmiyyət kəsb edən 5000 tondan artıq alümüinium külçəsi qalmışdı (nəzərə almaq lazımdır ki, alüminium polad kimi tonlarla yox, kiloqramlarla istehsal edilir). Rasim müəllimdən sonra o həcmdə metalı öz xeyirlərinə odsuz-alovsuz elə tez "əridənlər" tapılmışdı ki...

 

Moskvalı nazir onu təbrik etmək üçün elə səhərisi günü Azərbaycana gəlmişdi

 

 

Yalnız zavodda deyil, bütünlükdə Sumqayıtda nüfuz və hörmətinin artması, yüksək təşkilatçılıq-rəhbərlik istedadı, adamlarla səmimi, mehriban ünsiyyət qurmaq bacarığı çox keçmədən onu labüd olaraq şəhər Sovetinin deputatı seçilməsinə səbəb oldu və şəhər rəhbərliyinə gətirdi - sumqayıtlılar Rasim Eminbəyliyə yüksək etimad göstərərək, 16 mart 1988-ci ildə onu şəhərin Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, eyni zamanda həm də respublika Ali Sovetinin deputatı seçdilər.

 

Özünün tabeliyində olan zavod diektorunun yüksək vəzifəyə seçilməsindən xəbər tutan SSRİ əlvan metallurgiya sənayesi naziri Vladimir Durasov elə səhərisi günü Sumqayıta gələrək, sevincini gizlətməyib, bir vaxt onunla "cəngi-cidala" çıxan Rasim müəllimi ürəkdən təbrik etmişdi. Vaxtilə oxuduğu Leninqrad Politexnik İnstitutunda isə R.Eminbəylinin iri portreti asılmış və altında iftixarla yazılmışdı: "Наш выпускник - мэр города Сумгаита! Поздравляем!"

 

Onun İcraiyyə Komitəsinin (İcrakom) sədri seçilməsi çox ağır bir dövrə - ermənilərin Sumqayıtda törətdikləri təxribat və vəhşiliklərdən sonrakı günlərə təsadüf edirdi. 350 minlik əhalisi olan, eyni zamanda Göyçə və Zəngəzur mahallarından minlərlə qaçqın həmvətənimizin pənah gətirdiyi bir şəhərin sosial-iqtisadi problemlərini və digər məsələləri həll etmək o qədər də asan deyildi. Yeni postunda işə başladığı ilk günlərdən etibarən qaçqın-köçkün həmvətənlərimizin Sarıqaya ərazisindəki pioner düşərgələrində yerləşdirilməsi, onlara diqqət və qayğı göstərilməsi, Coratın yaxınlığında onlar üçün ilk ikimərtəbəli yaşayış evləri kompleksinin tikilməsi, işlə, ərzaq və sairlə təmini Rasim Eminbəylinin gündəlik fəaliyyətinin əsasını təşkil edirdi. 

Təbiətən kabinet adamı olmayan Rasim müəllimin iş yeri əslində tikinti meydançaları, problemli mikrorayon və məhəllələr, nəqliyyat və digər infrastruktur sahələri idi. Məhz onun təşəbbüsü, bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə doğma yurdlarından didərgin düşmüş həmvətənlərimiz üçün tikilən 2-3 mərtəbəli evlərin, ucqar mikrorayonların sakinlərinin illərlə arzusunda olduğu "Şərq bazarı"nın, "Sarıqaya" ərazisində 5-mərtəbəli yeni 400 yerlik xəstəxananın tikilib istifadəyə verilməsi, texniki qurğuları da daxil olmaqla tikintisi və abadlaşdırılması illərlə yubadılan, gənc idmançıların "katok" adlandırdıqları, həsrətlə gözlədikləri buz meydançası olan idman kompleksinin inşasının başa çatdırılması və s. Rasim müəllimin səyləri, tikinti-inşaat qüvvələrini görüləcək işlərə maksimum səfərbər edə bilməsi, onları düzgün istiqamətləndirmək bacarığı sayəsində, bilavasitə iştirakı ilə mümkün olmuşdu.

 

İndi Sumqayıtda bəzilərinin kimlərinsə adı ilə bağlamaq istədiklıri "xeir-şər evlərinin" təşəbbüskarı da başqası yox, məhz R.Eminbəyli olmuşdur. Belə ki, bir dəfə 17-ci mikrorayonda sakinlərlə görüşərkən o vaxtın "qırmızı guşəsinə" 15-20 adamın güclə yerləşdiyini, sıxlıq üzündən otaqda nəfəs almağın çətin olduğunu görən Rasim müəllim ağsaqqallara üzünü tutub demişdi ki, həyətdə birmərtəbəli geniş bir bina inşa etmək lazımdır ki, camaat orda həm istirahət edə bilsin, həm də dərd-sərlərini bölüşsünlər, birgə tədbirlər keçirsinlər. "İspolkom"un köməkliyi ilə tezliklə layihə işlənərək, şəhərdə ilk "xeyir-şər evi" inşa edilib hazır oldu. Düzdür, ilk vaxtlar şəhərin bəzi vəzifəli adamları bunun əleyhinə çıxırdılar. Arqumentləri də bu idi ki, guya camaat ora toplaşıb, hökumət əleyhinə hansısa mitinq və s. tədbirlər hazırlaya bilər (1988-ci ilin çaxnaşıqlı dövrü idi...). Lakin Rasim müəllimin təşəbbüsü sonradan şəhərin Partiya Komitəsinin birinci katibi Zülfü Hacıyev tərəfindən də bəyənilmiş və belə evlərin Sumqayıtın bütün iri məhəllə və mikrorayonlarında da tikilməsi tövsiyə edilmişdi. Binaların yeri müəyyənləşdirilərək, onların layihəsi hazırlanıb, təsdiq edilir və bilavasitə sakinlərin özlərinin iştirakı ilə, onların zəhməti, əməyi sayəsində inşa edilirdi. Bu, adamlara həm kollektivçilik hissi aşılayır, həm də mehriban, səmimi qonşuluq münasibətlərinin yaranmasına səbəb olurdu. Və uzun illər sakinlər öz toy-nişan şənliklərini, ad günlərini, övladlarının hərbi xidmətə yola salınması və s. tədbir və mərasimləri həmin "xeyir-şər evlərində" keçirirdirlər. Onlardan bu gün də istifadə edilməkdədir - təşəbbüskarına xeyir-dua səsləndirilməklə.

 

Coratın problemlərini həll etmək nə asan imiş... R.Eminbəylinin əlində. Bir dəfə Corat qəsəbə Sovetinin sədri, abadlığa-yaşıllığa, təmizliyə xüsusi diqqət yetirən İsgəndər Qasımovla birgə qəsəbədəki vəziyyətlə tanış olarkən məktəblilərin narahatlıqla ora-bura qaçışdıqlarını görən R.Eminbəyli soruşur ki, nə olub, nədir bu qaçhaqaç? Biləndə ki, köhnə Corat məktəbi yararsız hala düşüb, ona görə də məktəblilər məcbur olub, uzaq yol qət edərək, qışın soyuğunda-sazağında dərs almaq üçün yaxın mikrorayonlardakı məktəblərə gedirlər, Rasim müəllim sessiyanı, büdcə müzakirəsini, rəsmi plana salınmanı, müvafiq qərarı və s. gözləmədən elə oradaca məktəb üçün münasib yer seçib, onun tikintisinə başlamağı,  maliyyələşməni isə  şəhər Sovetinin vəsaiti hesabına aparmağı  tapşırmışdı. Və artıq növbəti dərs ilində qəsəbənin uşaqları təhsillərini özlərinin Coratda müasir üslubda inşa edilmiş 400 yerlik yeni, geniş və işıqlı məktəblərində davam etdirmişdilər.

 

Həmin gün R.Eminbəyli Corat sakinləri ilə, adi adamlarla söhbət zamanı qəsəbədəki acınacaqlı bir vəziyyətdən də xəbər tutmuşdu. Belə ki, şəhərin bəzi rəhbər işçilərinin bürokratik, təmənnalı münasibətlərinin nəticəsi olaraq uzun illər bəzi qəsəbə sakinlərinin yaşadıqları evlər, həyət-baca üçün müvafiq sənədlər verilmir, bu səbəbdən də onlar hüquq-mühafiz orqanları tərəfindən get-gələ salınır, incidilir, hətta olurdu ki, azadlıqdan məhrum edilib, həbsxanaya atılırdılar. Bu qeyri-insani münasibətin qəsəbə əhalisinə necə maddi və mənəvi zərbə vurduğunu başa düşən Rasim müəllim "yuxarılar"la razılaşmaya lüzum görməyərək, elə həmin gündən etibarən bütün sənədsiz evlərin, həyətyanı sahələrin sənədləşdirilməsi barədə göstəriş vermiş və bu iş bir-neçə ay ərzində tamamilə başa çatdırılmışdı. Buna görə də qəsəbənin daha çox din-iman əhli olan sakinləri Rasim müəllimin xeyirxahlığını, insanpərvərliyini yüksək dəyərləndirərək, məscidə cümə namazına yığışarkən onun üçün uca Allah qarşısında dualar edirdilər. Axı, illərlə əlac olunmayan bir məsələni yeni sədr heç bir çətinlik, süni baryer, problem yaratmadan asanlıqla həll edə bilmişdi...

 

O zaman çoxları ilk dəfə şahidi olurdular və təəccüblənirdilər ki, Rasim müəllim əvvəlki şəhər rəhbərlərindən fərqli olaraq çox demokratik adamdır, formallığı, rəsmiçiliyi xoşlamır. Onun "ispolkom"  sədri olduğu vaxtlarda hansısa işə əncam çəkilməsi üçün heç də həmişə rəsmi-yazılı müraciətə ehtiyac yox idi. Əgər ona hər hansı bir "siqnal" çatırdısa, Rasim müəllim kağız-kuğuz bürokratiyasına yol vermədən bu və ya digər məsələnin operativ olaraq yoluna qoyulmasına çalışırdı. Onun üçün əsas məsələ rəsmi "kağız-kuğuz" yox, yerlərdə sakinləri narahat edən problemlərin təxirə salınmadan həlli idi.

 

Tabeliyində olan müdiri niyə işdən çıxartmadı?  Deyəsən, 90-cı ilin payızı idi. Bir gün eşitdim ki, şəhər təsərrüfatının yaxşı tanıdığım  rəhbərlərindən biri bərk xəstələnib, işə çıxmır. Bu, bir neçə həftə davam etdi. O, çox işgüzar, işinin peşəkarı olan, həm də çox sağlam bir adam idi. İşlədiyi 6-7 il ərzində ona həvalə olunmuş sahədə özündən əvvəlkilərin 15-20 il ərzində gördükləri (əslində demək olar ki, görmədikləri) işdən dəfələrlə çox həcmdə işlər görmüşdü. Bunu mən yaxşı bilirdim və onun bəzən yeri gələndə fəhlə işini də özünün gördüyünün də şahidi olmuşdum. İşgüzarlığına və sadəliyinə görə mənim ona xüsusi rəğbətim vardı. Bilirdim ki, ona tapşırılmış sahənin işindən heç bir şəhər rəhbərinin narazılığı yox idi. Lakin bir gün təsadüfən onun işçilərindən birindən müdirinin səhhəti barədə soruşanda "öz aramızda" olmaqla dedi ki, o adamın heç bir xəstəliyi yoxdur, lakin onu işdən çıxartmaq istəyirlər, ona görə də işə gəlmir, "bolniçni" götürüb. Bunu öyrənib, axşama yaxın Rasim müəllimin yanına getdim. Qəbul vaxtı təzəcə qurtarmışdı. Mənim gəldiyimi bilib, içəri dəvət etdi.

Ona həmin adamla bağlı məsələni açdım, onun necə peşəkar, zəhmətkeş bir adam olduğunu, sakinlərin xahiş və tələblərini yerinə yetirmək üçün gecə-gündüz çalışdığını, bəzi müdirlər kimi eqoist, təmənnalı olmadığını bildirdim. Həm də onu diqqətə çatdırdım ki, şəhərdə onun sahəsini ondan yaxşı bilən və son illər ərzində ondan çox iş görən heç bir müdir olmayıb. Ona görə də həmin adamın işdən çıxarılması özündən daha çox şəhər üçün ziyan olacaq.

 

Həmin adamın işə çıxmamasının səbəbini də Rasim müəllimdən gizlətmədim. Bəlkə də başqa bir sədr olsaydı, məni dinləməklə kifayətlənərək deyərdi ki, "çox sağ ol informasiyaya görə, ancaq məsələni mən özüm həll edəcəyəm". Ya da məni arxayın salmaq üçün deyərdi ki, "yaxşı, baxarıq" və heç bir tədbir də görməzdi. Ancaq Rasim müəllim məni diqqətlə dinlədikdən sonra həqiqətən o adamın işdən çıxarılması ilə bağlı ona kiminsə təsiri olduğunu, lakin özünün də tabeliyində olan həmin müdirdən heç bir narazılığı olmadığını və məsələni araşdırmağı nəzərdə tutduğunu da bildirdi və sonda qısaca olaraq dedi ki, "yaxşı, xəbər elə, qoy işini davam eləsin".  Və elə sabahısı günü həmin adam "sağalıb", yenidən öz işinə qayıtdı - heç bir təmənna güdülmədən, "hədiyyəsiz-filansız"...

 

20 Yanvar günlərində Sumqayıtda "fövqəladə rejim"in tətbiqinin qarşısı məhz R.Eminbəylinin risqi, fədakarlığı sayəsində alınmışdı

 

Həmin ağır, dəhşətli günlərdə Qorbaçov rejimi Azərbaycanın haqq səsini boğmaq üçün  Bakının "iki addımlığında" olan, hər zaman paytaxtın harayına çata biləcək Sumqayıtdan, onun qorxubilməz, cəsur adamlarından ehtiyat edərək, bu şəhərdə də "fövqəladə rejim" tətbiq etmək niyyətində idi. Bunu öz "kanalları" ilə öyrənən R.Eminbəyli artıq səhər alaqaranlıqdan sürücüsü ilə Sumqayıtın girəcəyində dayanıb, şəhərə girmək istəyən Sovet Ordusunun hərbi texnikasını gözləyirdi. Ürəyində 20 yanvar şəhidlərinin kədərini gəzdirən və hərbçilərin hər cür vəhşilik, qudurğanlıq edə biləcəyinə şübhə etməyən Rasim müəllim uzaqdan tankların, BTR-lərin gurultulu səsini eşidib, sürücüsünə maşından düşməyi əmr edib, sükan arxasına keçdi.

- Rasim müəllim, siz neyləmək istəyirsiz? - sürücü Faiq narahatlıqla soruşdu.

 

- Sən cavansan, otur yolun qırağında, bu it uşağından hər cür vəhşilik gözləmək olar. Mən getdim onlarla "haqq-hesab" çürütməyə, - deyib maşını sürətlə qarşıdan gələn tank kalonunun qarşısına doğru sürdü. Faiq müdirinin arxasıyca həyəcanla qışqıra-qışqıra qaldı...

 

Hərbi kalona çatmağa 100-120 metr qalmış cəld maşını saxlayıb, yerə düşərək, qollarını "olmaz!" işarəsilə çarpazlayıb havada hərəkət etdirməyə başladı. Kalonun önündə şığıyan tanklar ona yaxınlaşaraq, sürəti azaltdı. Baxmayaraq ki quduzlaşmış Yazov hərbçiləri onun maşınını da Bakıda olduğu kimi əzib keçə bilərdi, bu, Rasim müəllimi qorxutmamışdı. Çünki onu daha çox özünün yox, qoca-cavan 350 minlik şəhərin taleyi narahat edirdi. Tank kalonunun komandiri olan general özününkülərə dayanmaq əmri verərək, hərbi maşından düşüb, onların "yolunu kəsən" adama yaxınlaşıb, onun risqli hərəkətinə narazılığını bildirmək istədikdə R.Eminbəyli generala tanışlıq verərək, sərt şəkildə bildirdi:

 

- Я - Расим Эминбейли, мэр города Сумгаита и в полном курсе ваших намерений. Своим полномочием категорично заявляю, что никакой надобности о введении чрезвычайного положения в нашем городе нет. У нас все тихо и спокойно...

 

Və məlum olmuşdu ki, həmin general R.Eminbəylini Sumqayıtda 1988-ci ilin fevralında baş vermiş hadisələrdən sonrakı günlərdən yaxşı tanıyırmış. Elə magistralın ortasındaca qısa danışıqdan sonra şəhərin merinin "kişi sözü"nə inanan rus generalı tank kalonuna geri dönmək əmri vermişdi.

Bəli, məhz R.Eminbəylinin vətənpərvərliyi, qətiyyəti, cəsarətli prinsipiallığı, vəziyyəti talenin ümidinə buraxmaq istəməməsi Sumqayıtı növbəti dəfə fövqəladə rejim şəraitində  yaşamaqdan, bəlkə də neçə-neçə dəliqanlı sumqayıtlını xəsarət almaqdan, ölümdən xilas etmişdi. Və o, inanılmaz olaraq generalı "yola gətirə" bilməsindən özü də böyük məmnunluq duyaraq, maşını ilə Boru-prokat zavodunun yanından ötərək, öz iş otağına qayıdanda şəhər hələ yuxudan oyanmamışdı - hələ səhər saat 6-nın yarısı idi...  

 

Görkəmli kinorejissor  Davud İmanova və kinossenaist Eyruz Məmmədova dönə-dönə tapşırmışdı ki, "ağsaqqalımızı - Heydər Əliyevi də Moskvada hökmən tapın və ondan müsahibə alın! Bu, tarixdir!"

 

Azərbaycanın tarixi-sənədli filmləri sırasında müstəsna əhəmiyyəti olan, Dağlıq Qarabağla, Sumqayıt və 20 Yanvar hadisələri ilə bağlı Qorbaçov rejiminin ifşa edilməsinin nəzərdə tutulduğu "Sumqayıtın əks-sədası" filminin çəkilişlərinə hazırlıq mərhələsi gizli aparılırdı. Şəhərin bəzi müəssisə rəhbərləri vətənpərvərlik nümunəsi göstərərək, filmi maliyyələşdirməyə hazır olduqlarını bildirsələr də, son anda "ehtiyat" edərək, yaxalarını kənara çəkirdilər. Məhz belə həlledici, vacib məqamda R.Eminbəyli ilə görüşən D.İmanov və E.Məmmədov şəhərin merinin razılığını almış və məhz onun ilkin maliyyə dəstəyi ilə filmin çəkilişinə başlamışdılar. Xalqımızın qanına susamış cəlladların - SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov, marşal Dmitri Yazov, KQB-nin başçısı Vladimir Kryuçkov və digərlərinin Moskvada danışdırılması, xalqımızı narahat edən Dağlıq Qarabağ, Sumqayıt və 20 Yanvar hadisələrinə münasibətlərinin öyrənilməsi başlıca məqsəd idi.

 

Azərbaycan tarixində mühüm yer tutacaq həmin film ətrafında geniş söhbət və müzakirələrdən sonra çəkiliş qrupuna uğur diləyərək, onları yola salan R.Eminbəyli Davud İmanova və Eyruz Məmmədova dönə-dönə tapşırmışdı ki, "hörmətli ağsaqqalımız Heydər Əliyevi Moskvada hökmən tapın, ondan müsahibə götürüb, filmə çəkməyi unutmayın!" Bu, o dövr idi ki, Azərbaycan xalqının görkəmli oğluna, dünya şöhrətli dahi siyasətçiyə həm SSRİ, həm də Azərbaycan miqyasında qadağalar qoyulmuşdu. Və bu gün biz həm Rasim müəllimə, həm də Davud İmanova və Eyruz Məmmədova minnətdarıq ki, onlar qarşıya qoyulan məqsədə bütünlüklə nail ola bilmiş, kino-kadrlarda Ulu öndərə xüsusi diqqət yetirməklə ona əsas yer verərək, əsrlərlə yaşayacaq unikal bir tarixi-sənədli film yaratmışlar.              

 

Rasim müəllimin müstəsna xidməti həm də onda idi ki, çəkliş qrupu Sumqayıt hadisələrinin təşkilatçılarından biri olmuş Edik Qriqoryandan Stavropoldakı (artıq çoxdan ermənilərin kök saldığı, "ata-baba" yurdu olmuş diyarda) cəzaçəkmə məntəqəsində müsahibə götürdüyü zaman onların tam təhlükəsizliyini təmin edə bilmişdi. Belə ki, Sovetin KQB agentləri Azərbaycandan gəlmiş çəkiliş qrupunu izləyərək, onları ermənilərin sifarişi ilə məhv etməyi planlaşdırmışdılar. Lakin onları ölümdən başqa bir KQB rəisi xilas edə bilmişdi. Bu, o dövrdə Sumqayıt şəhər DTK-sının rəisi, milliyyətcə rus olan polkovnik V.Lebedev idi.  R.Eminbəyli ona möhkəm-möhkəm tapşırmışdı ki, necə edirsən, et, ancaq mənim adamlarım ordan sağ-salamat qayıtmalıdırlar.  Və o da öz növbəsində ermənilərin sifarişini yerinə yetirməyə hazırlaşan "kolleqalarına" tapşırmışdı ki, başınızın ağrımasını istəmirsinizsə, yerinizdə farağat oturun, mənim rəisim tapşırıb ki, o "uşaqların" başından bir tük də əskik olmamalıdır. Buna təkcə mən yox, siz də başınızla cavabdehsiniz. 

 

Və çəkiliş qrupumuz təhlükəsiz şəkildə, sağ-salamat vətənə qayıtmışdılar. Sözsüz ki, burda Rasim müəllimin yalnız rəis hökmü yox, həm də şəxsi nüfuzu və hörməti xüsusi rol oynamışdı.

 

Xızıda yeni həyat başlayırdı...

 

Dağlıq Qarabağda vəziyyət son dərəcə kəskinləşdikdən sonra Qərbi Azərbaycandan –Göyçə və Zəngəzur mahallarından on minlərlə qaçqın-köçkün ailəsi erməni faşistlərindən canlarını güclə qurtararaq, respublikamızın müxtəlif bölgələrinə pənah gətirənlərin dərdlərinə dözmək çox çətin idi.  Həmin günlərdə öz yurdlarından didərgin salınmış minlərlə ailə həm də Sumqayıtın fəhlə yataqxanalarına, pioner düşərgələrinə, yaşayış üçün heç bir şəraiti olmayan yarımçıq tikililərə sığınmışdılar…

 

Qaçqın həmvətənlərimizin dözülməz vəziyyətini, olduqca ağır yaşayış şəraitini heç olmasa müəyyən qədər yüngülləşdirmək, bir zamanlar Göyçə, Zəngəzur ellərindəki dədə-baba yurdlarından, səfalı ab-havası olan dağlar, buz bulaqlı meşələr qoynundan qovularaq, indi nağıla, əlçatmaz xəyallara dönmüş obaların iqlimi-havası ilə qətiyyən uyuşmayan Sumqayıtda müvəqqəti yerləşənlərin bir qisminin dağlar diyarı olan, uzun illərdən sonra inzibati rayon kimi yenidən bərpa olunmuş Xızı rayonunun boş qalmış kəndlərinə, yeni inşa edilməkdə olan qaçqın qəsəbəsinə köçürülməsi nəzərdə tutulmuşdu.

 

Sumqayıtın təşəbbüsü ilə Xızıda qaçqın ailələri üçün yaradılmaqda olan yeni yaşayış məskəni üçün ora ilk tikinti materiallarının daşındığı vaxtlardan şəhərin tikinti təşkilatlarının bilavasitə iştirakı ilə evlərin inşa olunub başa çatdırıldığı günlərə qədər mən də «Vışka» qəzetinin Sumqayıt-Quba zonası üzrə xüsusi müxbiri kimi o zaman Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri olan Rasim Eminbəyli ilə birgə yeni salınan qəsəbənin inşasının gedişi ilə tanış olmaq üçün vaxtaşırı Xızıya gedirdim.

Fiziki cəhətdən möhkəm, sağlam olsa da və qaçqın həmyerlilərinin faciələri, dərdləri ilə bağlı narahatlıqlarını, göynərtilərini büruzə verməməyə çalışsa da, bütün bunlar onun üçün ürək ağrılarsız ötüşmürdü (özü ilə ürək dərmanı gəzdirirdi). O günlər onun fəaliyyətinin başlıca mahiyyəti qaçqın həmvətənlərimizlə, onların taleyi ilə bağlı idi. Bir də görürdün ki, 3-4 gün əvvəl Xızıdan qayıtmağımıza baxmayaraq, zəng edib soruşurdu: «Rəhman, hardasan? Nə işlə məşğulsan?». Cavab verirdim ki, «qəzet üçün material hazırlayıram, nə olub ki?»

 

- Dur gəl, getdik Xızıya, görək orda işlər necə gedir? – deyib yarım saatdan sonra yola düşəcəyimizi bildirirdi. Əlbəttə, bir halda ki, Rasim Eminbəyli çağırırdı və bu dəvət qaçqınlarımızla bağlı idi, etiraz edə bilməzdim.

 

Sumqayıtdan Xızıya yollanarkən yolun sol və sağ hissələrində susuzluqdan od tutub yanan, diqqətsiz-nəzərsiz, boş qalan sahələrə baxdıqca onu da od götürürdü: «Buralara su çəkə bilsəydik, böyük bir yaşayış məskəni salmaq, bütün qaçqınlarımızı yerləşdirmək olardı», – deyirdi. Yolüstü susuzluqdan od tutub yanan, yaxınlığında heç bir yaşayış məskəninin olmadığı çöllükdə, uzanıb gedən geniş bir vadidə xalqımızın unudulmaz şairi Mikayıl Müşfiqin abidəsini, dahi dramaturqumuz Cəfər Cabbarlının ev-muzeyini ehtiramla ziyarət etdikdən sonra Xızıya çatar, qaçqın həmvətənlərimiz üçün salınan şəhərcikdəki vəziyyətlə tanış olardıq. Rasim Eminbəyli inşaatçılarla görüşüb onlara öz tapşırıqlarını verər, soyuqlar düşənədək işlərin tamamlanmasının vacibliyini bildirər, onları ruhlandırar, həm də tələsdirərdi. Təzə yaşayış yerlərinə köçmüş ilk ailələrlə görüşüb, onların dolanışıq şəraiti, problemləri ilə maraqlanardı. O, tikilməkdə olan evləri bir-bir gəzmədən, vəziyyətlə yerindəcə tanış olmadan, problemləri aradan qaldırmaq üçün operativ tədbirlər görmədən geri dönməzdi.

 

Yalnız axşama yaxın tikinti sahəsindən ayrılıb, Xızının girişindəki sərin sulu bulağın başına gələrək, orada qəzetlərdən süfrə açıb, təmiz havada böyük iştahla pomidor-xiyarla pendir-çörək yedikdən sonra Sumqayıtda tapılması mümkün olmayan büllur kimi təmiz bulaq suyundan doyunca içərək və yolumuz üçün götürərək, qaş qaralana yaxın Sumqayıta qayıdardıq. Bir dəfə isə didərgin həmvətənlərimizlə görüşlər, onların qayğıları ilə bağlı söhbətlər, problemlərlə bilavasitə, yerindəcə tanışlıq xeyli vaxt apardığından və çox gec olduğundan elə Xızıdaca, didərginlərlə birgə onların sığındıqları daxmalarda gecələməli olmuşduq. 

 

Sonralar o səfərlərimiz zamanı Xızı rayonunun İcra başçısı, uzun illər mərkəzi televiziyada çalışmış gözəl insan, Azərbaycanın Əməkdar jurnalisti, indi haqq dünyasına qovuşmuş, əslən o yerlərin oğlu olan Firuz Əhmədli bizi qarşılayar və müşayiət edərək, Xızını, Altıağacı və o zaman atılmış olan digər kəndləri bir-bir göstərərək, bu yerlərdə məskunlaşmaq və sağlam yaşayış üçün böyük potensiallar olduğunu bildirərdi. Bir dəfə isə o, Rasim müəllimə təklif etdi ki, orda - Xızı rayonunda yüzlərlə hektar illərlə əkilməmiş münbit torpaqlar var, "gəlin, nə qədər istəyirsiniz, torpaq sahələri götürün, əkin, becərin, ev tikin, dağların bu səfalı qoynunda yaşayın. Qoy sumqayıtlılar burda özləri üçün əkin-biçin sahələri, maldarlıq, qoyun-quzu fermaları yaratsınlar". 

Xızıya səfərlərimizin biri zamanı Firuz müəllim yenidən yaranmaqda olan bu dağ rayonunun füsunkar guşələri ilə bizi daha çox tanış etmək, bu yerlərə cəlb etmək üçün çox nadir hallarda ayaq dəyən əfsanəvi meşəliklərə, cəngəlliklərə qədər aparmışdı. Onun bütün ciddi-cəhdində məqsəd Rasim müəllimi, bütün sumqayıtlıları bu yerlərə bağlamaq idi. Hətta Firuz müəllim Giləzi yaxınlığındakı bir-neçə uçulub-dağılmaqda olan ferma binalarını da sumqayıtlılara bağışlaya biləcəyini də bildirmişdi. Təki Sumqayıtla Xızının, şəhərlə kəndin əlaqələri möhkəmlənsin...

 

Necə oldu ki, Nasosnu qəsəbəsinə el ağsaqqalı,  böyük vətənpərvər və maarifpərvər Hacı Zeynalabdin Tağıyevin adı verildi?

 

Hər dəfə Rasim müəllimlə Xızıya gedərkən,  birinin cəmi 35, digərinin isə daha az – 27 il ömür sürdükləri Cəfər Cabbarlının və Mikayıl Müşfiqin gəzib-dolaşdıqları, xüsusilə də «Bu gözəl dünyadan necə əl çəkim?», «Yenə o bağ olaydı...» şeirləri ilə hələ erkən gənclik illərindən mənim üçün son dərəcə doğmalaşmış, müqəddəs sandığım şairin dağlar arasında, uzun bir çöllükdə tənha qalmış, sanki sağlığında olduğu kimi elindən-obasından ayrı düşmüş Mikayıl Müşfiqin abidəsi önündən keçərkən ağır xəyallara dalar, romantik  poeziyası ilə nəfəs aldığım bəxtsiz şairimizin nakam, faciəli taleyinə acıyar, için-için yanardım.

 

Və bir dəfə Xızıya növbəti səfərdən qayıdarkən keçmiş «Nasoslu» qəsəbəsinə yaxınlaşdıqda Mikayıl Müşfiqə olan dərin və sonsuz bir ehtiramla fikrimə gələni Rasim müəllimə bildirdim:

- Rasim müəllim, necə bilirsiniz, bəlkə Nasoslu qəsəbəsinin adının dəyişdirilib ona Müşfiqin adının verilməsi daha münasib olardı?.. Hər dəfə burdan gəlib keçənlər Müşfiqi yad edər, bu qəsəbəyə onun adını verənlərə min rəhmət oxuyardı.

 

- Müşfiqin?.. – deyə o, bir qədər fikrə dalaraq, dilləndi. – Etirazım yoxdur, ancaq…

 

Bəlkə də daxili təbəddülatlarımı, M.Müşfiqlə, onun poeziyası ilə bağlı hisslərimi, ona olan oxucu sevgimi başa düşərək, dedi:

 

- Əlbəttə, yaxşı olar. Amma bir məsələ var ki, Müşfiqin adı artıq Bakı-Şamaxı yolunun kənarında yeni salınmaqda olan qəsəbəyə verilib. Bəlkə bura Hacı Zeynalabdin Tağıyevin adı verilsin?..

Doğrusu, qəsəbənin adının vaxtilə məhz Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü üzrə paytaxta Şollar su kəmərinin çəkilməsi və qəsəbənin indi yerləşdiyi ərazidə suyun bir qədər yüksəklikdə yerləşən Bakıya təzyiqlə vurulması üçün burada nasos stansiyasının yaradılması ilə bilavasitə bağlı olduğunu bilsəm də, M.Müşfiqlə bağlı təklifimdən keçmək istəmirdim..

 

- Bilirsən, - dedi Rasim müəllim, - sənin Müşfiq poeziyasına olan sevgini və rəğbətini başa düşürəm. Müşfiq hamımız üçün, bütün xalqımız üçün əziz və doğmadır. Onun dünyadan çox erkən – 27 yaşında köçməsi hamımız üçün heç vaxt unudulmayacaq bir ağrıdır. Ancaq daha ədalətli olardı ki, bu yerə məhz Hacı Zeynalabdin Tağıyevin adı verilsin. Bu, ədalətli olmaqdan əlavə Hacının ruhunu da çox şad edərdi.  Axı, Şollar su kəməri bilavasitə onun ideyası, onun təşəbbüsünün bəhrəsidir.

 

M.Müşfiqlə bağlı təklifimdən geri çəkilmək istəməsəm də, Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xidmətlərinin bundan mühüm və əlverişli bir şəkildə əbədiləşdirilməsinin mümkün olmayacağını, qəsəbəyə başqa bir adamın adının verilməsinin Hacının xidmətlərinə böyük bir saymazyanlıq olacağını düşünərək, Rasim müəllimlə razılaşmalı oldum.  Bu razılığın əlaməti olaraq soruşdum:

 

- Yaxşı, bəs onda qəsəbə rəsmi olaraq necə adlandırılacaq? Hacı Zeynalabdin Tağıyev qəsəbəsi? Axı, bu üç sözdən ibarətdir və ağır səslənəcək. Bəlkə, Hacı Zeynalabdin, ya da  – Zeynalabdin Tağıyev qəsəbəsi?

 

Rasim Eminbəyli onunla artıq razılaşdığımı hiss edərək, gülərək dedi:

 

- Buna İspolkomun yığıncağında baxarıq. Əsas odur ki, qəsəbəyə Hacının adı verilsin.

Mən sanki böyük bir razılaşmaya imza ataraq, belə bir ideyanın yaranmasına təkanverici olduğumdan daxili bir rahatlıq duyaraq, qəzet işində birincilik şansımı əldən verməmək üçün dedim: «Rasim müəllim, danışdıq, sabah, ya birisi gün mən bu barədə qəzetimizdə informasiya verəcəyəm».

- Yox, tələsmə, hələ tezdir. Qoy biz qərarımızı çıxardaq, sonra verərsən…

 

Rasim müəllimə «yaxşı» deyib, səhərisi günü qəsəbənin adının dəyişdirilərək, ona Zeynalabdin Tağıyevin adının verilməsi barədə informasiyanı redaksiyaya təqdim etdim.

 

Bu, Azərbaycanın köhnəliyə, sovet dövrünün simvolları sayılan, şüurlara işləmiş sovetizm qalıqlarına qarşı atılan, milliləşmə və yeniləşmə ab-havasını hiss elətdirən daha bir addım olduğu üçün informasiya redaksiyada razılıqla qarşılandı və səhərisi günü xalqımızın vətənpərvər oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdinin adı ilə adlandırılması barədə informasiya qəzetin birinci səhifəsində, özü də lap yuxarı başda dərc olundu.

 

Qəzet səhər tezdən satışa getdikdən sonra Rasim Eminbəyli mənə zəng vurdu:

 

- Rəhman, sən neynəmisən? Belə partizanlıq olmaz axı… Biz hələ İspolkomun qərarını çıxartmamışıq, amma sən götürüb qəzetin yuxarı başında informasiya vermisən. Axı, ispolkomun qərarından sonra bu, respublika səviyyəsində də təsdiq edilməlidir.

 

- Rasim müəllim, mən və redaksiyamız artıq qərarımızı vermişik. Formal olaraq qalan bütün işlər sizlikdir… Sizə uğurlar arzulayıram! – deyə Rasim müəllimlə gülə-gülə sağollaşdım.

 

Bəli, artıq «qatar getmişdi» – «Nasoslu» qəsəbəsinə xalqımızın müdrik ağsaqqalının, böyük xeyriyyəçinin adının verilməsi xəbəri «Vışka» qəzetinin bütün oxucularına, xüsusilə də Bakı və Sumqayıt sakinlərinə artıq çatdırılmışdı. Qəzetin məlumatından bir neçə gün sonra – 29 sentyabr 1989-cu ildə Sumqayıt şəhər Soveti bu barədə qərar çıxartdı, Ali Sovet isə onu yalnız  həmin ilin dekabr ayında təsdiq etdi.

 

Əsas isə o idi ki, qəsəbəyə buna hamıdan çox haqqı olan Hacı  Zeynalabdin Tağıyevin adı verilmişdi. Bu ideyanın təşəbbüskarı isə, əlbəttə ki, xalqımızın ziyalı, vətənpərvər oğlu Rasim Eminbəylidir. Bu haqqı danmaq olmaz…

 

O, demokratik icrakom sədri olub, xalqdan gizlin heç bir iş görmədiyi üçün kabinetinin qapıları həmişə mətbuat işçilərinin üzünə açıq idi

 

R.Eminbəylinin həm şəhər miqyasında gördüyü genişmiqyaslı işlər, təşəbbüskarlığı, həm Azərbaycanın  Ali Sovetinin deputatı kimi fəaliyyəti, rəhbər işçi kimi qeyri-adiliyi, dərin erudisiyası, dünya görüşü böyük marağa səbəb olduğundan mətbuat və radio-televiziya işçiləri daim onunla görüşməyə, müsahibə almağa can atırdı.

 

Respublikanın tanınmış jurnalistləri  Mais Səfərov ("Vışka" qəzetinin xüsusi müxbiri, sonradan Milli Məclisin deputatı olmuşdu, hazırda "Yurddaş" partiyasının sədri), Xanlar Əliyev ("Xalq qəzeti"), Ətrabə Rzayeva ("AzərTAc"),  Viktoriya Dolinskaya (AzTV), Eyruz Məmmədov, Qalina Vinokurova, Alla Əmirova ("Kommunist Sumqaita") və digərləri bir maraqlı, dərin erudisiyalı və dünya görüşlü həmsöhbət, yeni ideyalar, təşəbbüslər müəllifi kimi onun Azərbaycanın yaxın gələcəyi, Sumqayıtın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərini oxuculara çatdırmağa böyük həvəs göstərirdilər.

 

 R.Eminbəyli  o ağır illərdə nələr etdi və nələri etmədi?

 

Onun taleyinə ağır illər düşmüşdü - Sumqayıtda ermənilərin 1988-ci il təxribatları, həmvətənlərimizin qaçqınlıq-didərginlik dərdləri, evsizlik-sığınacaqsızlıq sarsıntıları, 20 Yanvar, 20 noyabr faciələri, iqtisadi böhran, ərzaq çatışmazlığı - bütünlükdə süqut etməkdə olan SSRİ-nin çaxnaşıqlı dövrünün çıxılmazlıq doğuran fəsadları...

 

Belə bir şəraitdə R.Eminbəylinin bilavasitə rəhbərliyi ilə yüzlərlə qaçqın-köçkün ailəsi Sumqayıtın yataqxana, pansionat və düşərgələri ilə yanaşı Xızıda tikilən qaçqın şəhərciyində yerləşdirilir, maddi problemlərinin həllinə kömək göstərilirdi. Onların üzləşdikləri çətinliklərin diqqətlə araşdırlması və aradan qaldırılması üçün Rasim müəllimin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq məhz Sumqayıtda, İcraiyyə Komitəsinin tərkibində ştatları da müəyyən edilməklə Qaçqınlar şöbəsi yaradıldı, 120-dən artıq Qarabağ və 20 Yanvar şəhidinin hər birinin ailəsinə 5000 rubl həcmində yardım göstərildi. R.Eminbəylinin nüfuzu sayəsində Sumqayıtla qardaşlaşmış Lüdviqshafendən birbaşa aviareyslə şəhərimizə humanitar yardım olaraq 1 milyon dollarlıq ərzaq məhsulları, tibbi ləvazimat və dava-dərman göndərildi. Şəhər sakinlərinin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə 20 Yanvar şəhidlərinin xatirəsinə respublikada ilk abidə də (parçalanmış ürək şəklində) məhz Sumqayıtda ucaldıldı. 

 

Həyatının əsas illəri, bütün əmək fəaliyyəti Sovet ictimai sistemi ilə bağlı olsa da, vətənpərvərlik, millilik hissi hələ Gəncədə keçən uşaqlıq illərində formalaşdığından məhz R.Eminbəylinin radikal, qətiyyətli göstərişi ilə (həm də o vaxtkı şəhər partiya Komitəsi ilə razılaşdırmadan. Əslində şəhərin partiya rəhbərlyi "xəbərimiz yoxdur" prinsipi ilə özlərini "görməməzliyə" qoymuşdu) Sovetlərin "dahi rəhbəri" V.Leninin heykəli hamının təəccüblü, heyrətli baxışları altında şəhərin mərkəzi meydanından götürülmüşdü.

 

Bu, Azərbaycanda "tarixdə görünməmiş" ilk belə hadisə idi. Ona kimi respublikada bu cür analoji hal olmadığından belə bir qətiyyətli addım bütün şəhərə səs salmışdı. Hətta bu işi icra etməli olanlar "sonrası necə olar?" düşüncəsi ilə ilk anlarda risq eləməyərək, qorxu, narahatlıq keçirmişdilər. Vəziyyəti belə görən R.Eminbəyli heykəlin meydandan götürülməsinə, postamentin uçurulmasına şəxsən özü rəhbərlik etməli olmuşdu. Şəhərin partiya rəhbəri guya "məsələyə qarışmaq" istəsə də, artıq gec idi - boğazına dəmir tros keçirilmiş Lenin artıq üzüqoylu yerə uzadılmışdı.

Həmin dövrdə Rasim müəllimin eləyə bilmədiyi, nail olmadığı yalnız iki məsələ qalırdı, biri - ictimai, digəri isə - şəxsi. Belə ki, heç bir qüsur tutulmadan sonradan işdən azad edildiyinə görə Sumqayıt onun alman dostlarla razılaşdırdığı, şəhərin sosial-iqtisadi inkişafı üçün Almaniya tərəfinin nəzərdə tutduğu 5 milyon dollar məbləğində investisiyadan məhrum olmuşdu.

Ancaq yerinə yetirilməyən, özünün bilərəkdən qarşısını aldığı digər bir məsələ isə şəxsən özü ilə bağlı idi. Belə ki, o, şəhərin qayğıları, işin gərginliyi ilə bağlı hərdən yaşadığı Bakıya qayıtmayıb, kabinetində gecələməli olsa da, bu şəhərdə özünə hətta bir otaqlı mənzil də və ümumiyyətlə, heç nə götürmədi. Sadəcə, şəhərdə minlərlə didərginin, evsiz ailələlərin olduğu bir vaxtda bunun özünə rəva görmədi, qıymadı. Bir dəfə tabeliyində olan işçilərdən biri ona deyəndə ki, Rasim müəllim, siz onsuz da gecəli-gündüzlü Sumqayıtdasınız, bəlkə özünüzə heç olmasa, bir otaqlı mənzil götürəsiniz?.. O, işçisinə tərs-tərs baxıb demişdi ki, o bir otaqlı mənzili mən bir evsiz-eşiksizə, bir qaçqın ailəsinə verib, bir problemimi azaltsam, yaxşı olmazmı?

...İlk baxışda zahirən bəlkə də soyuqqanlı görünən Rasim Eminbəyli əslində çox istiqanlı, səmimi, xeyirxah bir adamdır və bu gün də o cür qalmaqdadır, baxmayaraq ki, onun hələ 20-25 il əvvəl də respublikanın Nazirlər Kabinetinin çox işgüzar, bacarıqlı, təşəbbüskar və yenilikçi sədri olmaq potensialı olsa da, illər boyu unudulmuş, müxtəlif  bəhanələrlə heç bir iş təklif edilməmişdir.  

Bəli, təəssüflər ki, Vətən üçün, xalq üçün gördüyü işlərin müqabilində Rasim Eminbəyli özünə qarşı edilən gözlənilməz haqsızlıqlarla qarşılaşmalı olmuşdur. Həm də tamamilə paradoksal, çox ziddiyyətli bir haldır ki, 18 oktyabr 1991-ci ildə ölkə Parlamentinin deputatı kimi Azərbaycanın suverenlik aktınının - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi tarixi bir gündə o, Ayaz Mütəllibovun fərmanı ilə Sumqayıt Şəhər Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsindən azad edilmişdi. Heç bir başqa vəzifə təklif edilmədən, özü də son dərəcə əhəmiyyətli tarixi bir gündə (bunu bir gün əvvəl, ya da bir gün sonra etmək kiminsə ağlına gəlməmişdi...). Yəqin ona görə ki, hədsiz təşəbbüskar və hədsiz işgüzar bir adam olan R.Eminbəyli həmin dövrdə kimlər üçünsə o qədər də münasib deyildi, başqalarına çox "mane olurdu".  

 

Rasim Eminbəli Xızıda niyə mal-mülk sahibi, binesmen ola bilmədi?

 

Sumqayıtın meri Rasim Eminbəyli və mən 1989-90-cı illərin yayında-qışında, günün qızmarında, payızın yağışında, qışın şaxtasında çətin, palçıqlı (yayda tozlu), sürüşkən, təhlükəli yollarla Xızıya, Altıağaca gedib-gələndə ora hələ Bakıdan, Sumqayıtdan çoxlarının ayağı dəyməmişdi, indiki villaların, böyük-böyük malikanələrin sahiblərinin o yerlər barədə heç təsəvvürləri də yox idi...

Və o zaman Xızı rayonunun İcra başçısı, bütün həyatı boyu hər işində təmənnasız olan unudulmaz gözəl insan, Azərbaycanın tanınmış əsl ziyalısı, Əməkdar jurnalist (əslən Xızıdan olan məşhur telejurnalist)  Firuz Əhmədli Rasim müəllimə və mənə deyəndə ki, gəlin bu yerlərdən torpaq götürün, Altıağacdan ev alın (onda həyət evləri 300-500 manata satılırdı), burda yaz-yay istirahətiniz üçün ev-eşiyiniz olsun, özünüz üçün bağ-bağça düzəldin, onun məsləhətini, sözlərini qəribçiliyə saldıq. Onun təkidlərinə baxmayaraq, nə Rasim müəllim, nə də mən - "Vışka" qəzetinin bilavasitə həmin zona üzrə xüsusi müxbiri, o ucsuz-bucaqsız Xızı çöllərində nə istirahət üçün ev-eşik, nə də biznes qurmaq üçün bir qarış da olsa yer götürmədik, buna heç bir istək, təşəbbüs göstərmədik (imkan ola-ola bunu etmədik. Rasim müəllimi bilmirəm, ancaq mən buna indi çox təəssüf edirəm...). Halbuki biz o yerlərin ilk "mülkiyyətçi"lərindən, ilk biznesmenlərindən ola bilərdik.

Biz bunu etmədik. Çünki  Rasim müəllimin də, mənim də gözümüz-könlümüz tox idi, o vaxtlar, həmişə olduğu kimi və çoxlarından fərqli olaraq biz özümüz haqqında yox, yurdundan-yuvasından didərgin düşmüş həmvətənlərimiz haqqında düşünürdük...

 

O, Sumqayıta ürəyi ilə gəlmişdi, onu da burda qoyub, əliboş getdi...

 

Çox təəssüf ki, candan artıq sevdiyi Vətəni, doğma xalqı, xüsusən də Sumqayıt sakinləri qarşısında danılmaz xidmətləri olmuş Rasim Eminbəyli uzun illər diqqətdən kənarda qalmış, onun zəngin potensialından istifadə edilməmişdir. Öz gərgin əmək fəaliyyətinə, xidmətlərinə görə isə heç bir təltifə, mükafata da layiq görülməmişdir (düzü, vaxtilə özünün bilavasitə iştirakı olan ixtiralara, onların tətbiqinə görə Dövlət mükafatları alanlar sırasına daxil edilməsi iki dəfə təklif edilsə də, o, bundan təvazökarlıqla imtina etmişdi). Hətta Azərbaycan Ali Sovetinin iki çağırış üzrə deputatı olsa da, təqaüdə çıxanda da sabiq deputat kimi imtiyazları nəzərə alınmamışdır.

 

Ancaq bütün bunlara baxmayaraq, Rasim müəllim bu gün heç də sarsılmır, onunla fəxr edir ki, doğma Azərbaycanın, Sumqayıtın inkişafında onun da az-çox xidmətləri olmuşdur. Və fəxr edir ki, özünün 75 illik yubileyini alnı açıq, üzü ağ qarşılayır.

 

Odur ki, bütün sumqayıtlılar adından deyirik: yubileyiniz mübarək, Rasim müəllim!

 

 Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Qəbələ” “Sabah”ı məğlub etdi
16.12.2018, 18:12

“Qəbələ” “Sabah”ı məğlub etdi

 Zurabişvili: “Qafqazda sülh və sabitliyin bərqərar olmasına ehtiyac var”
16.12.2018, 18:10

 Zurabişvili: “Qafqazda sülh və sabitliyin bərqərar olmasına ehtiyac var”

Afrində terror aktı: 5 ölü, 20 yaralı
16.12.2018, 17:27

Afrində terror aktı: 5 ölü, 20 yaralı

Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib -  FOTOLAR
16.12.2018, 17:10

Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib -  FOTOLAR

Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 33 dəfə artıb
16.12.2018, 16:47

Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 33 dəfə artıb

Gürcüstanın ilk qadın prezidenti and içib
16.12.2018, 16:33

Gürcüstanın ilk qadın prezidenti and içib

İndoneziyada 5,9 bal gücündə zəlzələ
16.12.2018, 16:07

İndoneziyada 5,9 bal gücündə zəlzələ

Meriya parklanma yerlərini niyə təhvil vermir?...
16.12.2018, 15:49

Meriya parklanma yerlərini niyə təhvil vermir?...

Rəssam Hitler - Fürerin çəkdiyi PORTRET   
16.12.2018, 15:11

Rəssam Hitler - Fürerin çəkdiyi PORTRET  

Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı - FOTO   
16.12.2018, 15:08

Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı - FOTO  

Türkiyədə şəkər komasına düşmüş azərbaycanlının öldürüldüyü məlum olub
16.12.2018, 15:00

Türkiyədə şəkər komasına düşmüş azərbaycanlının öldürüldüyü məlum olub

İsveçrədə avtobus qəzası: 1 ölü, 40 yaralı
16.12.2018, 14:07

İsveçrədə avtobus qəzası: 1 ölü, 40 yaralı

Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub
16.12.2018, 13:16

Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub

Sabahın HAVASI: Qar yağacaq
16.12.2018, 12:58

Sabahın HAVASI: Qar yağacaq

Gürcüstanın yeni prezidenti bu gün and içəcək
16.12.2018, 12:35

Gürcüstanın yeni prezidenti bu gün and içəcək

Ramil Usubov rəisi sərəncama göndərdi
16.12.2018, 12:13

Ramil Usubov rəisi sərəncama göndərdi

Azərbaycanlı kişilər evlənəndə ən çox rus və ukraynalı qızlara üstünlük verirlər
16.12.2018, 12:03

Azərbaycanlı kişilər evlənəndə ən çox rus və ukraynalı qızlara üstünlük verirlər

Qəhrəmanı dəlidən?...   
16.12.2018, 11:56

Qəhrəmanı dəlidən?...  

Oğul anasını küçənin ortasında bıçaqlayıb -  BƏRDƏDƏ - FOTOLAR
16.12.2018, 11:55

Oğul anasını küçənin ortasında bıçaqlayıb -  BƏRDƏDƏ - FOTOLAR

Sehirli barmaqların ABŞ möcüzəsi   
16.12.2018, 11:41

Sehirli barmaqların ABŞ möcüzəsi  

Çində 5,7 bal gücündə zəlzələ
16.12.2018, 11:30

Çində 5,7 bal gücündə zəlzələ

İndoneziyada vulkan püskürdü
16.12.2018, 11:05

İndoneziyada vulkan püskürdü

Avropa İttifaqından Türkiyəyə ÇAĞIRIŞ
16.12.2018, 10:39

Avropa İttifaqından Türkiyəyə ÇAĞIRIŞ

Ermənilər cəbhədə təxribatlara davam edir
16.12.2018, 10:26

Ermənilər cəbhədə təxribatlara davam edir

Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ
16.12.2018, 10:12

Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ

Cəlilabadda evdə yanğın
16.12.2018, 10:10

Cəlilabadda evdə yanğın

Bizimkilər - “Discovery Azerbaijan”ın xanım redaktoru: “Ən böyük arzum ANS-çi olmaq idi” - FOTOLAR
16.12.2018, 09:56

Bizimkilər - “Discovery Azerbaijan”ın xanım redaktoru: “Ən böyük arzum ANS-çi olmaq idi” - FOTOLAR

Salyanda qəzada 1 nəfər öldü
16.12.2018, 09:25

Salyanda qəzada 1 nəfər öldü

Şabranda 4 otaqlı evdə yanğın oldu
16.12.2018, 09:09

Şabranda 4 otaqlı evdə yanğın oldu

Çaylarda suyun səviyyəsi ARTDI
16.12.2018, 09:01

Çaylarda suyun səviyyəsi ARTDI

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...
16.12.2018, 00:51

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...

Yaponiyadan rekord büdcə: 891 milyard dollar
16.12.2018, 00:38

Yaponiyadan rekord büdcə: 891 milyard dollar

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO
16.12.2018, 00:18

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO

Fəhlə qum dolu maşının altında qaldı
15.12.2018, 23:53

Fəhlə qum dolu maşının altında qaldı

Daxili işlər naziri istefa verdi
15.12.2018, 23:44

Daxili işlər naziri istefa verdi

Türkiyə daha 13 terrorçunu məhv etdi
15.12.2018, 23:21

Türkiyə daha 13 terrorçunu məhv etdi

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko
15.12.2018, 23:09

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko

Daha bir məşhur üçün "Maşın" əldən getdi
15.12.2018, 22:46

Daha bir məşhur üçün "Maşın" əldən getdi

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu
15.12.2018, 22:34

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu

“Neftçi” “Sumqayıt”a uduzdu
15.12.2018, 22:14

“Neftçi” “Sumqayıt”a uduzdu

“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15.12.2018, 21:56

“Beşiktaş” Pepe ilə yollarını ayırdı

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ
15.12.2018, 21:48

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı
15.12.2018, 21:37

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı

Qarabağda iki erməni əsgəri ağır yaralandı
15.12.2018, 21:27

Qarabağda iki erməni əsgəri ağır yaralandı

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır
15.12.2018, 21:13

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı
15.12.2018, 20:57

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15.12.2018, 20:39

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

Ukraynada təyyarə qəzası
15.12.2018, 20:26

Ukraynada təyyarə qəzası

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı
15.12.2018, 20:15

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili
15.12.2018, 20:02

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili

ARXİV