Modern.az

“Bizimkilər” - 9 ildə 9 iş yeri dəyişən aparıcı televiziyadan radioya keçməyi arzulayır - FOTOLAR  

“Bizimkilər” - 9 ildə 9 iş yeri dəyişən aparıcı televiziyadan radioya keçməyi arzulayır - FOTOLAR   

Media

18 Yanvar 2018, 09:35

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...


“Bizimkilər”in  növbəti qonağı ARB telekanalının aparıcısı Murad Həşimovdur.


Murad Əhməd oğlu Həşimov 3 iyun 1988-ci ildə Şəki şəhərində anadan olub. İbtidai və orta təhsili Şəkidəki 18 saylı məktəbdə alıb. 2008-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitini bakalavr diplomu ilə bitirib. Elə həmin ildən televiziya və radio sahəsində fəaliyyətə başlayıb. Ailəlidir, 2 övladı var.

“Jurnalistika fəaliyyətim bəlkə arzulara doğru qaçmağın nəticəsidir”

Murad Həşimovun televiziyaya marağı universitet illərində yaranıb: “Jurnalistikaya marağım var idi, 5 yaşımdan yazılar yazırdım desəm, yalan olar. Uşaq vaxtı elə bir xüsusi marağım olmayıb. Amma məktəb vaxtı yaxşı inşalar, həmçinin 90-cı illərdə yaşananları, uşaq ağlı ilə anladıqlarımı yazırdım. Cızma-qaralar var idi. Birbaşa televiziyaya maraq isə universitet illərində yaranmışdı. Bir neçə tələbə dost yığışıb, telekanallara layihələr vermişdik. Təbii ki, qəbul etməmişdilər. “Niyə” sualı yarana bilər.  Çünki sonradan televiziyaya gələndə, burada çalışanların kənardan baxıb, “bunu da etmək olar” deyənlərin fikirləşdiklərini çoxdan düşündüyünü gördüm. Yəni, televiziya mühitində olmayan adamın düşündüyü layihə artıq çoxdan düşünülüb. Bir sözlə, tələbəlik həvəsi baş tutmadı.
Amma universitetdən sonra doğulduğum Şəkidə Kanal S televiziyası açıldı, kadrlar yığılırdı. Və orada illər əvvəlin arzusunu reallaşdırmağa başladım. Sıfırdan.. Beləcə, 9 il əvvəl telejurnalistlik fəaliyyətim başladı. Bəlkə təsadüfün, bəlkə də arzulara doğru qaçmağın nəticəsi...”.


“İşdən ayrılandan sonra televizora baxmaq çətin olur”

Gənc həmkarımız 7-8 ay Kanal S-də çalışandan sonra işdən ayrılıb: “Türkiyədə televiziya kurslarına getdim. Azərbaycana qayıdaraq özəl “production”larla çalışmağa başladım. Rejissor, ssenarist olaraq sifarişli reklam çarxları və təqdimat videoları çəkdim. Özümü bu işə həsr etmişdim. Ardından şirkətlərin birində həm də jurnalistika ilə birbaşa bağlı olan mətbuat katibliyim oldu. Bu çox qısa davam etdi. Televiziyada nə vaxtsa işləyənlər adətən bu hissi yaşayırlar. Ayrılandan sonra televizora baxmaq çətin olur. Adam televiziyadan beyin olaraq ayrıla, qopa bilmir.
2010-cu ildə Azərbaycan Televiziyası işə qəbul müsabiqəsi elan etmişdi. Təsadüfən elan internetdə qarşıma çıxdı və müraciət etdim. Yadımda deyil nə qədər iştirakçı var idi. Amma sonda 7-8 nəfər seçiləndən biri mən oldum. Elə o ərəfələrdə Mədəniyyət kanalı açıldı və kanalın ilk aparıcılarından oldum. Vüsalə Səidlə növbəli xəbərləri təqdim edirdik. Təxminən il yarımdan sonra televiziyadan yenə ayrıldım”.

“Nə vaxtsa yenidən radioya qayıdacağam”

Murad Həşimov bundan sonra radio sahəsində işləməyə başlayıb: “Səxavət Nur həmin vaxt Araz FM-in baş redaktoru idi. Onun dəvəti ilə Araz FM-də radio fəaliyyətim başladı. Radio illəri əvəzolunmaz illər idi. İnanın, radio televiziyadan daha çox öyrədir, radio dəryadır. Səxavət Nur radioda mənə müəllim oldu. AzTV formatlı xəbər aparıcısının səhər şousuna birbaşa keçməyi çox çətindir. İlk 2 ay çox çətin idi, lakin sonradan alışdım. Radioda o dövr üçün ölkənin ən çox dinlənilən səhər şoularından birisini – “Üçü birində”ni hər səhər 3 saat təqdim edirdik. Sona Rəsulova və Elgün Hüseynovla. Nə vaxtsa yenidən radioya qayıdacağam.

Təxminən bir-iki il radioda çalışdıqdan sonra “İnteraz” TV-dən dəvət aldın. Radiodan ayrılaraq “İnteraz”ın səhər xəbər proqramını hazırlamağa və aparmağa başladım. “Xeyirli sabahlar” o dövrdə sərbəst xəbər tərzində Azərbaycanda ilk verilişlərdən idi. 2013-cü ilin payızında Kanal S-dən dəvət aldım. Həmin vaxt  telekanal yeni mövsümə başlayırdı. Və mən Kanal S-də səhər xəbərlərinin aparıcı oldum.


Növbəti ildə Region TV yaradıldı və artıq bütün ölkədə yayımlanırdı. Elə indi də aparıcısı olduğum verilişlərdən olan “Yaşamaq gözəldir”i Sona Alməmmədova ilə təqdim etməyə başladım. Sonradan Region TV-nin bazasında ARB TV yaradıldı və ümumi 4, ARB-də isə 2 mövsümdür, bərabər “Yaşamaq gözəldir” deyirik. Həm həkimlərdən öyrənirik, həm də çalışırıq ki, tibbi maarriflənməyə əlimizdən gələni etməklə dəstək olaq.

Eyni zamanda hələ Region TV dövründə Sevda Rəsulqızı ilə axşamlar “Günün ardınca” adlı proqrama başladıq. Onlayn medianın yazdığı xəbərlər əsasında günün xəbər mənzərəsini tam rahat və səmimi formada gecələr efirə verirdik. 2016-cı ilin televiziya mövsümündən axşam xəbər saatında yayımlanmağa başladıq. Həm də daha geniş xronometrajda. “Günün ardınca” qısa bir müddətdə çox sevildi. Və ondan da geniş vaxtda xəbərləri təqdim etmək üçün daha sonra səhər tezdən eyni formatı davam etdirdik. İndiki “Günə doğru” məhz belə doğuldu. Artıq 2-ci mövsümdür “Günə doğru”nu Sevda ilə bərabər təqdim edirik.
“Günə doğru” həm də Azərbaycanın müxtəlif bölgələrində olan müxbirlərimizin reportajları ilə zənginləşən və əla komandanın hazırladığı bir verilişdir. Və qürurla deyə bilərəm ki, öz vaxtı üçün Azərbaycanda ən çox izlənilən səhər xəbər şousudur. Bəli, məhz səhər xəbər şousu. Çünki, düşündük ki, bir xəbər proqramından insanlar məlumat əldə etməklə yanaşı, həm də həzz almalıdırlar. Günə rahat, sevərək, sevilərək, düşünərək, müzakirə edərək başlamaq daha yaxşıdır. Bu formatı insanlar çox sevdilər. Hətta uşaqlar da. Özünü uşağa zorla sevdirmək olmaz”.


Həmkarımız  jurnalistika fəaliyyəti ilə yanaşı, eyni zamanda peşəkar səsləndirmə aktyorudur: ““Microphone” səs bankını təsis etmişik. 40-dan artıq dildə peşəkar səsləndirmə və dublyaj edirik. Bu həm də Qafqazın və bütün MDB-nin ən böyük səs bankıdır. Microphone-un təsisçisi və rəhbəriyəm”.


“Jurnalistika auditoriyanı qıcıqlandırmaq deyil”

Murad Həşimov düşünür ki, televiziyada çalışan hər kəs zövqlü olmalıdır: “Jurnalistika ilə bağlı çoxlu tənqid eşidə bilərik. Normal məsələdir. Jurnalistika birşaxəli deyil və təlabata uyğun olaraq inkişaf edir. Yazan da, göstərən də sadəcə olaraq ləyaqətli olmalıdır. Aparan danışdığına, çəkən gözlərinə hakim olmalıdır. Dünya mediasını dayanmadan izləməliyik. Jurnalistika auditoriyanı qıcıqlandırmaq deyil. Mən məsələnin televiziya hissəsi barədə danışa bilərəm. Televiziya aparıcısı tamaşaçı evinin bir üzvünə çevrilə bilməlidir. Səmimiyyət şərtdir”.

Gənc aparıcı jurnalistika ilə bağlı arzularını da bölüşüb:

“Yazan dostların yazdıqları oxunsun, göstərənlərin göstərdikləri baxılsın, deyənlərin dedikləri dinlənilsin. Amma əlacsızlıqdan yox, istənilərək, gözlənilərək. Jurnalistikanın dəyişilməz ahəngi davam etsin. Uğurlar bütün həmkarlara!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır