Modern.az

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan AZƏRBAYCANLILAR

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan AZƏRBAYCANLILAR

Ədəbi̇yyat

23 Yanvar 2018, 16:48

Nəsibə Mirzəyeva,
AMEA Qafqazşünaslıq İnstitutu
Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı

1990-cı illər Gürcüstanın ictimai-siyasi həyatında çətin dövrlərdən biri olmuşdur. Ağır iqtisadi, siyasi şərait, millətçilik siyasəti ölkə daxilində çaxnaşmaya və nəhayət müharibəyə səbəb oldu. Bu ağır dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar vətəndaşı olduğu dövlətin ərazi bütövlüyünü müdafiə  etmək üçün ayağa qalxmışdılar. Məlumdur ki, tarixin ən çətin məqamlarında Gürcüstanın ərazi bütövlüyünün qorunmasında 500-dən artıq azərbaycanlı iştirak etmişdir. Onlardan bir qismi bu yolda şəhid olmuş, bəziləri isə göstərdiyi rəşadətə görə təltif edilmişlər.

2017-ci ildə Gürcüstanda müəllifi David Maisuradzenin olduğu “Vətənoğulları” kitabı nəşr edildi. Kitab Abxaziya və Cənubi Osetiyada separatçılara qarşı vuruşan Gürcüstan azərbaycanlılarına həsr olunub. Müəllif elə ilk cümlələrini bu ifadələrlə başlayır: “Böyük siyasətin hərəkətverici qüvvəsi vətənpərvərlikdir. Bu sənin vətəninə, vətəninin torpağına, insanlarına olan sevgidən yaranan bir hissdir”. Müəllif Gürcüstanda yaşayan azərbaycanlıların gürcülərin etnik qruplarından biri olmadığına baxmayaraq, yaşadığı torpağın qayğısını çəkən müdafiəçiləradlandırır: “Bəli, onlar gürcülərin etnik qruplarından biri deyillər. Amma… dəyərli vətənpərvərlərdir, yaşadığı torpağı, suyu, vətəninin yoluxduğu xəstəliyi müalicə etməyə çalışan insanlardır”. Yazıçı 90-cı illərdə Gürcüstanın düşdüyü ağır vəziyyətindən dərin kədərlə bəhs edərək, hədsiz dərəcədə özbaşnalığın olmasını dəfələrlə vurğulayır və bildirir ki, məhz Gürcüstanı bu çətin dövrlərdə burada yaşayan azərbaycanlılar da qorudu. Bu məqamda müəllif maraqlı bir ifadə işlədir: “Tarix insanları, siyasi şəraiti qiymətləndirməyə imkan verən ən yaxşı vasitədir”. Əsərində sanki bütün gürcüləri, həmin dövrdə yaşamasına baxmayaraq, vətəninin qayğısını çəkməyənləri məzəmmət edir: “Düşmənçilik hissi heç bir zaman sizin qəlbinizi tərk etmədi və siz qardaşlarınızı, dostlarınızı, qohumlarınızı qurban verdiniz! Lakin təəssüflər olsun ki, onlar hələ də bunun fərqinə varmırlar”. Abxaziya və Cənubi Osetiyada baş verən hadisələri bir sınaq kimi qiymətləndirən müəllif bir nəticə olaraq fikirlərini bu cür ifadə edir: “bu müharibə göstərdi ki, həqiqətən də kimlər bu torpaqlarda gürcülərlə bərabər yaşamağa layiqdirlər”. Azərbaycanlıların Gürcüstanın ərazi bütövlüyü uğrunda öz həyatlarınıqurban vermələrinə baxmayaraq, onların haqqında Gürcüstan tarixində bir kəlmə də olsun yazılmadığını  müəllif təəssüf hissi ilə vurğulayır. Azərbaycanlıların bəhs olunan dövrdə vətənləri uğrunda vuruşmalarını bu cür ifadə edir: “Gürcüstanı bir vətən kimi qorumağı öhdələrinə onlar da  götürdülər… bəli… bəli… qeyri-kartvel və qeyri-provoslav olan Gürcüstan azərbaycanlıları”. Kitabda Gürcüstan uğrunda vuruşan döyüşçülər, gənclər hörmətlə yad olunur, Ənvər Hümbətov, Qəhrəman Musayev, Zaur Abdullayev,  Mustafa Novruzov kimi müharibədə döyüşənlər haqqında qısaca məlumat verilir. Müəllifhətta bu qəhrəmanların şərəfinə Rustavidə, Borçalıda küçələrə onların adlarının verilməsini, abidələrin qoyulmasınitəklif edir.

Ənvər Hümbətov


1950-ci il yanvarın 1-də Marneuli rayonunun Algeti kəndində anadan olmuşdur. Ailəsi Rustavi şəhərinə köçən Ənvər Rustavinin 12 nömrəli orta məktəbində ilk təhsilini almış və oranı müvəffəqiyyətlə bitirmişdir. Məktəbi bitirdikdən sonra Ənvər RustaviMetallurgiya Zavodunda fəhlə kimi çalışmışdır. Bununla yanaşı o, həm də Gürcüstan Politexnik İnstitutunun Rustavi filialında Metallurgiya fakültəsində təhsilini davam etdirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Ənvər Hümbətov təhsil aldığı universitetinə, həm də çalışdığı zavoda leytenant rütbəsi ilə qayıdır. Çalışdığı zavodda tezliklə vəzifəsi yüksələn Ənvər Hümbətov zavodda kimyəvi məhsullar üzrə mühəndis kimi işinə davam edir. Gəncliyində idmanla məşğul olan Ənvər Hümbətov tez-tez şəhərdə təşkil olunan velosiped yarışlarına qatılaraq mükafat da qazanmışdı. Onun gözəl ailəsi də vardı. Xanımı Fatma Xasayeva Ofeliya və Emil adında dəyərli övladlar böyütmüşdü. 1992-ci ilavqustun 14-də Abxaziyada İnquri çayı üzərində dəmiryolu körpüsü partladıldı. Bu hadisə Gürcüstanda yeni müharibənin başlamasına işarə idi. Hərbi təcrübəsi olan Ənvər Hümbətov könüllü olaraq Rustavi şəhərinin hərbi komissarlığına gəlir. Gürcüstanın Abxaziya Muxtar Respublikası uğrunda qəhrəmancasına vuruşan Ə.Hümbətov 1993-cü ilin iyun ayının 4-də snayper gülləsinə tuş gələrək şəhid olur. Müharibə zamanı o, Oçamçir və Tkvarçeli  kimi qaynar nöqtələrdə döyüşmüşdür. Ə.Hümbətov Gürcüstan höküməti tərəfindən ölümündən sonra dövlətin ən yüksək mükafatı olan “Vaxtanq Qorqasali” ordeni ilə təltif edilmişdir.


Qəhrəman Musayev


Abxaziya müharibəsi başlayan zaman müəllim İsfəndiyar Musayevin ailəsində böyüyüb boya-başa çatmış Qəhrəman Musayev də həmin bölgədə Gürcüstanın ərazi bütövlüyü uğrunda  vuruşmuşdur. Q.Musayev Tbilisidə Mirzə Fətəli Axundov adına 73 nömrəli orta məktəbi bitirmişdir. Daha sonra təhsilini 65 nömrəli texniki peşə məktəbində davam etdirmişdir. 1972-1976-cı illərdə Bakıda Universitetin fizika fakültəsində ali təhsilinə davam edən Q.Musayev1984-1989-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ali Tədris Mərkəzinin Tbilisi filialında hüquqşünas vəzifəsində çalışıb və daxili işlər orqanlarında mayor rütbəsinə qədər yüksəlmişdir. 1992-ci ilədək Tbilisi Şəhər Təhsil idarəsində, 1992-ci ildən 2005-ci ilədək Tbilisi Şəhər Polis İdarəsinin İsani-Samqor rayon idarəsində müfəttiş kimi çalışmışdır. 1991-1993-cü illərdə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri uğrunda gedən müharibələrdə vuruşub. Müharibədə göstərdiyi qəhrəmanlığına görə medalla təltif edilmişdir. Qəhrəman Musayev hazırda müharibə veteranıdır. O, müharibə dövrünü bu cür xatırlayır: “Oçamçire-Tkvarçelinin Labra kəndi ətrafında gedən ölüm-dirim savaşında bizim mövqelərimiz SU-24 təyyarələri ilə tez-tez bombardıman edilirdi. Tez-tez minalara rast gəlirdik. Heç kəs sağ qalacağına ümid etmirdi. Bir daha qeyd etmək istəyirəm ki, bu müharibədə gürcülərlə bərabər Gürcüstan azərbaycanlıları da fədakarlıqla vuruşurdular. Dözülməz şəraitə baxmayaraq, o çətin anlarda heç kəs cəbhədən qaçmadı”.

Zaur Abdullayev


Zaur Abdullayev 1974-cü ildə fevralın 13-də Bolnisidə anadan olub. İlk təhsilini də məhz burada almışdır. 1991-ci ildə Gürcüstanda baş verən hadisələrə görə, Z.Abdullayevin ailəsi Bakıya köçməli olur. Bakıda universitetə daxil olan Zaur burada ali təhsilini almağa başlayır. Bir il sonra  yəni, 1992-ci ilin avqustunda Zaurun ailəsi yayda istirahət etmək üçün doğma Bolnisiyə qayıdır. Bu zaman separatçılara qarşı müharibə başlayırdı. Gürcüstan vətəndaşlarıhərbi xidmətə çağırılır. Zaur Abdullayev öz dostları ilə bərabər könüllü olaraq hərbi xidmətə yazılır. O, 1992-ci ildə Qaqra ətrafında gedən döyüşlərdə şəhid olur.


Mustafa Novruzov


Abxaziya və Cənubi Osetiya uğrunda döyüşən Gürcüstan azərbaycanlılarından biri də Mustafa Novruzovdur. O, 1971-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Tbilisi şəhərinin 62 nömrəli məktəbini bitirmişdir. Sonradan təhsilini 13 nömrəli texniki peşə məktəbində davam etdirir. Gürcüstan Politexnik İnstitutuna qəbul olmağa hazırlaşan Mustafa Novruzov 1992-ci ildə məcburi hərbi xidmətə çağırılır. Müharibənin ağırçətinliklərinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya uğrunda gedən müharibədə gürcü silahdaşları ilə bərabər vuruşur. Hazırda Mustafa Novruzov müharibə veteranıdır.


Tarix bir sınaqdır. Çətin anlarda kimin dost, kimin düşmən olduğunu açıq-aydın ortaya qoyan bir səhnədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan və hətta canlarından belə keçməyə hazır olan, gürcülərlə  çiyin-çiyinə yaşadığı torpaqlara dayaq olan azərbaycanlılarla ermənilərin “Baqramyan batalyonu”nu müqayisə etsək, yəqin ki,doğru nəticəyə gəlmək elə də çətin olmayacaq. Unudulan azərbaycanlı qəhrəmanları yada salmaq hər iki cəmiyyətin həyatına öz müsbət təsirini vermiş olacaqdır.Sevindirici haldır ki, uzun müddət keçməsinə baxmayaraq, tarixin bu qaranlıq qalmış səhifələrinə işıq salan gürcü tarixçiləri var.

Mənbə:
მაისურაძე დავით.მამულიშვილნი,გამომცემლობა“უნივერსალი”, თბილისი, 2017. 199 გვ.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır