Modern.az

“Bölgələrdə abidələri dağıdan “qara arxeoloqlar”ın məqsədi qızıl axtarmaqdır” - MÜSAHİBƏ  

“Bölgələrdə abidələri dağıdan “qara arxeoloqlar”ın məqsədi qızıl axtarmaqdır” - MÜSAHİBƏ   

Ədəbi̇yyat

30 Yanvar 2018, 09:11

Modern.az saytı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevlə müsahibəni təqdim edir. 

           
Fərhad Eldar oğlu Quliyev1973-cü il oktyabrın 14-də Bakı şəhərində anadan olub. 2003-cü ildə arxeologiya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 2004-cü ildə tarix elmləri namizədi adına layiq görülüb. 2006-cı ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsinə müdir təyin olunub. 2007-ci ildən etibarən institutun Tovuz rayonunda çalışan beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəridir. 


- Fərhad müəllim, bu gün bölgələrimizdə a.karlanan qədim yaşayış məskənləri tədqiq olunur. Qazıntılar zamanı bir çox tarixi tapıntılar öyrənilmək üçün həmin ərazilərdən götürülür. Tarixi abidələrdən bütün tapıntıların götürülməsi doğrudurmu?

           
- Ümumiyyətlə, arxeoloji tədqiqatların aparılması ilə bağlı həm dünyada, həm də Azərbaycanda ümumi olan standartlar mövcuddur. Hər bir tədqiqatçı və tədqiqat mərkəzi çalışır ki, həmin tələblərdən çıxış etsin. Arxeoloji abidə qədim yaşayış yeri və yaxud şəhər tipli bir arxeoloji abidərdirsə, öncə onun tədqiqat planı tərtib olunur. Şübhəsiz ki, tədqiqat planında abidənin bütövlükdə öyrənilməsi qarşıya məqsəd qoyulmur. Elə bir arxeoloji abidə yoxdur ki, onun öyrənilməsi birdəfəyə başa çatsın. Bütün abidələr müəyyən dövrdə qarşıya qoyulan vəzifələr çərçivəsində öyrənilir. Qeyd edim ki, Azərbaycanda hal-hazırda tədqiqat aparılan abidələr gələcəkdə də araşdırılacaq. Birincisi, fiziki imkanları nəzərə alaraq abidələr birdəfəyə öyrənilmir. İkincisi isə həmin abidələr gələcək nəsillərin tədqiqatı üçün saxlanılır. Dediyiniz məsələ, şübhəsiz ki, tədqiqatçılar tərəfindən nəzərdə saxlanılır. Arxeoloji tədqiqatlar zamanı digər elmlərin burada iştirakına ehtiyac duyulur. Yəni tapıntılar bir çox laboratoriyada tədqiq edilir. Bizdə, təəssüf ki, hal-hazırda belə laboratoriyalar yoxdur. Bu laboratoriyalarda abidələrin yaş dövrünü müəyyən etmək üçün radiokarbon analizlər və qədim insanların ətraf mühitdən istifadə etdikləri nə varsa, onların analizi aparılır. Son illər qədim insanların qida rasionunun öyrənilməsi, aşkar olunmuş bitki və heyvan sümüklərinin DNK analizləri və s. istiqamətdə elmi tədqiqatlar aparılır. Göründüyü kimi, bir çox elm sahəsinin birgə fəaliyyətinə ehtiyac var. Bəzən buna nail oluruq, bəzənsə nail ola bilmirik. Bu fəaliyyətlər bizə imkan verir ki, kompleks əməkdaşlıq nəticəsində yüksək elmi nəticələrə nail olaq. Bu zaman bütün elmi nəticələr opponentlərimiz tərəfindən də qəbul olunur. Çünki bu cür əhatəli elmi araşdırmalar müxtəlif elm sahəsinin mütəxəssislərinin iştirakı ilə baş tutur. Həmçinin bir elmi mərkəzin yox, bir neçə elmi mərkəzin müştərək əməkdaşlığından söhbət gedir. Belə nəticələrə qarşı heç bir şəxs etiraz edə bilmir. Biz belə tədqiqatların tərəfdarıyıq. Dünyada, xüsusilə də Avropada bu istiqamətdə tədqiqatlar aparılır. Qeyd edim ki, Anadolu ərazisində olan tarixi abidələr bir neçə on illiklərdir ki, tədqiq edilir və hələ də gələcək nəsillərin tədqiqi üçün saxlanılır. Zəngin irsə malik abidələri bir neçə ilə öyrənmək olar. Amma həmin abidələrin hər bir qaranlıq məqamına aydınlıq gətirmək mümkün deyil. Zaman dəyişir və elmi araşdırmalarda yeni texnologiyalar tədbiq olunur. Nəticədə, əvvəlki illərlə müqayisədə fərqli yeniliklər meydana gəlir. Məsələn, əvvəllər hər hansı bir abidəni öyrənərkən ilkin olaraq abidənin özündə kəşfiyyat işləri aparılır və qazıntı sahələri seçilirdi. Hal-hazırda bu işlər daha fərqli metodlarla həyata keçirilir. Georadar avadanlığının köməyi ilə abidə üzərində rentgen çəkilişi aparılır və torpağın altında olan memarlıq tikililərinin sıxlığı qeydə alınır. Bundan sonra isə qazıntı işlərinin ümumi strateji vəzifələrini dəqiq təyin etmək olur.

           
- Son zamanlar bölgələrdə bir sıra qədim insan məskənləri aşkarlanıb və tədqiqata cəlb olunub. Bu abidələrdən söhbət açardınız. Xüsusilə də Tovuz bölgəsində Göytəpə, Menteş və Hacıələhmanlı abidələri haqqında məlumat verərdiniz.

           
- Müstəqillikdən sonra Azərbaycanda arxeoloji tədqiqatların yeni bir mərhələsi başlandı. Xüsusilə də bu tədqiqatlar Prezident İlham Əliyevin maddi-mənəvi irsimizə qayğısı nəticəsində daha da geniş vüsət aldı. Ölkəmizdə 2009-cu ildən yeni arxeoloji tədqiqatlar mərhələsi başlandı. Arxeoloqlarımızın əsas məqsədi bu dəstəkdən istifadə edib yeni araşdırmalara imza atmaq idi. Bu illər ərzində bir neçə istiqamətdə tədqiqat işləri aparılıb.

           
Bölgələr üzrə qədim yaşayış məskənlərini götürsək, hər bölgənin öz maraqlı sirləri var. Həmin bölgələrin iqlim və relyefinə uyğun özünəməxsus qədim dövrü var. Məsələn, Azərbaycanda ən qədim ilkin sivilizasiyanın başlanğıcını əks etdirən abidələrə Gəncə-Qazax regionunda daha çox rast gəlirik. Həmçinin Qarabağ bölgəsində, Kür-Araz ovalığında və Mil-Muğanda belə abidələr var. Antik dövrün abidələrinə isə Şəki-Zaqatala bölgəsində daha çox rast gəlmək mümkündür. Bütün bölgələrdə hər dövrün abidəsinə rast gəlinir. Lakin diqqətlə izlədikdə görürük ki, müəyyən dövrün abidələri bir bölgədə zəngindirsə, digər bölgədə zəifdir və yaxud, ümumiyyətlə, yoxdur.

           
Ümumən Gəncə-Qazax bölgəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun məqsədi Tovuz rayonunun fonundan çıxış edərək Azərbaycan və ümumən Cənubi Qafqazda erkən əkinçi-maldar tayfalarının məskunlaşması prosesini öyrənmək idi. Elmi araşdırmalara görə, 8 min il əvvəl Azərbaycan və Cənubi Qafqazda əkinçiliyin əsasını qoyan erkən əkinçi-maldar tayfaları olub. Bu tayfalar oturaq həyat tərzinə keçərək gələcək sivilizasiyaların təməl daşlarını qoyublar. Elmi rəhbərim İdeal Nərimanov bu istiqamətdə ilk addımı ötən əsrin 60-cı illərində atıb. İdeal müəllimin tədqiqatlarını ilk vaxtlar Moskvanın elmi dairələri qəbul etmirdi. Amma o, sonrakı tədqiqatlarilə sübut etdi ki, Kür çayı boyu kiçik təpələrdə yaşamış erkən əkinçi-maldar tayfaları buranın ilk sivilizasiyasının əsasını qoyublar. Biz müəllimimizin bu yönümdə apardığı araşdırmaları davam etdirməyə başladıq. Qeyd edim ki, bizimlə paralel eyni tədqiqat işləri Gürcüstanda da aparılır. Maraqlıdır ki, Gürcüstan ərazisinə kimi bu abidələr bir-birini tamamlayır. Gürcüstanda tədqiqatlar Almaniya Arxeologiya İnstitutu tərəfindən təşkil olunub. Biz isə bu tədqiqatları özümüz aparırdıq. Tədqiqatların daha müfəssəl olması üçün xarici mütəxəssislər dəvət etdik. Bizim tədqiqatlarımız Yaponiya və Fransa mütəxəssisləri ilə müştərək təşkil olunub.

           
Göytəpə qədim yaşayış məskəni son illər əsaslı şəkildə öyrənilən arxeoloji abidələrdən biridir. Göytəpə abidəsinin əsas özəlliyi Azərbaycanda olan 8 min illik mədəniyyətin bütün elementlərini özündə saxlaya bilməsidir. Bu həmin bölgədə yaşayan insanların əməyidir ki, abidəni qoruyub saxlayıblar. Abidənin öyrənilməsi bu gün də tədqiqatçıları heyrətləndirir. Abidə heç bir zaman düşmən təcavüzünə məruz qalmayıb. İnsanlar burada çox zəngin mədəniyyətə malik olub, stabil həyat tərzi sürüb, qidalanması və memarlıqları çox mükəmməl olub və maraqlı dini inanclara yiyələniblər. Sanki insanlar bu abidəni miras qoyaraq, dağıtmadan tərk ediblər. Buranı tərk etmənin səbəbi iqlim şəraiti ilə bağlı olub. Həmin insanlar öz növbəsində daha yaxın yerlərə köçüblər. Bu abidədə tədqiqatlar Yaponiyanın Tokio Universiteti ilə əməkdaşlıq şəraitində aparılıb. Göytəpədə çiy kərpicdən hörülmüş binalarla bağlı daha əvvəl irəli sürülmüş fikirləri müqayisə etmək üçün heç bir yerdə indiyədək nəşr etdirmədiyimiz 45 ədəd radiokarbon analizlərin nəticələri əldə olunub. Məhz bu nəticələrin əsasında Azərbaycanın və ümumən Cənubi Qafqazın Neolit dövründəki yaşayış məskənlərinin müxtəlif mərhələli memarlığı ilə bağlı tikinti mədəniyyətinin əsas xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Azərbaycanın ən qədim dövrünün erkən kənd tipli yaşayış yerləri (Kür çayının orta axarı boyunca yerləşən Şomutəpə mədəniyyətinə məxsus abidələr) e.ə.VI minilliyin başlanğıcına təsadüf edir. Bu xronologiya Azərbaycanda Həsənsu abidəsində (3 radiokarbon analiz), Gürcüstanda Aruxlı (11 radiokarbon analiz), Ermənistanda Aknaşen (20 radiokarbon analiz) analizləri ilə təsdiqlənmişdir. Bunların hamısı bir neçə tikinti səviyyəsindən ibarət təbəqələşmiş abidə olduğu halda, Göytəpədən əldə olunan dövrləşmə ilə bağlı məlumatlar isə həm memarlıq səviyyələrinin sayı, həm də radiokarbon tarixləri baxımından həddindən artıq çoxdur. Nəticədə, xaricdə aparıcı elmi laboratoriyalar Göytəpə qədim yaşayış yerini Qafqazın e.ə. VI minilliyə aid yeganə etalon abidəsi olmasını, xüsusilə öz elmi şərhlərində vurğulayırlar.

           
Maraqlıdır ki, Göytəpədən 8 km aralı, şərq tərəfdə Əyyublu kəndi ərazisində yerləşən Menteş qədim yaşayış yeri öyrənilən və xarici ekspertlərin diqqətini cəlb edən abidələrdəndir. Qazıntılar zamanı biz Menteş qədim yaşayış yerində bir necə dövrün mədəni qat yatımına rast gəldik. İlk baxışdan abidənin elə də zəngin olmaması fikri yaranmışdı. Çünki abidənin 4 metr hündürlüyü olan təpə hissəsi vaxtilə dağıntıya məruz qalmışdı. Abidənin tədqiqinə başlayarkən təpə yox idi. Elmi rəhbərim İdeal Nərmanov həmin abidəni təpə formasında qeydə almışdı. Hesab etdik ki, abidənin üst qatı yoxdursa, alt qatının qazıntıları da qısamüddətli olacaq. Amma səkkiz il qazıntı işləri apardıq. Bu abidədə fransız tədqiqatçılarla müştərək qazıntılar təşkil etdik. E.ə VI minillikdən başlayaraq e.ə III minilliyə qədər olan bir dövr ərzində Menteş abidəsində insanların yaşayışını əks etdirən uzunmüddətli həyatın mövcud olduğunu aşkar etdik. Bu qədim yaşayış yerində insanlar bəzi kiçik fasilələrlə 3 min il yaşamışdılar. Belə bir faktın mövcudluğuna bizimlə çalışan xarici mütəxəssislər heyran oldular. Ən maraqlısı isə ilk dəfə olaraq, Cənubi Qafqaz regionunda e.ə. VI minilliyə aid kütləvi dəfn adətinin icrası ilə qəbir aşkar edildi. Anoloji qəbir Menteş abidəsinin Neolit dövrünə aid olan mədəni təbəqəsində rast gəlinmişdir.

           
Göytəpə və Menteş abidələri həmin dövrün erkən əkinçi-maldar tayfalarının ən varlı təbəqəsinin yaşadığı qədim məskənlərdir. Göytəpədən qərbdə olan Hacıəlləhmanlı qədim yaşayış yeri Göytəpədən təxmini 200 il qədimdir. Hacıəlləhmanlı erkən məskunlaşmanı əks etdirən bir yaşayış yeridir. Düşünürük ki, həmin yaşayış məskənin sakinləri müəyyən dövrdən sonra yerini dəyişərək daha yaxın məntəqə olan Göytəpəyə köçərək orada yaşamışlar. Hacıəlləhmanlı qədim yaşayış yeri erkən əkinçi-maldar tayfaların ilkin yaşayış yerini əks etdirir. Göytəpə isə həmin tayfaların daha varlı və zəngin dövrlərini nümayiş etdirir. Tovuzda olan abidələr insan sivilizasiyasının öyrənilməsi üçün vacib abidələrdir.

           
Artıq Tovuzdakı abidələrdən əldə olunan materialların sərgilənməsinin vaxtı çatıb. 2016-cı ildə Yaponiyanın Tokio Universitetinin muzeyində "Qafqaz Neoliti" mövzusunda Tovuzun qədim yaşayış yerlərinin tədqiqatlarının nəticələri ilə bağlı sərgi təşkil olunmuşdu. Sərgi bir il müddətində fəaliyyət göstərdi və elmi ictimaiyyətin marağına səbəb oldu. Bizə görə və bizimlə çalışan xarici mütəxəssislərin rəyinə əsasən, artıq 18 aprel 2012-ci il tarixində, Azərbaycan Respublikası Prezidentinin "Göytəpə Arxeoloji Parkı"nın yaradılması ilə bağlı imzaladığı sərəncamın icrasının həyata keçməsinin vaxtı çatmışdır.

           
- Tapılan insan skeletlərinin təhlili zamanı müasirləri ilə hansı fərqlər meydana çıxır?

           
- Hal-hazırda dünyada qədim genomların müəyyən edilməsi ilə bağlı olan DNK analizlərin aparılması getdikcə populyarlaşan tədqiqat sahələrindən birinə çevrilib. Bu, yeni bir elmdir. Bizim üçün isə tamamən yenidir. Bugünkü insanların qədim əcdadlarını öyrənmək üçün genetik analizlər aparılır. Ümumi aparılan tədqiqatlar nəticəsində deyə bilərik ki, bu sahədə çalışan tədqiqatçıların rəyinə görə ərazimizdə yaşamış qədim əhali arasında müasir azərbaycanlıların genomları üst-üstə düşür. Fiziki antropologiya sahəsinə gəldikdə, xarici antropoloqların nəticələri də sübut edir ki, burada yaşamış qədim insanlarla müasir azərbaycanlıların antropoloji cizgiləri bir-birini tamamlayır. Heç bir yeni genetik fakt ortaya çıxmır. Qədim əcdadlarımızla genetik bağlılıq bütün dövrlərdə davam etmişdir.

           


- Tədqiqatlar Azərbaycanın qədim tarixi ilə bağlı hansı yenilikləri meydana gətirib və ya Azərbaycan tarix elmində hansı istiqamətlərin dəyişməsinə səbəb olub?

           
- Sualınız çox əhatəli sualdır. Müasir tədqiqatlar tamam fərqli istiqamətlərlə seçilir. Açıq deyim ki, cəmiyyətin bizdən gözlədiyi səviyyədə tam tədqiqatlar apara bilmirik. Bunun bir neçə səbəbi var. Bunu maliyyə problemi ilə bağlmaq da düzgün deyil. Bizim, bu baxımdan, problemimiz yoxdur. Qonşu dövlətlərə baxdıqda biz maddi cəhətdən təmin olunmuşuq. Səbəb başqadır. Bir qrup tədqiqatçı sovet dövründən bizə miras qalan tədqiqat üsullarının əsas olaraq götürülməsinin tərəfdarıdır. Digərləri isə aparılan tədqiqatlarda yeni üsulların tədbiqinə və məsələlərə olan yeni yanaşmaların qəbul edilməsində maraqlıdır. Təcrübədən yaxşı məlum olur ki, hətta vaxtilə aparılan tədqiqatlar əsasında əldə olunmuş elmi fikirlərin təkmilləşməsinə belə, ehtiyac vardır. Elmin dünyada inkişaf prosesləri, bəzi fənlərin daha dəqiq informasiya əldə etməsi uğrunda mübarizəni qarşıya bir vəzifə qoyur. Bu baxımdan, arxeologiya elm sahəsi hal-hazırda kriminalistika elmi ilə paralel tutulur. Son illərdə yeni texnologiyaların arxeologiyada tədbiqi nəticəsində, arxeometrik araşdırmalar mövzusu aktuallaşmış və qazıntılardan tapılmış nümunələrin faktik dəlillər olaraq hər birinin təyinatı üzrə geniş aspektdə öyrənilməsi ön plana keçmişdir. Belə olan şəraitdə ölkə arxeoloqlarının apardığı tədqiqatların tam yeni müstəvidə təşkil olunmasına ehtiyac yaranmışdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün bir qədər zaman tələb olunur. Əsas odur ki, bütün bunları dərk edən yeni mütəxəssislərin yetişməsi lazımdır.

           
Ümumiyyətlə isə son 10 il ərzində tariximizin müxtəlif dövrləri ilə bağlı yeniliklərimiz var. Misal üçün, Qafqaz Albaniyasının maddi mədəniyyətinin öyrənilməsi mövzusunda yeni addımlar atılıb. Qəbələdə və Ağcabədi bölgəsində aparılan qazıntılar mövzu üzrə şəhər tipli qədim yaşayış yerlərinin öyrənilməsini gündəmə gətirib. Sevindirici haldır ki, mövzunun aktuallaşmasında cavan tədqiqatçıların rolu böyükdür. Azərbaycanın Orta əsr şəhər yerlərinin tədqiqatları Şəmkir qalasının qazıntılarında öz əksini tapıb. Demək olar ki, son 10 il ərzində əsaslı qazıntısı aparılan Orta əsr şəhər yeri kimi Şəmkir qalası yeganə olub.

           
- Bəs yeni tədqiqatlar dərs vəsaitlərində necə, öz əksini tapırmı?

           
- Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır. Bu elm və təhsil ocaqları arasında olan boşluqdan irəli gəlir. Bizim tədqiqatlar Avropanın bir sıra universitetlərinin dərsliklərində öz əksini tapıb. Almaniya, Fransa və başqa dövlətlərin universitetlərində Azərbaycanda aparılan tədqiqatların nəticələri çap olunub. Amma ölkəmizdə dərsliklərdə bu öz əksini tapmır və paradoksallıq təşkil edir.

           
- Bu tədqiqatlar hansı jurnal və qəzetlərdə çap olunur?

           
- Tovuz bölgəsində apardığımız tədqiqatların elmi nəticələri xarici jurnallarda dərc olunub. Həmin jurnallara vaxtilə əlimiz çatmırdı. Ancaq indi elmi araşdırmalarımız qeyd olunan jurnallarda çap olunur. Artıq müfəssəl monoqrafiyanın nəşri gözlənilir. Göytəpə ilə bağlı ayrıca bir kitabın Almaniya və ya Türkiyədə nəşri nəzərdə tutulur. Nəşr ingilis dilində olacaq. Ölkəmizdə də Azərbaycan dilində çap olunacaq. Menteşlə bağlı kitab Almaniyada çap olunub. Azərbaycan dilində isə gələn ilin ortalarında çap olunacaq. Ümumən elmi nəticələri xarici dildə məqalə və ya kitab şəklində çap edirik. Xarici dildə çap edilməyəndə araşdırmalar qəbul edilmir. Ümumiyyətlə, Tovuz bölgəsində aparılan araşdırmalarla bağlı bir neçə monoqrafiya çap olunacaq. Burada müştərək şəkildə Yaponiya və Fransa alimlərinin tədqiqat işləri də əks olunacaq.

           
- Qədim insanların ünsiyyətləri haqqında tapıntılar və ya araşdırmalar nə deyir?

           
- Biz xalqların qədim dilləri ilə bağlı məlumatları o zaman əldə edirik ki, həmin an yazılı mənbələr ortaya çıxır. İlk yazılı mənbələr e.ə III minillikdə Orta Şərq ərazisində meydana gəlib. Şumer və Akkad yazıları əsasında mütəxəssislər qədim xalqların dilləri ilə bağlı məlumatlar əldə edə bilirlər. Lakin, əfsuslar olsun ki, ölkəmizin qədim dövrü yazılı mənbələrin olmadığı dövrə təsadüf edir. Tarix öncəsi dövr ölkəmizin ərazisində zəngin və maraqlı olmasına baxmayaraq, yazılı mənbələrdən kənar idi. Bu baxımdan da dil haqqında müfəssəl elmi fikir deyə bilmirik. Əgər Alban tayfalarının dillərinə müraciət etsək, bu xalqların dilləri haqqında müəyyən fikirlər mövcuddur. Bu mövzu, əslində, dilçilərin səlahiyyət dairəsinə daxil olduğu üçün onların da bu haqda danışması əsas götürülür.

           
- Bəs ölkəmizin tarix öncəsi dövrünün Hind-Avropa xalqlarının tarixi arealına daxil olunması ilə bağlı fikirlərə necə münasibət bəsləyirsiniz?

           
- Ümumiyyətlə, Orta Şərqin və həmçinin Cənubi Qafqazın ən qədim dövrü Hind-Avropa xalqlarının yaşadığını əhatə edən ərazi olmayıb. Hind-Avropa dil ailəsinə mənsub olan tayfalar buraya gec gəlib və sonra bu ərazilərin mədəniyyətini mənimsəməyə başlayıblar. Bu fikrimizə qarşı çıxan elmi mərkəzlər var. Həmişə onlardan soruşuruq: “Siz hansı mənbələrə əsaslanıb bunu deyirsiz? Əlinizdə hansı yazılı mənbələr var?”. Onlar bunu, sadəcə, fərziyyə kimi irəli sürürlər və sübut edə bilmirlər. Göründüyü kimi, dil mövzusu çox çətin və ciddi məsələdir.

           
- Bu gün tədqiqat aparılan abidələr dövlət tərəfindən qorunurmu? Bir sözlə, həmin torpaqlar dövlət hesabına keçirmi? Yəni həmin torpaqların itmə, yox olma təhlükəsi varmı?

           
- Azərbaycanda maddi mədəniyyət abidələrinin qorunması ilə bağlı bütün məsələlər qanunvercilikdə öz əksini tapıb. Sadəcə, bunun icrası ilə bağlı müəyyən problemlər var. Bu da yerlərdə əhali arasında maariflənmə işlərinin aparılmaması ilə sıx bağlıdır. Həqiqətən, bu istiqamətdə maariflənməyə ehtiyac var. İnsanlar bilməlidirlər ki, abidələrin olduğu torpaqları qorumaq lazımdır. Şübhəsiz ki, dağılan abidələrlə rastlaşırıq. Son dövrdə üzləşdiyimiz ciddi problemlərdən biri də “qara arxeoloqlar”ın qanunsuz fəaliyyətidir. Bunların dağıntılarına bütün bölgələrdə rast gəlmək olur. Məqsədləri qızıl axtarmaqdır. Bu cür problemlər tək bizim ölkədə yox, başqa ölkələrdə də mövcuddur. Düşünürəm ki, həmin abidələri qorumaq üçün onları ictimailəşdirmək lazımdır. Bunun üçün qazıntı aparılan arxeoloji abidələrdə tez-tez ictimaiyyətlə görüşlərin təşkili zəruri olan məsələlərdəndir. Yerli əhalinin öyrənilən abidənin əhəmiyyətini anlaması üçün müəyyən kompleks tədbirlərin görülməsi vacibdir.

 

Mahmud Əyyub

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır