Modern.az

“Qafqazinfo”nun gəncləri: “Redaksiya “Kurtlar vadisi”ni xatırlatdı” - FOTOLAR  

“Qafqazinfo”nun gəncləri: “Redaksiya “Kurtlar vadisi”ni xatırlatdı” - FOTOLAR   

1 Mart 2018, 10:40

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq...

“Bizimkilər” rubrikasından budəfəki təqdimat “Qafqazinfo”nun redaksiyasında çalışan gənc jurnalistlərdən bəhs edir.


4 ildir  “Qafqazinfo.az” saytında çalışan  Murad Əhməd  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi bitirib. O deyir ki, bu ixtisası xüsusi bir həvəslə seçməyib,  sadəcə ixtisas seçimlərindən biri olub:


““Həftə içi” qəzetində siyasi sahədə işləyirdim. İndiki redaktorum Günel Əbilova yazılarımı görüb məni “Qafqazinfo”ya dəvət etdi. Əvvəlcə “orada işləyə bilmərəm, birdən çətin olar” deyə fikirləşib bir az çəkinsəm də, sonra razılaşdım. Çünki “Qafqazinfo” daha operativdir, daha çox diqqət mərkəzindədir və burada tələbkarlıq daha çoxdur.

Sayta ilk gələndə yox, 4 ay sonra azca çətinliklər oldu. Çünki əvvəl də, burada işə başlayanda da siyasi mövzular işləyirdim. 2015-ci il yanvar ayından kriminal-məhkəmə sahəsinə keçid etdim. Buna görə ilk başda əlaqələr qurmaq, bu sahəni mənimsəmək vaxt alsa da, artıq bir çətinlik görmürəm”.



Murad Əhməd “Qafqazinfo.az” saytından öncə  “Mərkəz” qəzetində işləyib:


“Qəzet fəaliyyətini dayandırdıqdan sonra “Həftə içi” qəzetinin “hafta.az” saytında 2 il çalışmışam. Oradan “Qafqazinfo”ya gəlmişəm. Burada iş şəraitimiz də əladır. Çox rahat və səmimi kollektivimiz var”.


Elvin Elxan
“Qafqazinfo”nun mədəniyyət müxbiridir:


“1991-ci il, 18 oktyabr tarixində (Müstəqillik günü) doğulmuşam. Şəmkir rayon, Təzəkənd kəndində orta məktəbi bitirmişəm, 2009-2012-ci illərdə Bakı Dövlət Universitetində kitabşünaslıq ixtisası üzrə təhsil almışam.

Jurnalistikaya maraq uşaq vaxtı çox sual verməyimdən irəli gəlib.  Evdə anama, məktəbdə ilk müəllimlərimə müxtəlif mövzularda suallar verirdim. Onlar da “elə bil jurnalistsən, nə qədər sual verirsən” deyirdilər. Sanki bu cümlə psixoloji olaraq beynimə yeridildi, bu peşəyə həvəs yaranmağa başladı. Sonra məktəb tədbirlərində aparıcı oldum. Qısa olaraq deyim ki, məktəbin ən populyar və məşhur şagirdi oldum. Bu maraq, diqqət məni daha da həvələndirdi. Ancaq topladığım bal bu fakültəyə girməyimə mane oldu. Buna baxmayaraq həvəs və daxilimdə olan enerji azalmadı. İkinci kursdan NJM-ə (Niderland Jurnalistika Məktəbi) daxil oldum, orada təhsil aldım, daha sonra təlimlər, tədbirlər”.


Həmkarımız bir müddət QHT sektorunda fəaliyyət göstərib, daha sonra bloq açıb və orada sərbəst formada fikirlərini izah etməyə çalışıb:


“Müxalif qəzet və saytlarda çalışandan sonra bir müddət işsiz qaldım və “publika.az” saytında mədəniyyət üzrə çalışmağa başladım. Keçidə baxın, sosialdan mədəniyyət və şouya. Orada yaxşı dostlar qazandım, amma redaksiya mənə “Kurtlar vadisi”ni xatırlatdı və qalmaqallı şəkildə saytdan ayrıldım.

6 ay işsiz qaldım və “Qafqazinfo”da vakansiya olduğunu gördüm. Saytın şou yazarı Könül İbrahimə dedim ki, mən sizin saytda çalışmaq istəyirəm. O da redaktor Günel Əbilova ilə əlaqə saxlamağımı dedi. Redaktorumuz sağ olsun, inboksuna yazdım, dedi ki, ofisimiz məşhur marketlərdən birinin yanındadı. Lakin mənə nə nömrə verdi, nə də dəqiq ünvanı. Dedi ki, gəl! Daha sonra yazdıqlarımı oxumadı. P.S Günel Əbilova redaksiyada indi ən yaxın dostumdur. Qısası, 2014-cü ildən etibarən  saytda gecə növbəsində admin olaraq çalışdım”.



E.Elxan saytda adminlikdən mədəniyyət müxbirliyinə keçidindən də söz açıb:


“2014-cü ildə saytın 4 yaşı tamam olmuşdu. Bütün işçilər toplaşıb 4 illiyi qeyd edirdilər. Hətta xüsusi köynəklər hazırlanmışdı, üstünə “I love Qafqazinfo” yazılmışdı. Mən isə 1 həftə idi ki, adminliklə bağlı təcrübə keçirdim. Amma ad gününə dəvət olunmamışdım. Rəhbərimiz Elbrus Ərud köynəyi mənə geyindirib evə yola saldı ki, di get işlə. Həmin günü özümə söz verdim ki, bu redaksiyada elə biri olacam ki, mənsiz bir ad günləri belə keçməyəcək, mənsiz onlar şənlənə bilməyəcəklər. Belə də oldu, gecə növbəsi olmağıma baxmayaraq kollektiv çalışırdı ki,  həmin xoş məclislərdə iştirak edim.  İki il sonra isə saytda mədəniyyət üzrə bölmənin əməkdaşı işdən ayrıldı, mən səhər növbəsinə gətirildim və burada çalışıram. 


Gənc jurnalist deyir ki, indiyə kimi redaksiyada hər hansı çətinliyi olmayıb:


“Sadəcə olaraq redaksiyanın bir xanım əməkdaşı müəyyən qədər mühafizəkar idi. “Feysbuk”da dostluq siyahısına diqqət edir, hər insanı qəbul etmirdi. İlk günlər xəbər mübadiləsi gedirdi. Onlar mənə xəbər atır, sayta yerləşdirirdim. Redaktor o xanıma söylədi ki, məlumatı ona at. Və bununla da biz “Feysbuk”da dost olduq. Amma dostluğumuz 2 dəqiqə çəkdi, xəbəri atandan sonra məni dostluqdan çıxardı. İndi isə o müxbir tamam dəyişib, mühafizəkar deyil və oğlanla qızın dostluğuna inanır , hər bir mövzuda açıq fikrini izah edə bilir. Məncə bu dəyişimdə mənim də payım var”.

Elvin Elxan “Qafqazinfo”dan əvvəl müxalif saytlar, QHT-lər, “Lider” TV, “publika.az”da çalışıb. O deyir ki, hazırda redaksiyada hər şey qaydasındadır: “İş ortamında azadlıq varsa, deməli, hər şey qaydasındadır”.



Jurnalist olmaq  Günel Türksoyun lap məktəb dövründən arzusu  olub :


“1990- cı ildə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində anadan olmuşam. Ağdaş rayon 3 saylı beynəlmiləl orta məktəbi bitirmişəm. 2007-2011- ci illərdə Bakı Dövlət Universietinin Jurnalistika fakültəsində təhsil almışam.  Bu sahə üzrə magistratura oxumağa ehtiyac duymadığım üçün elə praktik fəaliyyətə başlamışam.

Jurnalist olmaq lap məktəb dövründən arzum olub. Çünki məktəbimizdə tədbirlərin keçirilən zaman həmişə aparıcı kimi məni seçirdilər.  Kodlaşdırma zamanı ilk ixtisas olaraq jurnalistikanı  yazmağı istəsəm də, yaxın bir qohumumuzun təkidi ilə ilk sıralamaya o zaman İqtisadiyyat Universitetində açılan  “beynəlxalq əlaqələr türk dili” ixtisasını yazmalı oldum. Amma yenə də elə oldu ki, 3-cü sırada yazdığım Jurnalistika fakültəsinə daxil oldum”.


Gənc jurnalist 2012- ci  ilin sentyabr ayından bəri “Qafqazinfo”da çalışır:


“Artıq 6 ilə yaxındır ki, bu kollektivin bir üzvüyəm. Rəsmi fəaliyyətim “Qafqazinfo”dan başlayır. Bir rəfiqəm mənə dedi ki, “Qafqazinfo” da siyasət müxbirinə ehtiyac var. Mən də elə  onun vasitəsilə gəldim və burada işlədim. O gündən burdayam.  İş şəraitimiz normaldır. 

Ümumiyyətlə, gərgin iş mühiti, hər gün dava-dalaş və intriqalar olan yerdə işləmək çətin olardı. Buradakı kollektivdə uşaqlarla ünsiyyətimiz yaxşıdır".



“Qafqazinfo”nun digər gənc əməkdaşı  Günel Hacı artıq 3 ildir ki, burada fəaliyyət göstərir:


“1993-cü ildə Qax rayonunda anadan olmuşam. Məktəb illərində jurnalist olacağımı düşünməsəm də, tədbir və yığıncaqlarda aktiv şagirdlərdən idim. Düzünü desəm, jurnalistikanı seçməyim bir qədər keçməkeşli oldu. Sırf Qafqaz Universitetində - indiki Bakı Mühəndislik Universitetində oxumaq üçün bir orada jurnalistika ixtisası yazmışdım, digər yerlərə isə fərqli ixtisaslar. Elə ilk yazdığım yerə də qəbul olundum.

Ancaq xoşbəxtliyim uzun çəkmədi. Bir tələbə kimi gələcəklə bağlı büyük xəyallarım birinci kursun sonunda sözün əsl mənasında puç oldu. Belə ki, özəl universitetlərdə jurnalistika təhsili ləğv olundu və biz dövlət universitetlərinə köçürüldük. Həmin vaxt iki seçimim var idi: ya ixtisasımı dəyişib Qafqaz Universitetində qalmaq, ya da ixtisasıma görə sevimli universitetimi dəyişmək. Müəllimim Qulu Məhərrəmlinin tövsiyəsi ilə ixtisasımda qalmaq qərarına gəldim. Bir onu bilirəm ki, universitetlər arasında fərq çox böyük olduğu üçün mən ikinci kursu depressiyada keçirmişəm”.


Günel Hacının universiteti bitirib xaricdə təhsil almaq planı varmış:


“Ancaq elə alındı ki, son dərs günüm həm də mənim burada ilk iş günüm oldu. Kollektiv, ümumi mühit mənə xoş gəldiyi üçün çox asanlıqla uyğunlaşdım. Kollektivimiz, demək olar ki, gənclərdən ibarətdir. Ona görə də, bir-birimizi yaxşı anlaya bilirik. Universitet vaxtı həm tam, həm də yarım gün əməkdaşlıq etdiyim qurumlar olub. Hələ ki, “Qafqazinfo” onların içərisində ən uzunmüddətlisidir”.
 


Nərminə Vəliyeva
hazırda “Qafqazinfo”da Multimedia bölməsinin redaktoru olaraq fəaliyyət göstərir:


“1990-cı ildə anadan olmuşam, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm.  Jurnalistikanı seçməyimlə bağlı xüsusi bir hekayəm yoxdur, qəbul imtahanından sonra ailəmlə birgə, yığdığım bala uyğun fakültə yazmağa başladıq. Əslində ilk yazdığım üçlük Xarici Dillər Universitetinin müxtəlif ödənişsiz fakültələri idi. Amma sözügedən fakültələrin balı 600-ü keçdiyi üçün, mən 563 balla jurnalistikaya düşdüm.

İşləməyə universitet illərindən başlamışdım. “Azad Azərbaycan” Teleradio Şirkətində tələbələr arasından seçildim, sonradan işim uğurlu alındı və qalıb “ATV-Səhər”də davam etdim. Maaş azlığına görə işimi dəyişmək qərarına gəldim. Hazırda iş yoldaşım olan, əvvəl isə qrup yoldaşım olmuş Murad Əhmədin məsləhəti ilə “Həftəiçi” qəzetinin online versiyası sayılan “Hafta.az” saytında işə başladım. Həm yol, həm də iş ortamı şərtlərimə uyğun olmadığı üçün oradan da uzaqlaşıb “Virtualaz.org” saytına işə düzəldim. Burada isə işim lap az çəkdi, şəxsi problemlərə görə oranı tərk etdim və 2-3 ay işsiz qaldım. Bu müddətdə isə indiki iş yoldaşım Səidə İsmayıl mənə “Qafqazinfo”da vakansiya olduğunu bildirdi. Daha sonra saytın rəhbəri Elbrus Erudla görüşdük, şərtlərdə razılaşıb işə başladım. Artıq 4 ildir ki, “Qafqazinfo”da çalışıram”.


N.Vəliyeva deyir ki, ünsiyyət problemi yaşayan insan olmadığı üçün redaksiyada ilk vaxtlarda  ciddi problemlə qarşılaşmayıb:


“Sadəcə olaraq işə yeni düzəldiyim vaxtlarda gecə növbəsinin redaktoru olaraq fəaliyyət göstərməyim bir az çətinlik yaradırdı. 6-dan sonra işləmək məni bəzən dostlarla görüşlərdən, müxtəlif tədbirlərdə iştirakdan, təmiz hava almaqdan belə məhrum edirdi. Amma indi səhər növbəsinə keçmişəm və sevdiyim video işi ilə məşğul oluram. Ümumiyyətlə düşünürəm ki, əsr görüntü əsridir. Oxucu tamaşaçı olmaq istəyir, hətta bu müsahibəni belə sizə videomüsahibə formasında versəm daha effektiv olardı.

Televiziya təcrübəm olduğu üçün iş mühitində intriqaların hansı nəticələrə gətirdiyini bilirəm. O mənada “Qafqazinfo”dakı iş şəraitini müsbət qiymətləndirirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır