Modern.az

Dünya Su Forumunda Sərsəng su anbarı ilə bağlı çağırış edilib 

Dünya Su Forumunda Sərsəng su anbarı ilə bağlı çağırış edilib 

İqtisadiyyat

23 Mart 2018, 20:26

"Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarının ekoloji mühiti kəskin şəkildə pisləşib. Ermənistanın nəzarəti altında olan anbara məxsus ehtiyatlardan siyasi təhdid vasitəsi kimi istifadə olunur. Nəticədə, əksəriyyəti qaçqın və məcburi köçkünlər olmaqla, cəbhə xəttində yaşayan azərbaycanlılar su çatışmazlığı problemini yaşayır və kənd təsərrüfatı ilə tam olaraq məşğul ola bilmirlər".

Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Braziliyada keçirilən 8-ci Dünya Su Forumunda çıxışı zamanı bəyan edib.

O qeyd edib ki, bu anbar ətrafdakı təxminən 96,000 hektar ərazini suvarma suyu ilə təmin etmək üçün inşa edilib:

Ona görə də bu təxirəsalınmaz humanitar problemi nəzərə alan Avropa Şurası Parlament Assambleyası 2016-cı il 26 yanvar tarixində qətnamə qəbul edərək "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması və su ehtiyatlarından siyasi alət kimi istifadə olunmamasına dair" qərar verib. Lakin hələ də bu qətnamə yerinə yetirilməyib".

U.Mirzəyev, həmçinin iştirakçılara 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının insanın su təchizatı və sanitariya hüququnu tanıyan qətnamə qəbul etdiyini xatırladıb: Hər kəsin şəxsi və məişətdə istifadə edə bilməsi üçün təhlükəsiz və fiziki olaraq su əldə etmək imkanı olmalıdır. Lakin bu gün su çatışmazlığından sülh, təhlükəsizlik və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş beynəlxalq sənədlərə, beynəlxalq norma və standartlara məhəl qoyulmadan siyasi maraqlar üçün istifadə olunur".

Onun sözlərinə görə, bu problem bu gün olduğundan daha dəhşətli ola bilməz. Dünya ictimaiyyəti bu problemi anlamalı və dünyada hər bir insanın təmiz suya olan ehtiyacını təmin etməlidir.

BAMF-nin prezidenti suyun böhran deyil, sülh aləti olması üçün vətəndaş cəmiyyətinin bütün nümayəndələrini, qaçqın və məcburi köçkünləri bütün qüvvələri birləşdirərək əməkdaşlıq qurmağa çağırıb:

"Gəlin birlikdə insan üçün həyati əhəmiyyət daşıyan su anbarları, çaylar və digər su mənbələrinin olduğu işğal olunmuş ərazilərin azad olunmasına çalışaq. Biz supergücləri yalnız siyasi maraqlarını düşünməyi dayandırmağa və insanların həyatları haqqında, evlərini tərk etməyə məcbur olmuş milyonlarla qaçqın və məcburi köçkünlərin həyatları barədə düşünməyə başlamağa inandırmalıyıq".

Həmçinin, Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olаn Sərsəng su anbarındakı ekoloji fəlakətlə bağlı Azərbaycanın cəbhəyanı ərazilərində su problemləri barədə BAMF-nin hazırladığı videosüjet iştirakçılarа nümayiş olunub. Videoda su çatışmazlığı və əkinçiliklə məşğul olmağın qeyri-mümkünlüyü barədə danışan yerli sakinlərlə olan kadrlar göstərilib. Eləcə də iştirakçılara Böyük Britaniyanın tanınmış siyasi jurnalisti, yazıçı, tarixçi, siyasi şərhçi Adel Darvişin Qarabağın su problemləri ilə bağlı fikirləri nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun işğalı nəticəsində meliorasiya və suyun idarə edilməsi sistemi dağıdılıb. Sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində inşa edilmiş Sərsəng su anbarının suyundan düzgün istifadə olunmaması Azərbaycanın cəbhə bölgələrində yaşayan insanların öz torpaqlarını suvarmasına mane olur. Bu həm də təxminən 500 min insanın susuz yaşamağa məcbur olması deməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi