Modern.az

Rusiyada hakimiyyətdaxili intriqalar Azərbaycana səfir təyinatını GECİKDİRİR

Rusiyada hakimiyyətdaxili intriqalar Azərbaycana səfir təyinatını GECİKDİRİR

Ölkə

1 Aprel 2018, 11:29

2017-ci ilin noyabrında Rusiya prezidenti Vladimir Putin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini postundan azad edərək geri çağırıb. Yaxın vaxtlarda yeni səfir təyinatı gözlənilsə də, 4 aydır ki, post boş qalır.

 

Lakin həmin vaxtlarda Rusiyanın Doroxindən sonra səfir vəzifəsinə ermənipərəst mövqeli Georgi Zuyevi təyin edəcəyi haqda qeyri-rəsmi məlumatlar yayılmışdı. Lakin belə bir şəxslə bağlı rəsmi Bakının etirazı Kremlin bu namizədlə bağlı planlarının həyata keçirilməsinə əngəl olub.

 

Bu postun boş qalmasına səbəb Georgi Zuyevin qəbul olunmamasını deyə bilmərik. Bəs rəsmi Moskva Azərbaycana yeni səfirini niyə təyin etmir?!

 

Gecikmənin səbəbləri nədir?!

 

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

 

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, bu Azərbaycanın yox, Rusiyanın problemidir.

 

“Rusiyanın Azərbaycana yeni səfir təyin etməməsinin bu qədər müddətdə gecikməsi müəyyən narahatlıq yarada bilər. Bunun bir səbəbi odur ki, Rusiyanın təyin etmək istədiyi səfirə Azərbaycan qeyri-rəsmi olaraq dəstək verməyib. Çünki həmin səfirin adı separatçılara dəstək verməkdə hallanır. Birbaşa Abxaziya separatçılarına dəstək verən belə bir şəxsi Azərbaycan qəbul edə bilməz.

 

Bu gün Abxaz separatçılarını dəstəkləyən biri sabah erməni separatçılarını dəstəkləyə və Qarabağ məsələsində ermənilərin mövqeyindən çıxış edə bilər. Belə birinin diplomat kimi fəaliyyət göstərməsi Azərbaycanın maraqlarına uyğun deyil.

 

Ona görə də belə bir şəxsə razılıq vermədiyimizə görə Rusiya məsələni uzadır və aylardır səfir təyin etmir. Bu da Azərbaycanın deyil, Rusiyanın problemidir.

Hazırda Rusiyanın Qərblə münasibətləri gərgindir. Belə bir məqamda dost dövlətlərlə də münasibətləri normal saxlamağı bacarmırlar. Rusiyadakı 18 mart prezident seçkiləri geridə qaldı. 11 apreldə isə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yaxın bir ya iki ay ərzində Rusiya Azərbaycana səfir təyin etməsə, bu o deməkdir ki, Rusiya Azərbaycanı strateji tərəfdaş saymır”.

 

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadənin sözlərinə görə isə indiki dövrdə səfir postu xüsusi önəm kəsb etmir.

 

“Bildiyim odur ki, səfir təyin edilməməsi məsələsi Rusiyanın daxili idarələri arasındakı ədavətdən irəli gəlir. Moskva Xarici İşlər Nazirliyinin təqdim etdiyi namizədlə Nazirlər Kabineti və Prezident Aparatı razı deyildi.

 

Digər tərəfdən isə indiki dövrdə səfir postu o qədər də məna kəsb etmir. Prezidentlər arasında internet, telefon və digər rabitə növləri var ki, hansısa vacib məsələləri öz aralarında həll edirlər. İndiki səfir anlamı qabaqkı səfir anlamı  kimi deyil.

 

Ona görə də aylardır Rusiyanın Azərbaycanda səfirinin olmamasının böyük zərəri də yoxdur. Sadəcə texniki məsələlər var ki, onu da səfirin müavini həll edir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü