Modern.az

Akademiyada mükafat alan alimlərin adları elan edildi - SİYAHI  

Akademiyada mükafat alan alimlərin adları elan edildi - SİYAHI   

Aktual

5 Aprel 2018, 17:17

AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub.

Modern.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin aprelin 5-də keçirilmiş növbəti iclasında 6 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.

Müxtəlif kristal quruluşu olan və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində silsilə elmi-tədqiqat işlərinə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir  Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, üzvi sintez reaksiyalarında və molekulların dizaynında qeyri-kovalent rabitələrin və “spider effect” rolu sahəsində apardığı fundamental tədqiqatlara görə  akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan qədim dövr  tarixinin  tədqiqi  və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüblər.

Qeyd edək ki, bu qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.


***

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin aprelin 5-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri də açıqlanıb.


AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu və "Qızıl medal"a layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylərin Rəyasət Heyətinə təqdim edildiyini bildirib.

Müsabiqənin nəticələrinə görə neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi  konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi  konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər  Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.

Rəyasət Heyəti adları çəkilən alimlərin medalla təltif olunması və  hər birinə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü