Modern.az

Zərifə Əliyeva Binəqədidə anıldı

Zərifə Əliyeva Binəqədidə anıldı

23 Aprel 2018, 12:49

20 aprel tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə əvvəlcə Zərifə Əliyevanın xatirəsinə həsr olunan "Nur dolu ömür" adlı film nümayiş olunub.

 

Daha sonra mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin Binəqədidə keçirilməsinin təsadüfi olmadığını bildirmişdir. Zərifə Əliyevanın adını daşıyan parkın, Ulu Öndər Heydər Əliyevin adını daşiyan məscidin Binəqədi rayonu ərazisində yerləşdiyini xatırladan X.İsgəndərov qeyd etmişdir ki, belə bir tədbirin Binəqədi rayonunda keçirilməsi rayon ictimaiyyəti üçün böyük şərəfdir. Natiq çıxışında həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı.

 

 

İnsanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi  ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz  fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. Zərifə xanımın Azərbaycan xalqının sərvəti olduğunu bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd etdi.

 

 

Azərbaycanın dünyada ailə, uşaq və gənclər siyasətinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaq və gənclər dövlətin verdiyi imkanlardan faydalanaraq öz bilik və bacarıqlarının artırılması üçün çalışmalı, vətənpərvər olmalıdırlar.

 

H.Hüseynova deyib ki, “Qələbəyə doğru” kimi intellektual oyunların keçirilməsi uşaqların Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli ziyalıları barədə məlumatlarının artırılması baxımından çox dəyərlidir. Zərifə Əliyevanın da intellektual gənclərə böyük diqqət göstərdiyini, onun öz ətrafına daim gəncləri topladığını, onlara yol göstərdiyini vurğulayan komitə sədri qeyd edib ki, Zərifə Əliyevanın arzularından biri Azərbaycanın uşaq və gənclərini intellektual səviyyəli, bacarıqlı, savadlı görmək olub.

H.Hüseynova qeyd edib ki, Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Qələbəyə doğru" intellektual yarışının məqsədi də gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, ziyalıları haqqındakı biliklərini artırmaq, onların düşüncələrini, sərbəst fikir yürüdə bilmək bacarıqlarını inkişaf etdirməsinə yardım etməkdir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında akademik Zərifə Əliyevanın Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri olduğunu söyləyib.

Ə.Əmiraslanov qeyd etdi ki, Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük hissəsi Moskva ilə bağlı olub. Zərifə Əliyeva Moskvada böyük elmi uğurlar əldə edib. Alim qazandığı uğurlarla səhiyyə sahəsində öz sözünü deməyi bacarıb. Zərifə Əliyevanın daha böyük uğuru həyatının 3 böyük şəxslə - Əziz Əliyev, Heydər Əliyev və ilham Əliyevlə bağlı olmasıdır.

Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirib ki, akademik Zərifə Əliyeva tibb sahəsində böyük alim olmaqla yanaşı, həm də tarixi araşdırmaçı olub:

“Zərifə xanım o qədər çox işin, qayğıların içində tarixi araşdırmalarla da məşğul olub. Azərbaycanın bu cür qadınlarının olması tariximizin xalqımıza göstərdiyi böyük lütfdür. Bunu biz hamımız, xüsusilə gələcəyimiz olan uşaqlar dəyərləndirməlidirlər".

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, gözəl alim olmaqla yanaşı, gözəl həyat yoldaşı da olan Zərifə Əliyeva ümummili lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq, arxa olub.

M.İbrahimqızı Vətənimizin fəxri sayılan bu cür insanların parlaq sima kimi daim yaddaşlarda yaşayacağını söyləyib.

Tədbirdə daha sonra “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırılıb.

Bakıətrafı kənd və qəsəbələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Qələbəyə doğru” intellektual oyununun final yarışında iştirak etmək hüququnu seçim turlarında qalib olan komandalar qazanıblar.

Final oyununda qəsəbələri təmsil edən hər bir komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli iştirak edib.

Final yarışında 1,2 və 3-cü yerlərin qalibləri olan Sabunçu, Binəqədi və Xəzər rayonlarının komandaları diplom və hədiyyələrlə mükafatlandırılıb. 1-ci yerin qalibi olmuş komandaya "Qələbəyə doğru" kuboku təqdim olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?