Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin I rübündə 22.1 ton qızıl satdığını açıqladı. Bununla da Fondun qızıl ehtiyatları ilin əvvəlindəki 200 tondan 178.1 tona endi. Bu azalma 2012-ci ildə ölkəmizin qızıl ehtiyatlarını artırmağa başladığı vaxtdan bəri ilk belə hal idi.
Modern.az Dövlət Neft Fonduna qızıl ehtiyatlarının bir hissəsinin satış səbəbi ilə bağlı sorğu göndərib. Sorğuya cavab olaraq Neft Fondu qızıl satışının müəyyən olunmuş parametlər çərçivsənidən kənara çıxması ilə əlaqələndirib.
“2026-cı ilin əvvəlindən qızılın qiyməti unsiya başına 5.000 ABŞ dollarını keçərək əhəmiyyətli dərəcədə yüksəlmişdir. Portfeldəki qızıl mövqeyinin həcmində heç bir dəyişiklik olmamış, lakin qiymət artımı nəticəsində həmin aktivin portfel daxilindəki çəkisi təsdiqlənmiş İnvestisiya Siyasətində nəzərdə tutulmuş hədəf bölgünü və icazə verilən kənarlaşma intervalının yuxarı həddini aşmışdır. Bu vəziyyət, aktivin strateji cəhətdən yenidən qiymətləndirilməsindən deyil, portfelin müəyyən edilmiş parametrlər çərçivəsində saxlanılması zərurətindən irəli gələn portfel tarazlaşdırılması üçün əsas yaratmışdır. Həyata keçirilən satış əməliyyatı qızıla münasibətdə uzunmüddətli strateji mövqenin dəyişməsi kimi deyil, İnvestisiya Siyasətinin tələblərinə uyğun intizamlı risk idarəetməsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
Bildirilib ki, qızılın alış dəyəri ilə satış dəyəri arasında yaranmış fərq gəlirə çevrilib.
“Maliyyə nəticəsi baxımından isə nisbətən aşağı orta alış dəyəri ilə cari yüksək bazar qiymətləri arasındakı fərq realizə olunmuş əhəmiyyətli kapital gəlirinə çevrilmişdir”, - açıqlamada deyilir.
Xatırladaq ki, Bloomberg agentliyi Neft Fondunun satdığı 22 ton qızılın 3 milyard ABŞ dolları həcmində qiymətləndirildiyini yazıb.