Son illərdə ictimai rəyin formalaşması prosesində ciddi transformasiya müşahidə olunur. Rəqəmsallaşma, media iqtisadiyyatındakı dəyişikliklər və sosial platformaların sürətli inkişafı bu sahəyə birbaşa təsir göstərərək ictimai rəyin xarakterini köklü şəkildə yeniləyib.
Modern.az xəbər verir ki, bu fikirləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forumun açılış mərasimində elm və təhsil nazirinin müavini Firudun Qurbanov səsləndirib.
Nazir müavini bildirib ki, informasiya istehsalı və istehlakı artıq ənənəvi çərçivələri aşaraq rəqəmsal platformalara keçib.
“Bu dəyişiklik ictimai rəyin formalaşmasında yeni dinamikaların yaranmasına səbəb olub. Xüsusilə sosial şəbəkələr son 15 ildə insanların internetə çıxışının əsas motivlərindən birinə çevrilərək qlobal informasiya mühitində dominant mövqe qazanıb.
F.Qurbanov qeyd edib ki, beynəlxalq araşdırmalar dünya əhalisinin böyük hissəsinin xəbərləri gündəlik olaraq məhz rəqəmsal platformalar vasitəsilə əldə etdiyini göstərir:
“Bu tendensiya son illərdə daha da güclənərək informasiya istehlakının strukturunu dəyişib. Hazırda Elm və Təhsil Nazirliyində analitik texnologiyaların tətbiqi nəzərdə tutulmaqdadır. Məktəblərin 63 faizi və şagirdlərin 80 faizdən daha çoxu genişzolaqlı internetə çıxışa malikdir. Hazırda hər 6 şagirdə bir kompüter düşür və əsas hədəf hər şagirdin fərdi kompüterlə təmin olunmasıdır”.
O, həmçinin vurğulayıb ki, medianın hazırkı inkişaf səviyyəsi dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqətin nəticəsidir:
“Media mühiti sürətlə transformasiya olunur. Bu proseslərin ölkənin beynəlxalq imicinə təsiri fonunda media nümayəndələrinin daha diqqətli davranması vacibdir”, - deyə nazir müavini qeyd edib.