Modern.az

Ankaranın yeni Suriya ZƏFƏRİ – Vaşinqton Ankara qarşısında “ağ bayraq” qaldırdı

Ankaranın yeni Suriya ZƏFƏRİ – Vaşinqton Ankara qarşısında “ağ bayraq” qaldırdı

Dünya

8 İyun 2018, 12:14

Türkiyə öz strateji hədəflərindən birinə nail oldu. YPG (Kürd Özünümüdafiə Dəstələri) Suruiyanın şimalında yerləşən Mənbic şəhərini tərk etdi. Tezliklə şəhəri və onun ətraf məhəllələrində türk polisi keşik çəkməyə başlayacaq. YPG-nin ABŞ administrasiyasının təzyiqindən sonra şəhəri tərk etdiyi bildirilir.

 

Mənbic hələ 2016-cı ildə İŞİD-dən azad olunmuşdu. Ankara YPG-ni terror təşkilatı, öz sərhədlərində kürd anklavının yaradılmasını isə sterateji təhlükə hesab edir.

 

Modern.az Türkiyə ilə ABŞ münasibətlərini Mənbic böhranı fonunda nəzərdən keçirib. 

 

ABŞ YPG-ni himayə edir

Amma qeyd olunmalıdır ki, Suriyada ABŞ-ın əsas müttəfiqi də kürdlər olub. Vaşinqtonun NATO üzrə müttəfiqi olan Türkiyə uzun illər kürdlərə dəstək verilməsinə etiraz etsə də, Ağ Ev son aylara qədər bu dəstəyi göstərməkdə davam edirdi. YPG məsələsi son illər Ankara-Vaşinqton münasibətlərini pisləşdirən əsas amil idi.

 

2016-cı ilin payızında Türkiyə komandanlığı “Fərat Qalxanı” əməliyyatına başlayan zaman əsas məqsəd Mənbicə qədər irəliləyərək, İŞİD qruplaşmasını, regiondakı kürd strkuturlarını məhv etmək və Suriya ərazisində 90 kilometrlik bufer zonası yaratmaq idi.

 

Lakin həmin vaxt Mənbicə qədər irəliləmək mümkün olmadı. ABŞ Mənbicə əlavə qüvvələr göndərərək, türk ordusu ilə YPG arasında sipər oldu. Digər tərəfdən, şəhər şurasını əlində saxlayan YPG Mənbicə yaxın bir neçə kilometrlik ərazini Suriya prezidenti Əsədin qüvvələrinə verərək, onları da Ankara ilə üzbəüz qoydu.

 

2018-ci ilin yanvarında Türkiyə rəhbərliyi Suriyada növbəti əməliyyat – “Zeytun budağı”nı keçirməyə başladı. Yenə hədəflərdən biri Mənbicin YPG-dən təmizlənməsi olsa da, ABŞ-ın YPG-yə himayədarlığı bu planı gerçəkləşdirməyə mane oldu. Fevralda Türkiyə baş nazirinin müavini Bekir Bozdağ Türkiyə rəhbərliyinin Vaşinqtonla razılığa gəlməyə çalışdığını bildirib.

 

“Ümid edirik ki, Mənbicdə əməliyyat keçirmək bizim üçün zərurətə çevrilməyəcək. Yranmış çətin situasiya ilə bağlı ABŞ-la danışıqlar aparırıq”.

Ankaranın təkliflərindən biri Mənbicə ortaq qüvvələrin yerləşdirilməsi, şəhəri kürd döyüşçülərinin tərk etməsi idi.

 

Telefon danışıqlarından birində Ərdoğan və Tramp məsələnin həlli üçün maksimum səy göstərmək barədə razılıq əldə etmişdilər. Amma danışıqlar ləng gedirdi. Bunun bir səbəbi də martın sonlarında dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi və onun yerinə Mayk Pompeonun təyinatı idi.

 

Türkiyə ordusu situasiyanı tam dəyişir

Türkiyənin Afrində əməliyyat keçirməsi Suriyanın şimalındakı hərbi-siyasi situasiyaya birbaşa təsir göstərdi. Belə ki, türklərin bölgədə keçirdikləri əməliyyatlara cavab olaraq, 1,5 min kürd döyüşçüsü Mənbicdən Afrinə gəldi. Qeyd olunmalıdır ki, “Zeytun budağı” əməliyyatı Vaşinqtonun ehtiyatsız addımlarından qaynaqlanmışdı. Belə ki, ABŞ-ın əsasən kürdlərdən ibarət 30 minlik təhlükəsizlik polisi formalaşdırmağa başlaması barədə elan verməsi Ərdoğan hökumətinin müdaxilə qərarını sürətləndirmişdi.

 

Tərəflər arasında anlaşılmazlıq öz pik həddinə çatanda - 2018-ci ilin martında Dövlət Departamenti ABŞ Mənbicdən hərbi qüvvələrini çıxarmayacağını elan etdi.


“Türkiyə ilə dialoq davam etdirilir. Hələlik, yekun qərar qəbul edilməyib. Biz Mənbici tərk etməyi planlaşdırmırıq”-deyə Dövlət Departamentinin rəsmisi Xizer Nauert açıqlama vermişdi.

 

Paralel olaraq, prosesə Fransa da müdaxiləyə cəhd etdi. Martın sonlarında prezident Makron YPG-nin siyasi qanadı olan SDF-ni Suriyanın şimalında sülhü təmin edən əsas qüvvə adlandıraraq, onlara hərbi dəstək verəcəklərini açıqlamışdı. Ankaranın kəskin etirazından sonra Paris bu sahədə ciddi addımlar atmaqdan çəkindi.

 

Mayın 30-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın”İncirlik” hərbi bazasının bağlanması ehtimalından danışdı.


“Münasibətlərin normallaşması üçün ABŞ Mənbic məsələsində, Gülənin ekstradisiyasında və s. məsələlərdə güzəştə getməlidir. Bu haqda söz düşəndə bizim xalq deyir: ""İncirlik", "Kürecik" bazalarını bağlayın”.


O, Mənbic məsələsinin danışıqlar yolu ilə həllinə ümidini ifadə etsə də, lazım olarsa, başqa yolla da Türkiyənin məsələni həll edəcəyinə işarə vurmuşdu.

Bundan əvvəl, 2016-cı ilin iyulunda Ankara qısa müddətə “İncirlik” bazasının fəaliyyətini məhdudlaşdırmışdı.

 

Ankara Vaşinqtonla tarixi razılıq əldə etdi

İyunun 4-də isə pərdəarxası intensiv danışıqlardan sonra Mövlud Çavuşoğlu və Mayk Pompeo Mənbiclə bağlı yeni “yol xəritəsi”nə imza atdılar. Ankara və Vaşinqtonun əldə etdiyi razılaşmaya görə, YPG 30 gün ərzində Mənbici tərk edir. Bundan sonra, amerikalı və türkiyəli hərbçilər ərazinin ortaq monitorinqinə başlayırlar. “Yol xəritəsi”nin imzalanmasından sonra 60 gün ərzində isə yerli administrasiya yaradılacaq.

 

Türkiyə mətbuatının yazdığına görə, kürd döyüşçüləri silahlarını Pentaqonun nümayəndələrinə təhvil verərək, tərkisilah olmalıdır. Ankara gələcəkdə bu təcrübənin YPG-nin nəzarətində olan digər Suriya ərazilərinə şamil ediləcəyinə ümid edir.

 

Son hadisələr fonunda Ankara və ABŞ-ın yenidən yaxınlaşmaya başladığını əminliklə bildirmək olar. Parael olaraq, Trampın Ərdoğanı Rusiyadan S-400 raketləri almaqadan vaz keçməyə çağırması, alternativ silah təklif etməsi də bu yaxınlaşmanın əlaməti hesab oluna bilər.

 

Beləliklə, Ankara regionda istənilən güc mərkəzinin onun strateji maraqları ilə hesablaşmalı olduğunu sübit etdi. Ankara-Vaşinqton yaxınlaşmasının Moskva ilə münasibətlərə hansı təsiri göstərəcəyini isə yalnız gələcək proseslər sərgiləyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü