Modern.az

“Doqovoru” Qabil pozub  

“Doqovoru” Qabil pozub   

1 Sentyabr 2018, 09:47

Mahir QABİLOĞLU


Xalam ərigil tərəfdən bir qohumumuz vardı. Adı Aftandil idi. Özləri Qərbi Azərbaycandan idilər. Sabirabadın Qaragünə kəndində məskunlaşmışdılar. Kənd adamı idi. Əlinin halal zəhmətiylə dolanırdı. Şair idi. Bunu mən demirdim. Bunu atam Qabil deyirdi. Şeirlərinin bəzisi atamın o qədər xoşuna gəlirdi ki,  əlyazmasını “müsadirə” edib, mətbuata təqdim edirdi. Necə deyərlər, Aftandilin yaradıcılığına həyat vəsiqəsi verirdi.

Günlərin bir günü bu Aftandil özünün yetişdirdiyi kənd təsərrüfatı məhsullarından yığıb gətirir Hüsü Hacıyev, indiki Azərbaycan prospektində yerləşən Passaj bazarına. Satmağa başlayanda yerli alverçilər, indiki dildə desək, bazarın monopolistləri başlayırlar bunu sıxışdırmağa. Sıxışdıra-sıxışdıra... Aftandil bir də görür ki, bazarın qapısındadır. Bu haqsızlıqla barışmayıb, tez dəftərini açıb qoyur dizinin üstünə. Başlayır satirik şeir yazmağa. Nə hirsi varsa tökür bu şeirə. Sonra da başlayır elə ordaca bazarın kök salmış əhlinə oxumağa və deyir ki, bunu “Kirpi” jurnalında çap etdirəcəyəm. Bu dəm qohumu şair Qabil bazara girir. Aftandillə görüşüb, hal-əhval tutur. Halını pəjmürdə görüb, səbəbini soruşur. Aftandil hal-qaziyyəni danışıb, əlyazmasını ona uzadır. Qabil ayaqüstü şeiri oxuyur. “Əla” deyib kağızı qatdalayıb qoyur cibinə. Və bazarlığına davam edir.

Bu şeirdə əks olunanları – indiki dildə desək, “sukalar” aparıb çatdırırlar bazarkoma. O da Aftandili yanına çağırır ki, “Ay kişi, tutaq ki, sən bu şeiri göndərdin “Kirpi”yə, onlar da gələcəklər üstümə, mən də “tərləməli” olacağam. Ondansa, gəl səninlə belə bir “doqovor” – müqavilə bağlayaq. Mən sənin üçün hər cür şərait yaradıram, alverini edirsən, sən də əvəzində şeiri jurnalda çap etdirmirsən. Razısan?” Aftandil razılaşır. Başlayır şıdırığı alverinə. Bir aydan sonra bazarkom Aftandili yanına çağırır:

–      Ay Aftandil, axı biz səninlə söz danışdıq. Danışdıq ki, yazdığın şeiri “Kirpi” jurnalına verməyəcəksən. Səninçün Bakının ən mərkəzi bazarında alver üçün şərait yaratdım. Mən “doqovor”a əməl etdim. Bə sən niyə əməl etmədin? Axı sənə nə pisliyim keçdi ki? – deyə “Kirpi” jurnalını çırpır stolun üstünə.

Aftandil jurnalı tez stolun üstündən götürüb, səhifələrini varaqlayır. Və öz şeirinə rast gələndə dodağını dişləyir. Üzünü bazarkoma tutaraq:

–      Ay bazarkom, vallah mən “doqovor”u pozmamışam.

–      Bəs kim pozub? – deyə bazarkom barmağıyla jurnala işarə edir.

–      “Doqovor” u şair Qabil pozub.

Demə Qabilin şeirdən o qədər xoşu gəlib ki, evə qayıdan kimi ikinci mərtəbədə yaşayan qonşusu, “Kirpi” jurnalının baş redaktoru Salam Qədirzadənin qapısını döyür və şeiri bəh-bəhlə ona təqdim edir. O da bəyənərək, götürüb qoyur növbəti nömrəyə. Vəssalam-şüttəmam.

Düzdü, şair Aftandilə bu şeirə görə qonorar verirlər. Amma bu qonorar onun bazarda itirdiyi iş yerindən qazandığının heç onda biri də eləmirdi.

 

2018

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır