Modern.az

Xocalıdan olan ana Prezidentdən kömək istədi - MÜRACİƏT

Xocalıdan olan ana Prezidentdən kömək istədi - MÜRACİƏT

Aktual

21 Fevral 2019, 17:03

Xocalı sakini Məmmədova Narxanım Heydərəli qızı Modern.az-a ünvanladığı məktubunda Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli Cənab Prezident!

 

Mən və ailəmin taleyinə iki dəfə qaçqınlıq və məcburi köçkünlük yazıldı. İlk dəfə 1988-ci ildə Qərbi Azarbaycanın Göyçə mahalından yurd-yuvalarımızdan didərgin salındıq. Ailə üzvlərimlə çöllərə düşdük. Bu qaçqınlıqda 1973 -cü il təvəllüdlü oğlum Məmmədov Sərvəri faciəvi şəkildə qətlə yetirdilər. Digər 8 nəfər ailə üzvümlə Xocalıya pənah gətirdik. Erməni zülmünü dərindən görmüş bir ailə olaraq bunu yenidən yaşadım. 1992-ci il 26 fevral tarixində  Xocalı erməni terrorçuları tərəfindən mühasirəyə alınanda 8 nəfər ailə üzvümlə birlikdə düşmənə girov düşdük. Girovluqda olduğumuz müddətdə həyat yoldaşımın və iki böyük oğlumun azərbaycanlı əsirlərin gözləri  qarşısında erməni qəbri üstündə başlarını kəsiblər. Bu vəhşiliyi məhz ailəmə qarşı erməni terrorçuları edib. Həmin gün 1981-ci il təvəllüdlü oğlum Məmmədov Əhmədin doğum günü idi. Bunu bilən ermənilər 11 yaşlı körpənin əlinin içindən avtomatla atəş açdılar. Bütün azərbaycanlı əsirlərin gözü önündə bir həftə əsirlikdə olduğumuz müddətdə insanlığa xas olmayan işgəncələrə məruz qaldıq özüm kürəyimdən,  digər oğlum Mürvət ayağından güllə yarası almışıq, bir həftə sonra 80 nəfər yaralı azərbaycanlı əsir-girovu ermənilər tərəfindən döyüşən muzdlu zəncinin meyiti ilə dəyişdilər. Həmin vaxt mən və 4 yaralı övladım da dəyişdirildik.

 

Fürsətsən istifadə edib möhtərəm Prezidentimizə və onun xanımı, çox hörmətli Mehriban Əliyevaya müraciət edirəm. Yuxarıda qeyd etdiyim 1981-ci il təvəllüdlü oğlum Məmmədov Əhməd  Məmməd oğlu 17 dekabr 2014-cü ildə evlənmək məqsədilə öz xalası nəvəsini qaçırtmağa cəhd edib. Qızqaçırma bizim dədə-baba adətimizdi, amma oğlum bunun qanunumuzda adam oğurlanması sayıldığını bilməyib. Buna görə oğlumu 17 dekabr 2014-ci il tarixli məhkə hökmü ilə Cinayət Məcəlləsinin 29,144.2.3.maddasi ilə təqsirli bilib 8 il azadlıqdan məhrum ediblər. Hal-hazırda 2 saylı cəzaçəkmə məntəqəsində cəza çəkir. Gözüyaşlı, övladları, həyat yoldaşı şəhid olmuş, özü və digər ailə üzvləri fiziki sağlamlıqlarını itirmiş ana olaraq xahiş edirəm ki, oğlumun çəkilməyən 2 il yarım cəzası şərti cəzaya çevrilsin.

Son altı ildə oğlum Xocalı faciəsinin ildönümünü həbsxanada keçirir. Qarşıdan Novruz bayramı gəlir. Hər il bayram ərəfəsində yüzlərlə məhbusun azadlığa buraxılması üçün əfv sərəncamı imzalayıb ailələri sevindirirsiniz. Biz də mart ayında bu sevinci yaşamaq istəyirik. Öncədən sizə özüm və ailə üzvlərim adından minnətdarlıq edirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı