Modern.az

Milli Məclisin tarixindən – Sirus Təbrizli: “Siyasi şarlatanlar Azərbaycan xalqının inamını oğurladılar”

Milli Məclisin tarixindən – Sirus Təbrizli: “Siyasi şarlatanlar Azərbaycan xalqının inamını oğurladılar”

Parlament

6 Fevral 2012, 10:59

Spiker: “1992-ci ildə biz bir yerdə Xalq Cəbhəsi hakimiyyətini yıxmaq istəyirdik”


Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.

Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik....

07.02.1996

Milli Məclisin 1996-cı il fevralın 7-də keçirilən iclasında “Kooperasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı AMİP-dən olan millət vəkili Nazim İmanovla spiker bir xeyli mübahisə edirlər.

Nazim İmanov:

- Rəsul müəllim, divident, biz onu tələbələrə öyrədirik, o siyasətə də iqtisadiyyatdan gəlib.

Rəsul Quliyev:

- Əvvəl özünüz öyrənin, Nazim müəllim. Dediniz ki, iqtisadi məsələdir, mən də dedim ki, iqtisadi deyil.

Nazim İmanov:

- Mən də sizə deyirəm ki, siyasətə iqtisadiyyatdan keçib. Oturub da iqtisadçılar, birindən soruşun, çətin deyil ki...

Spiker:

- Ay qardaş, yüz dəfə deyirlər ki... Məsələn, deyirlər ki, Yeltsinə aid olan seçicilərin, Yeltsinə aid olan dividenti düşür. Bu iqtisadi məsələ deyil axı, bu dividentdir.

Nazim İmanov:

- Siyasətə iqtisadiyyatdan keçib.

Spiker:

- Tələbələrə bu şəkildə öyrətsəniz, yazıq o tələbələrin halına.

Etibar Məmmədov:

- ...Rəsul müəllim, sizdən xahiş edirəm, Ramiz Mehdiyevin nəzərinə çatdırasınız ki, onun vəzifəsi burada mənim çıxışımın yerli olub-olmamasını qiymətləndirməkdən ibarət deyil, öz işi ilə məşğul olsun və bir təklif verilirsə, bir deputat onun haqqında fikri ancaq səsvermə zamanı bildirə bilər ki, onunla razıdır, yoxsa razı deyil.

Müzakirəyə Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” perspektiv strukturunun və onu əhatə edən ərazinin kəşfiyyatına, işlənməsinə və hasilatının pay bölgüsünə dair ARDNŞ ilə LUKoyl, “ACİP”, “LUKAcip”, “PENNZOYL”  və “ARDNŞ OKŞ” şirkətləti arasında imzalanması nəzərdə tutulan saziş salınıb.

Etibar Məmmədov:

- ...Rəsul müəllim, yadınızdadırsa, 1992-ci ildə mənim əsas məsləhətçim siz idiniz, o kontrakt müzakirə olunan vaxtı, mən sizə verirdim. Siz də mənə məlumat verirdiniz ki, kontrakta münasibət nə cürdür. O vaxt deyirdiniz ki, qətiyyən buna yol vermək olmaz, çox pis yazılıbdır, Azərbaycanın mənafeləri nəzərə alınmayıb. Ondan sonrakı dövrdə, 1993-cü ildə siz hakimiyyətdə olanda, mənim bildiyimə görə, heç şərtlər o qədər də yaxşılaşdırılmadı, ancaq təsdiq olundu.

Spiker:

- 1992-ci ildə mən sizin ekspertiniz olan vaxt? 1992-ci ildə mən Neft Şirkətinin vitse-prezidenti idim. 1992-ci ildə mən sizin ekspertiniz deyildim, bir yerdə Xalq Cəbhəsi hakimiyyətini yıxmaq istəyirdik. Siz deyəsən, hərdən çaşırsınız, amma mən sizin yadınıza salmaq istəyirəm ki, bu elə deyil. Mən heç vaxt sizin ekspertiniz ola bilmərəm, heç olmamışam da, bunu siz bilirsiniz. İndi mən yenə deyirəm, onda, o vaxt bir yerdə biz Xalq Cəbhəsi hakimiyyətini yıxmaq istəyirdik, demokratik yolla.

“Qarabağ məsələsinin həllinin canı Azərbaycan neftində və onun diplomatiyasındadır”

Sirus Təbrizli:

- ...Bu gün Azərbaycan xalqının iki ümid çırağı var, biri seçdiyi prezident Heydər Əliyevdir, biri də tanrının, təbiətin ona verdiyi neftdir. Hətta Azərbaycan xalqının düşdüyü bu bəla ki var, Qarabağ fitnəkarlılğı, erməni iqtidarı artıq son vaxtlar etiraf eləyir ki, Qarabağ məsələsinin həllinin canı Azərbaycan neftində və onun diplomatiyasındadır. Neft neftdir, diplomatiyanı da bilirik kim aparır. Ona görə də siz bu gün neftin, yəni Azərbaycanda o sərvət ki var, xalq ona gözünü dikib, özü də buna tək neftçi yox, tək neft emalı və yaxud da maşınqayırma sənayesində işləyənlər yox, həkim də, müəllim də, inşaatçı da göz dikib.

...Sözsüz, Heydər Əliyev istəməzdi ki, onun neftinə kimsə gəlib şərik çıxsın... amma biz bilirik ki, burada məcburiyyət var, bizim pulumuz yoxdur, nəinki neft quyusu qazmağa, hətta adi artezian quyusu qazmağa imkan yoxdur və qazanxanalar işləmir.

...Tarix göstərir ki, daxili və xarici qüvvələrin, kapitalistin öz mənafeyi var. Sabah sərvət haqsızlıqla mənimsənilərsə, yəni daxili və ya xarici qüvvələr, oğrular talan eləyərsə, o ölkələrdə yenə milli azadlıq hərəkatı qalxır.

Şamil Yusifov:

- ...Mən elə başa düşürəm ki, ən yaxşı qadağan azadlıqdır. Təbiət hər bir şeyi özü nizamlayır.

“Azərbaycan nefti Azərbaycan xalqına lazımdır, ya yox?”

Şamil Qurbanov:

- ...Mən çıxışımı bir qədər paradoksal mahiyyət daşıyan bir sualla başlamaq istəyirəm. Ümumiyyətlə, Azərbaycan nefti Azərbaycan xalqına lazımdır, ya yox? Mən xalq deyəndə ayrı-ayrı adamları nəzərdə tutmuram, ümumiyyətlə, nəzərdə tuturam. Keçən dəfə də sual verdim Natiq müəllimə ki, biz daxildə nə qədər neft işlədirik, dedi 8 milyon ton, amma qonşumuz Türkiyənin əhalisi 60 milyondan çoxdur, ildə cəmi 24 milyon ton neft işlədir. Biz 7 milyon olmağımıza baxmayaraq, onlardan 3 dəfə artıq neft işlədirik. Deməli, ya israf edirik, ya oğurlayırıq, ya qonşulara ötürürük, ya da qeydiyyatsız xaricə keçiririk. Ona görə mən dedim ki, neft bizim üçün həm bəladır, həm sevincdir. Madam ki, biz 65-ci ildən həmin neft yatağında qurdalanırıq, heç bir şey də hasil eləməmişik, deməli, o neft ehtiyatı istifadəsiz qalıb.

“...Siyasi şarlatanlar Azərbaycan xalqının ümidini, inamını oğurladılar”

Sirus Təbrizli:

- ...Nə üçün 89-dan bəri, daha doğrusu, 93-ə qədər bu işlər görülmürdü? Biz, bildiyimiz kimi, elə bir ölkədə yaşamışıq ki, insana aid olan üç azadlıq: vicdan azadlığı, söz azadlığı, əməl azadlığı yox idi. Nəhayət, totalitar kommunist rejimi dağılandan sonra xalqlar bu azadlıqları əldə etməyə başladılar. Çox təəssüf ki, Azərbaycanda bu üç azadlıqdan xalqın, millətin, dövlətin xeyrinə yox, müəyyən adamların xeyrinə istifadə edildi, yəni vicdan azadlığından vicdansızlar, söz azadlığından boşboğazlar, əməl azadlığından da cinayətkarlar istifadə elədilər və Azərbaycan çox pis günə düşdü. Nəhayət, xalqın müdrikliyi, uzaqgörənliyi və olanlardan nəticə çıxarmağı ağır gündə, ağır zamanda Azərbaycanı çətinliklərdən çıxara bilən bir şəxsin hakimiyyətə gəlməyinə zəmin yaratdı və hətta xalqın bu arzusundan, bu inamından Azərbaycanda yeni bir siyasi partiya yarandı ki, bu gün onun üzvlərinin bir neçəsi bu salondadır, mən həmin patiyamın üzvü kimi Azərbaycanın bu günü və sabahı üçün çiynimizdə məsuliyyət daşıdığımızı unutmuram. Həmin o vəziyyətdə Azərbaycanda üzə çıxan kimlər oldu, əsasən siyasi şarlatanlar və bir də dələduz bankirlər. Siyasi şarlatanlar Azərbaycan xalqının ümidini, inamını oğurladılar, o demokratik romantika ki, var idi meydanda, həmin siyasi şarlatanların fəaliyyəti nəticəsində hakimiyyət anarxiyasına gətirib çıxardı və dələduz bankirlər də qaçqınların son yorğanlarını, pullarını belə mənimsədilər. İndiyə qədər də xalq hələ bu bəladan qurtula bilmir, çünki siyasi şarlatanları tutmaq olur, bankirləri tutanda xalq uduzur, çünki onların pulu qayıtmır və indiki dövrdə də bu sabitliyin içində hələ biz olub-keçənlərdən düzgün ibrət dərsi almırıq...


Azər Hüseynbala

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı