Modern.az

Azərbaycan mətbuatı “-mışdır”, “-muşdur”dan nə vaxt imtina edəcək?

Azərbaycan mətbuatı “-mışdır”,  “-muşdur”dan nə vaxt imtina edəcək?

Media

7 Fevral 2012, 12:42

Zeynal Məmmədli: “Bu rəsmi dəftərxana dilində yazmağa son qoymağın vaxtı çatıb”    


Azərbaycanın yazılı mediasında cümlələr mümkün dərəcədə danışıq tərzimizə uyğun, sadə oxucuların da başa düşəcəyi dilə yaxın şəkildə verilir. Buna görə də cümlələrin ağırlaşdırılmasına xidmət edən “mışdır”, “müşdir”, “muşdur” xəbər şəkilçilərindən çoxdan imtina edilib və əvəzinə “-ıb”, “-ib”, “-ub”, “-üb”, və ya “-dı”, “-di”, “-du”, “-dü” xəbər sonluqlarından istifadə edilir. Buna baxmayaraq, bir sıra mətbu oqranlarda, məsələn “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”ndə, AzərTAc İnformasiya Agentliyində və dövlət qurumlarının göndərdiyi press-relizlərdə hələ də cümlələrdə sözlər qeyd etdiyimiz sonluqlarla yazılır. Həmin press-relizləri və ya rəsmi qəzetlərdən götürülən məlumatları düzəldib vermək isə vaxt itkisinə səbəb olur. Agentliklər, media portalları xəbəri tez vermək üçün mübarizə apardıqları bir zamanda belə vaxt itkisi baha başa gəlir.

Gələcəkdə həmin qəzetlərin və agentliklərin bundan imtina edib-etməyəcəyini öyrənməyə çalışdıq.

AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılov Modern.az saytına bildirib ki, yazılı nitqin özünün qayda-qanunları var. Onlar da Azərbaycan dilinin qrammatik qaydalara əməl edirlər: “Biz çalışırıq ki, informasiyalarımızda Azərbaycan dilinin qrammatiq qaydalarını gözləyək. Mətbuatımızda getdikcə dilin qayda-qanunlarını gözləməmək meyli yaranır. Əgər cümlə üzvlərindən biri yerini dəyişirsə, onda üslub da pozulacaq”.

 “Xalq qəzeti”nin əməkdaşı İbrahim Nizamoğlu isə qeyd edib ki, onlarda bu cür şəkilçilərdən istifadəyə az hallarda rast gəlinir:

“Düzdür, bundan tam imtina etməmişik, amma demək olmaz ki, yazılarımız hamısı  “-mışdır” və digər belə şəkilçilərlə gedir. Bu nadir hallarda, xüsusən də yaşlı müxbirlər yazarkən olur, bu, onların üslubudur. Ümumilikdə burada elə də qrammatik səhv yoxdur”.

“Respublika” qəzetindən isə bildiriblər ki, bununla bağlı dil qurumu və komissiya olduğu üçün onlar heç nə deyə bilməzlər: “İşlənən formadır, biz bu barədə nə deyə bilərik...”.

“Azərbaycan” qəzetinin baş redaktorunun birinci müavini Amil Novruzovun sözlərinə görə, onlar da imkan daxilində bu şəkilçilərdən istifadəni azaltmağa çalışırlar:

“Düzdür, bizdə hazırda yazılarımızda “–mışdır” və digər belə xəbər sonluğundan istifadə edilir. Burada elə də qəbahətli bir şey yoxdur, qrammatikanın qanunlarına uyğun yazılır, amma çalışırıq ki, imkan daxilində bunu azaldaq. Çünki bu, cümlələrə ağırlıq gətirir”.

“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlunun fikrincə, həmin şəkilçilərdən imtina etmək və ya yazmaq qeyd edilən media orqanlarının öz işidir: “Amma mən rəsmi dövlət qurumlarından və ya AzərTAc-dan  informasiya götürərkən bunları düzəldib saytımızda veririk”.

H.Sabiroğlu hesab edir ki, rəsmi qəzetlərin və dövlət orqanlarının bu şəkilçidən imtina etmək vaxtı gəlib çatıb:

“Biz bundan istifadə etmirik, nəticədə həmin informasiyaları da düzəltmək bizə vaxt itkisi hesabına başa gəlir. Onların da bu şəkilçidən imtina etmək vaxtı gəlib çatıb. Çünki biz danışarkən “gəlmişdir, getmişdir” demirik. Nə cür danışırıqsa, o cür də yazmalıyıq. Bu ciddi problemdir və hesab edirəm ki, həll olunmalıdır”.

Media eksperti Zeynal Məmmədlinin fikrincə, demokratik jurnalistika, başqa bir adla indiki çağın jurnalistikası maksimum xalqın dilinə yaxınlıq tələb edir:

“Çünki bu informasiya xalqa ünvanlanır. Xalqa ünvanlanırsa, deməli onun bu mətni çox rəsmi qarşılaması, özündəın uzaqlaşdırması üçün bəhanə, əsas verməməliyik”.

O baxımdan da Z.Məmmədli  “-mışdır”, “-mişdir” şəklində, özəlliklə rəsmi dəftərxana dilinin, elementlərini yazılı mətbuata gətirməyin arzuolunmaz olduğunu bildirib:

“Mədəniyyətlə, təhsillə, cəmiyyətlə ünsiyyətdən irəli gələn ortaq dildən istifadə məqsədəuyğundur. Çünki artıq məişət dilində danışmırlar. Çoxları təhsilli insanlardır, yəni bu xəbərin oxuçuları da təhsilli insanlardır.  O baxımdan “-mışdır” kimi sonluqlu rəsmi cümlələrlə danışmaq çox yersizdir”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır