Modern.az

Sabah ali məktəblərin magistraturalarına imtahan keçiriləcək

Sabah ali məktəblərin magistraturalarına  imtahan keçiriləcək

Aktual

3 Mart 2012, 11:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il martın 4-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. TQDK-dan Modern.az-a bildirlib ki, imtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılacaq.

Ərizələrin qəbulu internet vasitəsilə 2012-ci il fevralın 8-dən fevralın 18-dək aparılıb və imtahanda iştirak etmək üçün 18019 bakalavr ərizə verib. Onlardan  15825 nəfəri Azərbaycan bölməsi,  2194 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 8459 nəfəri oğlan, 9560 nəfəri isə qızlardır.

Bakalavrlardan 10031 nəfəri 2012-ci ilin məzunlarıdır.

İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 27-dən etibarən elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürürlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün bakalavrlar "İmtahana buraxılış vərəqə­si"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana mütləq gətir­məlidirlər.

Qəbul imtahanı Bakı şəhərində 25, Naxçıvanda 1, Gəncədə 3, Lənkəranda 1 binada keçiriləcək. Bakıda 15168, Naxçıvanda 603, Gəncədə 1976, Lənkəranda isə 272 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 124 imtahan rəhbəri, 1328 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 40-dan çox KİV nümayəndəsi müşahidə edəcək. 

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni  üzrə 25  test tapşırığı təqdim olunur.

Magistraturaya qəbul imtahanları 2005-ci ildən etibarən TQDK tərəfindən keçilir. Komissiyanın müvafiq struktur bölməsinin ali məktəblərin magistratura şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birlikdə həyata keçirdiyi  səmərəli iş nəticəsində magistraturaya qəbul imtahanının məzmununa aid zəruri elmi-metodiki materiallar, qəbul proqramları hazırlanır. Ayrı-ayrı ixtisaslar üzrə formalaşdırılmış qəbul proqramları, ədəbiyyat siyahıları, model test tapşırıqları imtahana hazırlaşan bakalavrlara təqdim olunur.

TQDK qəbul imtahanının məzmununun və qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq 2009-cu ildə magistraturaya qəbul qaydalarında da müəyyən dəyişikliklər edib. Belə ki, 2009/2010-cu tədris ilindən etibarən magistratura səviyyəsinə  qəbul imtahanlarının iki mərhələdə keçirilməsinə başlanılıb. Bu sahədə yeniliklərdən biri də həmin ildən başlayaraq magistratura imtahanlarında bakalavrların informatika üzrə ümumi biliklərinin test üsulu ilə yoxlanılmasıdır. Qəbul imtahanlarının keçirilmə arealının genişlənməsini xüsusi qeyd etmək olar. Belə ki, 2010-cu ildə  magistraturaya qəbul imtahanının I mərhələsi Bakı və Naxçıvanla yanaşı, ilk dəfə olaraq Gəncə şəhərində də keçirildi. 2011-ci ildən etibarən isə magistraturaya qəbul imtahanı Respublikanın 4 şəhərində keçirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü