Modern.az

Bakıda yolların bu vəziyyətinə cavabdeh olanlar...

Bakıda yolların bu vəziyyətinə cavabdeh olanlar...

Aktual

6 Mart 2012, 13:35

Problemlər Bakı şəhərinin sahibinin olmaması ilə bağlıdırmı?


Hər il Bakıdakı yolların təmir olunması üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılsa da,  paytaxtın “qan damarları”nın vəziyyəti düzəlmir ki, düzəlmir. Bir də görürsən ki, bir ay öncə təmir olunmuş hansısa yolun bir hissəsi ya çöküb, ya asfalt örtüyü dağılıb, ya da oranı yenidən qazıb bərpa edirlər.  
Adətən paytaxt yollarının vəziyyətindən danışılanda dərhal yada Nəqliyyat Nazirliyinin nəzdindəki “Azəryolservis” ASC düşür və çoxları məsuliyyəti bu qurumun üzrinə atır. Amma
qeyd edək ki, hazırda Bakı şəhərində yolların vəziyyətinə “Azəryolservis” ASC deyil, Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir.  
Bu ilki qışın qarlı-şaxtalı havaları səngiyəndən sonra Bakıda yolların vəziyyəti yenidən aktuallaşdı. Bakı Şəhər İcra  Hakimiyyəti, ona tabe olan müvafiq strukturlar hələ bir neçə ay öncə qışa yaxşı hazırlaşdıqlarını və heç bir problem olmayacağını bəyan etmişdilər. Amma sonradan müşahidə olunan vəziyyət əksini göstərdi.
Paytaxt sakinləri üçün qışın çətinlikləri geridə qalsa da, şəhərin yollarının vəziyyətilə bağlı narahatlıq belə getsə, çətin aradan qalxsın. Yollardakı çala-çuxurlar, palçıq yığıntıları, ağzı açıq kanalizasiya quyuları təkcə paytaxtın görünüşünə xələl gətirmir, həm də sakinlərin, nəqliyyatın hərkətinə ciddi maneçilik törədir. Hər cür tənqiddən aşağıda duran Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi isə nə vaxt üzərinə düşən işə daha məsuliyyətlə yanaşacaq, məlum deyil.
Şəhərdə aparılan pərakəndə tikinti işlərinin də yolların yararsız vəziyyətə düşməsində xüsusi rolunu vurğulamaq lazımdı. Məsələn, bu tikinti obyektlərindən ətrafa yayılan toz, yollara axan palçıq  azacıq yaşış yağan kimi bataqlıqlar yaradır. Hələ bu obyektlərə tikinti materialları daşıyan maşınların yollara vurduğu ziyanı demirik. Tikinti obyektlərinə yük daşıyan ağır tonnajlı avtomobillər nə təhlükəsizlik qaydalarına, nə də adi təmizlik qaydalarına əməl edirlər. Onlara yollara daşıdığı palçıq və çirkaba görə heç bir cərimə tətbiq olunmur. Belə hallar hətta Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə tikilən obyektlərdə də müşahidə olunur.Eyni zamanda Bakının müxtəlif yerlərində ucaldılan yeni evlərin yerləşdiyi küçələrə asfalt döşənməməsi də vəziyyətin pisləşdirən səbəblər sırasına daxildir.
Bir sözlə, şəhərdə aparılan tikinti işləri o qədər səliqəsiz həyata keçirilir ki... Qanunvericilikdə tikinti işləri ilə bağlı ətraf mühitə vurulan ziyana görə məsuliyyət məsələsində boşluğun olması deyəsən həm inşaat şirkətlərinə, həm də şəhər meriyasına hər şeyə laqeyd yanaşmağa əsas verir.

Qeyd edək ki, bir müddət öncə Milli Məclisadə Tikinti və Şəhərsalma Məcəlləsi müzakirə olunarkən bəzi deputatlar haqlı olaraq bununla bağlı narahatlıqlarını ifadə etmişdilər.

Yolların sıradan çıxmasında, palçığa bulaşmasında hazırda Bakı şəhəri boyu aparılan su xətlərinin çəkilişi prosesi də xüsusi rol oynayır. Bu zaman “Azərsu” ASC-nin müvafiq qurumu tərəfindən yolların bir kənarı qazılır, borular çəkilir və onların üstü torpaqla örtülür. Havalar yağışlı olduğundan boruların üstünə tökülən torpaq tezliklə palçığa çevrilir və bütün yolu çirkləndirir. Sonradan borunu çəkildiyi ərazi asfaltlansa da, qısa müddətdə həmin sahənin çökməsi müşahidə olunur.

Paytaxt yollarının dağılmasında “Azərsu” ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, ”Bakıelektrikşəbəkə” ASC-nin də öz payı var.

Bunu Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayılov da Modern.az saytının əməkdaşı ilə söhbətdə təsdiqləyib.

 “Yollarda aparılan işlər keyfiyyətli görülsə, bu qədər problem olmaz. Yəni Bakı şəhərinin içərisində bu dəqiqə normal yolun uzunluğu azdır. Bu, bir tərəfdən ayrılan vəsaitlərin səmərəsiz istifadəsi ilə bağlıdırsa, digər tərəfdən düzgün olmayan şəhər planlaşdırılmasından asılıdır.

Yəni tutaq ki, hansısa yol təmir olunur. Sonra oranı “Azərsu” qazıb su xətti çəkir, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rabitə xətti, Baş Dövlət Yol Polisi İdarəsi işıqforlar üçün kabellər çəkir. Bu hamısı Bakı şəhərində normal planlaşdırmanın olmaması ilə bağlıdır”-deyə müsahibimiz qeyd edib..

Z.İsmayılov əsas problemin Bakı şəhərinin sahibinin olmaması ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Bakının böyük şəhər bələdiyyəsi yaradılsa, həmin qurum şəhərin bütün problemləri ilə məşğul olsa, tam səlahiyyətli və sakinlərin qarşısında hesabat versə, sakinlər tərəfindən seçilən bir bələdiyyə başçısı olsa, bu problemləri nisbətən həll etmək olar.

QHT sədri hesab edir ki, Bakı şəhərini idarə edən qurum olmalıdır.
“Bakı 10-20 il bundan əvvəlki Bakı deyil, kifayət qədər hərəkət var. Demək olar ki, əhalinin təxminən 40 faizi burada cəmləşib. Və burada böyük tikinti işləri gedir, böyük dəyişiklər var. Ona görə də Bakı şəhəri normal idarə olunmalıdır. Onun özünün böyük şəhər bələdiyyəsi yaradılmalıdır ki, o bələdiyyə də şəhərin planlaşdırılması ilə məşğul olsun. Bələdiyyənin artıq səlahiyyəti olmalıdır və bilməlidir ki, hardan kabel, hardan su xətti çəkilməlidir və s.”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı