Modern.az

Mübariz Əhmədoğlu: "Qafqazda müharibə təhlükəsi artıb"

Mübariz Əhmədoğlu: "Qafqazda müharibə təhlükəsi artıb"

Təhsil

6 Yanvar 2010, 14:17

Yanvarın 6-da Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu ötən ilin dekabrında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin yekunlarına dair mətbuat konfransı keçirib. M.Əhmədoğlu həmçinin SİTM-in 2009-cu ilin ümumi yekunları ilə bağlı hazırladığı analitik materialı da təqdim edib.

Modern.az-ın məlumatına görə, politoloq bildirib ki, nüvə texnologiyaları ilə əlaqədar ABŞ-ın İrana verdiyi müddət başa çatıb: "İlin sonlarına doğru dünya mətbuatı İran ətrafında yaranmış vəziyyəti kəskinləşdirmək kursu götürdü. İranın İraqla mübahisəli olan əraziləri zəbt etməsi haqda məlumatlar yayıldı. İraqın ərazisinə daxil olduğunu əvvəlcə təkzib edən İran sonradan qonşu ölkənin sərhədlərini "təsadüfən" keçmiş hərbçilərini mübahisəli ərazilərdən çıxardığını açıqladı. Bu ərəfədə dünya mətbuatında Üsama Ben Ladenin ailəsinin İranda yaşıdığı barədə məlumatlar yer aldı".

SİTM sədri Cənubi Qafqazdan danışarkən, ötən il bu regionda müharibə təhlükəsinin artdığını bildirib. Onun sözlərinə görə, Şimali Qafqazda gərginliyin artması region üçün ciddi təhlükə vəd edir: "Sosial-iqtisadi problemlər və bölgədə yaşayan xalqlara ədalətsiz münasibət gərginliyi yaradan başlıca səbəblərdir. İşsiz inquşların Rusiyanın Sibirə yaxın ərazilərinə köçürülməsi eynilə 1944-cü ildəki deportasiya kimi qəbul edilir".

M.Əhmədoğlu Rusiya-Ermənistan əlaqələrinə də toxunub. Politoloq deyib ki, hər iki ölkənin münasibətlərində dərin böhran yaşanır. Onun fikrincə, böhranın üzə çıxmamasının iki əsas səbəbi var: "Hazırda Ermənistan ətrafında daha ciddi proseslər getdiyi üçün Rusiya ilə münasibətlərdəki böhran bir o qədər də diqqəti cəlb etmir. Digər əsas məqam isə odur ki, Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi gizlədə bilir. İki ölkə arasında böhranın olduğunu göstərən ən vacib əlamət isə Rusiya prezidentinin müxtəlif bəhanələrlə ermənistanlı həmkarı ilə görüşdən yayınmasıdır".

SİTM sədri bildirib ki, Ermənistanın KTMT-yə bağladığı ümidlər özünü doğrultmadı. Politoloq qeyd edib ki, Azərbaycanın artan hərbi gücünün qarşısında dayanmağın mümkün olmadığını başa düşən Ermənistan çalışır ki, bu prosesə KTMT-ni cəlb etsin: "KTMT-nin mövqeyi isə bəllidir: KTMT Rusiyanın MDB-dəki müttəfiqlərinə qarşı istifadə oluna bilməz. Azərbaycan həm MDB, həm də Cənubi Qafqaz regionu üzrə Rusiyanın müttəfiqi hesab olunur. Eyni zamanda KTMT açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ de-yure Azərbaycanın ərazisidir. Bu isə o deməkdir ki, Ermənistan KTMT-nin mövcudluğu ilə yalnız özünə təsəlli verə bilər".

M.Əhmədoğlu deyib ki, Rusiya ekspertlərinin fikrincə, KTMT getdikcə Kremlin əl-qolunu bağlayan faktora çevrilir: "Rusiya KTMT xətti ilə Cənubi Qafqaz istiqamətində hansısa bir əməliyyat keçirmək istəsə və bu əməliyyat Qərbin maraqlarına uyğun gəlməsə, o zaman ATƏT-ə sədrlik edən Qazaxıstanın və ya ABŞ-ın Mərkəzi Asiya regionu üzrə bir nömrəli tərəfdaşı olmuş Özbəkistanın KTMT-nin belə qərarlarına veto qoymayacağını heç kim istisna edə bilməz. Yaxud KTMT-nin Mərkəzi Asiya regionu ilə bağlı qəbul etdiyi qərara Ermənistanın ABŞ-ın və ya NATO-nun bir antitürkiyə bəyanatı fonunda veto qoymayacağına heç kim təminat verə bilməz. Əgər Qazaxıstan və Özbəkistanla bağlı dediklərimiz nəzəriyyədirsə, Ermənistanla bağlı deyilənlər praktikadır. Son vaxtlar Rusiya iki dəfə Ermənistanın NATO-nun tədbirlərinə qatılmasının qarşısını alıb. Deməli, Ermənistan zəif dövlətdir. Onun zəifliyindən sabah ABŞ, NATO, Çin və Türkiyə Rusiyaya qarşı istifadə edə bilər".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü